Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə42/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   38   39   40   41   42   43   44   45   ...   112

Xan tərpənər, qoşun qaçar

Adı bəlli xan Eyvazım! 

Bəlkə gəlmisən sorağa, 

Daşın atılar irağa, 

Hürü aparsın otağa, 

Adı bəlli xan Eyvazım! 

Söz tamama yetişdi. Aldı Eyvaz onun cavabında dedi: 

Uzaq ellərdən gəlmişəm, 

Dindirmə, məni dindirmə! 

Yarı mənzildə qalmışam, 

Dindirmə, məni dindirmə! 

Mən bülbüləm, gülüm alam, 

O dərddən saralıb, solam, 

Bir ağası itmiş qulam, 

Dindirmə, məni dindirmə! 

Seçərəm sultanı, xanı, 

Axıdaram qızıl qanı, 

Eyvaz, qoç Koroğlu hanı? 

Dindirmə, məni dindirmə! 

İndi eşit Koroğludan. Külüngçülər minarənin dibini o qədər qazmışdırlar 

ki, minarə az qalırdı yıxılsın. Koroğlu işi belə görüb, düşüb 

lap aşağıda kəsmişdi minarənin qapısını. Elə bu dəmdə bir də qulağına 

bir səs gəldi. Diqqətlə qulaq verib gördü oxuyan Eyvazdı. Hər şey 

yaddan çıxdı. Nə qorxu qaldı, nə hürkü. Dik çıxdı minarənin başına. 

Sevindiyindən bir dəli nərə çəkib dedi: 

Şükür olsun bir Allaha, 

Bu gələn Eyvaz səsidi. 

Məni yadına salıbdı, 

Bu gələn Eyvaz səsidi. 

Girər meydana xan kimi, 

Dolar gözləri qan kimi

Bir alıcı tərlan kimi, 

Bu gələn Eyvaz səsidi. 

İndi bağladar qolunu, 

Qırar sağını, solunu, 

Yada salıb Koroğlunu, 

Bu gələn Eyvaz səsidi. 

Koroğlu hələ sözünü tamam eləməmişdi ki, şəhərdə vurhavur 

qopdu. Ərəb Reyhan belə baxanda gördü vallah, budu, bir dəstə siyirməqılınc 

atlı elə gəlir, elə gəlir ki, elə bil bir dəstə tərlandı ördəyə, 

qaza gəlir. Tez keçdi meydanın bu biri tərəfinə ki, qoşun böyüklərini 

çağırsın. Baxdı ki, bir belə dəstə də bu tərəfdən gəlir. Belə dönəndə 

gördü budu, bir dəstə atlı da bu biri küçədə, olar bir üç yüz-dörd yüz 

əskəri qatıb qabağına qarqa-quzğun kimi qova-qova gətirir. Ərəb 

Reyhan özünü itirdi. Bilmədi nə eləsin. Elə bu dəmdə Qars paşasının 

qoşun böyüyü özünü yetirdi ki: 




– Nə durubsunuz? Dəlilər şəhərə ətdən divar çəkiblər. Başınızın 

çarəsini eləyin. 

Ərəb Reyhan dedi: 

– Görürəm. Qoy gəlsinlər. Sən qoşunu hazır saxla! Elə ki, onlar 

gəlib buraya doldular, sən dallarını kəs! 

Qoşun böyüyü dedi: 

– Nə dallarını kəs? Bunlar nədi ki? Beş-altı min dəli şəhərin 

ətrafını tutub. Bunlar elçilərdi belə gəlirlər. 

Ərəb Reyhan baxdı ki, bir su içim saatda dəlilər meydanın ətrafını 

aldılar. 

Bu dəmdə bir dəli nərə səsi gəldi. Ərəb Reyhan döndü ki, budu bir 

dəstə gəlir, qabaqlarında da Eyvaz. 

Eyvaz Ərəb Reyhanı görcək tanıdı. Dedi: 

– Ya budu ki, bu saat Koroğlunu ver, ya budu ki, bir hay vurub 

şəhərin torpağını torba ilə daşıtdıracağam. 

Ərəb Reyhan da igid adam idi. Yeridi qabağa dedi: 

– Eyvaz, Koroğlu bax, odu minarədə. 

Eyvaz belə baxanda Koroğlunu gördü. Ərəb Reyhan dedi: 

– İndi bura bax! 

Bunu deyib Ərəb Reyhan minarənin dibinə işarə elədi. Eyvaz baxdı 

ki, minarə elə handa-handadı yıxılsın. İki yüzəcən külünglü adam da 

hazır dayanıb əmr gözləyir. Ərəb Reyhan dedi: 

– Koroğlu mənim əlimdədi. Bircə dəfə işarə eləsəm minarə 

gedəcək. İndi sən gəlmisən onu qurtarmağa. Yaxşısı, budu ki, nə sənin 

qoşunun qırılsın, nə də mənim. Gəl bu meydanda ikimiz vuruşaq, sən 

məni öldürdün, Koroğlu da sənin, hər şey də sənin. Nə eləyərsən 

özün bilərsən, yox, mən səni öldürdüm, genə də nə eləyərəm özüm 

bilərəm. 

Eyvaz bir Ərəb Reyhana baxdı, bir dönüb Koroğluya baxdı, bir də 

belə dönəndə baxdı ki, Hürü xanım gəlib meydanın bir tərəfində 

dayanıb bunlara baxır. Elə bil dünya-aləm Eyvazın başına fırlandı. Bir 

dəli nərə çəkib meydanı dolanmağa başladı. Koroğlu da minarədən 

baxırdı. Gördü yox, deyəsən Eyvaz vuruşmaq istəyir. Koroğlu Ərəb 

Reyhanın gücünə bələd idi. Bilidi ki, Eyvaz onun öhdəsindən gələ 

bilməyəcək. Odu ki, qışqırıb dedi: 

– Eyvaz, məbada meydana girəsən. Əgər igiddi, qoy mənnən 

vuruşsun. 

Gördü yox, Eyvaz heç eşitmir. Dedi: 

– Ayə, minarənin yıxılacağından mənə ziyan yoxdu. Qorxma, qoy 

uçursunlar. 

Eyvaz hara, söz eşitmək hara? Elə idi, elə idi ki, dönmüşdü bir 

aslan balasına, zəncir gəmirirdi. Bir dəfə meydanı gərdiş eləyib üzünü 

tutdu Ərəb Reyhana. Dedi: 

Mərdsən, gəl meydana, paşa! 

Savaşaq indi sənnən mən. 

Gör gücümü, eylə haşa, 




Savaşaq indi sənnən mən. 

Götürrəm əlimə nizə, 

Mərdlər əhsən desin bizə, 

Duraq meydanda üz-üzə, 

Savaşaq indi sənnən mən. 

Demə mənə bu hədyanın, 

Yəqin bil ki, allam canın, 

Qılıncla tökərəm qanın, 

Savaşaq indi sənnən mən. 

Gərək dost, düşmanın seçəm, 

Çətin olar qorxam qaçam, 

İstərəm ki, meydan açam, 

Savaşaq indi sənnən mən. 

Mən Eyvazam, durmuşam mərd, 

Yaman ürəyə ollam dərd

İgidsənsə ol meydangərd, 

Savaşaq indi sənnən mən. 

Eyvaz sözünü tamam eləyib atı vurdu, Ərəb Reyhan da öz atını 

cövlana gətirdi. Koroğlu gördü day ayrı əlac yoxdu, bir dəli nərə çəkib 

dedi: 


Eyvazım minəndə Dürat belinə, 

Gərək göydə quşlar qanad saxlasın, 

Dava günü hər kim düşsə əlinə, 

Qabağında diz çökübən ağlasın. 

Şığıyıb düşmana qəddini bükər, 

Girəndə şəhərə bürc-barı sökər, 

Paşalar başında acı turp əkər, 

İgid gərək zərbəsini haxlasın. 

Mərd böyüyüb mərd ağası, mərd xanı, 

Tutacaq şöhrəti cümlə-cahanı, 

Gəzəcək Misiri, Şamı, Osmanı, 

İgid gərək qabağında tablasın. 

Qərəz, Ərəb Reyhanla Eyvaz başladılar davaya. Şeşpərdən, gürzdən 

murad hasil olmadı, əl elədilər qılınca. Qılınclar sındı, töküldü, əl 

elədilər nizəyə, nizədən də kar çıxmayanda atdan düşüb başladılar 

küştüyə. İlan kimi sarmaşdılar bir-birinə. Kotan kimi başladılar meydanın 

torpağını sökməyə. Eyvaz cavan, bərkə-boşa düşməmiş adam

Ərəb Reyhan min ilin pəhləvanı. Day, o necə deyərlər, pəhlivanlıq 

elminin bir dəlmə-deşiyi yox idi ki, Ərəb Reyhan oraya baş vurmamış 

ola. Neçə-neçə adlı pəhlivanlar basmışdı. O necə deyərlər, ad çıxartmışdı. 

Girələyib Eyvazın çiyin damarlarını saldı cənginə. Eyvazın 

gözləri başladı qaralmağa. Elə bil ki, dünya, aləm durdu başına hərlənməyə. 

Koroğlu baxdı ki, Eyvaz gedir. Ürəyi tablamadı. Elə bir nərə 

çəkdi ki, dağ-daş titrədi, dedi: 

Canım Eyvaz, gözüm Eyvaz, 

Bir bəri dön, bax bu yana! 




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə