Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
394
Nitqin elementlərindən olan cümlə real varlığın, hər hansı məlumatın müəyyən cizgilərini, əlamətlərini
ifadə edir. Təcrübə göstərir ki, I sinif şagirdlərinin üçdə ikisi dərs ilinin əvvəllərində tələb olunduqda cümlə
qurmaqda çətinlik çəkirlər.Bu onlarda cümlə haqqında ilkin biliklərin olmamasından irəli gəlir. I-IV
siniflərdə sadə cümlənin tədrisi zamani beş istiqamətdə iş aparılmalıdır:
1.Cümlənin qurulması
2.Cümlənin genişləndirilməsi
3.Məqsəd və intonasiyaya görə cümlələrin tərtibi
4.Eyni məzmunun müxtəlif formalarla verilməsi
5.Cümlədə artıq sözlərin ixtisarı
Təcrübə göstərir ki, ibtidai siniflərdə cümlənin mənimsənilməsi üzrə aparılan belə işlər IV sinfin
sonunda məktəblilərin aşağıdakı biliklərə yiyələnmələrini təmin edir:
1.Nitqimiz cümlələrdən, cümlələr sözlərdən ibarətdir. Bitmiş fikri ifadə etmək üçün cümlədəki sözlər
müəyyən cəhətdən əlaqələnir.
2.Cümlə yazıda böyük hərflə başlanır, məqsəd və intonasiyadan asılı olaraq sonunda nöqtə, sual və
nida işarələrindən biri qoyulur.
3.Sözlər mənasına görə cümlədə müəyyən ardıcıllıqla birləşir.
4.Cümlədə kimin və ya nəyin isə haqqında danışılır, nə isə deyilir.
Təcrübə göstərir ki, I sinif şagirdlərinin üçdə ikisi dərs ilinin əvvəllərində tələb olunduqda cümlə
qurmaqda çətinlik çəkirlər.Bu onlarda cümlə haqqında ilkin biliklərin olmamasından irəli gəlir. İbtidai
siniflərdə cümlənin əlamət və kateqoriyalarına mətn üzrə iş prosesində kompleks şəklində yanaşılır,
şagirdlərin bilikləri konkret faktlarla əlaqələndirilir və möhkəmləndirilir. I-II siniflərin proqram və
dərsliklərində sintaksisin tədrisinə müəyyən yer verilir, lakin mətn üzrə işə yalnız III-IV siniflərdə praktik
yolla başlamaq imkanı vardır. Bu heç də o demək deyildir ki, I-II siniflərdə bu sahədə iş aparmaq olmaz.
Əksinə, həmin siniflərdə cümlə üzərində rəngarəng işin təşkili şagirdləri III-IV siniflərdə mətn üzrə işə
hazırlayır.
Cümlə haqqında praktik bacarıqlar uşaqlarda məktəbə qədəm qoyduğu dövrdən əvvəl, hətta dil
açmağa başladığı vaxtlardan formalaşmağa başlayır.Onlar öz fikirlərini çatdırmaq üçün cümlələr
qururlar.Onların nitqində sual ,əmr,nida cümlələri də yer alır.Şagird artıq məktəbə başlayarkən onda
müəyyən cümlə ehtiyatı olur.Lakin şagirdlər onların cümlə olduqlarını dərk edə bilmirlər.
Məktəbin əsas vəzifələrindən biri şagirdlərin cümlə qurmaq bacarığının,nitqini inkişaf etdirməkdən
ibarətdir.Məhz bu səbəbdən şagird məktəbə qədəm qoyduğu gündən etibarən cümlə anlayışı ilə
tanışlıq başlayır.
Cümlə, onun tərkibi anlayışlarının formalaşdırılmasında baş üzvlərlə yanaşı ikinci dərəcəli üzvlər və
onlar haqqında əldə edilən məlumatlar da mühüm rol oynayır. İkinci dərəcəli üzvlərin iştirakı ilə cümləni
genişləndirməklə yanaşı, onun mənasını, məğzini açır, cümləni daha rəngarəng edir. Eyni zamandaikinci
dərəcəli üzvlərin iştirakı ilə qurulan cümlələr şagirdlərin fikirlərini daha ətraflı, müfəssəl söyləmələrinə
köməkçi olur.
