Xanımlar işdən xəbərdar oldular. Nigar Ruqiyə xanıma xoşgəldin elədi.
Toy təzədən başlandı. Sazlar səs-səsə verdi, saqi məclisə girdi. Koroğlu
belə baxdı Nigarı sağ yanında gördü, belə baxdı Eyvazı sol yanında
gördü, qabağa baxdı yeddi min yeddi yüz yetmiş yeddi dəlini qabağında
gördü. Ürəyi atlandı, qəlbi coşdu, üçtelli sazı sinəsinə basdı, dedi:
Məclis qurduram həmişə,
İşrətim, damağım ola!..
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola!..
Çənlibeldə köçüm, qonum,
Atlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!..
Vuram xotkar, tutam paşa,
Xanlar məndən çəkə haşa,
Bu dövranım vara başa,
Sönməyən çırağım ola!..
Eyvaz imdadıma çata,
Dəmirçioğlu şeşpər ata,
Sıçrayıb minəm Qırata,
Bəlli Əhməd dayağım ola!..
Şir qanı ola qanımda,
Qorxu olmaya canımda,
Dəlilər olsa yanımda,
Qırram yüz min yağım ola!..
Düşmən qanın içəm, doyam,
Müxənnət gözlərin oyam,
Çəkəm bəzirganlar soyam,
Tacirlər dustağım ola!..
Koroğluyam savaşımda,
İgid dəlilər başımda,
Nigar əyləşə qarşımda,
Keçən cavan çağım ola!..
Koroğlu dastanı
"Ağcaquzu" qolu
Bəli, qulluğunuza hardan xavar verem, keçmiş əyyamnan, sabiqəl dövrannan-ustatdar
qovmünnən.
Koroğlunun çox cavan vaxtıydı. O ki, Hasan paşa atasının gözdərini oydurdu, sora başlarına
nələr gəldi, o hamıya bəllidi...
Deyəllər Qoşabulağın üstündə Həzrət Əli bir nurəni qoja sifətində gəlif, sağ əlini qoç
Koroğlunun kürəyinə vurdu, ona iyitdik badəsi içirtdi.
Dedi:
– Koroğlu, mənim sözümə inan, sən Koroğlusan, heç vaxt, heçkimə məğlub olmuyajaqsan!.
Bu sözü deyif də qeyb oldu.
Koroğlu özdüyündə inanar-inanmaz özündə bir gözəllik, bir qüvvə
hiss eləməyə başladı. Anjax atasının qisasını bu qaniçən xotkarlardan,
paşalardan almax niyyəti heç başınnan çıxmerdı. Əmbə bu qisası ala
bilmerdi, güjü çatmerdi, tək iydi. Koroğlu həmeşə atı sürərdi İstanbulun
kanarına, şəhərə tamaşa eliyərdi, hayıfsınıf geri dönərdi.
Günnərin bir günü Koroğlu belə fikrə gəldi ki, gedem bir az
dolanem, iyiddiyin səmtini, sorağını öyrənem, pəhlivannığı, vuruftutmağı,
qoçaxlığı mənimsəyim, sonra dönüf gənə geri gəlləm.
Bu fikirnən Koroğlu Düratı da yedəyinə alıf, atasının kasıf bir dostu
varıydı, birbaş olara gəldi. Düratı həmən qoja kişiyə amanat eliyif yola
düşdü.
Koroğlu Qıratı sürha-sür gəlif, birbaş Təkə-Türkmana çıxdı. Gördü
kü, bir meydandı sulanıf, iki cavan oğlan bir tərəfdə, bir qarımış pəhlivan
bir tərəfdə cəng eliyirlər. Anjax bu ölüm-dirim cəngi döy, yıxımqaldırım
cəngidi. Bu qarımış pəhlivan bu cavan pəhlivanın birinnən
tutaşeir, nə qəddər eliyir, cavan pəhlivanın arxasını yerə gətirə bilmer.
Bu birinnən qurtaranda o birinə, o birinnən qurtaranda bu birinə...
Koroğlu bu cavan pəhlivannara o qədərə meyl elədi ki, dedi: “İlahi,
doğrudan da sən buları iyit yaradıfsan”.
Bu cavan pəhlivannarnan yaxınnıx eliyif, bunnardan hal-əhval
eliyəndə bildi kin, bunnar Təkə-Türkmanın xanı Süleyman xanın
oğlannarıdı. Koroğlu Süleyman xanın oğlannarınnan dostux işdətdi.
Oğlannarın səvəvinə xannığa əyaq aşdı.
