Kiçik dəstə yenə yola düzəldi. Aslan təkəbbürlə Dorotinin yanıyca addımlayırdı.
Əvvəlcə Toto yeni yoldaşı bəyənmədi, o, nəhəng aslan pəncəsinin zərbəsini hələ unutmamışdı,
lakin tezliklə Totonun həyəcanı yatdı bir az keçəndən sonra isə itlə aslan ayrılmaz dost oldular.
Həmin gün dostların başına bir əhvalat gəlmədi, yalnız Dəmir Odunçu bir böcəyi
ayaqlayıb əzdi. Böcək sarı kərpic yoldan keçmək istəyirdi. Bu hadisə Odunçunu elə məyus etdi
ki, o ağlamağa başladı, çünki Odunçu canlılara ziyan vurmaqdan çəkinirdi. Göz yaşları
Odunçunun sifətinə axdı, çənəsi paslandı. Doroti Odunçudan nəsə soruşanda, Odunçu ağzını aça
bilmədi. Bunu görən Odunçu bərk qorxdu, əl-qoluyla qıza işarə etdi, ancaq Doroti heç nə
anlamadı. Aslan da çaş-baş qalmışdı, Bədheybət Dorotinin zənbilindən yağqabını çıxarıb
Odunçunun çənəsini yağladı, bir müddət keçəndən sonra Odunçu artıq ağzını açıb danışa bilirdi.
- Mənə yaxşı dərs oldu! – Odunçu dedi; – Həmişə ayağımın altına baxmalıyam.
Ehtiyatsız olub bir də kimisə əzsəm, yenə ağlayaram, yenə də çənəm pas atar, danışa bilmərəm.
Bundan sonra Odunçu bütün yolu ayaqlarının altına baxırdı, qarışqa görəndə, ehtiyatla
onun üstündən keçirdi. Dəmir Odunçu ürəyinin olmadığını bilirdi, ona görə də daha diqqətli
davranırdı.
- İnsanların ürəyi var, – Odunçu dedi, – onlar ürəklərinin səsini dinləyib nə lazımsa
onu edirlər. Mənimsə ürəyim yoxdur, ona görə daim diqqətli olmalıyam. Yalnız böyük müdrik
Oz mənə ürək verəndən sonra bir qədər rahat ola bilərəm.
7. Yoldakı çətinliklər
Ətrafda daha heç bir ev olmadığına görə yolçular açıq havada, böyük qol-budaqlı bir
ağacın altında gecələmək qərarına gəldilər. Ağacın şaxəli budaqları dam kimi dostların başı
üstündə yüksəlirdi. Dəmir Odunçu odun yardı, Doroti böyük tonqal qaladı, isindi və ürəyini
sıxan narahatlığı unutdu. Qız Totoyla birgə sonuncu çörək tikəsini yemişdi, indi səhər yeməyinə
nə yeyəcəklərini bilmirdi.
- İstəyirsən, – Aslan təklif etdi, – meşəyə qaçıb səninçün bir maral ovlaya bilərəm.
Siz insanlar çiy ət yeyə bilmirsiz, ancaq onu tonqalda bişirmək olar, əla yeməkdi!
- Olmaz! Xahiş edirəm, bunu etmə! – Dəmir Odunçu yalvardı; – Maralı öldürsən,
hönkür-hönkür elə ağlaram ki, çənəm qalın pas qatıyla örtülər.
Lakin Aslan meşəyə qaçdı və yeməyə nəsə tapdı. Nə tapdığını heç kim bilmirdi, Aslan
özü də bunu gizli saxlayırdı. Bədheybət bir qoz ağacı tapıb Dorotinin səbətini doldurdu. Qız
Bədheybətin qayğıkeşliyindən razı qalmışdı, amma dostu qozları elə məzəli yığırdı ki, Doroti
gülməyini saxlaya bilmirdi. Qozlar balaca, Bədheybətin saman dolu barmaqları elə kobud idi ki,
qozların çoxu yerə tökülürdü. Qoz yığımı imkan vermişdi ki, Bədheybət tonqaldan uzaqlaşsın,
çünki o, təsadüfi qığılcımdan yanıb kül ola bilərdi.
Tonqal sönəndən sonra Bədheybət Dorotinin üstünü quru yarpaqlarla örtdü. Qız
səhərə qədər mışıl-mışıl yatdı. Səhər Doroti çayda üzünü yudu, sonra dostlar Zümrüd Şəhərinə
yollandılar.
Həmin gün macəralarla doluydu. Bir saat keçməmiş, yolçular yolu kəsərək meşəyə
doğru uzanan dərin bir xəndəyə yaxınlaşdılar. Xəndək həm enli idi, həm də dərin. Dostlar
xəndəyin dibinə baxanda orda çoxlu itiuclu daşların olduğunu gördülər. Xəndəyin kənarları elə
dik idi ki, aşağı enib o biri tərəfinə keçmək mümkün olmazdı. Dostlardan kimsə ağzından
qaçırtdı, səyahət burada bitməlidir dedi.
- İndi biz neyləyək? – Doroti həyəcanla soruşdu.
- Bilmirəm, – Dəmir Odunçu kədərlə cavab verdi, Aslan isə pırpız başını yellədi.
Bədheybət dedi:
- Biz xəndəyin üstündən qanad açıb uça bilmərik. Xəndəyin dibinə də enə bilmərik.
Əgər o biri tərəfə tullana bilmiriksə, deməli, burda qalmalıyıq.
- Mən tullana bilərəm, – Aslan gözləriylə məsafəni ölçüb dedi.
