Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II


Mövzu-5. YOLUN İŞİNƏ TƏBI FAKTORLARIN TƏSİRİ



Yüklə 0,79 Mb.
səhifə3/9
tarix18.04.2018
ölçüsü0,79 Mb.
#39337
1   2   3   4   5   6   7   8   9


Mövzu-5. YOLUN İŞİNƏ TƏBI FAKTORLARIN TƏSİRİ

PLAN

  1. Yola təsir edən təbii faktorlar.

  2. Relyefin yolun işinə təsiri.

  3. Geoloji şəraitin yolun işinə təsiri.

  4. İqlim şəratinin yolun işinə təsiri.

  5. Hidroloji və hidrogeoloji şəraitin yolun işinə təsiri.

  6. Torpaq yatağının nəmlənmə mənbələri.

  7. Torpaq yatağının su rejimi.

  8. Yol-iqlim zonası.

  9. Qrunt səthi üzərindən torpaq yatağının qaşının hündürlüyünün tələbləri.

Avtomobil yolunun işi bir çox təbii geofiziki amillərin (faktorların) təsirindən asılıdır ki, bunlardan ən güclü təsir iqlim və hidroloji şəraitlərdən, həmçinin ərazinin torpaq-geoloji quruluşundan baş verir. Ayrı-ayrı təbii amillərin yola təsirini təyin etmək çox zaman çətin olur, çünki ayrılıqda təsir etməklə yanaşı bu amillər qarşılıqlı əlaqədə olaraq yola təsirlərini artıra və ya azalda bilərlər. Bu səbəbdən trassa keçən rayonun təbii şəraitinin ümumi qiymətləndirilməsi zamanı bu amilləri landşaft zonalarına tətbiq etməklə kompleks şəkildə öyrənmək lazımdır. Həmçinin insanın fəaliyyəti nəticəsində onların perspektiv dəiyşkənliyi də nəzərə alınmalıdır. Məsələn, süni suvarma qrunt sularının səviyyəsinin artmasına və mülayim mikroiqlim yaranmasına səbəb olur, meşələrin qırılması ərazinin qurumasına gətirib çıxarır.

1) Relyef yolun uzununa mailliyinin seçilməsinə, ərazidən yığılacaq suyun miqdarına, tikinti işlərinin üsullarının seçilməsinə, yüklü nəqliyyat vasitələri üçün yol təyin edilməsinə təsir edir, həmçinin yolun istismarı dövründə yükdaşımaların qiymətində öz əksini tapır.

Relyefin xüsusiyyəti yer qabığının yuxarı qatlarının geoloji quruluşu ilə sıx əlaqədədir və onların inkişafının dinamikasında baxılmalıdır. Yer səthinin formasını öyrənən elmə geomorfologiya deyilir. Relyefin əsas formaları aşağıdakılardır:

Düzənliklər- nöqtələrinin yüksəkliklərinin az fərqli olan quru sahələridir. Bəzi yerlərdə kiçik təpə və dərələr ola bilər;

Təpələr- 200m–dən az hündürlüklü yüksəklik sahələridir ki, səlis olaraq düzənliyə keçirlər;

Dağlar- hündürlüyü 200 m-dən çox olan yüksəklik sahələridir. Dağlar bir sırada yerləşərək dağ silsiləsi təşkil edirlər.

Avtomobil yolunun layihələndirilməsində relyefi 5 mürəkkəblik dərəcəsinə bölürlər:

I -düzənlik (geniş suayırıcılı düzənliklər, yastı yamaclı çay dərələri );

II -zəif dərə-təpəli (alçaq təpələr və çalalar, yastı suayırıcılar, tək-tük dərələr);

III -kəskin dərə-təpəlik (kəskin dərə-təpəli relyef, əyrixətli suayırıcılar, çox saylı dərələr. Dağətəyi və dağların yamaclarının aşağı hissələri);

IV -dağlıq (kəskin relyefli ərazi, dağ və dağətəyi yamaclar, dağ çaylarının dar dərələri, böyük maillikli yamaclar və su axınlarının yatağı);

V -dağlar (növbələnən dağ silsilələri, kəskin yamaclı qıvrılan dağ dərələri. Dağ silsilələrinin aşırım sahələri.

Relyef mürrəkkəbləşdikçə, o qədər də böyük uzunluq mailliyi qəbul edilir və bu da öz növbəsində trassanın uzunluq əmsalının qiymətini artırır (1,1-1,5), həmçinin torpaq işlərinin həcmi də böyüyür. I texniki dərəcəli yolun 1km-də düzən relyefdə 60-70 min m3, kəskin dərə-təpəli relyefdə 90-120 min m3 torpaq işləri görülməlidir. V dərəcəli yolda torpaq işlərinin həcmləri uyğun olaraq 5-15 min m3, 15-30 min m3 və dağlıq relyefdə isə 30-50 min m3 təşkil edir.

2) Geoloji şərait yol trassasının keçdiyi rayon və dağ süxurlarının dəyanətliliyini xarakterizə edir Geoloji məlumatlara əsasən yerli yol inşaat materiallarınnın yerləri təyin edilir, qrunt şəraiti, bitki qatı, qruntların qranulometrik tərkibi açıqlanır. Kəskin bataqlaşma, duzlaşma, qum sovrulan yerləri, əgər trassa çox uzanmayırsa, imkan daxilində yandan keçmək lazımdır. Qruntun qranulometrik tərkibi torpaq yatağının qaşının hündürlüyünü və qurutma xəndəklərinin dərinliyini təyin edir. Yol geyiminin hesabatı zamanı qruntların möhkəmlik göstəricisini (elastiklik modulu) nəzərə alırlar. Torpaq işlərinin görülməsində qruntların işlənmə kateqoriyasını bilmək tələb olunur ki, yol maşınlarının tipləri seçilsin, məhsuldarlığı təyin edilsin. Yolların istismar dövründə qrunt və hidroloji şəraitlər yolun qabarmasını, torpaq yatağının yamacının və yan xəndəklərin su ilə yuyulmasını təyin edir.

3) İqlim şəraiti əsasən yolun istismarı zamanı öz təsirini göstərir. Buraya temperaturun kəskin dəyişilməsi, maksimum və minimum temperatur, yağıntı və buxarlanma, qar örtüyünün qalınlığı, küləyin istiqaməti və sürəti, donma dərinliyi aiddir. Bunları həm də torpaq yatağını layihələndirəndə nəzərə alırlar. İqlim şəraiti yolun tikintisində də müəyyən problemlər yaradır.

İqlim şəraiti tikinti mövsümünün müddətini azaldır, işlərin aparılmasının xüsusi üsullarını tələb edir və onların yerinə yetirilməsini mürəkkəbləşdirir. Qar və çovğun yolda hərəkəti dayandıra bilər. Yolun buzla örtülməsi pnevmatik təkərlərin yol örtüyü ilə ilişkənliyini azaldaraq yolda qəza hadisələrinə səbəb olur. Donmuş torpaq yatağında nəmliliyin paylanması, buz layının yaranması prosesi baş verir ki, yazda əriyərək, qruntları izafi nəmləndirir və yol geyiminin möhkəmliyini azaldır. Son illər işlərin texnologiyasının təkmilləşdirilməsi, yeni yol geyimi konstruksiyalarının tətbiqi, tikintinin mexanikləlşdirilməsi və onun sənaye üsuluna keçməsi sayəsində yol tikintisi işlərinə iqlim şəraitinin təsiri azaldılıbdır. Torpaq və daş işləri qış mövsümündə də müvəffəqiyyətlə yerinə yetirilir.

4) Hidrolojihidrogeoloji şəraitlər yağıntının miqdarı, suyun axma və buxarlanması şərtləri, qarın yazda ərimə intensivliyi, qrunt sularının dərinliyi və rejimi, çay və bulaqların rejimi ilə xarakterizə olunur. Bütün bu şərtlər torpaq yatağını və suyun kənar edilməsini layihələndirəndə də nəzərə alınmalıdır.

Qeyd edək ki, təbii faktorların yolun işinə təsirini qiymətləndirəndə yol tikintisinin təbii şəraitə təsiri də nəzərə alınmalıdır. Məsələn, təhkim zolağında bitki qatının kəsilib kənar edilməsi və yol ətrafı zolağın təmizlənməsi zolağın qurumasına, qışda daha dərin donmasına və yazda tez əriməsinə səbəb olur. Bataqlığı tökmə ilə keçəndə torf layı sıxılaraq qrunt sularının sızıb keçməsinə mane olur, nəticədə bataqlaşma prosesi dəyişilə bilər.