Koroğlu bir gün xannıxda Süleyman xanın qızı Bilqeysi gördü.
Bilqeyisə çox meyil saldı, doğrusu, Bilqeysi sevdi. Fikirləşdi: “İlahi,
mən nə təhəri eliyim bu Bilqeysi ələ keçirem”.
Aradan qarılarnan, qızdarnan söhbət eleyif Bilqeys xanımın konlunu
aldı. Bilqeys xanımın konlunu alanan sora Süleyman xana elçi
göndərdi. Süleyman xan qəti cavaf verdi ki, bu, heç düzələn iş döylü.
Dedi:
– Siz nə bilersiniz o haranın yol azanıdı, əsli bilinmer, nəsli bilinmer,
dərənin avarasına mən qız vermərəm.
Koroğlu xeyli fikirrəşənnən sonra özü bir yol tapıf, Bilqeys xanımnan
görüşdü. Dərddəşdilər, danışdılar, sözü bir yerə qoyuf qaçmax
qərarına gəldilər. Bir müddət gözdədilər, aranı xəlvət eliyif vədələşdilər.
Gejənin bir aləmi Koroğlu Bilqeys xanımı Qıratın tərkinə alıf,
Təkə-Türkmanı tərk elədi. Gəlha-gəl, günə bir mənzil, teyyimənazil,
gəlif Qoşabulağın üstünə atasının qəbri önündə atı saxladı.
Bir qədər atasının qəvrini ziyarat elədi. Qəvri ziyarat eliyənnən sora,
gənə də Bilqeys xanımı tərkinə alıf İstanbula endi.
İstanbulun ətrafında yazda, yayda camahat binələrə çıxerdı. Bu binələrin
birində gizdin bir yerdə bir mağara varıydı. Həmən bu mağarada
Koroğlu başdadı məskən salmağa. Aylar, günnər dolaşdı, Koroğlunun
qadını Bilqeys hamilə oldu.
Bu tək mağarada Bilqeys ilk günnər çox darıxerdı. Nolajax, xan
sarayında, süd gölündə çimən, qu tükünnən balış qoyan, atlas yorğandöşəkdə
naz-qəmzəynən firavan gün görmüş bir qızı birdən-birə
mağarıya öyrətmək olardımı? Əmbə Koroğluya olan məhəbbəti Bilqeysi
bir qədər təskin eləsə də, gənə darıxerdi. Koroğlu baxıf gördü ki,
doğrudan da bu qızı burda, bu qayalar arasında belə tək qoymax olmaz,
başına hava gələr. Oydu ku, binələrin birində bir nuranı qarı nənə
varıydı, adına Əsmər qarı deyərdilər. Koroğlu başına gələni Əsmər
qarıya danışdı. Əsmər qarı həmən günnən Koroğluyu da, Bilqeysi də
oğulluğa, qızdığa götürdü. Tez-tez Bilqeysə baş çəkməyə gəldi.
Koroğlu axçadan, paradan qarıya vererdi ki, süddən, qatıxdan, yağdanqaymaxdan
alıf gətirsin, qoymasın Bilqeys korrux çəkməyə. Beləjə
günnər bir-birini əvəz eliyirdi... Bir gün Bilqeys yükünü yerə qoydu,
bir gözəl oğlan doğdu.
Atalar çox yaxşı deyif “çuğul nə ölüf, nə də öləjək, biri öldümü, beşi
onun yerinə pitəjək”. Həyat belədi, gedişat belədi. Bu gün namərdin
beşini öldürsən, savax anası o beşin əvəzinə on beşini gənə doğajax.
Koroğluynan Bilqeysin mağarada belə gizli daldalanmaxlarını, bir
çuğul aparıf İstanbulda Hasan paşaya xavar verdi.
Dedi:
– Öyün yıxılsın, Hasan paşa, bə sən nə təhəri Hasan paşasankı,
Koroğlu sənin torpağında at çaper, sənin binələrində gizdəner?
Hasan paşıya qavaxlar da bu həndəvərdə Koroğlunun at çafdığını
demişdilər. Bir neçə dəfə atdı dəstələr göndərmişdi ki, Koroğluyu
tutudursun, əmbə bir murad hasıl eliyə bilməmişdi. Koroğlunun üstünə
gələnnərin kiminin başı, kiminin qolu, kiminin qılçası kəsildi, qalannar
öldü, qaçannar can qurtardı. Bata bilmədilər qoç Koroğluya. Cəfər
paşaynan Hasan paşa belə qarala gəldilər ki, Koroğluyu aradan götürməkdən
Dostları ilə paylaş: |