Jan Pol Sartr Ürək bulantısı Roman


Cümə axşamı, doqquzun yarısı



Yüklə 0,82 Mb.
səhifə2/12
tarix01.11.2017
ölçüsü0,82 Mb.
#7818
1   2   3   4   5   6   7   8   9   ...   12

Cümə axşamı, doqquzun yarısı

İki saat oxu zalında işlədim. Sonra İpoteka Bankı meydançasında qəlyan çəkməyə düşdüm. Balaca meydança çəhrayı daşlarla döşənib. Buvillilər onunla fəxr edirlər- o XVIII ərsdə tikilib. Şamad və Syuspedar küçələri tərəfdə qoyulmuş köhnə zəncirlər maşınların bura girməsinə mane olur. Qara geyinib, itləri ilə gəzən xanımlar arkaların altından sakitcə keçib, divarların yaxınlığında gəzişirlər. Onlar gün işığına nadir hallarda çıxırlar, amma balaca qız kimi gizlin və ehtiramla Qustav Empetrazın heykəlinə toxunurlar. Onlar çətin ki bu bürünc nəhəngin adını bilsinlər, amma onun surtükündan və silindrindən görürlər ki, bu adam yaxşı cəmiyyətə aiddir. Silindrini sol əlində tutub, sağ əlini isə in-folio kitablarlarının üstünə qoyub, elə bil ki onların öz babaları bürüncdən tökülüb, pyedestalda dayanıb. Onlara heykəli başa düşmək üçün uzun dayanıb, baxmaq lazım deyil, heykəl onlar kimi görünür, dəqiq onlar kimi.

Onların bir yığın sarsılmaz fikirlərinə qarşı heykəl bütün avtoritetini və ağır əli ilə toxunduğu foliantlardan[v] götürdüyü böyük savadını qoyur. Qara geyimli xanımlar rahat nəfəs ala, ev işləri ilə məşğul ola, itlərini gəzdirə bilərlər, məsuliyyətin ağır yükü onların çiyinlərindən düşüb, onlar atalarından miras qalmış müqəddəs baxışları, sağlam fikirləri qorumalı deyillər, bürünc pəhləvan onları qoruyur.

“Böyük Ensklopediya” bu heykələ bir neçə cümlə ayırıb, mən onu keçən il oxumuşam. Ensklopediyanın cildini pəncərə qabağına qoyub, şüşədən Empetrazın yaşıl kəlləsinə baxırdım. Mən öyrəndim ki, onun fəaliyyətinin parlaq dövrü 1890-cı ilə aiddir. O akademiyada müfəttiş idi. Gözəl şəkillər çəkirdi, üç kitab buraxmışdı: “Qədim yunanlarda məşhurluq haqqında” (1887), “Rollenin pedaqogikası” (1891) və “Poetik vəsiyyət” (1899). 1902-ci ildə işçilərinin və zövqlü insanların kədərinə bais olaraq ölüb.

Mən kitabxananın fasadına söykəndim. Indicə yanacaq qəlyanımı soruram. Və qorxa- qorxa qalareyanın arkalarının altından çıxan, inadkar, ağıllı baxışlarla Empetraza baxan yaşlı qadın görürəm. Birdən cəsarətlənərək ayaqlarının imkan verdiyi sürətlə divarı keçib, bir anlıq heykəlin qarşısında çənəsini tərpədə-tərpədə donub qalır.

Sonra çəhrayı döşəmədə qara ləkə kimi sürətlə gedir və divardakı yarıqda yox olur. Bəlkə də keçən əsrin əvvəllərində evlərlə əhatə olunmuş, qırmızı döşəməli bu meydança şən təsir oyadırmış. İndi onda nəsə quru, xoşagəlməz hətta dəhşətli bir şey var. Bunun günahkarı pyedestaldakı dayıdır. Bu elmli kişini bürünc rəngli etməklə sehirbaza çeviriblər. Mən Empetrazın sifətinə baxıram. Onun gözləri yoxdur, burnunu güclə görmək olur, saqqalı, bəzən hansısa rayondakı bütün heykəllərin xəstəlik kimi tutulduğu yaralardan yeyilib. O salamlaşarkən donub, pencəyində, ürəyinin olduğu yerdə böyük açıq yaşıl ləkə var. Görünüşü sısqa və xəstəhaldır. Bu canlı insan deyil amma onu cansız da adlandırmaq olmaz. Ondan hansısa dumanlı güc gəlir, elə bil ki külək sinəmdən itələyir- bu Empetrazdır, məni İpoteka Bankı meydançasından qovmaq istəyir. Amma mən qəlyanımı çəkməmiş getməyəcəm. Birdən arxa tərəfimdə uzun, nazik kölgə peyda olur. Mən diksinirəm.

-       Bağışlayın müsyö. Mən sizə mane olmaq istəmirdim. Gördüm ki, dodaqlarınız tərpənir. Siz yəqin ki, kitabınızdan ifadələri təkrar edirsiniz. – O güldü.

-       Aleksandrik şerlərə çatmaq istəyirsiniz?

Mən təəccüblə Oxucuya baxıram. O da mənim təəccübləndiyimi görüb təəccüblənir.

-      Məgər nəsrdə aleksandrik şerlərdən qaçmaq lazım deyil?

Gözündən düşdüm. Soruşuram ki, bu vaxtı burada nə edir. Rəisi ona istirahət verib, Oxucu izah edir, və o birbaşa kitabxanaya gəlib, nahar etməyə getməyəcək və kitabxana bağlanana qədər oxuyacaq. Mən artıq qulaq asmırdım, amma deyəsən o əvvəlki mövzunu dəyişib, çünki birdən mənə çatır:

-          …. sizin kimi kitab yazıb xoşbəxt olmaq….

Ona cavab vermək lazımdır.

-          Xoşbəxtlik…- şübhə ilə deyirəm.

Cavabımı səhv yozub, tələsik səhvini düzəltməyə çalışır

-          Mən gərək deyəydim: istedadı olmaq, müsyö.

Biz pillələri qalxırıq. İşləməyə həvəsim yoxdur. Kimsə stolun üstündə “Yevqeniy Qrande” kitabını yadından çıxarıb, kitab iyirmi yeddinci səhifədə açıq qalıb. Mən mexaniki olaraq onu götürürəm, iyirmi yeddinci səhifəni oxuyuram, sonra iyirmi səkkizinci, başdan başlamağa ərinirəm. Oxucu şux addımlarla kitab şkafına tərəf gedir: rəfdən  iki cild götürüb, sümük tapmış it görünüşü ilə onları stolun üstünə qoyur.

-          Nə oxuyursunuz?

Məncə bu suala cavab verməyə çətinlik çəkir, bir dəqiqəlik gözlərini fırlada-fırlada tərəddüd edir, sonra həvəssiz kitabları mənə uzadır. Bu Larbaletrienin “Torf və Torf çıxarılan ərazilər” və Lateksin “Hitopadlesa və yararlı təlimlər” əsərləridir. Hə nolsun? Başa düşmürəm o niyə utanır. Çox da xeyirli ədəbiyyatdır. Vicdanımı təmizləmək üçün “Hitopadlesa”-nı vərəqləyirəm- başdan ayağa ali mövzular.

 

Saat 3

Mən “Yevqeniy Qrande”-ni kənara qoyuram. Heç bir həyacan olmasa da işə girişirəm. Oxucu görəndə ki, yazıram mənə ehtiramla baxır. Bəzən başımı qaldıranda cücə boynun dik dayandığı enli, dik yaxalıq görürəm. Oxucunun geyimi köhnədir amma gözqamaşdırıcı ağdır. O elə indicə eyni rəfdən daha bir cild götürdü, mən baş-ayaq çevrilmiş adı oxuyuram “Kodebakın oxu”, normand xronikası. Müəllif- mademuazel Jyuli Latern. Onun oxuduğu ədəbiyyat siyahısı məni dalana dirəyir. Birdən onun axır vaxtlar seçdiyi kitabların müəlliflərinin familiyalarını xatırlayıram: Lamber, Lanqlua, Larbaletrie, Lateks, Latern. Mən başa düşdüm- Oxucunun metodunu tapdım, o biliyini əlifba sırası ilə artırır. Mən ona ehtiramla baxıram. Gərək nə qədər iradəli olasan ki, yavaş-yavaş, inadla belə böyük fikri həyata keçirəsən. Bir dəfə, yeddi il qabaq ( o mənə demişdi ki, oxumaqla yeddi ildir məşğuldur) o bu zala təntənə ilə girmişdi. Divarlara yığılmış saysız-hesabsız cildlərə göz gəzdirib yəqin ki, Rastinyak kimi öz-özünə demişdi: Görüm səni insan şüuru, görək kim kimədir!”. Sonra sağ tərəfdəki ilk rəfə yaxınlaşıb, ilk kitabı götürüb və ilk səhifəni qarışıq, tərəddüdsüz, qərarlı, ehtiram və dəhşət hissləri ilə açıb.

Bu gün o “L” hərfinə çatıb. “K”, sonra “İ”. “L” sonra “K”. Möhkəmqanadlılar haqqında traktatdan darvinizm əleyhinə katolik həcvlərə qədər, amma bu az da olsa darıxdırmır. O hamısını oxuyub. Başındakı anbarda elmə partenogenez kimi məlum olanların yarısı, viviseksiyaya qarşı bütün arqumentlərin yarısı saxlanılıb. Onun arxasında və önündə bütün dünya var. Bir gün gələcək, sol tərəfdəki sonuncu rəfdən götürülmüş sonuncu cildi bağlayıb deyəcək: “Bəs indi?”.

Bu saat o günorta yeməyini yeyir, sadəliklə çörək və “Qala Peter” şokolad plitkasını gəmirir. Göz qapaqları aşağı enib, mən özümü itirmədən onun gözəl, qadınlardakı kimi sıx kirpiklərinə baxa bilərəm. Ondan tütün iyi gəlir, nəfəs alanda bu iy şokoladın şirin iyinə qarışır.

 

Cümə günü, saat üç

Daha nələrsə əlavə olunub. Güzgü tələsinə artıq düşmüşəm. Güzgüdən qaçıram, amma daha bir tələyə düşdüm- pəncərə tələsinə. Veyil-veyil, əlimi yellədə-yellədə ona yaxınlaşıram. Tikinti meydançası, hasar, köhnə vağzal- köhnə vağzal, hasar, tikinti meydançası. Elə böyük əsnəyirəm ki, gözlərimdən yaş gəlir. Sağ əlimdə qəlyan tutmuşam, sol əlimdə tənbəki kisəsi. Gərək qəlyanımı dolduram. Amma gücüm yoxdur. Əllərim budaq kimi sallanır, alnımı şüşəyə söykəyirəm. Bu qoca qadın məni qıcıqlandırır. Baxışları həyacanlıdır, amma inadla, xırda addımlarla irəliləyir. Bəzən qorxaraq dayanır, elə bil ki, hansısa görünməz təhlükəni hiss edir. Budur artıq mənim pəncərəmin altındadır, külək paltarını ayaqlarına yapışdırıb. Dayanıb, paltarını düzəldir. Əlləri əsir. Getməkdə davam edir- indi mən onu arxadan görürəm. Qoca ifritə! Yəqin indi Nuar bulvarına tərəf sağa dönəcək. O hələ yüz metr də getməlidir, bu surətlə haradasa on dəqiqə daha gedəcək. Bütöv on dəqiqə alnım şüşəyə yapışmış halda ona baxmalıyam. Və hələ iyirmi dəfə də dayanacaq, gedəcək, sonra yenidən dayanacaq…

Mən gələcəyi görürəm. O buradadır, bu küçədədir, həqiqətdə  olduğundan bir az daha solğundur. Ona həyatdan nə fayda var? Bu ona nə verəcək? Yaşlı qadın, ayaqlarını sürüyə-sürüyə gedir, dayanır, şalının altından çıxan çal saçlarını düzəldir. O gedir, o orada idi, indi buradadır… Başa düşmürəm mənə nə olub- onun hərəkətlərini görürəm, yoxsa gələcəkdə olacağını hiss edirəm? Mən artıq həqiqəti gələcəkdən ayıra bilmirəm, amma yenə də nəsə davam edir, nəsə fasiləsiz həyata keçir, yaşlı qadın boş küçədə kobud kişi ayaqqabılarını yerə basaraq yeriyir.

