48
Bütün bu növ əyləncə və mərəkələr bir zamanlar bürc divarları
qabağında, o aralar hələ boş olanda, realnı məktəb, qız məktəbi tikiləndən
əvvəl, Qapan dibindən yuxarıda olardı.
Starıveş - köhnə şeylər və işlənmiş müxtəlif şeylər satanlarla
Kömürçü meydanı dolu olardı. Kəlləpazlar vardı ki, ancaq qoyun baş-
ayağından kəlləpaça bişirərdilər, müştərilər səhər tezdən özlərini verərdilər bu
dükanlara.
Həlimaşıçılar, qışda buğda və yağlı qoyun ətindən həlim aşı
hazırlardılar. Müştərilər axşamdan gətirib qab qoyar, pulunu da qabaqcadan
verərdilər; səhər tezdən gəlib aparardılar.
Su kəməri. Bakı əhalisi su sarıdan çox əziyyət çəkirdi. Bələdiyyə
idarəsi bunu aradan qaldırmaq üçün hələ 1880-ci ildən tədbirlər görməyə
başlamışdı. (Bu məsələdə Hacı Zeynalabdin çox fəal çalışır və çox da pul
xərcləyir). Əvvəl Bakı ətrafında su mənbəyi axtarılır, sonra Şamaxı qəzasında
kəşfiyyat işləri aparılır. Bütün səylər boşa çıxır. 1892-1898-ci illərdə Kür
çayından Bakıya su kəməri çəkmək layihəsi hazırlanır, lakin bu layihədə
göstərilən kəmər çox baha başa gəldiyinə görə, bələdiyyə idarəsi bunu təsdiq
etmir... Əlacsız qalıb 1893-cü ildə sahildə dəniz suyunu təmizləyən qurğu
düzəldirlər. Gündə 30.000 vedrə su təmizlənirdi. Bu da əhalinin ehtiyacını
ödəyə bilmirdi. Beş ildən sonra ikinci su təmizləyən qurğu işə düşür. Bununla
yanaşı Kür çayından barjlarda su daşıyıb vedrəsini yarım qəpiyə satırdılar.
Sonralar Volqa çayından barjlarla su daşımağa başladılar. Bu su, daha baha idi,
vedrəsi iki qəpiyə. Kasıblar suya olan əsas ehtiyaclarını yalnız həyətlərdəki
quyulardan ödəməyə məcbur idilər. Bu da tez-tez cürbəcür xəstəliyə səbəb
olurdu. Hökumət vaxtaşırı bu quyulara dərman tökürdü, bəzən torpaqla
doldururdu. 1899-cu ildə şəhərdə suya olan tələbin daha da artdığını görüb
Hacı Zeynalabdin Tağıyev xarici şirkətlə 25.000 manata müqavilə bağlayır.
Avropanın bir neçə şəhərinə su kəməri çəkmiş mühəndis Vilyam Lindleyi
Frankfurt Mayndan gətizdirir və ona çeşmə axtarmağı tapşırır. Bələdiyyə
idarəsinə isə deyir ki, su tapılandan sonra pulumu versəniz yaxşı, verməsəniz
də eybi yoxdur. Lindley Qubanın yaxınlığında, Bakıdan 190 kilometr uzaqda
quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf edir. Bələdiyyə idarəsində Quba
ətrafında tapılmış su mənbəyinə şübhə ilə baxırlar, inanmırlar; kəmər çəkməyi
rədd etməyə çalışırlar. Tağıyev şübhə edənlərə deyir ki, Şahdağ öz qarı və
buzlaqları
ilə əbədi olduğu kimi, Şollar çeşməsinin suyu da əbədidir.
Bu söhbətlə əlaqədar maraqlı bir əhvalatı xatırlatmaq vacibdir.
Bələdiyyə idarəsinin xüsusi işlər üzrə bir məmuru nəql edirmiş ki, məni Parisə
göndərmişdilər. Bir axşam eşitdim ki, Hacı Zeynalabdin Tağıyev gəlib, «Luvr»
mehmanxanasına düşüb. Səhər getdim «Luvr»a. Gördüm ki, Parisin bələdiyyə
rəisi Hacının yanındadır, söhbət edirlər. Dilmanc da yanlarında. Hacı məni