yanına yüyürdü, ağaclardan biridə budaqların armudla dolu olduğunu gördü. Ən
iri və sulu
meyvələrdən bir neçəsini dərdi, qarnını doyurmaq üçün bundan yaxşı nə ola bilərdi.
Sonra Doroti evə qayıtdı, Totoyla birgə sərin sudan içib Zümrüd Şəhərinə getmək
üçün hazırlaşmağa başladı.
Dorotinin əynindəkindən başqa daha bir paltarı vardı, yuyulub-ütülənmiş halda
yatağın yanındakı qarmaqdan asılmışdı. Paltar ağ rəngdə idi, mavi damaları vardı, çox
yuyulmaqdan bozarsa da, hələ də yaraşıqlıydı. Doroti əl-üzünü yuyub təmiz paltarını geydi,
başına çəhrayı papaq qoydu. Kiçik zənbilə çörək qoyub üstünü təmiz ağ dəsmalla örtdü. Sonra
qız köhnə çəkmələrinə baxdı.
- Qorxuram ki, bunlar uzun səyahətə dözməsinlər. – Qız Totoya dedi. İt quyruğunu
buladı, Doroptinin nə dediyini başa düşmüşdü.
Doroti masanın üstündə Şərqin Zalım Pərisinin gümüş başmaqlarını gördü, köhnə
çəkmələrini çıxarıb gümüş başmaqları geydi. Başmaqlar elə bil onun ayaqlarına biçilmişdi. Lap
axırda zənbili götürdü.
- Hə, Toto, yolçu yolda gərək! Gedək Zümrüd Şəhərini tapaq və sehirbaz Ozdan xahiş
edək ki, bizi Kanzasa göndərsin.
Doroti evin qapısını açarla bağladı, açarı cibinə qoyub yola düşdü. Toto da hoppana-
hoppana qızın dalınca qaçmağa başladı.
Tezliklə Doroti gəlib dördyol ayrıcına çatdı, Zümrüd Şəhərinə hansı yolun apardığını
o saat başa düşdü – yollardan biri sarı kərpiclə döşənmişdi. Gümüş dabanlar bərk yolda
taqqıldayırdı. Günəş parlayır, quşlar bərkdən oxuyurdu, uzaq və yad ölkəyə düşmüş başqa qızlar
bəlkə də özünü burda bədbəxt hiss edərdi, amma Doroti elə qızlardan deyildi.
Yolun hər iki tərəfində gözəl mənzərələr görünürdü. Xoş mavi rəngli səliqəli
hasarların arxasında buğda tarlaları və bərəkətli bostanlar vardı. Deyəsən, Çeynəçilər yaxşı
fermer idilər, onların torpaqları bol məhsul verirdi. Hansı evin qarşısından keçirdisə içəridən
insanlar çıxıb qıza salam verir, ta uzaqlaşana qədər əyilib ona hörmətlə təzim edirdilər. Bütün
ölkəyə xəbər yayılmışdı ki, bu balaca qız Şərqin Zalım Pərisini öldürüb və Çeynəçilər xalqını
azad edib. Çeynəçilərin evləri qəribə idi, damları hündür gümbəz kimiydi, hamısı da mavi
rəngdə. Deyəsən, Çeynəçilər mavi rəngi çox sevirdilər.
Axşama yaxın Doroti yoruldu, gecəni harada keçirəcəyini düşünməyə başladı, bu
məqsədlə bir evə yaxınlaşdı. Bu ev başqa evlərə nisbətən bir qədər böyük idi. Evin qarşısındakı
yaşıl çəmənlikdə kişilərlə qadınlar rəqs edirdi. Beş balaca kamançı şən musiqi çalırdı, böyük
masa yeməklərlə doluydu – qəribə meyvələr, qozlar, piroq və tortlar.., ürəyin nə istəsə burada
vardı.
Dorotini görən Çeynəçilər qızı sevinclə salamladılar, süfrəyə dəvət edib, gecəni
onlarla birlikdə keçirməyi təklif etdilər. Bu ev ən zəngin Çeynəçinin eviydi, burada onun dostları
toplaşmışdı, onlar Zalım Pəridən möcüzəvi şəkildə azad olmalarını bayram edirdilər.
Dorotiyə ləziz yeməklərdən verdilər. Evin sahibi Boq qıza qulluq edirdi. Yeyib
qurtarandan sonra Doroti skamyada əyləşib rəqs edən qonaqlara baxırdı. Onun gümüş
başmaqlarını görən Boq:
- Sən də sehirbazsan? – soruşdu.
- Niyə belə deyirsiz? – Qız təəccübləndi.
- Çünki sən Zalım Pərini öldürmüsən, ağ paltar, gümüş başmaqlar geymisən. Ağ rəng
pərilərin rəngidir.
- Mənim paltarım ağdır, amma mavi damaları var, – Doroti əynindəki donun
qırışlarını düzəldərək etiraz etdi.
- Yaxşı ki, paltarın mavi damalıdır, – Boq cavab verdi. – Mavi rəng Çeynəçilərin
rəngidir, ağ rəng sehirbazların. Demək, sən xeyirxah pərisən, Çeynəçilərin dostusan.