Bu da zamanın çılpaqlığı, o yavaş-yavaş həyata keçir, onu gözləmək lazım gəlir, amma həyata keçəndə, ürək bulandırır, çünki hiss edirsən ki, çoxdan buradadır. Yaşlı qadın küncə çatdı, indi o qara cındır parçasına döndü. Hmmm, bu deyəsən nə isə təzə bir şeydir, çünki o biri tərəfdə olanda qadın belə deyildi. Amma yenilik tutqundur, çeynənmişdir, təəccübləndirə bilmir. İndi yaşlı qadın küncdən dönəcək, dönür, əbədiyyət keçir.

Pəncərədən ayrılıram, otaqda o başa, bu başa gəzə-gəzə fikirləşirəm; güzgüyə yapışıram, iyrənə-iyrənə özümə baxıram- daha bir əbədiyyət. Nəhayət öz əksimdən qurtulub yatağıma uzanıram. Tavana baxıram, yatsam yaxşı olardı.

Sakit. Sakit. Bax indi zamanın mənə toxunaraq sürüşməsini hiss etmirəm. Tavanda şəkillər görürəm. Əvvəl işıq halqaları, sonra xaçlar. Bunlar hamısı uçur. Bu da daha yeni şəkil- bu dəfə bağlı gözlərimin dərinliyində. Bu böyük, diz üstə dayanmış heyvandır. Onun qabaq pəncələrini və yük yəhərini görürəm. Qalanları dumanla gizlədilib. Yenə də mən onu tanıyıram, bu Merakeşdə gördüyüm, daşa bağlanmış dəvədir. O altı dəfə diz üstə çöküb, ayağa qalxdı, uşaqlar isə ona gülür, qışqırıb salamlayırdılar.

İki il əvvəl bu qəribə idi, gözlərimi bağlayan kimi başım arı pətəyi kimi uğuldayırdı, gözümün qabağına nə vaxtsa gördüyüm üzlər, ağac, ev, Kamaisidə çəlləkdə çılpaq çimən yapon qadını, geniş açılmış yarası gözə girən öldürülmüş rus, yanındakı qan gölməçəsi gəlirdi. Ağzımda müşk dadını hiss edirdim, burnuma Burqos küçəsində gündüzlər yayılan yağ, Tetuan küçəsinə yayılan şüyüd iyi gəlirdi, yunan çobanlarının fitlərini eşidirdim, bütün bunlar məni həyacanlandırırdı. Amma bu sevinc çoxdan itib. Yəni bu gün o yenidən doğulacaq?

İsti günəş sehirli fonarda yaranan şəkil kimi başımda üzür. Onun ardınca mavi səmanın bir hissəsi gəlir. Bir az bulandıqdan sonra dayanır, mən onların daxilindəyəm. Bu hansı marokkalı (bəlkə əlcəzairli? Ya suriyalı?) gündən ayrılıb? Məni keçmişə aparan cərəyana buraxıram özümü.

Meknes. Bizi Berden məscidi ilə tut ağaclarının kölgələrinin düşdüyü yaraşıqlı meydança arasındakı dar küçədə qorxudan dağlı necə görünürdü? O düz üstümüzə gəlirdi, Anni mənim sağımda gedirdi. Ya solumda?

Bu günəş və mavi səma aldadıcıdır. Budur, az qala yüzüncü dəfədir onun yalanına uyuram. Mənim xatirələrim şeytanın verdiyi pul kisəsindəki qızıllar kimidir, açırsan, orada quru yarpaqlardır. Daha dağlını görmürəm- yeganə gördüyüm şey tökülmüş gözlərin yerində qalan süd rəngli böyük ləkədir. Bu onun gözləridir görəsən? Bakıda mənə dövlət abortarilərinin qurulması prinsiplərini izah edən həkim də tək göz idi və onun sifətini yadıma salmağa çalışanda gözümün qarşısına eyni ağ şar gəlir. Bu ikisində, Nornlardakı kimi bir ümumi göz var, onu növbə ilə işlədirlər.

Meknesdə hər gün keçdiyim o meydançanı ümumiyyətlə görə bilmirəm. Məndə onun haqqında dumanlı fikir qalıb ki, o gözəldir, daha doğrusu birində birləşən üç kəlmə- Meknesdəki gözəl meydança. Əlbəttə gözlərimi yumsam və ya dumanlı baxışlarla tavana zillənsəm həmin səhnəni bərpa edə bilərəm: uzaqda ağac var  və mənə tərəf hansısa qaranlıq, enli kürək kölgə qaçır. Yeri gəlmişkən, mən bunları özüm uydurmuşam. Marokkalı hündür, arıq idi və mən bunu o mənə toxunanda görmüşdüm. Deməli mən hələ də onun hündür və arıq olduğunu bilirəm, yaddaşımda hansısa qısa məlumatlar qalıb. Amma daha heç nə görmürəm, keçmişdə nə qədər eşələnsəm də, mən ondan ancaq  qısa təsvirlər çıxarda bilirəm və dəqiq bilə bilmirəm ki, onlar nədirlər, xatirələr yoxsa uydurmalar.

Bir çox hallarda bu qısa təsvirlərin özləri də itiblər, ancaq sözlər qalıb; mən hələ də müxtəlif hekayələr danışa bilirəm, hətta çox yaxşı danışa bilirəm ( bəzi lətifələrdə mənimlə dəniz zabitlərindən və professional hekayəçilərdən başqa heç kim yarışa bilməz), amma indi mənim hekayələrimdən ancaq gövdələr qalıb. Onlarda hansısa işləri görən kimlərdənsə söhbət gedir. Amma bu mən deyiləm, mənim onunla ümumi heç nəyim yoxdur. O müxtəlif ölkələri gəzir, mənimsə o ölkələr barədə təsəvvürüm yox dərəcəsindədir. Bəzən hekayələrimdə xəritədə oxuya biləcəyim gözəl adları xatırladıram, məsələn Aranxues və ya Kenterberi. Onlar məndə tamamilə yeni simalar yaradırlar, heç vaxt səyahət etməmiş insanlarda belə olur; söz mənim fantaziyalarımı oyadır, vəssalam.

Amma yüz ölü hekayədən bir-iki canlısı qalıb. Onları yaddaşımdan ehtiyatla və gec-gec çağırıram ki, korlanmasınlar. Birini tuturam, qarşımda iştirakçı insanlar və onların vəziyyətləri ilə bağlı şəkil canlanır. Birdən stop: mən itkini hiss edirəm, hisslərin əsasından artıq söz baş qaldırır. Mən başa düşürəm, bu söz tezliklə mənə əziz olan bir çox simaların yerini tutacaq. O dəqiqə dayanıram, başqa şey haqqında düşünürəm, öz xatirələrimi incitmək istəmirəm. Amma növbəti dəfə ehtiyatla onları canlandırmaq istəyəndə çoxu ölmüş olur. Ərincək hərəkətlə qalxmağa çalışıram ki stolun altına soxduğum qutudan Meknesin fotosunu tapım. Amma nəyə  görə? Bu həyacanlandırıcı vasitə daha yaddaşıma təsir etmir. Bir dəfə büvarın (içinə kağız, konvert və s. qoymaq üçün qovluq) altından balaca, solmuş şəkil tapdım. Fontanın yanında gülümsəyən qadın. Ona çox baxdım amma  tanımadım. Sonra arxasında oxudum: “Anni. Portsmut, 7 aprel, 27-ci il”. Mən heç vaxt bu günki kimi hiss etməmişdim ki, sirli dərinliklərdən məhrum olmuşam, bədənimlə, onun üstünə köpüklər kimi qalxan yüngül fikirlərlə kifayətlənmişəm. Mən öz həqiqətimdən xatirələr düzəldirəm. Mən indidə atılmışam, tərk edilmişəm. Mən əbəs yerə keçmişimə çatmağa çalışıram, özümdən qopa bilmərəm.

Qapı döyülür. Bu Oxucudur, onu tamamilə unutmuşam. Ona səyahətlərimdə çəkdirdiyim şəkilləri göstərməyə söz vermişdim. Lənət şeytana.

O stulda oturur. Gərilmiş arxası söykənəcəyə dayanıb, dik gövdəsi önə əyilib. Yorğa-döşəkdən sıçrayıb, işığı yandırıram.

-          Niyə müsyö, elə belə də yaxşı idi.

-          Fotolara baxmaq üçün çox qaranlıqdır.

Şlyapasını hara qoysun bilmir, əlindən alıram.

-          Doğurdan müsyö? Mənə onları göstərəcəksiz?

-          Əlbəttə.

Mən hesabla hərəkət edirəm, ümid edirəm onlara baxanda danışmayacaq. Stolun altına baş vurub, qutunu onun laklı ayaqqabılarına tərəf itələyirəm və dizlərinin üstünə İspaniya və İspan Marokkosundan bir qucaq poçt açıqcaları və şəkillər qoyuram. Amma onun açılmış, gülümsəyən üzündən hiss edirəm ki, ağzını bağlamağa ümid etməkdə çox pis səhv etmişəm. O İqueldo dağından çəkilmiş San Sebastiyanın fotosuna baxıb ehtiyatla stolun üstünə qoyur və bir neçə an susur. Sonra ah çəkir:

-     Ah müsyö, sizin bəxtiniz gətirib. İnsanların dediyinə inansaq, səyahət ən yaxşı məktəbdir. Siz razısınız?

Mən qeyri-müəyyən hərəkət edirəm. Xoşbəxtlikdən, o sözünü hələ qurtarmamışdı.

-    Yəqin, bu bütün ruhu çevirir. Əgər nə vaxtsa harasa getmək nəsib olsa, səyahət öncəsi kağızda xarakterimi kiçik cizgilərə qədər yazardım ki qayıdanda müqayisə edim necə idim, necə oldum. Oxumuşam ki, bəzi səyyahlar xarici və daxili cəhətdən o qədər dəyişiblər ki, ən yaxın qohumları da onları tanıya bilməyiblər.

 

O fikirli-fikirli əlində qalın foto bağlamasını fırladır. Birini götürür, baxmadan stolun üstünə qoyur, sonra gərgin halda növbəti fotoya – Burqosda kafedra divarında oyulmuş müqəddəs İeronimanın fotosuna baxır,



-     Siz Burqosda İsanı heyvan dərisində görmüsünüz? Müsyö, heyvan dərisində, hətta insan dərisində olan bu heykəllər haqqında çox maraqli kitab var. Qara Madonnanı necə görmüsüz? Amma deyəsən o Burqosda deyil, Saraqosdadır hə? Bəlkə beləsi elə Burqosda da var? Zəvvarlar öpürlər, düzdür hə, mən saraqosslu haqqında danışıram? Deyəsən daşda onun ayaqlarının izi də qalıb? Daş isə hansısa uçurumdadır? Analar uşaqlarını ora itələyirlər?

Tərpənmədən əlləri ilə xəyali uşağı itələyir. Verməmək, almamaq – Artakserks qurbanlıqları itələyirdi.

-       Ah, müsyö, adətlər, bunlar elə maraqlı şeylərdir ki…

Təngnəfəs olub böyük, eşşək çənəsini mənə tərəf çevirir. Ondan tütün və axar su iyi gəlir. Onun gözəl, çaşqın gözləri alovlu şarlar kimi parıldayır, tək-tük saçları tərləmiş başına çələng kimi dolanıb. Onun kəllə qutusunda insan yeyənlərdir, nyam-nyam qəbilərinin insanları, malqaşilər və Alovlu Yerin sakinləri ən vəhşi ayinləri həyata keçirirlər, qocalmış atalarını və uşaqları yeyirlər, tamtamların səsi altında ürəkləri gedənə qədər eyni yerdə fırlanırlar, amokların hirsinə uyurlar, öz ölülərini yandırırlar, onları evlərin damına qoyurlar, yanan məşəllərlə onları qayıqlarda axına buraxırlar, kiminlə gəldi cütləşirlər- ana oğulla, ata qızla, bacı qardaşla, özlərini şikəst edirlər, axtalayırlar, dəmirlərlə dodaqlarını aralayırlar, bədənlərinə vəhşi heyvanların fiqurlarını yapışdırırlar.

-          Sizcə Paskalın dediyini təkrarlamaq olar ki, adətlər ikinci təbiətimizdir?

O qara gözlərini gözlərimə zilləyib, cavab almaq üçün yalvarır.

-          Baxır nə vaxt- mən cavab verirəm.

O cəsarətlənir.

-          Mən də belə fikirləşirəm, müsyö. Amma özümə inanmıram, bunun üçün çoxlu oxumaq lazımdır.

Digər şəkil onu canlandırır.

-          Seqoviya! Seqoviya! – o şən halda qışqırır- mən Seqoviya haqqında kitab oxumuşdum. Və şərəflə əlavə edir: müəllifin adını unutmuşam, müsyö. Məndə belə unutqanlıq olur. Na..Ne… Nod…

-          Axı bu ola bilməz, – mən tez etiraz edirəm.- siz ancaq Laternə qədər gedib çatmısınız.

Mən elə o dəqiqə sözlərimə görə peşman oldum: axı o heç vaxt mənə kitabları hansı metodla oxuduğunu danışmamışdı, yəqin ki bu sirli maniyadır. Və həqiqətən də, o tutuldu, ağlamsınıb, kök dodaqlarını qabağa uzatdı. Sonra başını aşağı saldı və on açıqcanı tam sükutla seçib, ayırdı. Amma yarım dəqiqə sonra görürəm ki, onu qarşısı alınmaz hisslər boğur, əgər danışmasa partlayacaq.

-          Təhslimi bitirəndə ( mən buna da altı il əlavə etdim), əgər icazə versələr hər il Uzaq Şərqə səyahət edən universitet müəllimləri və tələbələrinə qoşulacam. Mən bəzi məlumatları dəqiqləşdirməliyəm, – riyakarlıqla deyir- həm də hansısa gözlənilməz, yeni bir şey yaşamaq istəyirəm, dəqiq desəm hansısa sərgüzəşt.

O hiyləgərliklə səsini alçaltdı.

-      Necə sərgüzəşt?- mən təəcübləndim.

-    Necə olursa olsun, müsyö. Məsələn, təsadüfən səhv qatara minirsən. Tamamilə yad şəhərdə düşürsən. Sənədlərini itirirsən, səhvən səni həbs edirlər və gecəni həbsxanada keçirirsən. Məncə sərgüzəştə belə anlayış vermək olar: adət halını almış hadisələrdən kənara çıxan bir şey, bu heç də qeyri adi olmağa məcbur deyil. Sərgüzəştin sehri barədə danışırlar. Sizcə bu ifadə ədalətlidir? Sizə bir sual vermək istərdim, müsyö.

-      Nə sual?

O qızardı və gülümsədi.

-     Ola bilər bu ciddi deyil

-     Yenə də?

O mənə tərəf əyilib, yarı yumulu gözlərlə soruşur:

-     Sizin çox sərgüzəştləriniz olub, müsyö?

-   Biz az olub- onun çürük nəfəsindən yayınmaq üçün qəfil kənara çəkilib, qeyri iradi cavab verirəm.

Əslində mən adətən çoxlu sərgüzəştim olması ilə fəxr edirəm. Bu gün isə bunu deməyə macal tapmamış öz-özümə hirslənirəm. Mənə elə gəlir ki, yalan danışdım, həyatımda heç bir sərgüzəşt olmayıb və ya daha doğrusu mən sadəcə bu sözün nə demək olduğunu bilmirəm. Eyni vaxtda yaman darıxıram, bu hiss məndə dörd il əvvəl, Xanoedə Mersye məni onunla getməyə təhrik edəndə, mən isə sakitcə kxmel statuetkasına baxanda olmuşdu. Yenidən yanımda Fikir yaranır, o vaxt məndə iyrənc şəkildə yaranan eyni böyük, ağ kütlə baş qaldırır. Dörd ildir bu hiss məndə yaranmamışdı.

-     Sizdən xahiş edə bilərəm…- Oxucu başlayır.

Lənət şeytana! Əlbəttə, mən ona məşhur sərgüzəştlərimdən birini danışmışam. Amma bu mövzuda daha bir kəlmə də danışmayacam.

-    Baxın- mən onun nazik çiyinləri üzərindən əyilib, barmağımla şəkillərdən birini göstərərək deyirəm- bu Santilyanadır, İspaniyanın ən yaxşı kəndlərindən.

-    Santilyana Jil Blaza? Mən isə bilmirdim ki, o həqiqətən var. Ah, müsyö, sizinlə söhbətdən o qədər şey öyrənmək olur ki! O dəqiqə görünür ki, siz dünyanı gəzmisiniz.

Mən Oxucunu ciblərini poçt açıqcaları, fotolarla doldurub, qapıya qədər ötürdüm. O çox həyacanlı gedir, mən isə işığı söndürürəm. İndi mən təkəm. Tamamilə tək deyiləm, çünki həm də fikir var, yanımda, gözləyir. Böyük pişik kimi yumurlanıb dayanıb, heç nə izah etmir, tərpənmir, o ancaq deyir “yox”. Yox, mənim heç bir sərgüzəştim olmayıb. Qəlyanımı doldururam, çəkirəm və yatağımda ayaqlarıma paltomu atıb uzanıram. Başa düşmürəm niyə belə kədərliyəm və yorulmuşam. Əgər doğurdan da həyatımda heç bir sərgüzəşt olmayıbsa nolsun? Birincisi, mənə görə bütün məsələ sözlərdədir. Elə bir az əvvəl yadıma düşmüş Meknesdəki hadisəni götürək. Mənə böyük bıçaqlı marokkalı hücum etdi. Mən isə onun gicgahına yumruq tutuzdurdum… O ərəb dilində qışqırmağa başladı, dilənçi sürüsü peyda oldu və bizi Attarene bazarına qədər qovdular. Bax bütün bunları istənilən sözlə ifadə etmək olar, amma axı bu hadisə mənim başıma gəlib.

Hava tamam qaralıb, əmin deyiləm qəlyanım yanır yoxsa yox. Tramvay gəlir: tavanda qırmızı işıq parıldayır. Ağır maşın keçir, onun səsindən ev silkələnir. Yəqin indi saat altıdır.

Mənim həyatımda sərgüzəşt olmayıb. Mənim həyatımda tarix, hadisə, əhvalat olub. Amma sərgüzəşt olmayıb. Və başa düşməyə başlayıram ki, burada məsələ sözlərdə deyil. Elə bir şey olub ki, mən dərk etmədən onu dünyada hər şeydən qiymətli bilmişəm. Bu sevgi olmayıb, aman allahım, yox, nə şöhrət nə də var-dövlət olub. Bu… Ümumiyyətlə, mən təsəvvür etdim ki, müəyyən dəqiqələrdə həyatım nadir, qiymətli məna alıb. Bunun üçün hansısa xüsusi şəraitə ehtiyac olmayıb, sadəcə bir az dəqiqlik lazım olub. İndiki həyatım o qədər də parlaq deyil, bəzən, məsələn kafedə musiqi çalınanda mən geri qayıdırdım və özümə deyirdim: günlər olub mən Londonda, Meknesdə, Tokioda gözəl dəqiqələr yaşamışam, mənim sərgüzəştlərim olub. Bax indi bunu mənim əlimdən alırlar. Heç bir səbəb olmadan birdən başa düşdüm ki, mən özümü on il aldatmışam. Sərgüzəştlər kitablarda olur. Düzdür, kitablarda danışılan hər şey həyatda da ola bilər, amma olduğu kimi yox. Məhz bunun necə baş verdiyini qiymətləndirirdim. Birincisi, başlanğıc gərək əsl başlanğıc olsun.

Heyf! Mən indi nə istədiyimi necə aydın görürəm. Həqiqi başlanğıc boru səsi kimi, caz melodiyalarının ilk notları kimi baş verir, o birdəfəyə kədəri dağıdır, zamanı doldurur. Belə xüsusi gecələr barədə sonralar danışırlar: “Mən gəzirdim, may axşamlarından biri idi”. Gəzirsən, ay çıxıb, heç nə ilə məşğul deyilsən, avaralanırsan, bir az dağınıqsan. Sonra birdən fikir yaranır:” nə isə baş verdi”. Hər nə- məsələn qaranlıqda nəsə səs eşidirsən və ya küşədən yüngül kölgə keçir. Amma bu digərlərinə oxşamayan kiçik hadisədir- o dəqiqə hiss edirsən ki, o nə isə xüsusi bir şey barədə xəbərdarlıq edir, o nə isə hələ ki, qaranlıqdadır və öz-özünə deyirsən : “ nə isə başlayır”. Sona çatmaq üçün nə isə başlayır: sərgüzəşt uzunçuluğu sevmir; onun məğzi məhvindədir. Bu məhv ola bilər mənim də məhvim olsun, bu məhv məni cəlb edir. Elə bil ki, hər an ancaq ona görə yaranır ki, ardınca gələnləri özü ilə aparsın. Hər anı hədsiz qiymətləndirirəm- bilirəm ki o təkrarolunmazdır, dəyişilməzdir, amma həm də onun yox olmasına mane olmaq üçün barmağımı da tərpətmirəm. Bilirəm ki, bu Berlində və ya Londonda dünən tanış olduğum qadının qucağında keçirdiyim sonuncu dəqiqədir, ehtirasla sevdiyim dəqiqə, sevməyə hazır olduğum qadın artıq ötüb keçir. Başqa ölkələrə gedəcəm. Həmin qadını daha heç vaxt görməyəcəm, həmin gecə daha heç vaxt təkrar olunmayacaq. Hər saniyənin üzərinə əyilirəm, çalışıram onu dibinə qədər yaşayım, hər şeyi ilə birlikdə- gözəl gözlərin ötəri mehribanlığını, küçə səslərini, şəfəqin aldadıcı işığını içimə çəkmək istəyirəm, özümdə həmişəlik həkk etmək istəyirəm, amma dəqiqə keçir, mən isə onu saxlamıram, onun getməsi xoşuma gəlir. Sonra nə isə parçalanır. Sərgüzəşt bitdi, zaman yenidən özünün gündəlik halını alır. Dönüb baxıram: arxamdakı gözəl musiqili forma keçmişə dəfn edilir. O itərkən balacalaşır, büzüşür və bax artıq başlanğıcla qarışıb. Bu qızıl nöqtəni baxışımla ötürərkən fikirləşirəm ki, hətta bilsəm ki, həyatla vidalaşacam, vardan-yoxdan çıxacam, dostumu itirəcəm yenə də hər şeyi eyni şəraitdə əvvəldən sona qədər yaşamağa razılaşaram. Amm sərgüzəşti nə təkrar etmək olar nə də uzatmaq.