Torpaq yatağının nəmlənmə mənbələri. Torpaq yatağının su ilə dolması çox qorxulu haldır, bu zaman yol geyiminin möhkəmliyi və yatağın yamaclarının dayanaqlığı kəskin dərəcədə azalır. Torpaq yatağına su iki yolla daxil olur: torpaq yatağının səthindən sızmaqla və qrunt sularının səviyyəsindən kapilyarlar vasitəsi ilə yuxarı qalxmaqla.

Yağış suyunun bir hissəsi torpağın səthi ilə axır, digər hissəsi dərinliyə hopur, alt layların məsamələrində toplanır. Belə yaranmış qrunt sularının səthi yerin relyefini ifadə edir-təpələrin altında qrunt suyunun səviyyəsi qalxır, vadilərdə isə aşağı düşür. Qrunt sularının yer səthinə çıxdığı yerlərdə bulaqlar və bataqlıqlar yaranır. Belə yerlərdə qrunt sularının səviyyəsi aşağı düşür.

Qrunt hissəcikləri arasındakı məsafə çox az olur və düzgün olmayan formalı və dəyişən en kəsikli nazik kanallar - kapillyarlar əmələ gəlir. Molekulyar qüvvələrin təsirindən su kapilyarla yuxarı qalxır. Kapillyarlarla suyun qalxma hündürlüyü qumlu qruntlarda 30-50 sm, tozlu qruntlarda isə bir neçə metrə çatır. Qrunt sularının səviyyəsi qalxdıqca, kapillyar qalxmanın səviyyəsi də artır. Kapillyar qalxmadan yuxarıda yerləşən qrunt layında qalınlığı mikrondan da az olan su təbəqəsi yerləşir (asılı su). Qrunt sularının bəzi növləri il ərzində torpaq yatağında statik vəziyyətdə qalmayır, səviyyəsini daima dəyişir.

увлажнение земельного полотна

Beləliklə, torpaq yatağının nəmlənməsi mənbələri aşağıdakılardır: yağıntılar, ətrafdan gələn yağış və qar suları, qrunt sularının səviyyəsindən kapilyarlarla qalxan su, havadan su buxarının kondensasiya olunması, qrunt hissəciklərinin səthi üzrə təbəqəşəkilli nəmliyin hərəkəti.

İqlim rayonundan, yerli şəraitdən və ilin fəsillərindən asılı olaraq torpaq yatağının nəmlənməsinin bu və ya digər səbəbləri üstünlük təşkil edə bilər.

Torpaq yatağının su rejimi. Torpaq yatağının tərkibindəki nəmliliyin miqdarı (W) il ərzində sabit qalmayır və müəyyən zaman kəsiyində su balansının tənliyinə uyğun olaraq dəyişir:



A- torpaq yatağına düşən yağıntı; B- ətraf ərazidən axıb gələn suyun sızması; C- kapilyarlarla qalxan, təbəqələrdəki və buxar nəmliyinin hərəkətindən yığılan su; D- torpaq yatağından suyun axını; E- qrunt səthindən nəmliyin buxarlanması; F- torpaq yatağından suyun dərin qrunt laylarına sızması.

Torpaq yatağının su rejiminin dəyişməsinə atmosfer yağıntılarından əlavə, topaq yatağının daxilində temperatur qradiyenti yaradan temperaturun il ərzində dəyişiklikləri də təsir edir ki, nəticədə qruntun tərkibindəki su isti yerdən soyuq yerə hərəkət edir. Nəmliyin dəyişilməsinin illik tsiklində aşağıdakı dövrləri ayırmaq olar:

I- payızda yağış sularının sızmasından nəmliyin ilkin toplanması, II-torpaq yatağının donması və nəmliyin qış mövsümündə paylanması; III-torpaq yatağının buzunun əriməsi və qruntun yazda izafi nəmlənməsi; IV- torpaq yatağının yayda quruması.

Su rejiminin dəyişmə xarakteri yerli iqlim şəraitindən çox asılıdır, belə ki, su balansının tənliyindəki faktorlar müxtəlif iqlim zonalarında müxtəlif cür təsir edirlər.

