Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə48/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   44   45   46   47   48   49   50   51   ...   112

bəylərə, paşalara tük saldıran, tacirləri soyan, yolları kəsən, bərələr 

pusan qoç Koroğlu deyərlər. Heç kəsdə qisasını qoymaz. Bizim 

bunları öldürməyimizi bilsə, dəliləri töküb, hamımızı qırar. Sən bizim 

sözümüzü eşit, bunları hələlik zindana saldır. Dəlilərin tutulmasını 

Koroğlu bilsə dallarınca gələcək. Bacarırsan onda Koroğlunun özünü 

tutdur, öldür. Canımız qurtarsın. Xotkar da sənə böyük ənamlar versin. 

Sonra bunları qırdırmaq asandır. 

Xəlil paşa, vəzir, vəkilin tədbirinə razı olub hökm elədi, dəliləri 

zindana salsınlar. Eyvazın da, yoldaşlarının da ayaqlarına kündə, boyunlarına 

zəncir vurub zindana saldılar. Ağzına qıfıl vurdular, yüz yaraqlı 

adam da onlara keşikçi qoydular. Bunlar burada qalsın, görək Koroğlu 

nə elədi. 

Eyvazın verdiyi vədədən çox keçmişdi. Onların Bayazitdə tutulması 

barədə Çənlibeldə söz gəzirdi. Dəlilər, xanımlar, bir-birlərinə 

dəymişdilər. Nigar xanım Koroğlunu od qoyub odlayırdı. Koroğlunun 

dərisinə isti keçmirdi. Nigar xanımı sakit eləyib, deyirdi: 

– Ay Nigar xanım, uzaq səfərin işini bilmək olmaz. Bir az da gözləyək, 

gəlib çıxarlar. Amma Nigarı sakit eləmək mümkün olmurdu. 

Səsi balasını itirmiş maral kimi Çənlibeli başına götürmüşdü. 

Deyirlər ki, yenə də bir gecə Nigar xanım Eyvazın fikrilə yatmışdı. 

Yuxuda gördü ki, Eyvaz qan dəryasında üzür. Dik qalxdı. Ox dəymiş 

ceyran kimi yatağından sıçrayıb özünü Koroğlunun üstünə saldı, sazı 

döşünə basıb, dedi: 

Verdiyin vədədən keçdi, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Yağılar qanını içdi, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Çənlibelin obasında, 

Könlüm xan Eyvaz yasında, 

Çalxanır qan dəryasında, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Düşmüşdün boğaz loyuna, 

Yollandın ceyran oyuna, 

Qurbanam Eyvaz boyuna, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Sərdar ölsə, ələm yatar, 

Muxənnət məqsədə çatar, 

Çənlibelim yasa batar, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Eyvazı yolladın Şama, 

Qılıncınnan qanlar dama, 

Vədə vermişdi axşama, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Bayazid qırağı sazdı, 

Çöllərində ördək, qazdı, 

Düşman çoxdu, onlar azdı, 




Gəlmədi Eyvaz, gəlmədi! 

Eyvaza bəslədim güllər, 

Ötüşməz şeyda bülbüllər, 

Ay Nigar, başına küllər, 

Gəlmədi Eyvaz, gəlmədi! 

Nigarın ala gözlərindən axan yaş Koroğlunu coşdurdu. Sazı götürüb 

görək onun cavabında nə dedi: 

Ürəyimi eləyib qan 

Ağlama, Nigar, ağlama! 

Olum gözlərinə qurban, 

Ağlama, Nigar, ağlama! 

İyid olan cəfa çəkər, 

Dost yolunda qanın tökər, 

Ağlamağın bağrım sökər, 

Ağlama, Nigar, ağlama! 

Qəmli könül dəmə gəlməz, 

Dərdi olan ağlar, gülməz, 

Qorxaqlar ər qədrin bilməz

Ağlama, Nigar, ağlama! 

Dəlilərim gələr coşa, 

Muxənnət eylər tamaşa, 

Qan qusacaq Xəlil paşa, 

Ağlama, Nigar, ağlama! 

Meydanda nərə çəkərəm, 

Göydən od-alov tökərəm, 

Evlər dağıdar, sökərəm, 

Ağlama, Nigar, ağlama! 

Qızıb coşmamışam hələ, 

Cidaynan qumaş ölçülə, 

Əsir gələr Çənlibelə

Ağlama, Nigar, ağlama! 

Koroğluyam, əl götürrəm, 

Mən Bayazidə yetirrəm, 

Eyvazı alar, gətirrəm, 

Ağlama, Nigar, ağlama! 

Koroğlu hökm elədi yeddi min yeddi yüz yetmiş yeddi dəli atlandı. 

Özü də Qıratın belinə qalxdı. Çənlibelə göz gəzdirdi. Mehtərləri qəmgin 

gördü. Nigarı boynu çiynində, gözü yaşlı duran gördü. 

Əhməd tacirbaşını, yoldaşı tacirləri elədiklərindən peşiman gördü. 

Koroğlu özü də çox məyus oldu. Buna baxıb dəlilər də bikef oldular. 

Nigar xanım ömründə birinci dəfə idi ki, Koroğlunu, səfərə çıxanda 

belə qəmgin görürdü. 

Koroğlunun yanına gəldi, onu sakit elədi, dəlilərə ürək verdi. Özü 

Koroğluya, dəlilərə şərab payladı. Hamı içdi, keflər duruldu. 

Koroğlu durub lazımınca geyindi, üstdən aşıq paltarı geyib, çiyninə 

də saz keçirtdi. Elə ki, hamı hazır oldu, Koroğlu üzün dəlilərə 




tutub dedi: 

– Mən qabaqca gedim, siz dalca gəlin. Şəhərdə sizi gözləyəcəyəm. 

Şəhərə çatanda atları bir qıraxda saxlayın, piyada şəhərə dolun, 

özünüzü tanıtmayın, özü də mən xəbər eləməmiş dava başlamayın. 

Dəlilər Koroğlunu elə bircə bunu deyən gördülər. Koroğlu Qıratın 

üstündə bir boğanaq oldu, gözdən itdi. Bilmədilər hayana getdi. 

Dəlilər onun dalınca atlarını sürüb yola düşdülər. Koroğlu hər yerdən 

keçib bir sabah ertəsi özünü Bayazidə yetirdi. Qıratı bir yanda bağlayıb 

özü aşıq libasında şəhərə getdi. 

Bu tərəfdən dəlilər də gəlib çatdılar, atlarını bir yanda qoyub, 

şəhərə doldular. 

Koroğlu gəzə-gəzə gəlib bir yerə çıxdı. Gördü yüzə qədər yaraqlı 

adam bir damın qapısında keşik çəkir. Keşikçilər onu görcək aşıq bilib 

soruşdular. 

– A kişi, aşıqsanmı? 

Koroğlu dedi: 

– Aşığam, bir məclis axtarıram ki, bir az oxuyam, xərclik yığam. 

Keşikçilərdən biri dedi: 

– Yaxşı gəlibsən. Bu gün Xəlil paşanın bacısı Nərgiz xanımın 

toyudu, get oxu, yaxşı xeyrin olar. 

Koroğlu dedi: 

– Bəs siz burada nə eliyirsiniz? 

Keşikçi dedi: 

– Koroğlunun üç dəlisi burda dustaqdı, onlara keşik çəkirik. 

Koroğlu bir istədi əl qılınca atıb keşikçiləri qırsın, dəliləri azad 

eləsin, sonra bu fikrindən daşındı. Keçib Xəlil paşanın bacısının toyuna 

gəldi. 

Xəlil paşa Koroğlunu görüb dedi: 



– Ay aşıq, dəli Koroğludan nə bilirsən bir az oxu qulaq asaq. 

Paşanın cavabında aldı Koroğlu, görək nə dedi: 

– Eyvaz deyib Çənlibeldən gəlmişəm, 

İndi burda məhşər quraram, paşa! 

Dəlilərim tutduğunu bilmişəm, 

Gedər zindanını qıraram, paşa! 

Coşub oxuyaram dövran içində

Görərsən özünü al-qan içində, 

Şir kimi qızaram meydan içində, 

Hayqırıb bağrını yararam, paşa! 

İndi mən eylərəm yaman halını, 

Yıxaram qalanı, cah-calalını, 

Soyaram, aparram dövlət, malını, 

Taxtına od-alov vuraram, paşa! 

Bir nərə çəkərəm dəlilər yerir, 

Günün qabağında cəsədin çürür, 

Duman tək yurdunu, yuvanı vurur, 

Tamam dağı, daşı sararam, paşa! 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə