Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

Başlayır uşağa süd verməyə. Bir neçə gün it bu uşağı burda öz südü ilə 

saxlayır. Qarı itdən şəklənir. Bir gün itin dalısıncan düşüb gəlib çıxır 

həmin daşın dibinə. Görür ki, daşın dibində bələkli bir uşaq var, it onu 

əmizdirir. Qarı tez uşağı götürüb evinə gəlir. Başlayır uşağı saxlamağa. 

Sizə deyək Koroğlunun dəlilərindən. Dəlilər gəlib çatmışdılar İstanbula. 

Qıratda bir xasiyyət vardı ki, Koroğlu hansı dəlikli daşda olsaydı 

iynən gəlib onu tapardı. Eyvaz Qıratı buraxmışdı qabağa. Qırat gəlib 

özünü yetirdi Aypara xanımın eyvanına. Buranı dolanıb iylədi. Sonra 

özünü yetirdi bir quyunun ağzına. Ayaqlarını döydü yerə. Eyvaz bildi ki, 

Koroğlu burdadı. Səs verdi. Koroğlu səsdən bildi ki, dəliləridi, dedi: 

– Kəmənd atın. 

Dəlilər kəmənd atıb Koroğlunu quyudan çıxartdılar. Aldı, Koroğlu: 

Dəlilərlə barışanda Koroğlu, 

Yedirdər onlara nabatnan noğlu

Səhərsi kəsdirər yüz əlli toğlu, 

Ayparam qalıbdı düşmən əlində. 

Səməndin qolunda qızıl bazubənd, 

Xəlil paşa bürcdən asılsın gərək. 

Qıymayın əldə qala bir aylıq Səmənd, 

Ayparam qalıbdı düşmən əlində. 

Hindidən Rumatək salaram soraq, 

Dəlilərim olur Qırat tək qovraq, 

Yıxıban Xəlili bu eldən qovaq 

Ayparam qalıbdı düşmən əlində. 

Koroğlu sözünü tamam elədi. Qıratı çəkib ayaq qoydu üzəngiyə, 

dəlilərə dedi: 

– Gəlin dalımcan. 

Onlar atlarını sürüb yetirdilər şəhərə. Xəlil paşanın nə ki qoşunu 

vardı, hamısını qırıb-çatdılar başa. Koroğlu Xəlil paşanı öz əliynən 

öldürüb əmr verdi ki, Səməndi tapsınlar. Özü də Ayparanı axtarmağa 

getdi. 

Koroğlu Ayparanı tapdı. Onlar bir-birinə sarıldı. Koroğlu Səməndi 



xəbər aldı. 

Aypara xanım ağladı. Koroğlu bildi ki, Səmənd yox olub, çox 

heyifsiləndi. Dəlilər axtardılar, Sənəmi də tapa bilmədilər. 

Koroğlu dəlilərini yığıb şadlıq məclisi qurdu. Dəlilərnən bir yerdə 

üç gün, üç gecə keyf çəkdilər. Siz də burda kefdə, damaqda olun. 

 

 



 

 

 




Koroğlu dastanı 

"Koroğlunun Bayazid səfəri" 

 

Əhməd adlı bir tacirbaşı vardı. Əhməd tacirbaşı həm çox dövlətli idi, həmi də iyid idi. 



Deyirlər ki, Əhməd tacirə ata-anası uşaqlıqdan yaxşı muğayat olmuşdu. 

Böyüyənə kimi onu həmişə kilim üstə gəzdirmişdilər.  

Əhmədin ayağı heç vaxt quru yerə dəyməmişdi. Odu ki, Əhmədin gözü yeddi ağacdan-yeddi 

ağaca hər nə qaraltı olsa seçərdi. 

Əhməd tacirin başında qırx yaraxlı tacir vardı.  

Həmişə karvan eləyib al-qumaşdan yük bağlayıb böyük-böyük şəhərlərə, mahallara 

səfər eliyərdilər.  

Yolları da çox vaxt Çənlibelin yanından keçirdi. 

Amma sən onu de ki, Koroğlu, dəliləri nə qədər əlləşirdilər, Əhməd 

tacirbaşını tuta bilmirdilər ki, bilmirdilər. Neçə kərə dəlilər Eyvaz, 

Dəmirçioğlu, Halaypozan, Tüpdağıdan Əhməd tacirbaşının qabağını 

kəsmişdilərsə də, onu tuta bilməmişdilər. Zalımın cin gözü yeddi 

ağaclıqdan baxıb bunları görüb, karvanı özgə yoldan aparmışdı. 

Bu iş Koroğluya çox ağır gəlirdi. Bəyləri, paşaları dizə çökdürən 

Koroğlu bir tacirin əlində harasan qalmışdı. Deyirlər bir gün Koroğlu 

eşitdi ki, Əhməd tacirbaşı yenə gəlib Çənlibelin yanından keçib gedib, 

dəlilər onu tuta bilməyiblər. Cin vurdu başına. Çağırdı dəliləri, başladı 

onları məzəmmət eləməyə ki, yaxşı, bir taciri ki, biz tuta bilmirik, tay 

nə qoç Koroğlu – Qoç Koroğlu deyib dünyanı səs-küyə basmışıq. 