Cənubun quraqlıq zonalarında qrunt sularının su balansının dəyişikliklərində rolu azalır, buxar şəkilli nəmliyin hərəkətinin rolu artır. Çöl zonalarında torpaq yatağı əsasən yağıntılardan nəmlənir. Cənuba yaxınlaşdıqca, yol geyiminin əsası rolunu oynayan qruntların yaz mövsümündə konsistensiyası daha sıx olur, nəmlik isə azalır.

Yol-iqlim zonası. Ərazicə kiçik olmasına baxmayaraq Azərbaycan Respublikasında müxtəlif iqlim növlərinə rast gəlinir, yer üzərindəki 12 iqlim zonasından 9-u (bəzi mənbələrə görə 10) burada mövcuddur. Torpaq yatağının su rejimi yol keçən rayonun yerli iqlim şəraitindən asılıdır. İqlim, torpaq-qrunt və hidroloji şəraitlərin müxtəlifliyi torpaq yatağını və yol geyimini vahid bir qayda ilə layihələndirməyə imkan vermir. Keçmiş postsovet məkanında qəbul edilmiş yol-iqlim rayonlaşdırması Azərbaycan Respublikasının ərazisini tam səciyyələndirə bilmədiyindən 1982-ci ildən Azərbaycanın təbii-iqlim və yol şəraitini dolğun nəzərə alan yol-iqlim rayonlaşdırması hazırlanmışdır. Təbii-iqlim amillərinin 25 illik məlumatlarının hərtərəfli təhlili və avtomobil yollarının su-istilik rejiminin öyrənilməsinin nəticəsində Respublika ərazisi 5 yol-iqlim zonasına bölünübdür.

Yol-iqlim zonalarının sərhədləri təbii-tarixi rayonlaşdırmanın sərhədlərinə tam uyğun gəlməylir. Lakin torpaq tiplərinin və landşaft zonalarının xəritələrini yol rayonlaşdırma xəritələri ilə müqayisə etdikdə, bu sərhədlərin yaxşı uyğunluğu aşkar edilir.



Yol-iqlim zonaları

Yol-iqlim rayonlaşdırılması xüsusi xəritə şəklində təsvir olunur. Hər bir zona öz daxilində təxminən eyni istilik, nəmlilik, eynicinsli torpaq və bitki tipləri ilə xarakterizə olunur.

Yol-iqlim rayonlaşdırması coğrafi rayonların yalnız ümumi xarakteristikasını verir. Hər bir zonanın daxilində torpaq yatağının qruntlarının iş şəraiti dəyişir.

Azərbaycanın ərazisində avtomobil yolları müxtəlif şəraitli sahələrdə yerləşdiyinə görə onları layihələndirəndə nəmlənmə şəraitinə görə trassa sahələri 4 tipə bölünür:

I-izafi (həddən artıq) nəmli sahələr. Burada qrunt sularının səviyyəsi yüksəkdir, yağış çox yağır, buxarlanma azdır, nəmlənmə əmsalı (il ərzində yağan yağışın miqdarının buxarlanma miqdarına nisbəti) 1-dən çoxdur.



II-nəmli sahələr. Qrunt suları dərindədir,yaz və payız mövsümündə qruntlar çox nəmlənir (nəmlənmə əmsalı: 0,6-1,0).

III- az nəmli sahələr. Yağışın miqdarı az, buxarlanma isə çox olur, qrunt sularının səviyyəsi dərindədir, nəmlənmə əmsalı 0,3-0,6 olur.

IV-quru sahələr. Qruntlar az nəmlənir, buxarlanma çoxdur, nəmlik əmsalı 0,12-0,3 arasındadır. Süni suvarılan ərazilərdə, qrunt sularının yüksək səviyyəsində və duzlaşmış torpaqlarda torpaq yatağı nəmlənə bilər.

Trassa sahələrinin hansı hidroloji şəraitə aid olmasını təyin edəndə relyefin, suyun gəlməsinin və çəkilməsinin, qrunt sularının səviyyəsinin vəziyyətinin və bataqlaşma əlamətlərinin qiymətləndirilməsi əsas tutulur. Qrunt və hidrogeoloji şəraitin yaxşı xarakteristikası ərazinin bitki örtüyü ola bilər, çünki bitkilərin ayrı-ayrı növləri yalnız müəyyən torpaq və hidrogeoloji şəraitdə rast gəlinir. Bitki örtüyü təbii şəraitin dəyişikliyinə dəqiq reaksiya verir, aerofotoşəkillərdə yaxşı təsvir olunur və deşifrləmədə geniş istifadə edilir. Psammofitlər (qum arpası, qum cili) yalnız qumluqda, qalofitlər (tamariks, yovşan) isə şoranlaşmış qrunt şəraitində bitə bilir.

Nəqliyyat vasitələrindən düşən yüklər yol geyimindən keçərək torpaq yatağı tərəfindən qəbul edilir. Qruntun müqaviməti onun nəmliyinə görə kəskin tərəddüd etdiyindən yol geyiminin etibarlı işi üçün torpaq yatağının su rejiminin daimiliyi bütün il boyu təmin edilməlidir.

Bu məqsədlə görülən əsas tədbir - torpaq yatağına suyun kapillyarlarla daxil olmasının qarşısının alınmasıdır. Müxtəlif yol –iqlim zonalarında nəmləmə mənbələrinin üzərində torpaq yatağının qaşının hündürlüyü müxtəlif olur. Qruntların növündən asılı olaraq örtüyün səthindən qrunt sularının səviyyəsinə qədər minimun məsafə nəmlənmə tipinə görə belə qəbul edilir:

Orta və xırda danəli qum, yüngül iri qumluca.............. 0,5-1,1m;

Tozlu qum, yüngül qumluca ........................................ 0,8-1,5m

Tozlu qumluca ,yüngül və tozlu gillicə ..........................1,1-2,2m

Ağır gillicə və gil ...................................................... .1,2-2,4m

Qar örtüyü üzərində torpaq yatağının qaşının hündürlüyü aşağıdakı qiymətlərdən az olmamalıdır (metrlə):



Yolun dərəcəsi I II III IV V

Torpaq yatağının qaşının hündürlüyü 1,2 0,7 0,6 0,5 0,4

Dəmir yolu və yüksək dərəcəli avtomobil yolları ilə kəsişmələrdə, yolun yaşayış məntəqəsindən keçən hissəsində və digər hallarda torpaq yatağının qaşını tələb olunan qədər hündürlükdə layihələndirmək həmişə mümkün olmadığından torpaq yatağının yuxarı hissəsinin su rejimini daimi saxlamaq məqsədi ilə onun daxilində nəmin qarşısını kəsən aralıq izolyasiya layları qurulur. Bunlar iki növ olur:



a) kapillyar, təbəqə və buxar şəkilli nəmin qarışısını almaq üçün bitum və ya digər hidrofob materiallarla qatışdırılmış qruntdan (3-8sm), polietilen təbəqədən, tol və ya ruberoiddən;

b) kapillyar nəmliyin qarşısını almaq üçün iri danəli yaxşı filtrləmə xassəli materiallardan (çınqıl, qırmadaş, çınqıllı qum), 15-20sm qalınlığında. Layda lillənmənın qarşısını almaq məqsədi ilə onu üst və alt tərəfdən orta danəli qumluca və ya xırda çınqılla təcrid edirlər ki, xırda hissəcikləri saxlasınlar.

Aralıq layları torpaq yatağının bütün eni boyu, nəmləmə mənbəyindən 20sm yuxarıda qurulmalıdır.



Ədəbiyyat

1.Справочник инженера-дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

2.СНиП 2.02 05-85

3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I, Москва, 1979.

4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.


Mövzu-6. Kənd təsərrüfatı torpaqlarından trassanın keçirilməsi

PLAN

1.Yol tikintisinin ətraf mühitə təsiri.

2.Yolun layihələndirilməsində ətraf mühitin mühafizəsi tələbləri.

3. Kənd təsərrüfatı torpaqlarından trassanın keçirilməsi.

4. Meşə massivləri rayonlarında trassanın keçirilməsi.

5. Yaşayış məntəqələri ərazisindən trassanın keçirilməsi.

6. Bataqlıq yerlərdə trassanın keçirilməsi.

7. Yol tikintisində sənaye tullantılarından istifadə tələbləri.

8. Yol tikintisi zamanı ətraf ərazidə yaxşılaşdırma tədbirləri.

Avtomobil yollarının layihələndirilməsi zamanı ətraf mühitin mühafizəsinə, onun resurslarından qənaətlə istifadə olunmasına böyük diqqət verilməlidir, çünki yol tikintisi təbiətin ekoloji tarazlığında və rayonun təsərrüfat həyatında böyük dəyişikliklər yaradır.