Doroti bilmirdi nə desin. Bu ölkədə hər kəs onu sehirbaz hesab edirdi. Ancaq
Dorotinin özü, qasırğanın yad ölkəyə atdığı adi bir qız olduğundan əmin idi.
Doroti rəqs edənlərə baxmaqdan yorulanda Boq onu evə dəvət etdi, mavi mələfəli
yumşaq yataq qoyulmuş otağı göstərdi. Doroti rahat yataqda səhərəcən mışıl-mışıl yatdı, Toto
da yatağın yanındakı mavi xalçanın üstündə yumurlanıb gözlərini yumdu.
Ertəsi gün Doroti yuxudan oyanıb doyunca səhər yeməyi yedi. Bu zaman Çeynəçilərin
ən balaca uşağı Totoyla oynayırdı, uşaq itin quyruğunu dartıb elə məzəli gülürdü ki, Doroti özü
də təbəssümünü saxlaya bilmədi. Çeynəçilər Totoya qəribə canlı kimi baxırdılar, onlar heç vaxt
it görməmişdilər.
- Zümrüd Şəhəri çox uzaqdadır? – Doroti qonaqpərvər ev sahibindən soruşdu.
- Dəqiq bilmirəm, mən orda olmamışam. Əgər sehirbaz Ozla vacib işin yoxdursa,
onun gözünə görünməsən yaxşıdır. Bircə onu bilirəm ki, Zümrüd Şəhərinə yol çox uzaqdır, bir
neçə gün getmək lazımdır. Yol gözəl bir ölkədən keçir, lakin hərdən yolçular təhlükə və
çətinliklərlə rastlaşırlar.
Bu sözlər Dorotini bir qədər narahat etdi, amma onu yalnız böyük Oz geriyə, Kanzasa
qaytara bilərdi, odur ki, qız bütün çətinliklərə dözməyə hazırdı.
Doroti yeni dostlarıyla vidalaşdı və sarı kərpic yolla səyahətinə davam etdi. O, xeyli
gedəndən sonra dincəlmək istədi, yolboyu uzanan alçaq çəpərin yanında oturdu. Çəpərin
arxasında böyük qarğıdalı tarlası vardı, Doroti tarlada yetişmiş qarğıdalını dimdikləyən quşları
qorxutmaq üçün qoyulmuş müqəvvanı gördü.
Doroti çənəsini ovuclarına dayayıb müqəvvaya xeyli baxdı. Müqəvvanı samanla dolu
kisədən düzəltmişdilər, boya ilə göz, burun və ağız şəkli çəkib onu insana bənzətmişdilər.
Müqəvvanın başında sivriuclu mavi papaq, əynində rəngi bozarmış və samanla doldurulmuş
mavi paltar, ayaqlarında Çeynəçilərin geydiyi mavi uzunboğaz çəkmə vardı. Bu, ustalıqla
düzəldilmiş Bədheybət idi.
Birdən Bədheybət boyalı gözüylə Dorotiyə göz vurdu. Doroti əvvəl elə bildi ki, onu
qara basır, axı Kanzasdakı bostan müqəvvaları göz vurmurdu. Sonra Bədheybət qıza dostca baş
əydi. Bunu görən Doroti çəpərdən adlayıb müqəvvaya yaxınlaşdı. Toto bərkdən hürə-hürə saman
adamın ətrafında fırlanırdı.
- Salam, – Bədheybət xırıltılı səslə dedi.
- Sən danışa bilirsən? – Doroti mat qalmışdı.
- Əlbəttə. Necəsən?
- Yaxşıyam. Bəs sən necəsən?
- Belə də... – Bədheybət gülümsədi. – Bütün günü burada qalıb qarğaları qovmaq elə
də xoş deyil.
- Məgər sən buradan gedə bilməzsən?
- Yox, kürəyimə taxta çubuq sancıblar. Əgər məni buradan çıxarsan sənə minnətdar
olaram.
Doroti əlləriylə saman adamı bir qədər qaldırdı və asanlıqla onu çubuqdan çıxartdı.
Sən demə, saman adam heç də ağır deyilmiş.
- Minnətdaram, – ayaqları torpağa dəyən kimi Bədheybət təşəkkür etdi. – Nə gözəl
oldu! Elə bil təzədən doğuldum!
Doroti gözlərinə inanmırdı. Saman adam həm danışırdı, həm də təzim edib gəzirdi.
- Sən kimsən? – Bədheybət əsnəyərək soruşdu: – Və hara gedirsən?
- Adım Dorotidir, Zümrüd Şəhərinə gedirəm, böyük və müdrik sehirbaz Ozu
tapmalıyam ki, məni Kanzasa qaytarsın.
- Zümrüd Şəhəri hardadır, Oz kimdir?
- Doğrudan bunları bilmirsən? – qız çaşqınlıqla sordu.
- Yox, mən heç nə bilmirəm. Gördüyün kimi, içim samandandır, başımda da beyin
yoxdur.
- Zavallı!
- Səninlə Zümrüd Şəhərinə getsəm, müdrik Oz mənə bir az beyin verərmi? –
Bədheybət qəfildən soruşdu.