- Deyəsən, ağaclar bizə müharibə elan edir, - Aslan başa düşdü, – istəyirlər ki, geri
çəkilək.
- Deyəsən mən baltamı işə salmalı olacam, - Dəmir Odunçu baltasını çiyninə atıb
Bədheybəti kənara fırladan ağaca yaxınlaşdı. Budaqlardan biri Odunçuya tərəf uzananda, Dəmir
Odunçu bir zərbəylə budağı dibindən qopartdı. Birdən ağacın bütün budaqları ağrıdan titrəməyə
başlasalar da Odunçunun meşəyə girməsinə mane ola bilmədilər.
- Ardımca! – Odunçu qışqırdı, - Tez olun!
Yolçular Odunçunun dalınca qaçdılar. Təkçə Totonu kiçik bir budaq tutub
zingildəyənə qədər silkələdi. Odunçu Totonu budaqlardan xilas etdi.
Meşədəki digər ağaclar özlərini yaxşı aparırdılar, heç kimə mane olmurdular. Dostlar
başa düşdülər ki, ancaq meşənin kənarındakı ağaclar polis vəzifəsi daşıyaraq yad adamları içəri
buraxmır.
Dostlar meşənin sərhəddinə qədər ağacların arasından asanlıqla keçdilər, gəlib çox
hündür bir divara dirəndilər. Divar ağ çinidən tikilmiş olduğunu gördükləri zaman lap çaşıb
qaldılar. Böşqab dibi kimi hamar olan bu divarlar çox yüksək idi.
- İndi nə edək? – Doroti soruşdu.
- Nərdivan düzəltmək lazımdır, - Dəmir Odunçu cavab verdi. – Biz divarı aşmalıyıq.
20. Çini ölkədə
Dəmir Odunçu meşədən tapdığı odunlardan bir nərdivan düzəldənə qədər Doroti
uzanıb yatdı, çünki uzun yol gəldiklərinə görə çox yorulmuşdu. Aslan və Toto da qızın yanında
yerlərini rahatladılar.
Dəmir Odunçunun işinə baxan Bədheybət fikirli halda dedi:
- Bu divarın nə üçün burada olduğunu və hansı maddədən düzəldiyini başa düşə
bilmirəm.
- Divar haqqında əndişəyə qapılıb beynini yorma, - dedi Dəmir Odunçu; - indi
nərdivan hazır olar, üstünə dırmaşıb divarın arxasında nələrin olduğunu görəcəyik.
Nərdivan tezliklə hazır oldu. Bir az kələ-kötür görünməsinə baxmayaraq, Dəmir
Odunçu işlərinə yarayacağından əmindi. Bədheybət Dorotini, Aslanı və Totonu oyandırıb
nərdivanın hazır olduğunu söylədi. Bədheybət nərdivanla qalxmağa başladı, ancaq yaman
yöndəmsiz idi, Doroti onun dalınca qalxaraq, yıxılmasın deyə onu tutmalı oldu. Bədheybət
divarın o biri tərəfini görə biləndə sevincək qışqırdı:
- Ay aman!
- Çıx görüm, - arxadan səsləndi Doroti.
Bədheybət divarın üstünə çıxıb oturduğu zaman Doroti divarın o biri tərəfini gördü və
eynilə Bədheybət kimi o da qışqırdı:
- Ay aman!
Sonra Toto divarın başına qalxıb hürməyə başladı, Doroti ona acıqlandı ki, səs
salmasın.
Sonra Aslan dırmaşdı nərdivana, ən axırda Dəmir Odunçu qalxdı; hər ikisi yuxarıya
çatan kimi:
- Ay aman! - deyə qışqırdılar.
Hamı divarın üstündə əyləşmişdi, ətrafdakı qəribə mənzərəyə baxırdılar. Qarşıda
nəhəng boşqaba oxşayan ağ yastı düzənlik vardı, ətrafa səpələnmiş əlvan rənglərlə boyanmış çini
evlər görünürdü. Evlər balaca idi, Dorotinin qurşağına qədər. Evlərin yanında çini anbarlar,
ətrafda çini hasarlar vardı. Çini çəmənlikdə çini qoyunlar, inəklər otlayırdı. Atlar, toyuqlar,
donuzlar da çinidən idi.
Bu qəribə ölkənin ən əcayib canlıları isə adamlardı. Dostlar maraqla zəngin geyimli
şahzadələrə, zolaqlı şalvar geymiş çobanlara baxırdılar. Zolaqlar çəhrayı, sarı, mavi rəngdəydi.
Orda atlas geyimli, ləl-cəvahiratla bəzənmiş qızıl taclı krallar, qırmızıyanaq şişpapaqlı təlxəklər
vardı. Ən qəribəsi buydu ki adamlar da, onların geyimləri də çinidəndi və çini ölkənin camaatı
əsil çırtdanlardı, onların ən uzun boylusu Dorotinin dizindən idi.