Çalışmaq lazımdır ki, ekoloji, hidroloji, geoloji və digər təbii şəraitlərdə pozuntuların təsiri az olsun və nəqliyyat vasitələrinin mənfi təsirləri, mümkün qədər aşağı salınsın. Layihələndirmə qərarlarında ətraf mühitə az ziyan vuran və landşaftla optimal əlaqədə olan variantlara üstünlük verilməlidir.

Trassanın variantlarının və konstruktiv həllərinin müqayisəsində tikinti üçün istifadə olunacaq torpaqların qiymətləri, həmçinin müvəqqəti ayrılmış torpaqların rekultivasiyasına sərf ediləcək xərclər nəzərə alınmalıdır.

Avtomobil yollarının trassasının keçirilməsini, həmçinin süni qurğuların, istehsal bazalarının, yanaşma yollarının və digər müvəqqəti qurğuların yerləşdirilməsini aşağıdakıları nəzərə almaqla yerinə yetirirlər:

- qiymətli təbii landşaftların və meşə massivlərinin saxlanmasını;

- vəhşi heyvanların, quşların və su heyvanlarının çoxalması, yemlənməsi yerlərini və miqrasiya yollarını.

Torpaq sahələrinin ayrılması və sərhədlərinin dəyişilməsi mövcud növbəli əkin sistemini pozur və kənd təsərrüfatına böyük iqtisadi ziyan vurur. Bəzən böyük intensivlikli avtomobil magistrallarının tikintisi zamanı yolun hər iki tərəfində yerləşən kənd təsərrüfatı torpaqlarını yenidən planlaşdırmaq tələb olunur ki, kənd təsərrüfatı maşınları yoldan keçə bilsin. Aşağı dərəcəli yollardan qalxan toz tarlaların məhsuldarlığını aşağı salır.

Kənd təsərrüfatı rayonlarında trassanı, imkan daxilində tarlaların, növbəli əkinlərin və ya təsərrüfatların sərhədləri üzrə layihələndirirlər. Trassanı dövlət qoruqlarının, yasaqların, qiymətli təbiət və mədəni abidələrin ərazisindən keçirməyə icazə verilməyir. Trassa - çayların, göllərin və digər su nohurlarının mühafizə zonasının kənarlarından çəkilə bilər. Yolların layihələndirməsini meliorativ işlərlə mütləq əlaqələndirmək lazımdır.

Kurort, sanatoriya, istirahət evləri, pansionatlar və s. yerləşən rayonlarda trassanı sanitar zonanın kənarlarından keçirirlər və ya layihədə vacib mühafizə tədbirləri nəzərdə tuturlar.

Böyük meşə massivlərindən keçirilən avtomobil yolu meşə heyvanlarının həyat şəraitini dəyişir. Yola çıxan heyvanlar yol-qəza hadisəsinə səbəb olur.

Meşədən istifadə qaydalarının və ekoloji tədqiqatların sənədlərinə əsaslanaraq meşə massivləri rayonlarında yolları, cığırların və yanğına qarşı aralıqların istiqaməti, meşə müəssisələrinin və meşəbəyliklərin sərhədləri üzrə keçirirlər. Meşə massivlərindən keçən I-III texniki dərəcəli yolların trassalarının istiqamətinin hakim küləklərin istiqaməti ilə üst-üstə salınması məsləhət görülür ki, təbii ventilyasiya (havalanma) təmin edilsin və yolun qarla basılması azalsın. Avtomobil yolunun heyvanların miqrasiya yolları ilə kəsişən yerlərində onların təhlükəsiz və maneəsiz hərəkətlərinə təminat verən tədbirlər işlənməlidir.

Yolun və onun qurğularının tikilməsi üçün daimi ayrılmış torpaqlarda (həmçinin tikinti dövründəki müvəqqəti ayrılan) münbit torpaq qatı kəsilməli və az münbitli kənd təsərrüfatı torpaqlarının və ya meşə təsərrüfatı obyektlərinin məhsuldarlığını artırmaq məqsədləri üçün istifadə olunmalıdır. Əgər yerin relyefi imkan vermirsə və qaya qruntlarında, həmçinin iri daşlı (0,5m) sahələrdə torpağın münbit qatı kəsilməyir.