Deyirlər Koroğlu dəliləri məzəmmət eliyəndə dəlilər üzə durub 

dedilər: 

– Ay Koroğlu, biz necə eləyək? Zalım oğlu Əhməd tacir bir qızılquşa 

dönüb. Bərələri gəzirik, yolları bağlayırıq, yeddi ağaclıqdan bizi 

görür, yenə qaçıb gedir. Tuta bilirsən özün tut da! 

Deyirlər Koroğlu dəlilərin bu sözünün qabağında heç bir söz 

demədi, gözlədi. Öyrəndi ki, tacir Əhməd bu yaxınlarda gəlib yenə də 

Çənlibeldən keçəcək. Yavaşca bir hündür qayanın başına çıxıb yolları 

gözləməyə başladı. 

Bəli, o necə deyərlər, bu burada gözləməkdə olsun, sənə kimdən 

deyim, Əhməd tacirbaşıdan. Əhməd tacirbaşı öz yaraqlı-yasaqlı adamları 

ilə gəlirdi. Gəlib, gəlib elə ki, Çənlibelin yeddi ağaclığına çatdılar. 

Əhməd tacirbaşı çin gözlərini dolandırıb qayanın başından Koroğlunun 

qaraltısını gördü. O saat karvana əmr elədi ki, əylənsinlər. Karvan 

əyləndi. Ancaq bu dəfə, o necə deyərlər, daş qayaya rast gəlmişdi. 

Koroğlu da Koroğluydu. Əhmədə-zada belə işlərdə bac verən deyildi. 

Elə ki, gördü karvan dayandı, yapıncısını göyə atdı, bir sərnic qatığı da 

onun dalınca tulladı. Özü də yatdı yerə. 

Əhməd tacirbaşı baxdı ki, qayanın başından bir qara şey uçdu, 

dalısınca da bir zil düşdü. Yoldaşlarına dedi: 



– Bir şey yoxdu. Yüklənin, sürün gedək. Qaraquş idi. Qayanın 

başına qonmuşdu, zil atdı, uçdu getdi. 

Karvan təzədən hərəkətə gəldi. Koroğlu o qədər gözlədi ki, karvan 

qayanın yanına çatdı. Koroğlu qayanın başından enib Qıratı mindi, 

qızılquş kimi karvanbaşının üstünü aldı. Karvan əhli çaxnaşıb, birbirlərinə 

dəydilər. Onları belə görən qoç Koroğlu aldı görək nə dedi: 

Ağır alaylar döşlərəm, 

Tök malını, get, bəzirgan! 

Çox belə fellər işlərəm, 

Tök malını, get, bəzirgan! 

Əlimdən gələrsən cana, 

Misri qılınc sığmır qına, 

Çəksəm boyanarsan qana, 

Tök malını, get, bəzirgan! 

Sənsən Əhməd tacirbaşı, 

Tökdürrəm didəndən yaşı, 

Başlamamış tər savaşı, 

Tök malını, get, bəzirgan! 

Qaya başında duraram, 

Ərlər boynunu buraram, 

Sənə bir əmud vuraram, 

Tök malını, get, bəzirgan! 

Koroğluyam, bir ac qurdam, 

Çənlibeldə ağır yurdam, 

Qan çıxardar indi gordam

Tök malını, get, bəzirgan! 

Tacirlər xoşluğnan mallarını vermək istəmədilər. Koroğlu bunu 

görüb Misri qılıncını çəkdi, tacirlərə hücum elədi. Əhməd tacirbaşı 

hökm elədi, tacirlər də qılınclarını çəkib Koroğluya tərəf yeridilər. 

Əhməd tacirbaşı qılıncını alıb Koroğlunun yolunu kəsdi. Dava başlandı, 

ara qarışdı. Koroğlu ilk əldə özünü Əhməd tacirbaşıya yetirdi. 

Ancaq onu öldürmək istəmirdi. Qorxudub diri tutmuq fikrindəydi. Elə 

ki, yaxınlaşdı, kəlləsindən elə bir əmud vurdu ki, Əhməd tacirbaşı 

bayax ha, özündən gedib yerə yıxıldı. Koroğlu ondan keçdi, Qıratı 

cövlana gətirdi, sola sürdü, sağa sürdü. Qırat acıqlandı. Koroğlu qızdı. 

Koroğlu əmudu, şeşpəri, qılıncı işə saldı. Qırat dişi ilə, dal ayaqları ilə 

tacirlərdə sağ yer qoymadı. 

Tacirlər Koroğlunun zərbəsinə davam gətirə bilməyib axırda təslim 

oldular. Koroğlu tacirbaşı Əhmədi bir ata çatdırdı, qalan tacirləri 

də dəvəli, qatırlı, al-qumaşlı qabağına qatıb, Qıratın döşündə Çardaxlı 

Çənlibelə çıxartdı. Nigar xanım, Eyvaz, Dəmirçioğlu, bütün dəlilər 

tacirlərin başına yığışdılar. Koroğlu tacirlərin mallarını bölüşdürdü, 

dəlilərə, xanımlara payladı. Tacirlərin biri ağlaya-ağlaya Əhməd tacirə 

dedi: 


– Əhməd tacirbaşı, nə cür oldu ki, sən yeddi ağaclıqdan Koroğlunu 

görmədin? 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə