9
Yayın əvvəlində, iyunun 27-də həyatdan bir müharibə uşağı, talesiz
ata, ər, etibarsızlıqdan sarsılan dost, potensialını tam göstərə bilməyən,
dəyərini özü ilə aparan sənətkar getdi.
Kiminsə qəlbində həzin, xoş xatirəsi qaldı, sadəcə qoyub getdiyi
obrazlarla... Kimsə “Ondan bir də olmayacaq” dedi. Əksəriyyət isə ... Heç
“təəssüf” belə demədi.
Müharibə övladı
Balacaboy, tösmərək bir oğlan qoltuğuna vurduğu tar boyda
idi az qala, Bakının dar dalanları ilə bu tarı güclə daşıyıb hər gün
dərsdən sonra “Pionerlər evi”nə gedərdi. O vaxt üçüncü sinifdə
oxuyurdu, tarı çox sevirdi, amma dram dərnəyinə gedən Hacıağa
adlı dostu teatrın əlçatmaz gözəlliklərindən o qədər danışdı ki, bir
gün ona qoşulub dram dərnəyinə yollandı. İlk məşqlər, ilk tamaşa-
lar və ilk rol... Beləcə gələcəyin, məşhur, sevimli aktyorunun həyat
yolu və taleyi müəyyən olundu.
1935-ci il sentyabrın 5-də Bakıda sürücü Məmmədağa kişi və
onun həyat yoldaşı, evdar qadın Anaxanımın kasıbvarı komasında
bir oğlan uşağı dünyaya gəldi. Adını Səyavuş qoydular ki, bəxti
yüyrək olsun. Səyavuş fars dilindən tərcümədə atlı mənasını verir.
Hamının uşağı kimi küçədə oynayır, deyir-gülür, axşam evə yığı-
şırdı. Məktəbə gedəndən sonra o vaxtın əksər ailələri kimi uşağı ya
musiqiyə, ya idmana, ya da hansısa dərnəyə yazdırmalı idilər. Bu
uşaq tarı seçdi, üç il sonra isə könüllü dram dərnəyinə keçdi.
Səyavuşun taleyi yüyrək oldu deyəsən, həyatda hər şey
sürətlə, hələ yaşı çatmamış
gəlib-keçdi, iz buraxdı.