Su mühafizə zonalarının hüdudlarından keçən yollarda gediş hissəsinin səthindən suyun, yola tökülən yağın və təkərin yeyilməsinin materiallarının toplanıb təmizlənməsi və ya su təchizatı mənbələrini çirkləndirmədən kənarlaşdırılması tədbirləri ( xüsusi durulducu sistemlər) nəzərdə tutulmalıdır.

Yaşayış məntəqələrinin yaxınlığında və daxilində keçən avtomobil yollarındakı nəqliyyat vasitələri havanı zəhərli qazlarla çirkləndirir, səs-küy və vibrasiya yaradır, əhalinin sağlamlığına və iş qabiliyyətinə pis təsir göstərir. Sanitar normalara görə köhnə yaşayış məhəllələrində səs-küyün buraxılan səviyyəsi 50-60 dBA (desibel), kurort şəhərlərində isə 40-50 dBA olmalıdır. Torpaq yatağının qaşında səs-küyün səviyyəsi təxminən aşağıdakı kimi hesablanır:

L=24+20 loq N;

N – hərəkətin şidddətliyi, avt/saat.

Nəqliyyatın hərəkətindən yaranan səs-küyün 2 səviyyəsini ayırırlar:

a)Emission səviyyə-hərəkət şiddətindən, hesabi sürətdən, yol səthinin görünüşündən və uzunluq mailliyinin qradiyentindən asılı olaraq hesablanır;

b)İmission səviyyə-səs-küyə məruz qalan obyektin yanında ölçülür, emissiya yerindən uzaqlığa görə digər faktorlardan asılıdır.

Hesabatlar üçün səs-küyün orta səviyyəsi qəbul olunur və onu sutkada 2 dəfə ölçürlər: saat 600 -2200 və 2200 -600.

Səs-küydən mühafizə məqsədi ilə yolu tikililərdən o qədər aralı məsafədə keçirmək lazımdır ki, səs-küy normadan çox olmasın.

Əgər səs-küyün səviyyəsi həddi sanitar normadan yuxarıdırsa, onda səs-küyə qarşı aşağıdakı tədbirlər planlaşdırılır:

-yolun qazmada və yarıtunellərdə tikilməsi;

-səs-küyə qarşı torpaq bəndlərin, səsi udan materialdan baryerlərin (çəpərlərin) qurulması;

- səs-küyə qarşı xüsusi yaşıl zolağın əkilməsi;

-nəqliyyatın hərəkətindən ən az səs-küy yaradan örtüyün tikilməsi.

http://www.armaxbio.com/public/images/production/akusticheskie-sendvich-paneli/armax-2.300.jpg

http://www.refrigerator.ru/foto12/sh_p_3.jpg

Səsdən mühafizə panelləri

Səs-küydən mühafizə hasarlarının hündürlüyünü aşağıdakı sxemə görə təyin edirlər:



http://www.skmagnat.ru/zabor-ot-shuma.gif

A-obyektin hündürlüyü;B-hasarın hündürlüyü;C-yük maşınının hündürlüyü

Yaşayış məntəqələrindən və kənd təsərrüfatı torpaqlarından (xüsusən də tozlu şəraitdə daha güclü çoxalan zərərvericilər olan quraqlıq pambıqçılıq rayonlarında) keçən sahələrdə yol geyiminin örtüyünü toz yaratmayan materiallardan tikirlər. Yaşayış məntəqlərini yandan keçən avtomobil yollarını külək tutmayan tərəfdə yerləşdirirlər.

Əhalini nəqliyyatın səs-küyündən müdafiə etmək üçün, yaşayış məntəqəsinin inkişafının baş planını nəzərə almaqla, avtomobil yolu ilə tikililər arasında “bufer” zonası yaradırlar.

Bataqlıqda tikilən tökmələr torf qatını kipləşdirərək hidroloji rejimi pozur, bataqlaşmanın fəallaşmasına və ya qurumasına səbəb olur.

Torpaq yatağının tikilməsi yol ətrafı ərazilərdə bataqlaşma və səthi sularla basılma təhlükəsi yaradarsa, layihədə kənd təsərrüfatı bitkilərinin və meşə əkililərinin inkişafına təminat yaradan sukənaredici qurğular nəzərdə tutulmalıdır.