Bax mən bunu istəyirdim, indi də istəyirəm. Zənci qadın oxuyanda məni hədsiz xoşbəxtlik bürüyür. Həyatım həmin musiqi notlarından ibarət olsaydı belə yüksəklərə çata bilərdim.

Fikir, ifadə edilə bilməyən fikir isə hələ də buradadır. O soyuqqanlılıqla gözləyir. Mənə elə gəlir ki, o deyir:

“ Deməli belə, hə? Deməli sənin istədiyin bu imiş? Bax məhz elə bu səndə heç vaxt olmayıb. ( yadına sal: sən özünü söz oyunu ilə aldatmısan, elə bilmisən ki, sərgüzəşt zavallı səyahətlərindir, fahişə qızlardır, dalaşmaqdır, oyun oynamaqdır) və heç vaxt da olmayacaq, nə səndə nə də bir başqasında”.

Axı niyə? Niyə?



[i] Bu günlərdən bəziləri

[ii] Kəndli şərəfi (ital.)

[iii] Gün gələcək, mənim üçün darıxacaqsan, əzizim

[iv] Və məni tərk edəndə

[v] Foliant- folium — səhifə (lat.)

Şənbə günü, günorta

 

Oxucu oxu zalına necə girdiyimi görmədi. O zalın dərinliyində, küncdəki sonuncu stulda oturmuşdu; qarşısında kitab var idi, amma oxumurdu. Gülümsəyərək sağ tərəfindəki qonşusuna- kitabxanaya tez-tez gələn pinti gimnazistə baxırdı. Gimnazist onun baxışlarına bir az dözəndən sonra birdən üzünə dəhşətli ifadə verib, Oxucuya dilini çıxardı. Oxucu qızardı və tələsik burnunu kitabın içinə salıb, oxumağa başladı.



Mən isə dünənki fikirlərimə qayıtdım. Məni fikir götürüb: məsələ onda deyil ki mənim macəram olmayıb, bu heç vecimə də deyil. Mən başqa şeyi bilmək istəyirəm- onlar ümumiyyətlə ola bilərdilərmi. Mühakimələrim ondan ibarətdir ki, ən bayağı hadisənin macəraya çevirilməsi üçün onu danışmaq bəsdir. Məhz bu insanları aldadır- hər bir insan hadisələrin nağılçısıdır, o həmişə özünün, başqalarının, öz başına gələn hadisələrin əhatəsində yaşayır. Bütün həyatını danışdığı hekayə kimi yaşamaq istəyər. Amma seçmək lazımdır:ya yaşamaq, ya da danışmaq. Məsələn, Hamburqda hansısa Erna ilə çox qəribə həyat tərzi keçirirdim, mən ona inanmırdım, o isə məndən qorxurdu. Amma mən o həyatın içində idim deyə həyat haqqında düşünmürdüm. Bir dəfə axşam Sankt-Paulda balaca bir kafedə o tualetə getməli oldu. Mən tək qaldım, patefonda “Blue sky”[i] mahnısı çalınırdı. Mən Hamburqa gələndən sonra başıma gələnləri özümə danışmağa başladım. Özümə dedim: üçüncü gün axşam “Mavi mağara” rəqs klubuna getdim və orada hündür, yarı kefli qadın gördüm. İndi “Blue sky” mahnısını dinləyərək bu qadını gözləyirəm. İndicə gələcək, yanımda oturub, boynumdan sallanacaq”. Birdən hiss etdim ki, macəra yaşayıram. Amma Erna qayıtdı, yanımda oturub, boynumdan sallandı və özüm də bilmirəm niyə, o dəqiqə ona nifrət etdim. İndi  bilirəm niyə, yenə də yaşamağa başlamaq lazım idi, macəra hissi itmişdi.

Yaşayanda heç bir macəra baş vermir. Səhnələr dəyişir, insanlar gəlirlər, gedirlər,vəssalam. Heç vaxt heç bir başlanğıc olmur. Günlər mənasız, sonsuz, yeknəsaq şəkildə bir-birinə əlavə olunurlar. Bəzən bir balaca nəticəyə gəlirsən, özünə deyirsən, bax artıq üç ildir səyahət edirəm, üç ildir ki Buvildəyəm. Sonluq da yoxdur- qadın,dost və ya şəhər həmişəlik dəyişmir. Sonda hər şey bir-birinə oxşayır- qoy olsun Şanxay, Moskva və ya Əlcəzair, bir neçə on ildən sonra hamısı bir sifətdə birləşir. Bəzən- nadir hallarda- öz vəziyyətini diqqqətlə yoxlayırsan, görürsən səni hansısa qadın kəməndə salıb, hansısa zibil hadisənin içinə girmisən. Amma bu qısa andır. Sonra hər şey əvvəlki kimi davam edir, yenə də günləri, saatları yığmağa başlayırsan. Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə. Aprel, may, iyun. 1924, 1925, 1926.

Bu yaşamaq adlanır. Amma həyatını danışanda hər şey dəyişir, sadəcə heç kim bu dəyişikliyi hiss etmir, bax bu da bir sübut: insanlar məqsədsiz şəkildə həqiqətə uyğun hekayələr danışırlar. Elə bil ki, tarix ümumiyyətlə həqiqət ola bilərmiş; hadisələr xüsusi ardıcıllıqla baş verib, biz isə onu geriyə doğru danışırıq. Bizə elə gəlir ki, biz başdan başlayırıq. “ Bu hadisə 1922-ci ilin xoş payız axşamında baş verib. Mən Maromme notariusunda poçtalyon işləyirdim”. Amma əslində axırdan başlayırsan. Sonluq buradadır, o gözə görünmədən iştirak edir, o başlanğıca təmtəraqlı məna verir. “Mən gəzməyə çıxdım və hiss etmədən şəhərdən uzaqlaşdım, məni pul məsələləri düşündürürdü”. Bu ifadə, belə götürəndə, sadəcə bildirir ki, söhbətin getdiyi qəhrəman fikirlərə qərq olub, qaşqabaqlıdır və hansısa macəradan xeyli uzaqdır- daha doğrusu elə əhval ruhiyyədə olanda ətrafında baş verən hər şey yanından keçir. Amm axı sonluq da buradadır, yaxınlıqdadır, o hər şeyin formasını dəyişdirir. Bizim üçün adlandırılmış personaj artıq hadisənin qəhrəmanıdır. Onun qaşqabaqlı olması, onun pul problemləri bizim problemlərimizdən daha qiymətlidir, onu gələcək macərann işığı qiymətə mindirib. Və hekayə sondan əvvələ doğru cərəyan edir. Bir anlıq görüntülər bir-birinin üstünə bəxtə-bəxt yıxılmaqdan əl çəkirlər, hadisənin sonluğu onlara yapışıb, özünə çəkir, onların da hər biri özündən sonra gələn anı arxasınca dartır. “Gecə idi, küçə boş idi”. İfadə elə bil ki, təsadüfən atılıb, artıq görünür, amma bizi aldatmaq olmaz, onu bir kənara qoyuruq, bu ifadənin əhəmiyyətini tezliklə görəcəyik. Bizdə belə hiss yaranır, elə bil ki, qəhrəman bu gecəni əlamətləri ilə, bütün təfsilatı ilə yaşayıb və hətta elə görünür ki, o ancaq həmin mühüm dəqiqələri yaşayıb, macəraya aparan hər şeyə qarşı kor, kar olub. Biz unuduruq ki, gələcək hələ orada deyil, bu qəhrəman sadəcə gecə gəzir, gecə isə bütün əlamətlərdən məhrumdur, o növbə ilə personaja öz yeknəsaq xəzinəsini təklif edir, o da seçmədən götürür. Mən istərdim, həyatımın anları bir-birinin ardınca gəlsin, səliqə ilə elə dayansınlar ki, onları həyatının bir anı kimi xatırlayasan. Bu isə zamanın quyruğundan yapışmağa çalışmaq kimi bir şeydir.

 

Bazar günü.

 

Səhər yadımdan çıxmışdı ki, bu gün bazar günüdür. Çıxdım və həmişəki kimi küçədə addımladım. Özümlə “Yevgeniya Qrande” əsərini götürmüşdüm. Sonra birdən şəhər parkının darvazaları ilə toqquşanda hiss etdim ki, nəsə mənə işarə edir. Park insansız və lüt idi. Bəs… bunu necə izah etmək olar? Onun qeyri- adi görünüşü vardı, mənə gülümsəyirdi. Bir anlıq darvazaya söykənib dayandım,və birdən başa düşdüm, bu gün bazar günüdür. O ağaclarda, gölməçələrdə güclə hiss ediləcək təbəssüm kimi idi. Bunu təsvir etmək qeyri mümkündür, cəld demək lazım idi: “Bu şəhər parkıdır, qışdır, bazar günü səhərdir”. Mən darvazanı buraxdım, burjua evlərinə, küçələrinə tərəf döndüm və sakitcə dedim: “Bu gün bazar günüdür”.



Bu gün bazar günüdür: dokların arxasında, dənizin sahilində, ticarət stasiyalarının ətrafında, şəhərin bütün ətrafındakı  anqarlar[ii] boşdur, maşınlar qaranlıqda donublar. Hər bir evdə, pəncərə qarşısında kişilər üzlərini qırxırlar; başlarını geriyə atıb, gah güzgüyə, gah soyuq səmaya baxırlar ki, havanın necə olacağını müəyyən etsinlər. Bordellər qapılarını ilk ziyarətçilərə- kənddən gələnlərə və əsgərlərə açırlar. Kilsələrdə şam işıqlarında kişilər diz çökmüş qadınların qarşısında şərab içirlər. Şəhər kənarlarında, sonsuz zavod divarları arasından uzun, qara zəncirlər yürüşlərini başladılar, onlar yavaş-yavaş şəhərin mərkəzinə axırlar. Onlarla görüşə hazırlaşaraq küçələr qiyam günlərində olan vəziyyətlərini aldılar: Turnebrid küçəsindəki maqazinlərdən başqa bütün küçələrdəki maqazinlər dəmir qapaqlarını endirdilər. Tezliklə qara cərgələr özünü ölülüyə vurmuş küçələri sakit-sakit dolduracaq; əvvəlcə Turvil dəmiryolçuuları və onların arvadları gəlirlər, sonra Sen-Simforen sabun zavodunda işləyənlər, sonra şəhər kənarından – Jukstebuvildən olan kiçik burjua, Pino əyirmə zavodunun işçiləri, Sen- Maksans kvartalından olan fəhlələr, ən sonuncu saat on bir tramvayı ilə Tyeraşa əhalisi gələcəklər. Tezliklə bağlı maqazinlər və qapalı qapılar arxasında bazar günü kütləsi doğulacaq.

Saatlar onun yarısını vurur və mən yola düşürəm: bazar günü bu saatlarda Buvildə çox maraqlı hadisələr görmək olar, sadəcə dindarlar bayram xidmətindən sonra dağılışan vaxt orada olmaq lazımdır. Jozefina Sulari küçəsi boşdur, buradan zirzəmi iyi gəlir. Amma hər bazar olduğu kimi onu möhkəm gurultu- axının səs-küyü doldurur. Prezident Şamar küçəsinə dönürəm, buradakı bütün evlər dörd mərtəbəlidir, uzun, ağ pənrəcə taxtaları var. Bu notariuslar küçəsi bazar gününə xas səs-küylə uğuldayır. Jille keçidində uğultu artır, mən bu uğultunu tanıyıram, bu kütlənin uğultusudur. Birdən sol tərəfimdən işıq və səs elə bil ki partlayır. Çatmışam- bu da Turnebrid küçəsi, mənə ancaq özümkimilərin izdihamına qarışmaq qalır və mən görürəm ki, ədəbli şəhərlilər şlyapalarını çıxararaq necə bir-birinə baş əyirlər. Altmış il əvvəl heç kim Turnebrid küçəsinin qəribə taleyini görə bilməzdi, indiki buvillilər onu Balaca Prado adlandırırdılar. Mən 1847-ci ildə şəhərin planını görmüşdüm, orada bu küçənin adı yox idi. Həmin vaxtlar burada yəqin ki, ortasından çirkab suyu axan, qaranlıq, iylənmiş keçid var idi və çirkab gölməçəsində balıq başları, daxili orqanları üzürdü. Amma 1873-cü ilin sonunda Milli şura qərara aldı ki, ictimai xeyirxahlıq Monmartr təpəsinin üstündəki kilsənin bərpasını tələb edir. Bir neçə ay keçəndən sonra Buvil icra hakiminin arvadının gözünə görünür ki, onun himayədarı, Müqəddəs Çeçiliya onu məzəmmət edir:  yəni düzdür ki, seçilmiş cəmiyyətin adamları hər bazar messanı[iii]dükançılarla birlikdə dinləmək üçün Sen-re və ya Sen-Klodenin palçığına batsınlar? Məgər Milli şura nümunə göstərmədi? Allahın Xeyirxahlığı nəticəsində Buvil iqtisadi çiçəklənməyə çatıb. Məgər Yaradana Buvildə məbəd tikməklə təşəkkür etmək lazım deyil?



İcra hakiminin arvadının bu görüntüsünə xoş yanaşırlar: bələdiyyə şurası tarixi iclasına yığışır və yepiskop ianələrin yığılmasına rəhbərlik etməyə razılıq verir. Bircə yeri seçmək qalırdı. Kommersantların və gəmi sahiblərinin möhtərəm ailələri heab edirdilər ki, kilsəni onların yaşadığı Yaşıl Təpənin üstündə tikmək lazımdır ki, “Müqəddəs Çeçiliya Buvili onların üzərindən qalxaraq İsanın məbədi Sakre-Ker Parisi qoruduğu kimi qorusun”. Amma Dəniz Bulvarında yeni yaranmış, o vaxt o qədər də çox olmayan amma hədsiz zəngin olan yeni cənablar inad edirdilər: onlar o şərtlə nə qədər lazımdır pul verərlər ki, kilsə Marinyan meydanında tikilsin, guya kilsəyə pul verirdilər ki, ondan istifadə etsinlər, əslində onlarda sıçrama görən təkəbbürlü burjuaziyaya güclərini göstərmək istəyirdilər. Yepiskop kompromis təklif etdi: kilsə Yaşıl Təpə və Dəniz Bulvarı arasında, Balıq Bazarı meydanında tikildi, buranı Dənizli Çeçiliya meydanı adlandırdılar. 1887-ci ildə bitən çirkin qərara 14 milyondan çox pul qoyuldu. Geniş amma çirkli və pis söhbətlərlə məşhur Turnebrid küçəsini tamamilə təmir etmək lazım gəldi, onun sahiblərini Müqəddəs Çeçiliya meydanının arxasındakı küçələrə sıxışdırdılar, Balaca Prado isə xüsusilə bazar günləri səhərlər adlı-sanlı və yaxşı geyimli şəhərlilərin görüş yeri oldu. Elitanın gəzdiyi yollarda bir-birinin ardınca bahalı maqazinlər açıldı. Onlar nə Müqəddəs həftənin bazar ertəsi günləri, nə bayram axşamları nə də bazar günləri günortaya qədər bağlanmır. Julyenin kolbasaçısı ilə yanaşı, özünün məşhur isti piroqları, möhtəşəm, mavi kremləri və şirin bənövşələri ilə bəzədilmiş konusformalı ptifurları (balaca pirojna, peçenje) ilə Fulon şirniyyat evi açıldı.Kitab alverçisi Dyupatinin vitrinlərində “Plon”-un texnikaya aid “Gəmi tikintisinin nəzəriyyəsi” və ya “Yelkənlər haqqında traktat” kimi yeni nəşrlərini, Buvilin böyük, şəkilli tarixi kitablarını, o cümlədən bər-bəzəkli nəşrlər- mavi, dəri cildli “Keniqsmark” və Pol Dumerin açıq-qəhvəyi, çəhrayı çiçəklərlə bəzədilmiş cildli “Oğullarımın kitabı” əsərlərini görmək olar. Qislenin “Modalar atelyesi, paris modelləri”- nin yanında Pyejuanın çiçək maqazini, onun yanında Pakenin antikvariat dükanı yerləşir. Bərbər Qüstav yanında xidmət edən dörd manikürçü ilə yeni tikilmiş, sarı rəngli evin ikinci mərtəbəsini tutur. Hələ iki il qabaq Mulen- Jemo və Turnebrid küçələrinin tinində, küncdə utanmaz bir qız “Tyu-pyu-ne” dezinseksiya maddəsini reklam edirdi. Dükanın yüz yaşı var idi və hələ Müqəddəs Çeçiliya meydanında treska (şimal dənizlərində yaşayan balıq) satılan vaxtlarda məşhurlaşmışdı. Onun vitrinlərini gec-gec yuyurdular, çox əziyyət çəkmədən tərləmiş və tozlu şüşələrin ardından kamzolların odlu işığında siçan, siçovul şəklinə düşən çoxsaylı balaca mumvari fiqurlar görmək olardı. Gəmiricilər kəndirlərlə sürüşərək gəmilərdən quruya çıxırdılar, amma torpağa düşən kimi qısa, ağ amma çirkdən qaralmış paltarlı balaca kəndli qız “Tyu-pyu-ne” çiləyərək onları qaçmağa məcbur edirdi. Bu dükan mənim çox xoşuma gəlirdi, onun görünüşü ədəbsiz və tərs idi, iki addımlığında yerləşən bahalı fransız kilsəsinə abırsız-abırsız parazit və çirkin hüquqlarını xatırladırdı. Farmaçevtik otların qoca ticarətçisi keçən il öldü, onun bacısı oğlu evi satdı. Bir neçə daş arakəsməni keçəndən sonra balaca mühazirə zalı “Bonbonerka”- nı görmək olar. Keçən il Anri Bordo orada alpinizm haqqında söhbətlər aparırdı.

Turnebrid küçəsində tələsmək lazım deyil- hörmətli ailələr kiçik addımlarla yeriyir. Bəzən irəlidə gedən cərgəyə soxulmaq olur, bu o deməkdir ki hansısa ailə bütün üzvləri ilə birgə Fulona və ya Pyejuaya girib. Başqa vaxtlar isə yerində addımlamağa məcbursan, eyni sırada gedən iki ailə bir-birini görüb, indi uzun-uzadı əllərini sıxırlar. Mən kiçik addımlara keçirəm. Hər iki cığırdan bir baş hündürəm, çoxlu şlyapalar, şlyapalar dənizi görürəm. Şlyapaların çox hissəsi qara və bərkdir. Bəzən onlardan biri əl uzunluğunda uçaraq yumşaq, parıldayan keçəli açır, bir neçə dəqiqədən sonra yenidən yerinə düşür. Turnebrid küçəsində on altı nömrəli fasadın altına, şlpaya atelyesinin sahibi, köynəklər üzrə mütəxəssis Yurben simvol olaraq böyük, qırmızı arxiyepiskop şlyapası asıb,o havada uçur və qızılı tükləri yerin iki metrliyində sallanır.

Dayanacaq: elə bu tüklərin yanında qrup yarandı. Qonşum əllərini aşağı salıb, səbrlə gözləyir. Bu çini fiqur kimi ağ, balaca qocadır- deyəsən Ticarət palatasının sədri Kofyedir. Bəxtimə bax, hamı ondan qorxur, çünki o çox danışmır. Yaşıl Təpənin üstündə, pəncərələri həmişə taybatay açıq olan kərpic evdə yaşayır. Budur, axır ki bitdi, qrup ayrılır və yürüş davam edir. Yeni qrup yarandı, amma bu o qədər də böyük yer tutmur, yaranan kimi Qislenin vitrini tərəfə çəkildi. Qrup heç dayanmadı da, sadəcə kənara çəkildi, biz altı nəfərin yanından keçirik, onlar bir-birinin əllərini sıxırlar: “Salam müsyö, salam, necəsiniz, şlyapanızı geyinin, müsyö, soyuq olar;təşəkkür edirəm madam, bu gün həqiqətən soyuqdur. Əzizim icazə ver sənə həkim Lefransuanı təqdim edim, ah həkim, sizinlə tanış olmağıma çox şadam, ərim elə ancaq onu yaxşı sağaltmış həkim Lefransua haqqında danışır, başınızı örtün həkim, soyuq olacaq; eybi yox, həkim özünü tez sağaldar. Elə deyil madam, həkimlər özlərini daha pis sağaldırlar; həkim əla musiqiçidir. Aman allah həkim mən bilmirdim. Skripka çalırsız? Həkim nadir istedadlı adamlardandır”. Qoca yəqin ki yanımdadır- şübhəsiz Kofye. Qruppadakı qadınlardan biri, qarayanız qadın həkimə gülümsəməkdə davam edərək Kofyeni gözləri ilə yeyir. Yəqin o fikirləşir: “ Budur, müsyö Kofye, Ticarət Palatasının sədri, onun yanında necə qorxmamaq olar, ondan soyuq küləklər əsir”. Amma müsyö Kofye ona fikir vermədi; onlar Dəniz Bulvarı sakinləridir, onun ətrafındakı insanlardan deyillər. Bazar günləri Turnebrid küçəsinə uçan şlyapalara baxmaq üçün gəzməyə çıxandan bəri Bulvar sakinlərini Təpə sakinlərindən ayırmağı öyrənmişəm. Əgər kimsə iynəli palto, yumşaq şlyapa, ağappaq köynək geyinibsə, hər hərəkətində ah çəkirsə- şübhə yoxdur, bunlar Dəniz Bulvarı sakinləridir. Yaşıl Təpə sakinləri elə bil ki, qeyri-müəyyən zəiflikləri, çirkinlikləri ilə seçilirlər. Onların çiyinləri balacadır, əzgin sifətlərində təkəbbürlü ifadə var. Bax elə bu uşağın əlindən tutmuş gombul- mərcə girməyə hazıram ki, o Təpədəndir: üzü bozdur, qalstuku kəndir kimidir. Gombul bizə yaxınlaşır, diqqətlə müsyö Kofyeyə baxır. Amma onunla görüşməyə bir dəqiqə qalmış dönüb, uşaqla ata kimi zarafatla danışır. O bir neçə addım da atır, oğlunun gözlərindən gözünü çəkməyib əyilir, – mehriban atadır- sonra birdən yüngülcə biz tərəfə dönüb, balaca qocaya cəld baxış atır və əllərini yumurlayıb, geniş və qısa salamlaşma işarəsi edir. Çaşqın oğlan şlyapasını çıxartmır- bu işləri böyüklər öz aralarında həll edirlər.

