94
Məsələ burasındadır ki, Qafqazın ali ruhani nümayəndələri də seminariyanın
açılmasına ehtiyac olduğunu etiraf etməyə başlamışlar. Belə təhsil müəssisəsinin
vacibliyini Zaqafqaziya şeyxülislamı Abdusalam Axundzadə qeyd etmiş, ilk addım
kimi ali hakimiyyət orqanları qarşısında məsələ qaldırmışdı. Onlar razılıq versə də,
şeyxin vəfatı bu işin davam etdirilməsinə mane olmuşdu. Sonralar bu məsələ ilə
şeyxülislam Axund Pişnamazzadə məşğul olsa da, vəsait çatışmazlığı ucbatından
seminariyanın açılmasına nail ola bilməmişdir. C.Hacıbəyliyə görə, vəsait tapmaq,
vəqfin və məscidlərin yardımı ilə, şübhəsiz, seminariya açmaq olardı. Müəllif
göstərir ki, ruhanilərimizin kədərli, ağır vəziyyətə düşməsinə seminariyanın
olmamasından başqa digər səbəblər də var.
Qəzetin növbəti nömrələrindən birində verilmiş məqalədə bu səbəblərdən
bəhs etməzdən əvvəl, C.Hacıbəyli oxucunun diqqətini «Kaspi»nin 264-cü
nömrəsində Tiflisdən verilmiş bir xəbərə cəlb edir. Xəbərdə bir seminariyanın
açılması ilə bağlı görülən tədbirlərdən bəhs olunur. Göstərilir ki, ruhani və dünyəvi
şəxslərdən ibarət Komissiya Tiflis seminariyasının proqramını, Nizamnamə və ştat
cədvəlini hazırlamaqla məşğuldur. Komissiyanın qənaətinə görə, seminariya iki
yolla yarana bilər: ya müstəqil, ya da hansısa dini məktəbin yenidən qurulması ilə.
Komissiya ikinci yolu seçmişdir. C.Hacıbəyli əmindir ki, Komissiyanın işinə
Tiflisdən başqa Qafqazın digər şəhərlərindən də ziyalı müsəlmanlar cəlb
edilməlidir. Yalnız Tiflisin Komissiya üzvlərinin iştirakı ilə indiki tələblərə cavab
verə bilən dini mərkəzin açılması müşkül məsələdir.
Xalqını, onun mənəvi, maddi dəyərlərini yüksək qiymətləndirən, tərəqqi və
maarif naminə yorulmadan çalışan C.Hacıbəyli ayrı-seçkiliyin, müxtəlif
təriqətlərin qərəzli mübarizəsinin qatı əleyhdarı olmuşdur. Təsadüfi deyil ki,
seminariyanın açılması ilə bağlı məsələlərdən bəhs olunarkən tez-tez «şiə»
sözünün işlədilməsi Ceyhun bəyi narahat edir. Böyük qələm sahibi yazırdı ki,
seminariyaya bütün müsəlmanların – həm şiələrin, həm də sünnilərin ehtiyacı var.
Seminariyanın açılmasına münasibət bu cür olsa, ruhanilərin tərbiyəsindəki
nöqsanları aradan qaldırmaq, Avropada İslam barəsində yayılan qərəzli söz-
95
sö
hbətlərin qarşısını almaq olar. Məqalənin sonuncu hissəsində (8 dekabr, № 274)
müəllif ruhanilərin vəziyyətinin qeyri-qənaətbəxş olması səbəblərini izah etmək
üçün onların gəlir mənbəyinin açıqlanması vacibliyini göstərir. O, yazır:
«Ruhanilərin müəyyən gəlir mənbəyi yoxdur. Onlar təsadüflərin hesabına
yaşayırlar». C.Hacıbəyli təsadüflərin nədən ibarət olduğunu da qeyd edir ki,
oxucuda mollanın həyat tərzi, gəlir mənbəyi barədə tam təsəvvür yaratsın. Molla
gözləməlidir ki, xeyir və ya şər məclisində kimsə ona müraciət edəcək, yaxud
yoldan ötən bir kəs uzun Ramazan gecəsində atasının ruhunu şad etmək xəyalına
düşəcək, ya da ki, məhərrəmliyin sonunda mərsiyəxandan sonra növbə mollaya
çatacaq. Bunlardan başqa, həm də pedaqoji fəaliyyətlə məşğul olan mollalar da var
ki, onun gəlirinə qəpik-quruş əlavə etmək olar. C.Hacıbəyli göstərir ki, tək
mollanın yox, ruhanilərin bütün təbəqəsinin, hətta şeyxülislamın belə gəliri azdır.
İqtisadi çətinliklər istər-istəməz mollada da «yaşamaq uğrunda mübarizə»
şüarı ilə çalışmaq keyfiyyəti aşılayır. Təbii ki, belə vəziyyətdə ümumxalq
mənafeyin şəxsi mənafeyə qurban verilməsi şansı çoxalır. Molla təbii olaraq
məktəb açan, elmə səsləyən dünyəvi ziyalıların timsalında öz rəqibini görür.
Ziyalıların əsl niyyətlərindən xəbərsiz mollalar mədəni-maarifçilik işini onlara
qarşı çevrilmiş akt kimi qəbul edirlər. Mollanın yaşadığı, işlədiyi ərazidə məktəbin
açılması mədrəsədən axına səbəb olur ki, bu da onun cibinə zərbə vurur. Şübhəsiz,
belə vəziyyət mollanı haldan çıxarır. Əgər mola iqtisadi cəhətdən tam təmin
olunsaydı, heç şübhəsiz, minlərcə məktəbin açılması onu qıcıqlandırmaz və «rus
işqolu»nun ünvanına söyməzdi. C.Hacıbəylinin fikrincə, vəziyyət bu cür davam
etsə, kütləvi, mənəvi, fiziki şikəstliklər baş verə bilər. Bu gün ruhanilərin iqtisadi
təminatı birinci dərəcəli əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu, 1914-cü ildə
keçirilmiş müsəlmanların qurultayında da qeyd olunmuşdur.
Böyük publisist ruhanilərin ehtiyacından bəhs edərkən çox vacib bir
məsələni də vurğulamışdır. Onun qənaətinə görə şəxsi və əmlak münasibətlərində
müsəlman ruhanilər də xristian ruhanilərə aid hüquq və imtiyazlardan istifadə
etməlidirlər. C.Hacıbəyli məqalənin sonunda ruhani dünyasında ediləcək
96
dəyişikliklərin rəhnini iki məsələnin təxirəsalınmadan həll olunmasında görür:
təlim-tərbiyə və təminat. Cəmiyyətdə bəziləri də mollaların iqtisadi mübarizəsini
dinlə elmin, köhnəliklə yeniliyin, cəhalətlə işığın mübarizəsi kimi qiymətləndirir.
Göründüyü kimi, İslamın mahir bilicisi və istedadlı qələm sahibi C.Hacıbəyli
ru
haniliyin mövcud problemlərini çox obyektiv şəkildə araşdırmış, çıxış yolunu
göstərmiş, bununla da həm, yalnız «ifşa etməklə» məşğul olan qafqazlı
həmkarlarını qınamış, həm də Avropada «fanatizm», «dözülməzlik» kimi
ibarələrlə aləmə car çəkən ideoloqlara tutarlı cavab vermişdir. C.Hacıbəylinin gənc
yaşlarında «Kaspi»də dərc etdirdiyi İslamdan bəhs edən yazılarını onun sonrakı
illərdə – xüsusilə mühacirət dövründəki çox dəyərli tədqiqatlarının bünövrəsi hesab
etmək olar.
Xeyriyyəçilik ötən əsrin əvvəllərində digər ictimai işlərdən heç də az
əhəmiyyət daşımayan, əksinə xalqın taleyi və mədəni-mənəvi inkişafı baxımından
mühüm hərəkat idi. Təsadüfi deyil ki, həmin dövrdə elm, mədəniyyət, təhsil kimi
sahələrin tərəqqisində, ümumiyyətlə xalqın maariflənməsində bu hərəkatın
müstəsna xidmətləri olmuşdur. «Kaspi» qəzeti Bakıda xeyriyyəçiliyin yayılması,
təşkilatlanması sahəsində çox ciddi işlər görmüşdür. Qəzetin səhifələrində
«Cəmiyyəti-xeyriyyə», «Səadət», «Nicat», «Nəşri-maarif» cəmiyyətlərinin, ayrı-
ayrı xeyriyyəçilərin fəaliyyəti müntəzəm işıqlandırılır, onların qiraətxana,
kitabxana, məktəblər açması, kitablar nəşr etməsi, imkansız, lakin istedadlı şagird,
tələbələrə, ehtiyacı olanlara yardım göstərməsi, təcrübəli müəllimlərin qayğı ilə
əhatə olunması istiqamətindəki fəaliyyətləri yüksək dəyərləndirilirdi. «Kaspi»də
xeyriyyəçilik problemləri mövzusunda yazan müəlliflər arasında Ceyhun Hacıbəyli
xüsusi fəallıq göstərir, xeyriyyəçilik, onun problemləri ilə bağlı çox ciddi
məqalələr qələmə alırdı. Maraqlıdır ki, Ceyhun bəy bu qəbildən olan yazıları
hazırlayarkən yalnız faktları toplamır, müqayisə etmir, müşahidə aparmır,
araşdırmır, eyni zamanda xeyriyyəçilik işində, xeyriyyə cəmiyyətlərinin
fəaliyyətində, tədbirlərində yaxından iştirak edir. Mövzuya doğma münasibəti və
Dostları ilə paylaş: |