Yol trassasına nəzərən suyun eninə hərəkəti olan bataqlıqdan keçən sahələrdə tökmə tikərkən suyun səviyyəsinin qalxmasının və bataqlaşma sahəsinin artmasının qarşısını almaq lazımdır. Bunun üçün tökməni və ya onun yuxarı hissəsini drenlədici qruntlardan tikirlər, torpaq yatağı boyu uzununa arxlar qururlar, çökök yerlərdə, lazım gələrsə, süni qurğular yerləşdirirlər.

Torpaq yatağını tikmək üçün yararsız qrunt həcmləri olarsa, onları dərələrin başlanğıcına, eroziya çökəklərinə, torpaq tullantıları yerlərinə tökürlər, yayırlar və kipləşdirirlər.

Əkinlərdən, suvarılan və ya qurudulan torpaqlardan, bağlardan, üzümlüklərdən və s. keçən III - V texniki dərəcəli yolların torpaq yataqlarını rezervsiz və kavalyersiz layihələndirirlər.

Su axarlarla kəsişmə yerlərini, süni qurğuların açıqlığını və konstruksiyasını təyin edərkən (xüsusən də sərt yamaclarda) texniki –iqtisadi məqsədyönlülüklə yanaşı ərazinin yuyulmaqdan və lillənmədən mühafizəsi, bitki qatının ən az pozulması, suaxarların hidroloji rejiminin və qrunt sularının səviyyəsinin dəyişməsi, yamacların yuyulmaqdan və dağılmaqdan mühafizəsi məsələləri də həll olunmalıdır. Yamacların kəsilməsi və tökmələrlə yüklənməsi sürüşmə prosesini fəallaşdırır.

Tikinti rayonunda yerləşən müəssisələrin (dağ-mədən, filizçıxarma və s.) avtomobil yolunun tikilməsinə yararlı tullantılarından maksimum istifadə olunmalıdır. Aqressivliyə və toksikliyə yoxlanıldıqdan sonra tullantıların yol tikintisində tətbiqinə icazə verilir. Qeyd edək ki, yerli sənaye tullantılarından yol tikintisində istifadə olunması onların illərlə yığılmış tullantı yerlərinin azalmasına kömək edir.

Dayanıqsız ekoloji sistemli yerlərdə (su ilə doymuş qruntlar, bataqlıqlar, çay məcraları, yamac sürüşmələri) ekoloji tarazlığın minimum pozulmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Tədbirlər planı fərdi texniki-iqtisadi əsaslandırma ilə təyin edilir.

İstehsalat bazalarının, yol və nəqliyyat xidməti bina və qurğularının layihələndirilməsi zamanı su obyektlərində, atmosfer havasında, torpaqda və s. çirkli maddələrin həddi konsentrasiyasını təmin edən tədbirlər işlənməlidir.

Yol tikintisi zamanı aparılan torpaq işləri ətraf landşaftın gözəlliyinə xələl gətirir. Bu səbəbdən belə yerləri yaşıl əkililərlə maskalayırlar.

Avtomobil yolu özünə çoxsaylı insanları cəlb edir, buna görə mənzərəli meydançalar nəzərdə tutulmalı və orada sanitar-gigiyenik tələblər yerinə yetirilməlidir ki, yol ətrafı zolaq çirklənməsin.



 igda/a. vergani приморское шоссе в греции

Yol layihəsi zamanı yaxşı seçilmiş variantlar hesabına ətraf ərazidə bataqlıqların qurudulması, su anbarlarının yaradılması, qumların bərkidilməsi, yamacların dayanıqlığının artırılması, eroziyaya qarşı tədbirlər və s. yerinə yetirilir.

Ətraf mühitin mühafizəsi tədbirləri yol tikintisini mürəkkəbləşdirsə və bahalaşdırsa da, bu əlavə xərclər özünü doğruldur.

http://azerbaijan.travel/upload/image/gallery/05-2012/pages-gallery-396.jpg

Ədəbiyyat

1.Справочник инженера-дорожника. Проектирование автомобильных дорог. Москва, 1989.

2.СНиП 2.02 05-85.

3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I,II. Москва, 1979.

4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.



Mövzu-7 TORPAQ YATAĞI VƏ YOL GEYİMİ

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə