- Bilmirəm. İstəyirsən, mənimlə gedək. Əgər Oz sənə beyin verməsə də halın
bundan
pis olmaz.
- Elədir, – Bədheybət razılaşdı və əlavə etdi, – Samanla dolu olsam da, narazı deyiləm.
Kimsə ayağımı bassa, ya da bədənimə sancaq batırsa, heç bir ağrı duymaram. Amma istəmirəm
ki, adamlar məni axmaq saysınlar. Başımda beyin əvəzinə samandırsa, dünyanı necə anlaya
bilərəm?
- Səni başa düşürəm, – Doroti dedi: – Mənimlə getsən, Ozdan xahiş edərəm ki, sənə
kömək etsin.
- Nə yaxşı! - Bədheybət sevindi.
Doroti Bədheybətə çəpəri aşmağa kömək etdi, onlar sarı kərpic yolla Zümrüd Şəhərinə
yollandılar.
Aralarına qatılan bu yad adam ilk baxışdan Totonun xoşuna gəlməmişdi. İt müqəvvanı
elə şübhəylə iyləyirdi ki, sanki samanın içində siçan yuvası vardı. Arada-bir Toto o qədər də
dostca olmayan bir ifadəylə mırıldayırdı.
- Totodan qorxma, – Doroti Bədheybətə dedi, – o səni dişləməz.
- Qorxmuram, it məni dişləsə də, saman bədənim hiss etməz. İcazə ver, zənbilini
aparım, axı mən heç vaxt yorulmuram. İstəyirsən, öz sirrimi sənə açım, – bir qədər yürüdükdən
sonra Bədheybət dedi, – bilirsən, mən nədən qorxuram?
- Nədən qorxursan, - Doroti sordu, - səni düzəldən Çeynəçi kəndlidənmi?
- Yox, - Bədheybət cavab verdi; - yanan bir kibrit çöpündən.
4. Meşə yolu
Bir azdan yol əvvəlki hamarlığını itirdi, yerimək çətinləşdi. Yolda çuxurlar vardı. Toto
onların üstündən atılır, Doroti isə ehtiyatla yanlarından keçirdi. Bədheybət isə, beyni olmadığına
görə, birbaşa çuxurların üstünə gedir, tez-tez də tir-tap sivri kərpiclərin üstünə yıxılırdı, amma
əzilmirdi. Doroti saman dostunu qaldırarkən, ilk növbədə elə Bədheybət özü öz bambılılığına
gülürdü.
Bu yerlərdə fermalar yaraşıqlı deyildi. Evlər, meyvə ağacları azdı. Yolçular getdikcə,
ətraf daha vahiməli, daha qaranlıq olurdu.
Günorta yolçular çayın sahilində dincəlmək istədilər. Doroti zənbildən çörək götürüb
Bədheybətə verdi, o isə imtina etdi.
- Mən aclığın nə demək olduğunu bilmirəm, buna görə də özümü çox xoşbəxt sayıram –
saman dost dedi, – axı ağzımı boya ilə çəkiblər, əgər üzümdə deşik açsaydılar, saman yerə
tökülərdi, başım formasını itirərdi.
Doroti onun söylədiklərinin doğru olduğunu anladı və başını aşağı salıb çörəyini iştahla
yeməyə başladı.
- Mənə özün haqqında, gəldiyin ölkə haqqında bir az danışsana – Bədheybət qızdan xahiş
etdi. Doroti Kanzasın boz çöllərindən, qasırğanın onu uzaq ölkəyə atmasından söz açdı.
Bədheybət diqqətlə qulaq asırdı, sonra dedi:
- Başa düşə bilmirəm, niyə belə gözəl ölkəni tərk edib üzüntülü, quru Kanzasa
qayıtmaq istəyirsən?
- Sənin beynin yoxdur, ona görə anlamırsan, – Doroti cavab verdi, – biz, qandan-
candan olan adamlar, öz ölkəmizdə yaşamaq istəyirik. İnsanın öz evi dünyada ən yaxşı yerdir.
Bədheybət köks ötürdü:
- Hə də, necə anlayım... Sizin də başınız mənimki kimi samanla dolu olsaydı, gözəl
ölkələrə gedərdiz, Kanzas tamam boşalardı. Kanzasın bəxti gətirib ki, orda əsil beyinləri olan
adamlar yaşayır.
- Bəlkə sən də özün haqqında danışasan? – Doroti soruşdu.
Bədheybət məyus halda qıza baxdı.
- Bilirsən də, mən hələ az yaşamışam, danışmağa bir şey yoxdur. Məni iki gün əvvəl
düzəltmişdilər. Məndən əvvəl nə olub, bilmirəm. Xoşbəxtlikdən, məni düzəldən kəndli əvvəlcə
qulaqlarımı çəkmişdi, mən də ətrafda baş verənləri eşitdim. Kəndli yanındakı Çeynəçidən
soruşmuşdu:
- Hə, qulaqlar necədir?
Çeynəçi də demişdi:
- Əyridir.
- Eybi yox, əsas odur ki, onlar qulaqlara oxşayır.
Kəndli haqlı idi. Sonra o, sağ gözümü çəkdi, mən də maraqla ətrafa baxdım.
- Pis deyil, – kəndlinin dostu dilləndi. – Mavi rəng gözlərə yaxşı yaraşır.
- İkinci gözü bir qədər böyük çəkəcəm, – kəndli fikir içində dedi və gözü çəkib
qurtarandan sonra hiss etdim ki, daha yaxşı görürəm. Sonra sahibim burnumu, ağzımı çəkdi,
amma danışmadım, çünki bilmirdim, ağız nəyə gərəkdir. Mən kəndli ilə dostunun iş görməsinə
maraqla baxırdım, onlar bədənimi, ayaqlarımı düzəldəndən sonra başımı birləşdirdilər. Elə
həmin kəndli kimi yaraşıqlı olduğumu düşündüm, özüm özümdən qürur duydum.
- Bu oğlan bütün qarğaları qorxudacaq, – kəndli dedi; – əməlli-başlı adama oxşayır.
- Hə, əsil adamdır, – dostu təsdiqlədi. Bildim ki, o da haqlıdır. Sahibim məni
qoltuğuna basıb qarğıdalı tarlasına gətirdi və taxta çubuğa taxdı. Onlar getdilər, mən isə tək
qaldım.
Məni tarlada tək qoymaları heç xoşuma gəlmədi, amma neyləyə bilərdim? Ayaqlarım
yerə dəymirdi, mən çubuqda qalmalı oldum. Darıxırdım, xəyala dala bilmirdim, axı mənim
xatirələrim yox idi. Tarla üzərindən uçan quşlar məni görən kimi qorxub gizlənmişdilər. Bu
mənə bir qədər təskinlik verdi, özümü önəmli bir adam hesab etdim. Bir az keçmiş qoca bir
qarğa mənə yaxınlaşdı, diqqətlə baxandan sonra çiynimə qonub belə dedi:
- Fermer bizi belə yöndəmsiz düzəlmiş bir şeylə aldatmaq istəyir? Ağlı başında olan
hər bir qarğa baxan kimi sənin adam deyil, bir müqəvva olduğunu biləcək. İçinə saman təpilmiş
adi zırlama bir müqəvva. – Bu sözləri deyib qarğa sakitcə yerə qondu, ürəyi istəyən qədər
qarğıdalılardan dənləməyə başladı. Başqa quşlar da mənim vecsiz olduğumu görüb uçub gəldilər.
Əvvəlcə yaman məyus oldum, pis müqəvva olduğumu düşündüm, amma bir də baxdım, qarğa
mənə təsəlli verir:
- Başında saman yox, beyin olsaydı, sən də adamlardan geri qalmazdın, bəlkə də
onlardan daha yaxşı olardın. Bu həyatda beyin insana da, qarğaya da gərəkli olan ən önəmli
şeydir.
Qarğalar uçub getdikdən sonra mən var gücümlə fikirləşməyə başladım, nəyin
bahasına olursa olsun, beyin əldə etməyə qərar verdim. Xoşbəxtlikdən, sən məni çubuqdan
çıxartdın. İndi Zümrüd Şəhərinə gedirəm, bəlkə müdrik Oz mənə beyin verər.
- Umudum var, verər – Doroti söylədi; – Beyin sənə bu qədər çox lazımdırsa, onda
Oz səni rədd etməz.
- Əlbəttə! Axı beyinsiz axmaq olduğunu bilmək çox pisdir!
Artıq çəpərlənmiş tarlalar geridə qalmışdı. Yolun hər iki tərəfində uzanan torpaq
şumlanmamışdı. Axşam yolçular qalın bir meşəyə çatdılar, burada ağacların budaqları kərpic
yolun üzərində biri-birlərinə sarılmışdı. Yerə işıq düşmürdü, getmək çətindi, lakin Doroti və
Bədheybət dayanmadan yürüyürdülər.
- Əgər yol bizi meşəyə gətiribsə, deməli, gec-tez bizi meşədən çıxaracaq! – Bədheybət
müdrikcəsinə dedi: – Yolun qurtardığı yerdə Zümrüd Şəhəri yerləşirsə, deməli, bu yolla axıra
qədər getməliyik.
- Bunu bilməyə nə var! – Doroti dedi.
- Hə də, bunu bilmək asan olduğuna görə mən də yalnız bunu deyə bilirəm, – dedi
Bədheybət; – Bunu bilməkdən ötrü beyin lazım olsaydı yəqin ki mən bunu deyə bilməzdim.
Təxminən bir saatdan sonra hava tamam qaraldı, amma yolçular yollarından
qalmadılar. Doroti heç nə görmürdü, ancaq bəzi itlər qaranlıqda çox yaxşı görə bildiyinə görə