Bas-de-Vyey küçəsinin tinnində bizim dəstəmiz günorta ibadətindən çıxan insanların dəstəsi ilə rastlaşır. Ona yaxın adam burulğana qapılıb, bir-biri ilə toqquşuqlar, salamlaşırlar, amma burada şlyapalar çox cəld uçuşur və dəqiqliyinə qədər hər şeyə baxa bilmirəm; bu yağlı və solğun kütlənin içindən Müqəddəs Çeçiliya kilsəsinin nəhəng, eybəcər forması ucalır: tünd səma fonunda ağlıq; bu parlayan divarların himayəsində o daxilində gecə qaranlığından bir damla saxlayır. Cərgəni bir az pozaraq az-maz irəliləyirik. Müsyö Kofyeni arxama sıxışdırdılar. Sol tərəfimə mavi paltarlı bir qadın yapışıb. Qadın kilsədən qayıdır. O gün işığından qamaşmış gözlərini tez-tez qırpır. Ondan qabaqda gedən cılız boyunlu cənab onun əridir.

Qarşı səkidə arvadının əlindən tutub gedən cənab onun qulağına nəsə dedi və gülümsədi. Qadın həmin dəqiqə jelesifətli üzünə bütün ifadələri yığıb, kor-koranə bir neçə addım atır. Əlamətlər bəllidir- indi onlar kiminləsə salamlaşacaqlar. Dəqiq, bir neçə andan sonra cənab əlini yuxarı aparır. Barmaqları şlyapaya çatanda bir neçə anlıq yavaşıyıb, kənarlardan yapışır. Qadının baş örtüyünə toxunmamaq üçün ehtiyatla şlyapasını qaldırıb, başını aşağı əyəndə arvadı yüngülsə hoppanıb, üzündə gənc təbəssüm yaradır. Kiminsə kölgəsi baş əyərək onların yanından keçir, amma əkizlərin təbəssümündə hansısa maqnetik güc var, və bir neçə saniyə daha təbəssüm onların dodaqlarında qalır. Cənab və qadın mənimlə rastlaşanda üzlərinin ifadəsi yenidən hissiz olur, baxmayaraq ki dodaqlarının kənarında hələ də şən canlılıq qalır. Bu da son: kütlə sakitləşir, salamlaşmalar azalır, maqazinlərin vitrinləri daha o qədər də gözəl deyil- mən Turnebrid küçəsinin sonuna çatdım. Bəlkə o biri tərəfə keçib geri qayıdım? Yox, məndən bu qədər, mən artıq kifayət qədər çəhrayı keçəllərə, mənasız, ədəbli, silinmiş üzlərə baxdım. Marinyan meydanına gedəcəm. Mən ehtiyatla cərgədən çıxıram və birdən yanımda mübahisəsiz yaxşı təbəqəyə aid qara şlyapalı baş peyda olur. Bu mavi paltarlı qadının əridir. Aha! Möhtəşəm uzun dolixokefal (uzunsov başlı adam) kəlləsi, qısa, sərt saçlar, möhtəşəm amerikan çal saqqalı. Amma əsasən təbəssümü gözəldir, əla, nəzakətli təbəssüm. Cənabın burnunun üstündə pensne var.

-          Bu bizim fabrikimizin yeni layihəçisidir- o arvadına tərəf dönərək deyir- başa düşmürəm o burada nə gəzir. Yaxşı oğlandır, çox qorxaqdır, xoşuma gəlir.

Julyenin kolbasa mağazasının qabağında gənc layihəçi indicə papağını başına qoyub, utandığından tamam qızarıb, gözlər küt-küt baxır və şirin vəcdin bütün əlamətlərini göstərir. Şübhə yoxdur, bu bazar o ilk dəfə Turnebrid küçəsi ilə gəzməyə cəsarət edib. Görkəmindən bilinir ki, ilk fürsətdə bura qaçıb.Əllərini kürəyinə qoyub, utancaq ifadə ilə vitrinə tərəf döndü, korkoranə möhtəşəm jelenin içində, cəfəri qarniri ilə bəzədilmiş dörd sosiskaya baxır.

Kolbasaçıdan bir qadın çıxıb, onun əlindən tutur. Bu onun arvadıdır: dərisi kələ-kötür olsa da çox cavandır. Nə qədər Turnebrid küçəsində gəzsə də heç kim onu xanım kimi görməyəcək. Gözlərindəki parıltı, məntiqli və məlumatlı görünüşü həmişə kim olduğunu bildirəcək. Əsl xanımlar heç vaxt nəyin nə olduğunu bilmirlər, onlar gözəl mənasızlığı sevirlər, onların gözləri şüşəbəndlərdə çiçəkləyən gözəl və sadə çiçəklər kimidir.

Saat tamam olur, mən “Vezeliz” pivəxanasına girirəm. Qocalar adəti üzrə oradadırlar. İkisi artıq yeməyə başlayıblar. Dördü aperetiv içərək, oyun oynayırlar. Digərləri onlara xidmət edilməsini gözləyərək, ayaq üstə dayanıb oyunu izləyirlər. Onların ən uzunu, çal saqqallısı birja dəllalıdır. İkincisi hərbi-dəniz idarəsindən istefaya çıxmış müfəttişdir. Onlar iyirmi yaşlılar kimi yeyib-içirlər. Bazar günləri turş kələm sifariş edirlər. Geç gələnlər artıq yeyənləri haylayırlar.

-          Salam! Həmişəki kimi bazar günü kələminə sadiqsiniz?

Oturub, rahat nəfəs alırlar:

-          Marietta, balam, bir stəkan köpüksüz pivə və turş kələm.

Bu Marietta zirək arvaddır. Kafenin lap dərinliyindəki stollardan birində oturmuşdum ki, vermut süzdüyü qırmızı kişi birdən möhkəm öskürməyə başladı.

-          Tam doldur,- dayanmadan öskürərək deyir.

Elə burada Marietta əsəbiləşdi- o ki, hələ süzüb qurtarmamışdı.

-          Mən hələ süzürəm. Mən nəsə dedim məgər? Lap qız kimisiz, hələ əllənməmiş özündən çıxır.

Digərləri gülürlər.

-          Bir-sıfır!

Birja dəllalı stola yaxınlaşıb, Mariettanın çiyinlərini qucaqlayır.

-          Bu gün bazar günüdür, Marietta. Axşam dostunla kinoya gedəcəksən?

-          Heç də yox! Bu gün Antuanettanın növbəsidir. Mən onun əvəzinə işləyirəm- bu da sənə kinoya getmək!

Dəllal üzü qırxılmış, görünüşündən bədbəxtlik yağan qocayla üzbəüz oturdu. Üzü qırxıq qoca o dəqiqə nəsə danışmağa başladı. Dəllal onu dinləmir, üzünə müxtəlif ifadələr verib, saqqalını dartışdırır. Onlar ümumiyyətlə heç vaxt bir-birini dinləmirlər. Yanımda oturan dəstəni tanıyıram, onlar yaxınlıqda yaşayan kiçik ticarətçilərdir, bazar günləri qulluqçularının istirahət günləridir. Onlar da bura gəlib, hər dəfə eyni stolda otururlar. Kişi əla hazırlanmış, çəhrayı ət əzməsi yeyir. Diqqətlə yaxından ətə baxır, arabir iyləyir. Arvadı boşqabında eşələnir. Dolğun, qırxyaşlı sarışın qadındır, yanaqları qırmızı, tüklə örtülüdür. Atlas köynəyinin altından möhkəm, yaraşıqlı döşləri dik durub. Kişi kimi hər nahar bir butulka bordo içir.

“Yevgeniya Qrande”-ni oxuyuram. Ona görə yox ki, bu mənə böyük zövq verir, sadəcə nə iləsə məşğul olmaq lazımdır. Kitabı bəxtəbəxt açıram- ana qızı ilə Yevgeniyada yeni doğulmuş sevgidən danışır.

“Yevgeniya onun əlini öpdü.

-          Siz necə də mehribansınız, anam, əzizim!

Bu sözlərdən ananın  illərdir əzabdan solmuş üzü işıldayır.

-          O sənin xoşuna gəlir?, Yevgeniya soruşur.

Xanım Qrande təbəssümü ilə cavab verir; bir neçə dəqiqəlik sükutdan sonra sakitcə deyir:

-          Yəni sən onu artıq sevirsən? Bu yaxşı olmazdı.

-          Yaxşı deyil? – Yevgeniya etiraz edir. Niyə? O sənin xoşuna gəlir, Nanetenin xoşuna gəlir, niyə mənim xoşuma gəlməsin? Gəl, anacan onun üçün səhər yeməyi süfrəsi açaq.

O öz işini atdı, anası da işini atıb ona dedi:

-          Sən ağlını itirmisən!

Amma o qızının dəliliyini bölüşmək istəyirdi ki, onu təmizə çıxarsın.

Yevgeniya Nanetanı çağırdı:

-          Nə lazımdır, xanım?

-          Naneta, günortaya qədər səndə qaymaq olacaq?

-          Yaxşı, günortaya qədər olacaq- yaşlı qulluqçu cavab verdi.

-          Amma hələlik ona tünd kofe ver. Eşitmişəm cənab de Qrassen deyir ki, Parisdə çox tünd kofe dəmləyirlər. Kofeni çox tök.

-          Bəs haradan götürüm?

-          Al.

-          Bəs birdən sahiblə rastlaşsam?

-          Görməz, çölə gedib.”

Mənim gəlişimlə qonşular susublar, amma birdən ərin səsi məni oxumaqdan ayırır.

-          Eşidirsən, sən gördün?- ər gülümsəyərək soruşur.

Qadın fikirlərdən ayrılıb, diksinərək ona baxır. O yeməyinə, içməyinə davam edir, sonra eyni hiyləgərliklə gülür:

-          Ha ha ha!

Sakitlik. Qadın yenidən fikirləşir.

-          Sən nə dedin? – birdən diksinərək o soruşur.

-          Süzannanı deyirəm, dünən.

-          Həəə,- qadın deyir- O Viktorgilə getdi.

-          Bəs mən sənə nə deyirdim?

Qadın hirslə  boşqabını itələyir.

-          Dadsızdır.

Boşqabın kənarında tüpürülmüş boz ət tikəsi var. Əri davam edir:

-          Bu arvad…

O qeyri-müəyyən gülümsəyərək dayanır. Bizimlə üzbəüz birja dəllalı yüngülcə hıqqanaraq Mariettanın əlini tumarlayır.

Kiçik fasilədən sonra:

-          Mən ki sənə demişdim.

-          Nə demişdin?

-          Viktor barədə, demişdim ki, o Viktorla gedəcək. Noldu?- birdən o çaşqın soruşur- xoşuna gəlmir?

-          Dadsızdır.

-          Hə, indi heç nə əvvəlki kimi deyil- bərkdən deyir. – Ekarın vaxtındakı kimi deyil. Bilmirsən indi Ekar haradadır?

-          O ki, Domremdədir, elə deyil?

-          Düzdür, düzdür. Bəs sənə kim deyib?

-          Sən özün bazar günü dedin ki…

O kağız süfrənin üstünə dağılmış çörək qırıntılarını ağzına aparır. Sonra ovcu ilə stolun üstündəki kağızı hamarlayıb, tərəddüdlə deyir:

-          Məncə sən səhv edirsən. Syuzanna elə deyil…

-          Ola bilər, balacam, ola bilər- fikirli-fikirli ər cavab verir. O baxışları ilə Mariettanı axtarıb, işarə ilə çağırır- bura istidir.