Cümlənin ikinci dərəcəli üzvləri ilə tanışlıq III sinifdə başlayır. İkinci dərəcəli üzvlərin tədrisi də baş
üzvlərdə olduğu kimi cümlələr üzərində işlə izah edilir. Müəllim şagirdlərə cümlə daxilində baş üzvlərlə
yanaşı, ikinci dərəcəli üzvlərin də iştirak etdiyini şagirdlərin diqqətinə çatdırır. Baş üzvlər kimi ikinci
dərəcəli üzvlər də müəyyən suallara cavab verirlər və cümlənin baş üzvlərini (mübtəda və xəbər)
aydınlaşdırırlar.
Cümlənin ikinci dərəcəli üzvlərindən bir qismi mübtədaya, bir qismi isə xəbərə aid olur, onu izah edir.
İkinci dərəcəli üzvlərdən hansının hansı baş üzvü ilə bağlı olduğunu öyrətmək üçün ən əlverişli yollardan biri
şagirdlərə cümlədəki sözlər arasındakı əlaəni mənimsətməkdən ibarətdir. Cümlədə sözlərin əlaqəsi üzrə
aparılan işlər nəticəsində şagirdlər cümləni əmələ gətirən sözlərin mənaca bir-biri ilə bağlı olduğunu, sözlər
arasındakı əlaqəni suallar vasitəsi ilə müəyyənləşdirməyi, cümlə üzvlərinin hər birinin ayrılıqda müəyyən
suala cavab verdiyini öyrənirlər.
Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may 2018-ci il
395
ALTINCI SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ
ZƏRFİN MƏNA NÖVLƏRİNƏ DAİR ÇALIŞMALAR
Şərifzadə A.C.
Bakı Slavyan Universiteti
İş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, eləcə də, əlamətin əlamətini bildirən sözlərə
zərf deyilir. Azərbaycan dili dərslərində zərfin və onun məna növlərinin öyrədilməsinin əhəmiyyəti
böyükdür. Bunun üçün təkcə qrammatik məfhumların öyrədilməsi ilə iş hələ yekunlaşmış sayılmır. Zərfin
məna növlərini düzgün ayırmaq, həmçinin formaca qarışdırıldığı başqa nitq hissələrindən fərqləndirmək
bacarıqlarını formalaşdırmaq üçün çalışmalar əsas rol oynayır. Bildiyimiz kimi, zərflər bir sıra nitq hissələri
ilə qarışdırılır. Bunlardan, xüsusilə sifət, say və ismi diqqət mərkəzində saxlamalıyıq. Tərzi-hərəkət zərfləri,
xüsusilə hərəkətin keyfiyyətini bildirən tərzi-hərəkət zərfləri morfoloji sualına görə sifətlərlə bəzən eyniləşir.
Həmçinin “çox, az, xeyli” sözləri əşyaya aid olduqda say, hərəkətin kəmiyyətini bildirdikdə miqdar zərfi
sayılır. Bu sözlərin nəyə aid olmalarına xüsusi diqqət yetirilməlidir. Bildiyimiz kimi, dilimizdə yönlük, yerlik
və çıxışlıq halları məkani-qrammatik hallar sayılır. Ona görə ki, bunların mənalarında məkan anlayışı vardır.
Şagirdlər bəzən bunları da zərf adlandırırlar. Həmin sözlərin zərf deyil, isim olduğunu başa salmaq üçün
şagirdlər belə halda sözlərə şəkilçisiz, yəni hal şəkilçisiz yanaşmağa alışdırılmalıdır. Zərfin tədrisində
yuxarıda qeyd edilən çətinliklərin aradan qaldırılması üçün tədris prosesində çalışmalara xüsusi yer
verilməlidir.
