etdiyini
hiss edə bilirdi, Dorotiyə bu ürəyin ətdən və sümükdən olduğu vaxtlardakından daha
həssas olduğunu söyləmişdi. Aslan dünyada heç kimdən qorxmadığını bildirmişdi və böyük bir
insan ordusu ya da Kalidaslarla döyüşə hazır olduğunu söyləmişdi. Hamı sevinirdi, Dorotidən
başqa. O, Kanzasa qayıtmaq istəyirdi, xala və dayısından ötrü elə darıxmışdı ki...
Dördüncü gün, nəhayət Oz onu çağıranda Doroti çox sevindi Taxt Otağına girəndə Oz
gülümsər bir ifadəylə dedi:
- Otur, balacığaz, deyəsən səni buradan çıxarmanın yolunu tapmışam.
- Və Kanzasa qayıtmağımın da yolunu tapmısız?
- Bunu deyə bilmərəm, axı bilmirəm, Kanzas hardadır. Ancaq ilkin görəcəyimiz iş
səhranı keçməkdir, ondan sonra evini tapmaq çətin olmayacaq.
- Səhranı necə keçməliyəm? – Doroti intizarla soruşdu.
- İndi sənə nə düşündüyümü söyləyəcəm, - dedi balaca adam; - yadındadırsa buraya
bir hava şarında gəldiyimi sənə demişdim. Sənin evini də bura qasırğa atıb, buna görə də
zənnimcə, buralardan ancaq hava yolu ilə qaçmaq olar. Mən qasırğa yarada bilmərəm, amma bu
məsələ üzərində çox düşündüm, sanıram hava şarı düzəldə bilərəm.
- Necə? – Doroti soruşdu.
- Hava şarı yapışqanla yapışdırılmış ipək parçadan hazırlanır, içinə qaz doldurulur.
Sarayımda ipək istədiyin qədər var, ona görə də şar düzəltmək çətin olmaz. Ancaq burada şarı
havaya qaldırmaqdan ötrü qaz tapmaq çətindir, qaz olmasa şar havaya qalxmaz.
- Şar uşmayacaqsa, onun nə xeyri?
- Düzdür, - Oz razılaşdı. - Başqa üsul da var, şarı isti hava ilə doldurmaq olar. İsti
hava qaz qədər yararlı deyil, çünki isti hava soyusa, şar səhrada düşə bilər və biz məhv olarıq.
- Biz? – deyə Doroti qışqırdı, - siz mənimlə uçursuz?
- Əlbəttə, - Oz cavab verdi, - daha yalançı olmaq istəmirəm. Saraydan çıxsam,
insanlar mənim sehirbaz olmadığımı başa düşərlər və onları aldatdığım üçün çox hirslənərlər.
Buna görə də mən bütün günümü qapalı yaşayıram və artıq bu məni yaman yorub. Yaxşısı budur
səninlə birlikdə Kanzasa gedim, yenə bir sirkdə işləməyə başlayım.
- Birlikdə uçmağı mən də istəyərəm, - Doroti sevindi.
- Minnətdaram, - Oz cavab verdi. – İndi mənə ipək parçanı tikməkdə kömək et ki hava
şarımızı düzəldə bilək.
Doroti iynə-sap götürüb Ozun kəsdiyi ipək parçaları səliqəylə tikdi. Öncə açıq yaşıl,
sonra tünd yaşıl, ən axırda zümrüd rəngli parçaları biri-birinə tikirdi, çünki Oz hava şarının
yaşılın müxtəlif tonlarında olmasını istəyirdi. Üç gün-üç gecə onlar yaşıl ipək parçalarını tikib,
işi tamamladılar, nəticədə iri bir torba alındı.
Oz parçanın tərs üzünə yapışqan sürtüb hava keçirməz hala gətirəndən sonra hava
şarının hazır olduğunu bildirdi.
- Ancaq içinə minə biləcəyimiz bir səbət də olmalıdır, - Oz dedi və yaşıl saqqallı
əsgəri böyük bir zənbilin dalınca göndərdi. Oz zənbili iplərlə şarın altına bağladı. Hər şey hazır
olanda, Oz Zümrüd Şəhərinin sakinlərinə elan etdi ki, buludlarda yaşayan sehirbaz qardaşının
yanına gedir. Bu xəbər bir göz qırpımında bütün şəhərə yayıldı, camaat Ozun göyə uçmasını
seyr etmək üçün meydana axışdı.
Sehirbazın əmriylə hava şarını sarayın qarşısındakı meydana gətirdilər. Dəmir Odunçu
çoxlu odun yarıb nəhəng tonqal qaladı. İsti hava şarın düz içinə dolub şarı köpürdürdü. Artıq hər
şey uçuşa hazırdı.
Oz zənbilə qalxıb toplaşanlara ucadan dedi:
- Mən qonaq gedirəm, indi sizin hökmdarınız Bədheybətdir, mənə itaət etdiyiniz kimi
ona itaət edin, sözünə qulaq asın.
İsti hava soyuq havadan daha yüngül olduğu üçün şar yuxarı qalxırdı, bağlandığı qalın
ipləri az qalırdı qoparsın. Oz qışqırdı:
- Tez ol, Doroti, min! Yoxsa şar uçur!
