109
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
KİMİN ÖZƏL YAŞAMINDAN SÖHBƏT GEDİR?
KİMİN ÖZƏL YAŞAMINDAN SÖHBƏT GEDİR?
İlk
meyara görə, daha öncə də bildirdiyimiz kimi, icti-
mai şəxslərin özəl yaşam çərçivəsi adi vətəndaşlardan
daha dardır. Şəxsin məşhurluğu ilə özəl yaşam
dairəsinin genişliyi arasında tərs mütənasiblikdən də
söhbət gedə bilər. Adi vətəndaşın şəxsi qüsurlarını
açıqlamaq özəl yaşam hüququnun pozulması sayılsa
da, vəzifə sahibinin və ya məşhur birinin qüsurlarını
açıqlamaq olar. Əslində, “Media Çağı„nda xalqın
qavraması baxımından önəmli şəxsləri ünlü şəxslərdən
fərqləndirmək çətinləşib. “Celebrity” deyilən və
dolanışığını hər hansı sahədə üstün bacarığıyla
deyil, özəl yaşamıyla qazanan Paris Hiltonun adıyla
simvollaşmış bir fakt var. Başqa kateqoriyalı ünlülərin
də buna yaxın kimliyi ola bilər.
Özəlliklə səhnə-kino-
musiqi dünyasındakı məşhurların çoxu özəl yaşamlarını
media vasitəsilə kütlələrə açmaq məcburiyyətində
qalırlar. Burada bütövlükdə bir danışılmış döyüşdən, “al
gülüm, ver gülüm„ oyunundan söhbət gedir.
Təbii ki, bu oyunu oynayanların, ya da oynadığı
düşünülənlərin özəl yaşam hüququna etirazdan
yararlanmaq haqqı qalmır. Sıradan vətəndaşa rəva
görülməyən “ifşa” burada məşhurluğun bədəli
sayılacaq. İstər-istəməz, sual ortaya çıxır: Ünlü və
önəmli şəxslərin özəl yaşam sahəsi tamam yox olurmu?
Məntiqə görə bunun bir hüdudu var. Özəlliklə onların
yaxınları, tutalım, uşaqları üçün həssas məqamları
gözardı etmək mümkün deyil.
İstimai kimlikləri üzündən
özəl yaşam çərçivəsi xeyli
daralanların başında, heç şübhəsiz, siyasət adamları
gəlir. Media ağırlıqlı demokratiyalarda belələrinin
etiraz haqqı yoxdur: onlar olduqları mövqeyə öz
istəkləriylə gəliblər və bundan ötrü ödəyəcəkləri bir
bədəlin də özəl yaşam olacağının fərqinə varmağa
məcburdurlar. Belə adamların
gücünün ictimai ərkə
dayanması və xərclədikləri pulun ictimai vəsait olması
ictimaiyyətin “gerçəkləri” öyrənmə hüququnu daha
keçərli edir. Başqalarına necə yaşamaları barədə
nitqlər söyləyən bir siyasət adamı xalqın gözündən
düşməmək üçün sınaqlara sinə gərməlidir. Cəmiyyət
onlara – seçib başa keçirdiyi insanlara adi insani
zəifliklərsiz – üstün varlıqlar kimi yanaşır.
Siyasət
adamlarını nəzarətdə saxlamaq öhdəliyi olan media
boş yerə onların hər bir nöqsanını üzə çıxarmır və
bunun üzərində dayanmır ki?!.
110
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA /
HANSI BİLGİLƏRDƏN SÖHBƏT GEDİR?
HANSI BİLGİLƏRDƏN SÖHBƏT GEDİR?