Altıncı sinif dərsliyində beşinci bölmə olan “Hikmət xəzinəsi”ndən sonra zərfin tədrisinə dair
qrammatik məlumatlar, mətnlər və çalışmalar verilmişdir. Əvvəlcə zərf haqqında ümumi məlumat verilir.
Daha sonra sadə və düzəltmə zərflər,mürəkkəb zərflər və onların yazılışı, nəhayət, “Sevinc” adlı kontekstdən
sonra zərfin məna növləri haqqında məlumat,ardınca çalışmalar verilmişdir. Altı nömrəli çalışmada
cümlələrdəki zərfi tapmaq və onların hansı növə aid olmasını müəyyənləşdirmək tələb olunur. Verilmiş beş
cümlə daxilində “qəflətən,ora-bura, kor-koranə,azca,səhər” zərfləri işlənmişdir. Yeddi nömrəli tapşırıqda isə
əvvəlkindən fərqli olaraq ,zərfin işlənməyən məna növünü tapmaq tələb olunur. Belə ki,verilmiş mətn
nümunəsində yer zərfliyindən başqa zərfin bütün məna növləri işlənmişdir. Doqquzuncu tapşırıqda verilmiş
zərfləri məna növünə və quruluşuna görə qruplaşdırmaq tələb olunur. “Silinməz dostluq” mətnindən sonra
şagirdlərdən mətndə göy rəngdə verilmiş zərflərin məna növünü müəyyənləşdirmək tələb olunur.
Zərfin məna növlərinin mənimsədilməsinə dair çalışmalar “Dil qaydaları” başlığı altında verilmişdir.
Çalışmalar zərfin məna növlərinin mənimsədilməsi baxımından məqsədəuyğun olsa da,sayı az olduğundan
yarımçıqdır. Belə ki,zərfin məna növlərinə məxsus dörd çalışma yer almışdır. Bölmənin sonunda verilən
ümumiləşdirici təkrar çalışmalarda da zərfin məna növlərinə dair çalışmalara yer verilməmişdir. Bu isə
şagirdlərə zərfin məna növlərini tam mənimsətmək və bacarıqlar şəklində formalaşdırmaq üçün kifayət
deyildir.
BEŞİNCİ SİNİF AZƏRBAYCAN DİLİ DƏRSLİYİNDƏ
YAZI BACARIQLARININ İNKİŞAFI ÜZRƏ VERİLMİŞ ÇALIŞMALAR
Şərifzadə A.C.
Bakı Slavyan Universiteti
Artıq dərslərin müxtəlif səpkili dil hadisələrini özündə ehtiva edən tərif, qayda və şərhlərin
əzbərlədilməsi şagirdlərin idraki fəallığı üzərində qurulmuş müasir təlim prosesinin tələblərini ödəmir.
Müasir dil dərsləri daha çox milli və bəşəri dəyərlər aşılayan bədii və bədii-publisistik mətnlər vasitəsilə
şagirdlərə nəticəyönümlü həyati bacarıqlar aşılamağı nəzərdə tutur ki,bunlar arasında yazı bacarıqları xüsusi
yer tutur. Şagirdlərin oxuduqlarını,gördüklərini və düşündüklərini ədəbi dil normalarına uyğun məntiqi
ardıcıllıqla, yazılı şəkildə ifadə etməsi həmin bacarıqların səciyyəvi xüsusiyyəti kimi dəyərləndirilir.
Şagirdlərin fərdi baxışlarını,duyğu və istəklərini ifadə etməyə yönəlmiş yazı bacarıqlarına yiyələnməsi
Azərbaycan dili dərslərində müntəzəm yerinə yetirilən zəruri işə çevrilməlidir.
Məktəbdə yazı bacarıqlarının yaradılması və inkişafı işinin başlıca didaktik vəzifəsi şagirdləri həm
sərbəst fikirlərini ifadə edərkən,həm də müəyyən mətni olduğu kimi yazarkən orfoqrafik cəhətdən tam
düzgün yazmaq vərdişlərinə yiyələndirməkdən ibarətdir. Düzgün savadlı yazı düzgün yazılı nitqin əsasını
təşkil edir.