L.F.BAUM
Oz ölkəsinin
Qəribə Sehirbazı
1.
Qasırğa
Doroti ucsuz-bucaqsız Kanzas çölünün düz ortasında yerləşən balaca evdə, fermer Henri
dayı və onun arvadı Em xalayla birlikdə yaşayırdı. İnşaat üçün lazım olan taxtalar çox
uzaqlardan gətirildiyinə görə evləri çox balaca idi; dörd divarı, damı, döşəməsi və bircə otağı
vardı, otaqda köhnə paslı sobadan, qab-qacaq taxçasından, masa və bir neçə oturacaqdan, iki
çarpayıdan başqa heç nə yox idi. Bir küncdəki böyük yataq Henri dayıyla Em xalanın, o biri
küncdəki balaca yataq isə Dorotinin idi. Evin çardağı, zirzəmisi yoxdu, amma döşəmənin altında
bir xəndək vardı, güclü qasırğalar zamanı ailə orada gizlənirdi. Bu yerlərdə, qarşısına çıxan
bütün evləri dağıda bilən dəhşətli qasırğalar olurdu. Otağın ortasında, döşəmədə sığınacağa
açılan kiçik qapı vardı, buradan nərdivanla həmin sığınacağa enmək olurdu.
Evdən çıxan və ətrafa göz gəzdirən Doroti yalnız kül rəngli çöl mənzərəsini görürdü.
Ta üfüqə qədər uzanan bu boz ərazidə insanın gözünü oxşayan nə bir ağac vardı, nə də bir ev. Bu
yerlərdə günəş elə qızmardı ki, onun yandırıcı şüaları altında şumlanmış torpaq bir an içində boz
palçığa dönürdü. Otlar da ətrafdakı hər şey kimi tezliklə bozarırdı. Bir zamanlar Henri dayı evi
rəngləmişdi, lakin günəş boyanı çat-çat etmiş, yağışlar rəngi yuyub aparmışdı. İndi ev də
bütünlüklə bozarmışdı. Em xala bu yerlərə təzə gələndə, gənc və yaraşıqlı bir gəlin idi, lakin
amansız günəş və qorxunc qasırğalar öz işini görmüşdü, xalanın gözlərindəki şən qığılcımlar
sönmüş, al yanaqları solmuş, çöhrəsi bozarmışdı. Artıq zəifləmişdi, yanaqları çökmüşdü və heç
gülümsəmirdi. Yetim qalan Doroti ilk gəldiyi günlərdə uşağın qəh-qəhəsi xalanı elə
qorxutmuşdu ki, qızcığazın nəşəli səsini hər eşidəndə diksinib əlini ürəyinin üstünə basırdı, elə
indinin özünəcən Doroti hər güləndə xala təəccüblə qıza baxır, bu boz həyatda gülməli nə
olduğunu anlaya bilmirdi.
Henri dayı da heç vaxt gülməzdi. Səhərdən axşamadək qan-tər içində işləyər,
əyləncənin nə olduğunu bilməzdi. Henri dayı da, uzun saqqalından tutmuş kobud çəkmələrinə
qədər, başdan ayağa bom-bozdu . Zəhmli, sərt görünüşü vardı, özü də qaradinməzin biriydi.
Dorotini əyləndirən, ətrafında hökm sürən bu bozluğa təslim olmağa qoymayan
yeganə varlıq balaca Toto idi. Toto boz deyildi. Onun gözəl ipək qara tükü, məzəli qara burnu,
sevinclə dolu xırda şən qara gözləri vardı, Toto səhərdən axşama qədər oynamaqdan yorulmazdı.
Doroti öz sədaqətli dostunu çox sevərdi.
Ancaq bu gün onların oynamağa halı yoxdu. Henri dayı eşiyə çıxıb pilləkəndə
oturmuşdu, əndişə içərisində gözlərini hər zamankından daha da boz görünən göy üzünə
zilləmişdi. Totonu qucağında tutmuş Doroti dayısının yanında durub göyə baxırdı. Em xala evdə
qabları yuyurdu. Uzaq şimalda külək sakitcə vıyıldayırdı, üfüqdəki hündür otlar dalğa kimi
coşurdu. Əks tərəfdən, cənubdan da belə sakit uğultu eşidilirdi. Henri dayıyla Doroti dönüb ora
baxanda otların dəniz kimi dalğalandığını gördülər.
Henri dayı birdən ayağa qalxdı:
- Em, qasırğa yaxınlaşır! – arvadına səsləndi, – Gedim görüm heyvanlar necədir! –
Dayı inək və atlar saxlanan tövləyə doğru qaçdı.
Em xala işini atıb qapıya gəldi. Bir baxışla fəlakətin yaxınlaşdığını anlamışdı.
- Doroti! – deyə bağırdı, – Tez sığınacağa qaç!
Bu an Toto Dorotinin qucağından yerə sıçrayıb çarpayının altında gizləndi. Doroti onu
tutmağa çalışırdı. Em xala döşəmədəki qapını açıb nərdivanla aşağı endi. Doroti Totonu tutub
sığınacağa
getmək istədi, amma bir addım da atmamış dəhşətli külək qopdu, balaca ev elə titrədi
ki, qız yerə yıxıldı.
Bu zaman qeyri-adi nəsə baş verdi.
Ev bir neçə dəfə öz oxu ətrafında fırlandı, sonra hava şarı kimi astaca göyə qalxdı.
Düz Dorotinin evinin dayandığı yerdə iki külək – şimal və cənub küləyi üz-üzə
gəlmişdi, toqquşaraq qorxunc burulğan əmələ gətirmişdilər. Hava axınları evin divarlarını daha
çox sıxdığına görə ev yuxarı qalxmış, nəhəng hava dalğasının zirvəsinə çatanda, yüngül quş
lələyi kimi uzaqlara uçmuşdu.
Pəncərələr qaranlıqdı, külək azğın heyvan kimi ulayırdı. Ancaq Doroti bunun o qədər
də pis olmadığını düşündü, uçmaq xoşuna gəlmişdi. Düzdür, əvvəlcə ev bir qədər fırlandı, sonra
sağa-sola əyilməyə başladı. Doroti beşikdəki kimi yüngülcə yırğalanırdı.
Baş verənlər Totoya xoş gəlmədi. O, bərk hürərək qızın ətrafında vurnuxurdu, Doroti
isə döşəmədə oturub, nə edəcəyini fikirləşirdi.
Sonra Toto döşəmədəki açıq qapıya çox yaxınlaşdı və oradan aşağıya düşdü. Doroti
elə bildi ki, itini həmişəlik itirib, sonra gördü ki, qapının qırağından heyvancığazın qara
qulaqlarının ucu görünür. Havanın təzyiqi itin yerə düşməsini əngəlləmişdi. Doroti Totoya tərəf
süründü, qulağından dartıb içəri çəkdi, sonra Toto bir də oraya düşməsin deyə qapını bərk-bərk
bağladı.
Zaman keçirdi, nəhayət, Doroti sakitləşdi, amma özünü çox yalqız hiss edirdi, külək
elə vıyıldayırdı, qızın az qalırdı qulaqları bata. Qız əvvəl elə bilirdi ev yerə düşəcək və onlar
parçalanacaqlar, amma elə şey baş vermədi. Onda Doroti həyəcanını unudub qərara aldı ki,
ümidini itirməsin. Qızcığaz gəmidə olduğu kimi ləngər vuran döşəməylə sürünüb yatağına
qalxdı, Totonu da özüylə götürdü. Evin titrəməsinə, küləyin vıyıldamasına baxmayaraq, qız
gözlərini yumdu və tezliklə yuxuya getdi.
2.
Çeynəçilərlə söhbət
Qəfil güclü təkan Dorotini yuxudan oyandırdı, qız yumşaq yataqda yatmasaydı bərk
əziləcəkdi. Doroti tez özünə gəldi və nə baş verdiyini fikirləşməyə başladı. Toto soyuq burnunu
qızın sifətinə dürtüb ümidsizcə zingildəyirdi. Qızcığaz yataqdan qalxıb oturdu. Hiss elədi ki, ev
daha uçmur. Artıq qaranlıq da deyildi, günəşin parlaq şüaları pəncərədən içəri süzülürdü. Doroti
Totoyla birgə yaxınlaşıb qapını tayba-tay açdı.
Balaca qız ətrafına baxdı və çaşqınlıq içərisində çığırmağa başladı, gördüyü qeyri-adi
mənzərə qarşısında gözləri bərələ qalmışdı.
Qasırğa Dorotinin evini, bir qasırğa üçün yavaş sayılacaq bir tərzdə, inanılmaz
gözəllikləri olan bir ölkəyə gətirmişdi. Ətrafda şirin dadlı meyvələrlə dolu ağaclar, yaşıl
çəmənlik vardı. Hər yanda qəribə çiçəklər bitmişdi. Ağac və kolların üstündəki bəzəkli quşlar
cəh-cəh vururdular. Yaxınlıqda xəfif pıçıltıyla dup-duru çay axırdı, hər halda, ömrünü quru
çöllükdə keçirmiş Dorotiyə bunlar belə görünürdü.
Qızcığaz dayanıb bu möcüzələrə heyran-heyran tamaşa etdiyinə görə ona yaxınlaşan
qəribə adamlar dəstəsinə fikir vermirdi. Adamlar Doroti boyda olsalar da, bilinirdi ki, onlar
yaşca böyükdürlər. Üç kişi və bir qadın əcaib geyimdə idilər. Onların başında hündür sivriuclu
zınqırovlu papaqlar vardı, yeriyəndə zınqırovlar asta-asta səslənirdi. Kişilərin papaqları mavi idi,
qadınınkı – ağ. Qadının əynində günəş altında xırda almazlar kimi par-par parlayan ulduzlarla
bəzədilmiş geniş plaş vardı. Kişilər başdan ayağa mavi geyinmişdilər, onların çəkmələri də mavi
idi. Doroti təxmin etdi ki, adamlar Henri dayı yaşındadır, qadın isə daha yaşlıdır. Kişilərin
ikisinin saqqalı vardı. Qadının sifəti qırışlarla örtülmüşdü, çətinliklə yeriyirdi.
Adamlar Dorotinin evinə yaxınlaşıb, öz aralarında pıçıldaşmağa başladılar, sanki
nədənsə qorxurdular. Nəhayət, balaca qarı qıza yaxınlaşdı, ona təzim edib məlahətli səslə dedi:
- Çeynəçilər ölkəsinə xoş gəlmisən, ay nəcib pəri! Şərqin Zalım Pərisini öldürüb
Çeynəçiləri köləlikdən azad etdiyinə görə biz sənə minnətdarıq!