axşamacan gözlədilər, dəlilər gəlib çıxmadı. İş belə olanda Koroğlu
acıqlandı. Hay vurdu, bir Dəli Mehtərdən, bir də xanımlardan başqa
Çənlibeldə nə qədər dəli var idi, hamısı atlandı. Gecə ilə yeddi min
yeddi yüz yetmiş yeddi dəli duman kimi Ələmqulu xanın şəhərini
araya aldı. Elə ki, səflər düzəldi, dəstələr hərə öz yerini tutdu, Koroğlu
Tanrıtanımazı çağırdı ki:
– De görüm, nə məsləhət görürsən? Gecə ikən şəhərə girək, ya
səhəri gözləyək?
Tanrıtanımaz dedi:
– Koroğlu, biz yaxşı eləyib gəlmişik. Ehtiyat ki, var yaxşı şeydi.
Amma ki, mənim ürəyim çox sakitdi. Dəlilərin başında heç bir şey
yoxdu. Yəqin elə Gürcüoğlunun şuxluğu tutub. Qızın yanından ayrıla
bilmir. Dəmirçioğlu da ona görə dayanıb qalıb. Hər halda səhəri gözləmək
yaxşıdı. Sonra xəcalətli olarıq.
Dəlilər Tanrıtanımazın fikrini bəyəndilər, o qədər gəzdilər ki,
səhər açıldı. Şəhər əhli duran-duran baxdı ki, şəhərin ətrafı tutulub.
Camaatı vahimə aldı. Töküldülər xanlıq qapısına. Ələmqulu xan durub
gördü ki, bəli, necə deyirlər elədi. Şəhərin ətrafı elə tutulub, elə
tutulub ki, elə bil ətdən divar çəkilib. Tez vəziri çağırıb göndərdi ki,
bilsin-görsün bu nə olan işdi. Vəzir gəlib çatanda gördü nə... Gələn
Koroğludu... Koroğlu vəziri görcək dedi:
Qarı düşmən, fənd-felini bilirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Saat yarım sizə möhlət verirəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Şəhərin yerində kotan əkərəm,
Zər-zibasın Çənlibelə çəkərəm,
Misri qılınc çəkib al qan tökərəm,
Dəlilərim bu şəhərdə qalıbdı.
Koroğlu fərmanı mərdi-mərdana,
Dəlilərim yerikləyir al qana,
Qataram şəhərdə tozu dumana,
Dəlilərim bu şəhərdə qalıbdı.
Vəzir başı lovlu qayıdıb əhvalatı Ələmqulu xana danışdı. Ələmqulu
xan Ruqiyə xanımı çağırdı. Ruqiyə xanım dedi:
– Qorxma! Mən bu saat işi yoluna qoyaram. Oradan birbaş gəldi
Dəmirçioğlugilin otağına. Dəlilər də işdən bixəbər hazırlaşırdılar ki,
yola çıxsınlar. Ruqiyə xanım aldı görək nə dedi:
Dərdiz alım, qoç qardaşlar,
Bir umudum sizə gəlir...
Çox çətin olubdu işlər,
Bir umudum sizə gəlir...
Kəsiblər dörd bir yanımı,
Dağıdarlar xanımanımı,
Axıdarlar al qanımı,
Bir umudum sizə gəlir...
Şad ürəyim olubdu qan,
Könlüm olubdu pərişan,
Ruqiyə xanım sizə qurban,
Bir umudum sizə gəlir...
Dəlilər soruşdular:
– Nə olub?
Ruqiyə xanım hal-əhvalatı danışdı. Dəmirçioğlu dedi:
– Sən heç qorxma, Ruqiyə xanım. Bu saat biz özümüz gedərik
onun yanına.
Bunu deyib, ikisi də bayıra çıxdı. Atları minib, birbaş Koroğlunun
yanına gəldilər, Koroğlu elə ki, dəliləri sağ-salamat gördü, arxayınladı,
onları məzəmmət eləməyə başladı. Dedi:
Barakallah, səd mərhəba!..
Tez gələn beləmi əyləni?
Yaxşı yaradız qulluğa,
Tez gələn beləmi əyləni?
Fikrinizə nə qoyubsuz?
Qeyri yollara uyubsuz,
Görünür məndən doyubsuz,
Doymayan beləmi əyləni?
Demə dünya gedər belə,
Uymayın fitnəyə-felə,
Koroğlunu gətdiz dilə,
Tez gələn beləmi əyləni?
Dəlilər ikisi də başlarını saldılar aşağıya. Dəmirçioğlu dedi:
– Koroğlu, biz taqsırkarıq. Hər nə eləsən ixtiyarsan.
Bunu deyib Dəmirçioğlu qılıncını çıxardıb iki əlinin üstündə Koroğlunun
qabağına qoydu, özü də diz çökdü. Koroğlu onun qolundan
yapışıb qaldırdı. Sonra soruşdu:
– De görüm, əsl müqəssir kimdi? Sənsən, ya Gürcüoğlu?
Dəmirçioğlu dedi:
– Elə ikimizin də taqsırımız birdi. Bir-birindən nə əskikdi, nə artıq.
Koroğlu nə qədər elədi ki, Dəmirçioğlu işin əslini desin, demədi.
Elə bircə bunu dedi ki:
– İkimizin də taqsırımız birdi.
Koroğlu işi bilirdi. Bilirdi ki, Dəmirçioğlu Gürcüoğlu Məmmədə
görə gecikib. Amma onu da bilirdi ki, Dəmirçioğlu ölüm də olsa, yoldaşı
pis ayaqda tək buraxmaz, namərdlik eləyib yoldaşı ələ verməz.
Odu ki, onu bir də sınamaq üçün belə qısnayırdı. Elə ki, gördü
Dəmirçioğlu sözündən dönmədi, yoldaşın sirrini açmadı, dedi:
– Mərhəba! Mən səni qəsdən sınayırdım. Sağ ol! Sonra dönüb
Gürcüoğlundan soruşdu:
– Hə... nə var, nə yox, Gürcüoğlu? Deyəsən Ələmqulu xanın qızı
çox xoşuna gəlib.
Gürcüoğlu başını aşağı saldı. Elə bunlar bu sözdə idilər, Ələmqulu
xan öz vəzir-vəkili ilə gəlib çatdı. De əl verdilər, görüşdülər, Ələmqulu
xan dedi:
– Qoç Koroğlu, mən səninlə dost olmaq istəyirəm. Bütün dəlilərinlə
mənə qonaqsan.
Koroğlu nə qədər boyun qaçırmaq istədisə olmadı. Axırda Ruqiyə
xanım irəli yeriyib dedi:
– Qoç Koroğlu, sən buradan elə beləcə çıxıb getsən atamı bütün
dünyada bədnam elərsən. Kişi dostluq üçün uzanan əli kəsməz.
Koroğlu Ruqiyə xanımın sözündən keçə bilmədi. Ancaq şəhərə də
girmədi. Hökm elədi, şəhərin kənarında çadırlar quruldu. Üç gün, üç
gecə yemək, içmək oldu. Ələmqulu xan Koroğluya bir qonaqlıq verdi
ki, hələ ruzigarın gözü belə qonaqlıq görməmişdi. Elə ki, üç gün
tamam oldu, Koroğlu Ələmqulu xanı çağırıb dedi.
– Xan, elədiyin hörmətə görə çox sağ ol! Ancaq mənim səndən bir
təvəqqəm var.
Xan dedi:
– Təvəqqə nədi? Sən əmr elə, mən yerinə yetirim.
Koroğlu dedi:
– Yox. Bu elə bir şeydi ki, əmrlə olmaz. Belə iş ancaq təvəqqədən
aşar.
Xan dedi:
– Buyur!
Koroğlu sazı basdı döşünə dedi:
Qulluğuna bircə kəlmə sözüm var,
Mənim bu sözümdən incimə, ay xan!
O sözlər bu yerin sözü döysə də,
Sən Allah, o sözdən incimə, ay xan.
Xan dedi:
– Əşi, incimək nədi? Sən lap əhd eləsən mənim başımı istəyəcəksən,
o da ki sənə qurbandı. Sözünü de!
Koroğlu dedi:
Lazımdı araya elçi salaydım,
Neçə minnətçiylə dilçi salaydım,
Qayda budu, gedib, bir də gələydim,
Mənim bu işimdən incimə, ay xan!
Xan məsələni başa düşdü. Ancaq gözlədi ki, görsün sözün axırı nə
olur. Koroğlu aldı sözün o biri xanəsini dedi:
Koroğlunun sözün yazma qələtə,
Hesab etmə qanmaza, nabələdə,
Ruqiyə xanımı gəl ver Məmmədə,
Sən gəl bu sövdadan incimə, ay xan!
İncimək nədi? Xan Allahdan belə bir qohumluq axtarırdı. O saat
molla, qazı çağırıldı. Ruqiyə xanımın kəbini kəsildi Gürcüoğlu Məmmədə.
Toy təzədən başlandı. Üç günün üstünə bir dörd gün də gəldilər,
oldu yeddi gün, yeddi gecə. Yeddi günün tamamında istədilər
gəlini tapşırsınlar bəyə. Koroğlu razı olmadı. Dedi:
– Çənlibeldə dəlilərin də, xanımların da anası Nigardı. Mən gərək
aparıb bir toy da orada eləyəm.
Dəlilər atlandı. Ruqiyə xanımı da götürüb Çənlibelə gəldilər.
Dostları ilə paylaş: |