- Onda hər şey qaydasındadır, – Bədheybət sevindi; – Sən bir-bir bizi o biri tərəfə
keçirərsən.
- Elə isə onda birinci kimi keçirim? – Aslan soruşdu.
- Məni! – Bədheybət cavab verdi; – Tullana bilməsən, Doroti daşların üstünə yıxılıb
ölə bilər, Dəmir Odunçu isə əzilər, ancaq mənə heç nə olmaz, çünki mənimçün əzilmək təhlükəsi
yoxdur.
- Mən özüm də, doğrusu, yıxılmaqdan bir az qorxuram, – Qorxaq Aslan dedi; – amma
neyləməli, min belimə görüm, gəl tullanaq.
Bədheybət Qorxaq Aslanın belinə mindi, Aslan xəndəyin kənarına yaxınlaşıb bir az
çömbəldi.
Bədheybət dedi:
- Bəlkə qaçaraq tullanasan?
- Biz, aslanlar, belə etmirik. – Qorxaq Aslan cavab verdi və nəhəng yay kimi açılıb
xəndəyin üstündən o biri tərəfə uçdu. Hamı bu uğuru səs-küylə qarşıladı. Bədheybət Aslanın
belindən düşdü. Aslan təzədən geriyə, Dorotinin yanına tullandı. Qız Totonu qucağına götürdü,
bir əliylə aslanın yalından yapışdı. Quş kimi uçduğunu hələ anlamamış Doroti artıq xəndəyin o
biri tərəfində, Bədheybətin yanındaydı. Sonra növbə Dəmir Odunçuya çatdı. Aslan üçüncü dəfə
tullanaraq Odunçunu dostlarının yanına gətirdi. Ancaq Aslan yamanca yorulmuşdu, toyuq
qovalayan yekə itlər kimi dilini çıxarıb ağır-ağır nəfəs alır, töşküyürdü.
Xəndəyin bu tərəfində də meşə qalın və keçilməz idi. Bir qədər istirahət etdikdən
sonra yolçular sarı kərpicli çığırla yollarına davam etdilər. Hamı susmuşdu, tezliklə qalın
meşənin qurtaracağına və günəşin yenidən görünəcəyinə ümid edirdilər. Meşə dərinliyindən
qəribə səslər eşidilirdi, Aslan pıçıltıyla, buralarda Kalidasların olduğunu söylədi.
- Kalidaslar kimdir? – Doroti soruşdu.
- Onlar qorxulu heyvanlardır. Bədənləri ayı bədəni, başları pələng başıdır, – Aslan
izah etdi; – Dişləri elə uzun və itidir ki, mən Totonu asanlıqla parçalayacağım kimi onlar da məni
asanlıqla parçalaya bilərlər. Mən Kalidaslardan yaman qorxuram.
- Nə üçün qorxduğunu başa düşürəm, – Doroti dedi, – demək ki, onlar çox əcaib
varlıqlardır!
Aslan nəsə demək istədi, amma dostlar artıq başqa bir xəndəyə yaxınlaşmışdılar.
Xəndək elə enli idi ki, Aslan bu dəfə tullana bilməyəcəyini başa düşdü.
Yolçular bir qədər məsləhətləşdilər. Uzun mübahisə və fikirdən sonra Bədheybət
təklif etdi:
- Xəndəyin kənarında hündür ağac bitir. Odunçu onu yarıb xəndəyin üstünə körpü
kimi salsa, biz o biri tərəfə keçə bilərik!
- Əla fikirdir! – Aslan dedi; – Mənə elə gəlir ki, sənin başındakı saman deyil, əsil
beyindir.
Odunçu işə başladı. Baltası çox iti idi, tez bir zamanda ağacı kəsdi. Aslan güclü
pəncələriylə ağacı itələyib xəndəyin üstünə saldı. Yolçular bu əcaib körpünün üstündən keçməyə
hazırlaşırdılar ki, birdən nərilti eşitdilər. Onlara tərəf iki qəribə canlının qaçmaqda olduğunu
gördülər. Canlılar həm ayıya oxşayırdı, həm də pələngə.
- Bu Kalidaslardır! – Qorxaq Aslan qışqırdı və əsim-əsim əsməyə başladı.
- Tez olun, o biri tərəfə qaçın! – Bədheybət əmr etdi.
Dostlar bir-birinin ardınca tələsik xəndəyin o biri tərəfinə qaçdılar. Qorxaq Aslan
Kalidaslara tərəf dönüb elə nərə çəkdi ki, Doroti qışqırdı, Bədheybət yıxıldı, Kalidaslar isə
təəccüb içində donub qaldılar. Bir azdan onlar başa düşdülər ki, Aslandan iridirlər və sayca
çoxdular. Kalidaslar irəli cumdular. Aslan körpünün üstüylə qaçıb xəndəyin o biri tərəfinə keçdi,
gördü ki, Kalidaslar onun arxasınca qaçır. Qorxaq Aslan Dorotiyə dedi:
- Məhv olduq! Onlar bizi tikə-tikə edəcək! Mənim arxamda gizlən. Mən son nəfəsimə
qədər onlarla döyüşəcəm.
- Dayanın! – Bədheybətin ağlına bir fikir gəldi. O, Dəmir Odunçuya əmr etdi ki,
ağacın ucunu baltalasın. Dəmir Odunçu belə də etdi. Kalidaslar artıq körpünün ortasına qədər
gələ bilmişdilər, birdən körpü dəhşətli şaqqıltıyla xəndəyin dibinə düşdü. Kalidaslar sivri
daşlara çırpılıb öldülər.