- Mən Totonu tapa bilmirəm! - Doroti fəryad etdi. O, balaca itsiz qayıtmaq istəmirdi.
Toto pişiyin dalınca qaçıb gözdən itmişdi. Nəhayət, Doroti Totonu tapıb bağrına basdı və şara
tərəf qaçdı.
Şara bir neçə addım qalmışdı. Oz əllərini irəli uzatdı ki, Dorotiyə kömək etsin, amma
bu an iplərdən biri qırıldı və şar Dorotisiz yuxarı qalxmağa başladı.
- Dayanın! Mən də uçmaq istəyirəm! – Doroti var gücüylə qışqırdı.
- Mümkün deyil! – Oz da qışqıraraq cavab verdi. – Əlvida, Doroti! Hamıya əlvida!
Sakinlər də: “Əlvida, Oz!” qışqırdılar, bütün gözlər sehirbazın içində durduğu və
getdikcə yuxarı qalxan səbətə dikilmişdi.
Daha heç kim bir də Böyük Sehirbaz Ozu görmədi, yəqin o, Omahaya sağ-salamat
çata bilmişdi. Zümrüd Şəhərinin sakinləri müdrik hökmdarlarını sevgiylə xatırlayır və deyirdilər:
- Oz həmişə dostumuz olub, bizimçün gözəl Zümrüd Şəhərini tikib, çıxıb gedəndə öz
əvəzinə Ağıllı Bədheybəti hökmdar təyin edib.
Uzun müddət Qeyri-adi Sehirbazın arxasınca göz yaşı axıtdılar.
18. Cənuba səyahət
Doroti bütün ümidlərinin puç olduğunu anlayıb hönkürdü. Artıq Kanzasa qayıda
bilməyəcəkdi. Amma sonra qız oturub fikirləşdi və hava şarıyla təhlükəli səyahətə uçmadığına
sevindi. Lakin hər halda, dostlar Ozu itirdiklərinə görə çox kədərlənirdilər.
Dəmir Odunçu Dorotiyə dedi:
- Mənə belə gözəl ürək vermiş adama qarşı laqeyd olsam, nankor olaram. Ürəyimdən
ağlamaq keçir, ancaq ağlasam pas tutacağımdan qorxuram. Sən mənim göz yaşlarımı silərsən?
- Məmmuniyyətlə, - Doroti dedi və bir dəsmal gətirdi.
Dəmir Odunçu bir neçə dəqiqə hönkür-hönkür ağladı və qız onun göz yaşlarını
dəsmalla quruladı. Doyunca ağlayandan sonra Dəmir Odunçu qıza təşəkkür edib gümüş
yağqabıdakı yağla hər tərəfini yağladı.
İndi Zümrüd Şəhərinin hökmdarı Bədheybət idi, sehirbaz olmasa da insanlar onunla
fəxr edirdilər. Çünki, - deyirdilər, - dünyada samanla doldurulmuş bir adam tərəfindən idarə
edilən başqa bir şəhər yoxdur. Və sakinlər tamamilə haqlıydı.
Hava şarının Ozla birlikdə uçub getməsindən sonrakı gün dostlar Taxt Otağına
toplaşıb nə edəcəklərini götür-qoy etməyə başladılar. Bədheybət mərmər taxtda əyləşmişdi, o
biriləri isə sayğılı bir şəkildə onun yaxınlığında dayanmışdılar.
- Deyə bilmərik ki, bəxtimiz gətirməyib, - şəhərin yeni sahibi dedi, - saray və Zümrüd
Şəhəri bizimdir, nə istəsək, edə bilərik. Bir müddət əvvəl tarladakı çubuqda qalıb qarğaları
qovduğumu xatırlayıram, indisə gözəl şəhəri idarə edirəm. Taleyimdən çox razıyam
- Mən də, - Dəmir Odunçu dedi. – yeni ürəyimdən çox razıyam; və gerçəkdən də
istədiyim təkcə bu idi.
- Mənə gəlincə, yer üzündəki bütün heyvanlar qədər, bəlkə də daha cəsarətli
olduğumu bildiyimə görə çox xoşbəxtəm, - Aslan təvazökarlıqla söylədi.
- Doroti də Zümrüd Şəhərində yaşamaq istəsəydi, hamımız birlikdə xoşbəxt ola
bilərdik, - Bədheybət dedi.
- Ancaq mən burda yaşamaq istəmirəm, - deyə bağırdı Doroti. Kanzasa gedib Em xala
və Henri dayı ilə yaşamaq istəyirəm.
- Yaxşı, elə isə biz neyləyək? – Dəmir Odunçu fikrə getdi.
Bədheybət də fikir içində idi. O elə dərin fikrə getmişdi ki, başındakı iynələr və çivlər
kənara çıxmağa başladı. Axırda dilləndi:
- Nəyə görə Uçan Meymunları çağırıb sənin səhranı keçmənə yardım etmələrini
istəmirik?
- Bu heç mənim ağlıma gəlməmişdi! – Doroti sevincək qışqırdı. – Bu saat gedib Qızıl
Papağı gətirim.