Əvvəlcə heç kim yolçulara fikir vermirdi. Təkcə yekəbaş bənövşəyi çinidən
düzəldilmiş bir it divara yaxınlaşıb nazik səslə hürdü, sonra qaçıb uzaqlaşdı.
- Divardan necə düşək? - Doroti soruşdu.
Dəmir Odunçunun düzəltdiyi nərdivan o qədər ağır idi ki, onu qaldırmaq mümkün
deyildi. Bədheybət yerə atıldı, dostları da əzilməsinlər deyə onun üstünə tullandılar. Əlbəttə,
dostları çalışırdı ki, Bədheybətin başına yıxılmasınlar, axı onun başı iynə-sancaqla dolu idi.
Hamı tullanandan sonra Bədheybətin yastılanmış bədənini yerdən qaldırdılar və yastıq kimi
çırpıb əvvəlki görkəmə saldılar.
- Bu sirli ölkədən keçməliyik, - Doroti dedi, - gəlin, Cənuba doğru yolumuzu
dəyişməyək.
Yolçular çini insanların yaşadığı torpaqlardan keçərək yollarına davam etdilər və ilk
qarşılarına çıxan çini bir inəyi sağan çini sütçü qız oldu. Yolçular inəyə yaxınlaşanda, inək təpik
atdı, vedrəni aşırtdı, çinidən olan sağıcı qız çini torpağa düşüb cingildədi.
Doroti inəyin ayağının sındığını, vedrənin parça-parça olduğunu və zavallı sağıcı qızın
sol dirsəyinin çatladığını görüb heyrətə gəldi.
- Bir gör neylədiz! – deyə sağıcı qız hirslə qışqırdı; - İnəyimin ayağı qırılıb, gərək onu
təmirçiyə aparım yapışdırsınlar. Niyə burda gəzib inəyimi qorxutdunuz?
- Bağışlayın, - Doroti peşmanlıqla dedi, - xahiş edirəm, hirslənməyin.
Ancaq gözəl sağıcı qız elə hirslənmişdi, cavab da vermədi. O, axsayan inəyini apardı,
gedəndə də elə hey dönüb məzəmmətlə bu ziyankar dostlara baxır, çatlamış qolunu böyrünə
sıxırdı.
Bu hadisə Dorotini çox məyus etmişdi. Yuxa ürəkli Dəmir Odunçunun da kefi
pozulmuşdu:
- Gərək burada çox diqqətli olaq, yoxsa bu kiçik gözəl insanları elə qırıb tökərik, heç
yapışdırmaq da olmaz.
Bir qədər sonra dostlar bəzənmiş bir şahzadə gördülər. Şahzadə təəccüb içində donub
qalmışdı, sonra qaçıb xilas olmaq istədi. Doroti onun dalınca qaçdı, çini şahzadə var gücüylə
qışqırdı:
- Məni tutma! Məni tutma!
Şahzadə elə qorxmuşdu ki, Doroti dayanıb ondan soruşdu:
- Niyə?
Şahzadə bir az da qaçıb dayandı və nəfəsini dərdi:
- Çünki qaçanda yıxılıb qırıla bilərəm.
- Sizi təmir etmək olmaz?
- Ah, olar; amma bilirsiniz təmirdən sonra belə gözəl olmayacam, - şahzadə başa saldı.
- Doğru deyirsiz, - Doroti onunla razılaşdı.
- Baxın, mister Coker gəlir, o bizim təlxəklərdən biridir, - şahzadə dedi. – O, baş-ayaq
dayanmağı elə sevir ki... Dəfələrlə yıxılıb qırılıb, indi bədəni, yəqin, bir-birinə yapışdırılmış min
parçadan ibarətdir. Onu yaraşıqlı adlandırmaq olmaz, indi özünüz görərsiz.
Həqiqətən, balaca şən təlxək dostlara yaxınlaşırdı. Onun əynində qırmızı-sarı-yaşıl
geyim vardı, bütün bədəni çat-çat idi. Demək, təlxəyi dəfələrlə təmir edib yapışdırmışdılar.
Təlxək ovurdlarını şişirtdi, əllərini cibinə soxub başını yelləyərək dəcəl səslə qışqırdı:
-
Mənim gözəl xanımım
Nədən sənin gözlərin
Bu zavallı Cokerin
Üst-başına zillənib
Çox əsəbi durmusuz
Elə bil mil udmusuz!
- Səsini kəs! – Şahzadə acıqlandı. - Görmürsən bunlar yad adamlardır, onlara hörmətlə
yanaş.