Marietta stolun küncünə söykənir.

-          Doğurdan, bura çox istidir- qadın şikayətlənir- adam lap boğula bilər, ət isə dadsız idi, sahibə deyəcəm, əvvəlki kimi deyil. Xahiş edirəm Marietta nəfəsliyi aç.

Kişinin üzündə yenə də hiyləgər ifadə var.

-          Qulaq as, onun gözlərinə fikir verdin necədir?

-          Nə vaxt, pişiyim?

Kişi səbirsizcə qıcıqlandırır:

-          Nə vaxt pişiyim? Həmişəki sənsən də! Cümə axşamı yağışdan sonra.

-          Sən dünəni nəzərdə tutursan? Başa düşdüm.

 

O gülür, gözlərini bir nöqtəyə zilləyib, sürətlə bir az da təzyiqlə danışır:



-          Qızmış kömürün üstünə işəyən pişik kimi…

Hazırcavablıq o qədər xoşuna gəlir ki, deyəsən hansı mövzuda hazırcavablıq etdiyini də unuduz. Arvadı öz növbəsində sadəlövhcəsinə şənlənir:

- Ha ha ha! Ay səni kələkbaz!

O ərinin çiyninə şappıldadır.

- Ay səni bic! Ay səni….

- Qızmış kömürün üstünə işəyən pişik kimi- əminliklə yenidən təkrarlayır.

Amma arvadı daha gülmür:

-          Yaxşı da, ciddi deyirəm, məncə boş danışırsan – o ciddi qızdır.

O arvadına tərəf əyilir və uzun-uzadı qulağına nəsə pıçıldayır. Bir anlıq arvadı ona ağzı açıq, bir anda partlayıb güləcək adamlar kimi gərgin və şən baxır, sonra birdən geri çəkilir, dırnaqlarını ərinin əlinə sıxıb deyir:

-          Ola bilməz, ola bilməz!

-          Qulaq as, əzizim- təmkinlə və məntiqli danışır- O deyibsə..Niyə boş yerə desin ki…

-          Axı yox ey, yox.

-          İndi əgər deyibsə, qulaq as, təsəvvür elə…

Arvadı birdən gülür.

-          Mən güldüm, çünki Reneni yada saldım.

-          Əlbəttə.

Əri də gülür. O çoxmənalı pıçıltı ilə davam edir:

-          Deməli, o çərşənbə axşamı hiss edib.

-          Yox, cümə axşamı.

-          Yox, çərşənbə axşamı, çünki…

O havada ellips şəkilli nəsə çəkir.

Uzun sükut. Əri çörək tikəsini sousa batırır. Marietta boşqabları dəyişib, onlara tort dilimləri gətirib. İndi mən də tort dilimi yeyəcəm. Birdən qadın düşüncəli şəkildə, sözləri dartaraq, bir az ittiham edici gülüşlə də olsa qürurla deyir:

-          Bilirsən sən lap!…

Onun tonunda o qədər hiss var ki, kişi həyacanlanıb, yağlı əlləri ilə onun boynunu sığallayır.

-          Şarl, bəsdir, sən məni ehtiraslandırırsan, pişik- gülümsəyərək bütün ağzı ilə pıçıldayır.

Yenidən dayandığım yerdən oxumağa çalışıram:

-          “Bəs haradan götürüm?

-          Al.

-          Bəs birdən sahiblə rastlaşsam?”

Amma yenidən qadının səsini eşidirəm.

-          Ay, Martaya danışsam gülməkdən öləcək.

Qonşularım susdular.

Tortdan sonra Marietta onlara gavalı gətirib, indi qadın nazla gavalı tumunu çay qaşığına elə tüpürür ki, elə bil yumurtlayır. Əri tavana zillənib, stolun kənarlarında barmaqları ilə marş çalır. Deyəsən, adi vəziyyətlərində onlar susurlar, söhbətcillik onlarda nadir hallarda qızdırma tutması kimi baş verir.

 

“- Bəs haradan götürüm?



-          Al”.

Kitabı bağlayıram, gedim gəzim.

“Vezeliz” pivəxanasından çıxanda saat üç idi: ağırlaşmış bədənimin bütün əzalarında günün ikinci yarısının düşməsini hiss edirdim. Mənim yox, onların günü- günün o ikinci yarısı ki, yüz min buvilli xəbərləşərək yaşayır. Bax elə indi, uzun və zəngin bazar naharından sonra onlar stolun arxasından qalxırlar- onlar üçün artıq nəsə ölüb. Bazar səhərinin qayğısız gəncliyi artıq keçmişdə qaldı. İndi cücəni və tortu həzm etmək, sonra isə camaat içinə çıxmaq üçün geyinmək lazımdır.

Açıq havada “Eldorado” kinoteatrının zəngləri çalındı. Günorta vaxtı bu zəng adi bazar zəngidir. Yaşıl divarın yanında azı yüz nəfər növbəyə dayanıb. Onlar acgözlüklə şirin alaqaranlıq vaxtını, dincələcəkləri və azad olacaqları vaxtı gözləyirlər, o vaxtı gözləyirlər ki, ekran suyun altındakı ağ çınqıl kimi parıldayaraq onların əvəzinə danışıb, onların əvəzinə arzulayacaq. Boş arzudur, onlarda nəsə sıxıcılıq var, onlar sevimli bazar günlərinin pozulmasından çox qorxurlar.

Tezliklə, hər bazar olduğu kimi, onlar narahat olacaqlar: kino onlara axmaq görünəcək, qonşu qəlyan çəkib, ayaqlarının altına tüpürəcək, Lüsyen bu dəfə kefində olmayacaq, gözəl sözlər deməyəcək, özü də məhz bu gün, axır ki kinoya gəldikləri vaxt ilik əsəbləri tutacaq. Çox tezliklə, hər bazar olduğu kimi qaranlıq zalda kiçik əsəb tutmalarının səsləri eşidiləcək.

Mən sakit küçə Bressanla gedirəm.

Günəş buludları qovmuşdu, mülayim gün idi. “Dalğa” villasından sahibin ailəsi çıxdı. Qızları səki ilə gedərək, əlcəklərini dartırdı. Ona haradasa otuz yaş vermək olardı. Ana aşağı pillələrdə dayanıb, bütün sinəsi ilə havanı udaraq, inamla irəliyə baxırdı. Ata geniş kürəyini mənə tərəf çevirdi. Qıfıla tərəf əyilərək o qapını açarla bağladı. İndi onların gəlişinə qədər ev boş və qaranlıq olacaq. İndi bağlı və boşalmış qonşu evlərdə mebel və parket döşəmələr səs salır. Getməmişdən əvvəl sahibə yemək otağındakı buxarını söndürüb. Ata iki qadına çatdı və ailə sakitcə yoluna davam etdi. Görəsən hara getdilər? Bazar günləri buvillilər ya böyük şəhər məzarlığına gedirlər ya da qohumlarına baş çəkirlər, bütün bu məsuliyyətdən azad olanlar isə sahildə gəzişirlər. Mən azad idim- sonu sahilə çıxan Bressan küçəsi ilə addımlamağa davam etdim. Səma solğun-mavi idi: bəzi yerlərdə tüstüvari, bəzi yerlərdə lələkvari buludlar vardı, bəzən günəş qaçan kiçik buludu gizlədirdi.

Uzaqdan bəndi çəpərləyən ağ sement hasarı görürəm, hasarın taxtalarındakı deşiklərdən dəniz parıldayırdı. Ailə yuxarısı Yaşıl Təpəyə aparan İler xəzinədarı küçəsinə tərəf sağa döndü. Üçlüyün yavaş-yavaş hündürlüyə qalxmasına baxırdım, asfaltın parıldayan fonunda üç qara nöqtə görünürdü. Sola dönüb, dəniz sahilində gəzən kütləyə qoşuldum.

Bu dəfəki kütlə səhərkinə nisbətən daha fərqlidir. Elə bil ki, artıq bütün bu insanlar nahara qədər qürurlandıqları qüsursuz sosial ierarxiya qaydalarına riayət etməkdən beziblər. İndi məmurlar və kommersantlar yan-yana gedirdilər, onlarla yanaşı gedən hətta arabir onlarla toqquşan və itələyən çirkin görünüşlü kiçik qulluqçuların olması ilə barışıblar. Kütlənin isti çoxluğunda aristokratlıq, seçilmiş cəmiyyətə və professional qruplara məxsusluq hissi ərimişdi. Sadəcə insanlar qalmışdılar və onlar daha haranısa təmsil etmirdilər. Uzaqda görürən işıq zolağı hələ çəkilməmiş dənizdir. Bəzi dayaz yerlər suyun səviyyəsinə çatmadan dənizin işıqlı səthində deşik kimi görünürlər.

 

Qumun üstündə, ağaran daş qayaların yanında balıqçı qayıqları dayanıb, aralarından su sıçrayan qayalar bəndə necə gəldi atılıb ki, onu dalğalardan qorusun. Xarici limanın girişində, səmada, solğun günəşdə dəniz dibi qazan maşının kölgəsi görünür. Hər axşam gecəyə qədər ulayıb, nərildəyir. Bazar günləri isə işçilər torpaqda gəzməyə çıxırlar, maşının yanında yalnız qarovulçu qalır və o sakitləşir.

Günəş işıqlı və şəffaf idi- ağ şərab kimi. İşığı insan bədəninə güclə çatırdı, onu həcmdən və kölgədən məhrum edirdi, əllər və üzlər solğun-qızılı ləkələrlə örtülürdü. Elə bil ki, bütün bu paltolu insanlar torpağın üzərində bir neçə santimetrlikdə üzürdülər. Arabir külək üstümüzə su damcıları sıçradırdı, kölgələr və üzlər sönüb, təbaşir rəngini alırdı. Bazar günü idi; bənd və şəhərkənarı yaylaqlar arasından izdiham Transatlantik şirkətinin otelleri arxasında minlərlə kiçik çaylar buraxaraq xırda dalğalarla axırdı. Nə qədər uşaq var!Arabada uşaqlar, əllərindən tutulmuş uşaqlar, onların əllərindən tuturlar və ya onlar ikili, üçlü valideynlərindən qabaqda ciddi-ciddi addımlayırlar. Hələ bir neçə saat qabaq, bazar günü səhəri hələ gənc olanda bu üzlərdə az qala qalibiyyət ifadəsi görürdüm. İndi günəşin işıqlandırdığı bu üzlər yumşalmış sakitlik və özünə məxsus məqsədyönlülük ifadə edirdi. Hərəkətlər minimuma endirilib- uzaqdan hələ də qalxan şlyapalar görünür, amma bu hərəkətlərdə səhərki genişlik və şən vəcd duyulmurdu. Başlarını qaldırıb, özlərini paltolarını havalandıran və sinələrindən itələyən küləyə təslim edib, hamısı yüngülcə arxaya itələnərək yeriyirdilər. Bəzən qısa, o dəqiqə susan gülüş və ya anaların “Janno, Janno nə edirsən!” qışqırıqları eşidilirdi. Sonra sakitlik. Yüngül tütünün yumşaq iyi gəlirdi, onu kiçik məmurlar çəkirdilər. “Salambo”, “Ayşa” bazar günü siqaretləridir. Bəzi daha rahat üzlərdə elə bil ki, qüssə uçuşu hiss edirdim, amma yox, bu insanlar nə kədərli nə şən idilər, onlar sadəcə dincəlirdilər. Onların geniş açılmış, donuq gözləri laqeyd şəkildə dənizi və səmanı əks etdirirdi. Tezliklə onlar evlərinə dağılışacaqlar, ailə əhatəsində nahar stolu ətrafında çaylarını içəcəklər. İndi onlar özlərini daha az xərcləmək istəyirlər, hərəkətlərinə, sözlərinə, fikirlərinə qənaət edib, axınla üzürlər. Onların ixtiyarında qırışları, gözlərinin altındakı boşalmış dərini, həftəlik işin ağır nəticələrini silmək üçün bircə günləri var. Sadəcə bir gün. Onlar dəqiqələrin barmaqlarının aralarından sürüşdüyünü hiss edirdilər. Görəsən sabah hər şeyi yenidən başlamaq üçün gəncliklərini yığmağa macal tapacaqlar? Bütün sinələri ilə nəfəs alırdılar, axı dəniz havası gümrahlandırır, nəfəsləri yatmış insanlardakı kimi dərin və müntəzəmdir, yeganə bu əlamət onların yaşadıqlarına işarə edir. Mən xəlvət yeriyirdim, möhkəm və sağlam bədənimlə dincələn faciəli izdihamın arasında nə edəcəyimi bilmirdim. İndi dəniz aspid rəngi aldı, sakit-sakit qabarma başladı. Gecələr qabarma güclənəcək. Bu gecə bənd Nuar Bulvarından daha boş olacaq. Solda və qarşıda farvater[iv] boyunca qırmızı işıq yanacaq. Günəş yavaş-yavaş dənizin arxasında itdi. Yolda o normand yay evinin pəncərələrini qızartdı. Parıltısından gözləri qamaşan qadın yorğun-yorğun əlini gözlərinə aparıb,başını buladı.