Özəl yaşamın müəyyənləşdirilməsində buna aid
bilginin ictimai nəticələri ilə bağlı meyara gəlincə…
Burada belə bir düşüncə keçərlidir: demokratik
sistemlərdə bəzi şeylərin bilinməsi sistemin işləməsi
baxımından yararlıdır. Əgər təməl etik meyarlardan biri
gerçəkləşdirilən yayımın kimlərəsə haqsız yerə zərər
verməsidirsə, bunun
tam tərsindən də söhbət gedə
bilər. Yəni bir şeyin bilinməməsi cəmiyyət baxımından
zərərli ola bilər. “İctimai yarar”, ya da “ictimai mənafe”
anlayışları məhz bu kontekstdə qarşımıza çıxır.
Bəzi bilgilər ilk baxışda özəl yaşam çərçivəsinə aid kimi
görünsə də, yuxarıdakı düşüncəyə görə yayımlana
bilər. Məsələn, bilginin yayımlanmaması ədalətin öz ye-
rini tutmasını əngəlləyirsə, cəmiyyət düzəni zədələnir.
Məlumatı yaymamaq suçluların cəzadan qaçmasına və
ya günahsız insanların cəzalandırılmasına yol açırsa,
medianın vəzifəsi bu məlumatı açıqlayıb-yaymaqdır.
Hətta ictimai sağlamlıq baxımından təhlükə yaradanda
da belə davranmaq doğrudur. Donuz qripinə tutulmuş
bir xəstəylə bağlı bilgilər sağlamlığa dair adi bilgilərdən
fərqlidir, eynən başqa yoluxucu
xəstəliklərdə olduğu
kimi. Təbii ki, bənzər bilgilərin necə veriləcəyi də
həssaslıq tələb edən bir mövzudur.
“Özəl yaşam” kimi “ictimai fayda” anlayışının da
hüdudlarını müəyyənləşdirmək çətindir və bunu hər
olayda ayrıca dəyərləndirmək lazımdır. Bu anlayışın
da hüdudları məkana və zamana görə dəyişə bilər.
Hər necə olsa da, bəlli durumların bu kateqoriyaya aid
olunduğu bütövlükdə qəbul edilir.
Məsələn, “BBC yayım prinsipləri bələdçisi” özəl yaşam
çərçivəsinə bunları aid edir:
• “bir suçun ifşası, ya da ortaya çıxarılması;
• ciddi antisosial davranışların ifşası;
• sui-istifadə və ya ədalətsizliyin ifşası;
• ciddi yetərsizlik, yaxud pozuntunun açıqlanması;
• xalqın sağlamlıq və güvənliyinin qorunması;
• hər hansı fərd, ya da qurum tərəfindən edilən
açıqlama, ya da hərəkətin xalqı yanıltmasının
önlənməsi;
• ictimai rəyi maraqlandıran mövzularda insanların
daha şüurlu qərar verməsinə yararlı
olan bilgilərin
açıqlanması” (BBC, 2005).
Buna bir misal göstərək:
• birinin bir qohumunu adam öldürməyə
yönləndirəcək məktubu, başqa baxımlardan çox özəl
olsa da, qoruna bilməz;
• uşaqlarına qarşı aşırı şiddət işlədən atanın zorakılığı
evin içində baş versə də, ictimaiyyətin bunu bilmək
hüququ var;
• tibb elminin qəbul etmədiyi müalicə üsullarının
qapalı qapılar arxasında belə təklif olunması, ya da
tətbiqi
xəbərdir;
• önəmli bir vəzifəyə namizədliyini irəli sürən şəxsin
suçları ilə (və təbii ki, məhkumluğu ilə) bağlı bilgilər
onun kimliyini öyrənməyə ehtiyac duyan ictimaiyyət
üçün artıq özəl yaşam çərçivəsinə aid edilə bilməz.
Bir başqa deyimlə, ictimai fayda və ya ictimai yarar
anlayışı media etikasının təməlini oluşduran “doğruları
doğru biçimdə söyləmək“ və “azadlıqları qorumaq”la
“başqalarına zərər verməmək” anlayışları arasında
bir balans yaratmağı hədəfləyir. Bu balansın yaranıb-
yaranmadığını hər olayda ayrıca
dəqiqləşdirmək
gərəkdir.