-          Qastın, gözlərim kor olur- qətiyyətsiz gülüşlə dedi.

-          Eybi yoxdur! Yaxşı günəşdir- əri cavab verdi. – Qızdırmır, amma yenə də xoşdur.

-          Elə bilirdim görünəcək, – o dənizə tərəf dönüb davam etdi.

-          Boş yerə ümid etmə, – əri cavab verdi- Günəş mane olur.

Onlar deyəsən Keyboy adası haqqında danışırdılar, onun cənub sonluğu dəniz dibi qazanla xarici liman arasında görünməli idi. İşıq yumşaldı. Bu qeyri-müəyyən saatda külək nəsə xəbər verirdi. Bazar gününün artıq keçmişi var. Villalar və boz hasar yeni xatirələrdir. Üzlər bir-birinin ardınca bayram görünüşlərini itirib, demək olar yumşaq ifadə alırdılar.

Gənc hamilə qadın solğun, kobud üzlü gəncin əlindən tutub.

-          Bax, bax oradadır- dedi.

-          Nə var orada?

-          Bax, qağayılardır.

O çiyinlərini çəkdi, heç bir qağayı yox idi. Səma üfüqdə yüngülcə qırmızılanıb, təmizlənmişdi.

-          Mən onları eşitdim. Qulaq as da, onlar qışqırırlar.

-          Sadəcə nəsə cırıldadı- o cavab verdi.

Qaz fənərinin işığı düşdü. Mənə elə gəldi ki, fonar yandıran gəldi. Uşaqlar onun gəlişini güdürlər, bu evə dönüş siqnalıdır. Amma bu sadəcə günəşin sonuncu işığı imiş. Səma hələ işıqlı idi, amma yerdə alatoranlıq baş qaldırmışdı. Kütlə seyrəlirdi, dənizin uğultusu daha aydın eşidilirdi. Hasardan iki əli ilə yapışmış, dodaqları tünd boyalı gənc qadın mavi üzünü səmaya qaldırdı. Bir anlıq düşündüm: yoxsa insanları sevirəm. Amma nəticədə bu onların bazar günləridir, mənimki deyil.

Bütün mayaklardan birinci Kaybot adasındakı mayak yandı; yanımda dayanmış oğlan həyacanla pıçıldadı: “Ay! Mayak!”.

Və ürəyimə böyük macəra hissi damdı.

Sola dönürəm və Yelkənlər küçəsi ilə Balaca Pradoya qayıdıram. Vitrinlərin dəmir qapaqları aşağı salınıb. Turnebrid küçəsi işıqlandırılıb, amma adamsızdır, o özünün az müddətli şöhrətini itirdi, bu saatda o digər qonşu küçələrdən heç nə ilə fərqlənmir. Kifayət qədır güclü külək qalxdı. Arxiyepiskopun şlyapasının necə uğuldadığını eşidirəm.

Mən təkəm, buvillilərin əksəriyyəti evlərinə gedib, radio dinləyərək axşam qəzetlərini oxuyurlar. Bitmiş bazar günü damaqlarında kül dadı saxlayıb, fikirləri artıq bazar ertəsinə köklənib. Amma mənim üçün nə bazar ertələri, nə bazar günləri var, mənim üçün sadəcə qaydasız şəkildə itələşən günlər var, sonra birdən bu günki kimi coşqunluq olur.

Heç nə dəyişməyib, amma hər şey elə bil ki, başqa cür mövcuddur. Bunu izah edə bilmirəm, bu Ürəkbulantısıdır, amma əks formada, elə bil ki, mən macəra yaşamağa başlayıram, onda özümdən soruşuram ki, niyə elə fikirdəsən, sonra başa düşürəm məsələ nədədir: sadəcə MƏN ÖZÜMÜ HİSS EDİRƏM VƏ HİSS EDİRƏM Kİ, MƏN BURADAYAM; Qaranlığı yaran mənəm və mən eynən roman qəhrəmanı kimi xoşbəxtəm.

Nə isə baş verməlidir, Bas-de-Vyey küçəsində məni nəsə gözləyir; bax orada, o sakit küçənin tinində mənim həyatım başlayacaq. Və mən qarşısıalınmaz şəkildə irəliləyirəm. Küçənin tinində ağ sütuna oxşar nəsə görünür. Uzaqdan qara görünürdü, indi hər addımda daha çox ağarır. Bu az-maz işıldayan qaranlıq gövdədə nəsə qeyri-adilik var, tamam ağ və parlaq olanda yanında dayanıram, elə buradaca mənim macəram başlayacaq. Bu ağ, qaranlıqdan çıxan mayak o qədər yaxındadır ki, mən az qala qorxuram, az qalmışdım geri qayıdam. Amma cadunu pozmaq olmaz. Qabağa gedirəm, əlimi uzadıb, sütuna toxunuram. Budur, bu da Bas-de-Vyey küçəsi, pəncərələrində işıq yanan Müqəddəs Çeçiliya kilsəsinin kölgəsində gizlənir. Şlyapanın uğultusu gəlir. Bilmirəm, ya dünya həqiqətən sıxlaşdı ya da mən səs və formalarla pozulmaz vahiddə birləşdim, hətta təsəvvür edə bilmirəm ki, ətrafımda olanlar olduqları yox, başqa nəsə ola bilərlər. Dayanıram, gözləyirəm, ürəyimin döyüntüsünə qulaq asıram; insansız meydanı nəzərdən keçirirəm. Heç nə görmürəm. Kifayət qədər güclü külək qalxdı. Səhv etmişəm, Bas-de-Vyey küçəsi sadəcə yolumda bir dayanacaqdır: O məni Dyukoton meydanının dərinliyində gözləyir. Tələsmədən yoluma davam edirəm. Mənə elə gəlir ki, xoşbəxtliyin ən yüksək nöqtəsinə çatmışam.

Marseldə, Şanxayda, Meknesdə nələr etmirdim ki, belə tam hisslərə çatım. Bu gün isə, heç nə gözləmədiyim halda, boş bazar günündən sonra evə dönərkən o lap yaxındadır.

İrəliləyirəm. Külək sirenaların səsini gətirir. Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram. Bu dəqiqə dənizlərin üzərindən üzən gəmilərin nəğməsi səslənir; Avropanın bütün şəhərlərində atəşlər yandırılır;kommunistlər və millətçilər Berlin küçələrində atəş edirlər; işsizlər Nyu Yorkda veyllənirlər; qadınlar bərk isidilmiş otaqlarda tualet stollarının arxasında kirpiklərini rəngləyirlər. Mən isə, burada, insansız küçədəyəm, Noykelndə pəncərədən atılan hər bir atəş, daşınan yaralıların hər bir hıçqırığı, kosmetikalarına əyilmiş qadınların hər kiçik və dəqiq hərəkətləri mənim addımlarımda və ürəyimin hər döyüntüsündə əks-səda verir.

Jille keçidinə çatanda nə edəcəyimi bilmirəm. Məgər məni keçidin dərinliklərində gözləmirlər? Axı Dyukoton meydanında, Turnebrid küçəsinin sonunda dünyaya gəlmək üçün mənə ehtiyacı olan nələrsə var. Özümü itirmişəm, hər bir hərəkətim məni məhdudlaşdırır. Bilmirəm məndən nə gözləyirlər. Seçmək lazımdır: Jille keçidini qurban verirəm, hələ də bilmirəm o mənim üçün nə saxlamışdı. Dyukoton meydanı boşdur. Yəni səhv etmişəm? Məncə belə əziyyəti həzm edə bilməyəcəm. Yəni mənimlə heç nə baş verməyəcək? “Mabli” kafesinin işıldayan vitrininə yaxınlaşıram. Dalana dirənmişəm, bilmirəm ora girməyimə dəyərmi, böyük, tərləmiş şüşədən içəri baxıram. Zal doludur. Hava siqaret tüstüsündən, nəm paltarların buxarından maviləşib. Kassir qadın piştaxtanın arxasında oturub. Mən onu tanıyıram, o kürəndir, qarnında hansısa xəstəlik daşıyır, bəzən dağılan bədənlərdən çıxan bənövşə qoxusuna bənzər təbəssümlə qadın, paltarlarının altında yavaş-yavaş çürüyür. Məni üşütmə tutur: bu odur, o məni gözləyirdi. O həmişə burada, piştaxta arxasından donuq bədənini dikəldib oturur, o gülümsədi. Kafenin dərinliklərindən nəsə bu günkü bazarın dağınıq anlarına qayıdır və onları məna verərək birləşdirir: mən bu günü ancaq ona görə yaşamışam ki, sonda bura gəlib, alnımı bu şüşəyə söykəyib bu portyerlərin[v] tünd qırmızı fonunda çiçəkləyən arıq üzə baxım. Hər şey dondu, mənim həyatım dondu: bu böyük şüşə, su kimi ağır, mavi hava, bu su dərinliyindəki yağlı, ağ bitki və mən- biz hansısa dəyişməz və bitmiş vəhdət təşkil edirik, mən xoşbəxtəm.

Yenidən La Redut bulvarına çatanda artıq acı ümidsizlikdən başqa  heç nə hiss etmirdim. Düşünürdüm: deyəsən dünyada heç nəyə macəra hissini hiss etmək qədər dəyər vermirəm.  Amma o kefinə düşəndə gəlir və tez də gedir, o gedəndən sonra mən dibimə qədər məhv oluram! Yəni o ona görə belə qısa, istehzalı ziyarətlər edir ki, mənə həyatımı boşa xərclədiyimi sübut etsin?”.

Arxamda isə, şəhərdə, onun düz, fonarların soyuq işığı ilə işıqlandırılmış küçələrində böyük sosial hadisə can verirdi- bazar günü sona çatırdı.

 



[i] Mavi səma

[ii] Təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina

[iii] katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi

[iv] Dənizdə gəmi keçə bilən yer

[v] Qapı və ya pəncərə pərdəsi

 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə