Məad müƏLLİF: ŞƏHİd ayətullah seyyiD ƏBDÜl hüseyn dəSTĞeyb biSMİllahiRRƏhmaniRRƏHİM


BÜTÜN HALLARDA CƏZALANAN VƏ FAYDALANAN RUHDUR



Yüklə 0,55 Mb.
səhifə3/6
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19550
1   2   3   4   5   6

BÜTÜN HALLARDA CƏZALANAN VƏ FAYDALANAN RUHDUR

İnsanın ruhu ölümdən sonra surət alır. Bu surət dünyəvi surətin eynidir. Yə`ni o, xarici bədənə çevrilmir, yalnız maddi bədənin şəklini alır. İndi özünüz bilin, istəyirsiniz ona misali bədn deyin, yaxud bərzəx qəlibi adlandırın, ya da ruh deyin. Lakin lətif olduğundan maddi göz onu müşahidə edə bilmir. Ümumiyyətlə, dünyada günah edən də ruhdur, sonradan cəzalanan da (istər misali bədənlə, istərsə də müstəqil) Qiyamətdə isə həmin maddi bədənlə olar.

QUR`ANDA BƏRZƏX SAVABI VƏ BƏRZƏX ƏZABI

«Mö`minun» surəsi: «Sübh və axşam, Qiyamət bərpa olan günədək oda çəkilər onlar. Fir`on ailəsini (tərəfdarlarını) ən çətin işgəncələrə daxil edin!»

Bu Qur`an ayəsi bərzəx əzabına dəlalət edir, Fir`on və onun tərəfdarlarının (onlar nildə batıb ölmüşdülər.) Qiyamətədək sübh və axşam oda çəkiləcəklərindən danışır.

İmam Sadiq (əleyhissalam) buyurur: «Qiyamətdə sübh və axşamın olmayacağı səbəbindən, ayədə bərzəx nəzərdə tutulur.»

Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.»

«Hud» surəsi: «Əzab əhli olanlar yer və göy durduqca oddadırlar. Allah istəməyincə, onlar üçün çətin fəryad və nalə vardır. Doğrudan da, Allah istədiyini edir. Amma səadət əhli olanlar yer və göy durduqca Behiştdədirlər.»

İmam (əleyhissalam) buyurur: «Ayədə bərzəx nəzərdə tutulur. Məqsəd bərzəx əzabı və bərzəx savabıdır. Çünki, Qiyamətdə asiman (göy) yoxdur, yer isə əvəz ola.

HƏBİB NƏCCAR BƏRZƏX BEHİŞTİNDƏ

«Yasin» surəsi: «Ona cənnətə daxil ol, deyildi, dedi: Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!»

Bu ayə Fir`onçular arasındakı mö`min Həbib Nəccara aiddir. Öz qövmünü Peyğəmbərlərin yoluna də`vət edən bu şəxsi dara çikib öldürürlər. Həbib Nəccar ilahi savaba yetişdi, onun xoş aqibətindən qövmünün xəbərdar olmasını arzuladı.

Ona deyilən «cənnətə daxil ol» yə`ni bərzəx Behişti. Başqa bir rəvayətdə bu hissə «Qiyamət Behiştindən (mərtəbəcə) alçaqda olan bərzəx Behişti» kimi tə`bir olunub.

MƏİŞƏTƏN ZƏNKA VƏ QƏBİR ƏZABI

«Taha» surəsi: «Hər kəs Allahın öyüd nəsihətindən üz döndərsə, güzəranı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik.»

Çox təfsirçilər bu ayədəki «məişətən zənka» ifadəsinin qəbir əzabına işarə olduğunu bildirmişlər. Bu mə`na Həzrət Səccad (əleyhissalam)-dan da rəvayət olunmuşdur.

BƏRZƏX QİYAMƏTƏDƏKDİR

«Mö`minun» surəsi: «Onların ölümü çatanda «Pərvərdigara, məni qaytar dünyaya, saleh əməllər edim», deyərlər. Cavab verilər ki, faydasız, əbəs sözlər danışırsınız. Onların önündə, dirilib duracaqları günə qədər bərzəx vardır.»

Bu ayədən aşkar görünür ki, dünya həyatından sonra və Qiyamətdən əvvəl insanın bərzəx adlandırılmış daha bir həyatı vardır.

İNSANIN ŞƏXSİYYƏTİ ONUN RUHU İLƏ BAĞLIDIR

Qur`ani Kərimin zihr edilmiş ayələri və digər ayələrini düşündükdə aydın olur ki, insan ruhu cismdən tamamilə fərqli olan həqiqətdir.

Ruhun bədənlə olan birliyində, ruh iradə və şüur vasitəsi ilə bədəni idarə edir. İnsanın əzaları ilə birgə çürümür. İnsan şəxisiyyəti, insan həqiqəti (ruh) ölümdən sonra qalır; ya əbədi səadətə, ya da əbədi əzaba qovuşur. Bu səadət və ya əzab insanın cismi və ictimai xüsusiyyətlərindən asılı olmayıb, birbaşa dünyadakı əməlləri ilə bağlıdır.

İslam alimləri ruhun «ruh bədən deyil ölümlə yox olmur, onun hökmləri cismin hökmlərindən fərqlidir» Müddəalarını sübut etmək üçün, xeyli əqli dəlillər gətiriblər. Allah-Taalanın, Onun Rəsulunun, Mə`sum imamların (əleyhissalam) buyurduqlarından əlavəyə ehtiyacımız yoxdur və bu mətləb gün kimi aydındır.

BƏRZƏX BEHİŞTİ «MÜTMƏİNNƏ NƏFS» ÜÇÜNDÜR

Ümumiyyətlə, üç qisim nəfs zikr olunub:

1. «Mütməinnə (xatircəm) nəfs»

2. «Ləvvamə nəfs» özündnə rzı qalmayıb, həmişə özünü danlayan nəfsdir, yaxşı hesab olunur, bəyənilir.

3. «Əmmarə nəfs» insanı günahlara çəkib, əzaba düçar edən nəfsdir.

«Fəcr» surəsi: Ölüm zamanı mütməinnə nəfs sahiblərinə xitab olunar ki, «Ey aramlıqda və xatircəmlikdə olan nəfs, öz Rəbbinə doğru razıdır. Mənim Behiştimə daxil ola!» (Yə`ni Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsi) Bərzəx Behişti və bərzəx Cəhənnəmin haqqında aydın və işarəylə çoxdur. Bura qədər deyilənlərə kifayətlənirik.

BƏRZƏX SAVABI VƏ BƏRZƏX CƏZASI HƏDİSLƏRDƏ

Bərzəx aləminin savab və cəzalarından söz açan hədislər çoxdur. Bir neçə rəvayəti qeyd edirik:

«Bihar»-ın 3-cü cildində Əliyyibni İbrahim Qumminin təfsirindən rəvayət olunub ki, Əmirəl-mö`minin Əli (əleyhissalam) buyurub:

«Dünyanın sonuncu, axirətin ilk günü Adəm övladının qarşısında sərvəti, övladı və əməli mücəssəm olar. Üzünü sərvətinə tutub deyə: And olsun Allaha, mən sənə qarşı həris və (ehsan etməkdə) paxıl oldum, səndən mənə nə qaldı? Sərvət deyər: Kəfən əndazəsində məndən götür. Sonra üzünü övladlarına tutub deyər: And olsun Allaha, sizi sevdim və haminiz oldum, sizdən mənə nə qaldı?

Əməl deyər: Mən qəbirdə və Qiyamətdə sənə yoldaş olacağam ilahi Hüzura yetənədək. Əgər bu şəxs Allah dostu olsa, əməli gözəl libasla, xoş ətirli onun yanına gələr və deyər: Müjdə olsun sənə, ruhuna reyhan, nəim Behiştə xoş gəlmisən, Soruşar ki, sən kimsən? Deyər: Sənin dünyadakı saleh əməlinəm, Behiştə hərəkət et. O, öz qüsl verənini tanıyar, cənazəsini götürənlərə and verər ki onu tez aparsınlar. Qəbrə daxil olduğu zaman saçlarını yolan iki sorğu mələyini qəbirdə hazır görər.

Dişləri ilə yeri eşən bu mələklərin səsi şimşəyi xatırladar, gözlərindən sanki, ğığılcım saçar, ona deyərlər: Yaradanın kimdir, Peyğəmbərin kimdir, hansı dindənsən?

Cavab verər: Yaradanım Allah, Peyğəmbərim Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) dinim İslamdır.

Deyərlər: Allah səni sevdiyin və razı olduqarında sabit saxlasın. Sonra onun qəbrini göz işlədigcə genişləndirər və ona Behiştdən bir qapı açarlar.

Deyərlər: kamına çatmış xoşbəxt cavan kimi nur gözlərlə yat.

Amma öz Allahına düşmən olsa, əməli ən pis paltarda, ən pis qoxuyla yanına gələr və deyər: Müjdə olsun sənə Cəhənnəmin yandırıcı suyu və Cəhənnəmə varid olmağın.

O, qüsl verəni görər və cənazəni aparanlara and verər ki, onu gecikdirsinlər. Qəbrə daxil olandan sonra mələklər gəlib onun kəfənini açarlar və deyərlər: Allahın kimdir? Peyğəmbərin kimdir? Hansı dindənsən? Deyər: Bilmirəm. Deyərlər: Bilmirsən və doğru yolu tapmırsan. Bu an dəmir əsayla onu elə vurarlar ki, insan və cindən savayı bütün canlılar dəhşətə gələr (əvvəlik bəhslərdə heyvanların qəfil narahatlığının səbəbini xatırlayın.) Sonra Cəhənnəmdən bir qapı açıb, deyərlər: Ən pis halda yat. (Pənah aparaq Allaha öz aqibətimizdən) Ona nizə dəliyi tək dar yer verər və digər ucuyla elə sıxarlar ki, beyni dırnağıyla dırnaq əti arasından çıxar. Xudavən ilan, əqrəb və sair həşəratları onun canına salar, onu çalarlar. Allah-Taala onu Qiyamətdə qəbirdən qaldıranadək bu əzab davam edər. Şəxs Qiyamətin başlamasını arzulayar.

İNSANLARIN BƏRZƏX SURƏTLƏRİ DÜNYADAKI KİMİDİR

Şeyx Tusi Həzrət Sadiq (əleyhissalam)-dan bir hədis nəql edib ki, hədisin axırında İmam (əleyhissalam) buyurur: «Allah-Taala insanın ruhunu çıxarıb, onu əsil (dünyadakı) surətində Behiştə göndərər. Orada yeyər, içər və əgər yeni bir adam daxil olarsa, onları həmin dünyadakı surətində tanıyar.» Digər bir hədisdə buyurub: «Mö`minlərin ruhları bir-birləri ilə görüşüb, bir-birlərindən sual edərlər, bir-birlərini tanıyarlar. Birini görəndə «bəli, bu «filankəsdir» deyərlər».

RUHLAR YENİ GƏLƏNLƏRDƏN HAL-ƏHVAL TUTURLAR

Digər hədisdə buyrulub: Ruhlar bədən şəklində, Behişt bağlarında qərar tutarlar. Bir-birlərini tanıyar və bir-birlərindən sual edərlər. Yenə bir ruh gələndə, deyərlər: Onu rahat buraxın, o, ölüm vəhşətindən çıxıb gəlib. Sonra ondan «filankəslər necə oldu?» – deyə soruşarlar. Əgər desə ki, mən gələndə salamat, diri idi arxayınlaşarlar. Ümid edərlər ik, həmin adam da onlara qovuşacaq.

Əgər desə ki, filankəs ölüb, ruhlar «süqut etdi» deməklə onun Cəhənnəmə getdiyinə işarə edərlər (yoxsa onlara qovuşardı).

RUHLARIN ÖZ YAXINLARINI ZİYARƏT ETMƏLƏRİ

«Bihar»-ın 3-cü cildində «Kafi» və digər kitablardan bə`zi hədislər nəql olunub ki, onların xülasəsi budur: Bərzəx aləmində ruhlar öz yaxın adamlarının ziyarətinə, görüşünə, əhvalını soruşmağa gedərlər. Bə`ziləri hər gün, bə`ziləri iki gündən bir, bi`ziləri üç gündən bir, bə`ziləri hər cümə, bə`ziləri ayda bir dəfə, bə`ziləri ildə bir dəfə ziyarətə nail olar və bu fərq onların məqamları ilə əlaqədardır. Rəvayətdə vardır ki, mö`min şəxs öz yaxınlarından yalnız fərəhləndirici şeylər görər. Kafirlərin gördükləri isə təkcə narahatlıqlarına səbəb olar.

BƏRZƏXDƏ KÖVSƏR HOVUZU

Müxtəlif kitablarda Əbdüllah ibni Sinandan nəql olunmuşdur ki, Həzrət Əbi Cə`fərüs-Sadiq (əleyhissalam)-dan Kövsər hovuzu barədə soruşdum, Həzrət buyurdu: «Genişliyi Bəsrədən Yəmənin Sən`a şəhərinədək. Təəccüb etdim, Həzrət buyurdu: istəyirsənmi göstərim? Ərz etdim ki, bəli, ya mövla. Həzrət məni Mədinədən kənara gətirdi. Mübarək ayağını yerə vurdu. Buyurdu: «Bax (İmamın əmri ilə kainat pərdəsi gözlərimdən götürüldü) Gördüm, bir çay peyda oldu ki, iki tərəfi gözə görünmür. Həzrətlə mənim dayandığım yer ada vəziyyətində qalmışdı. Gözlərimə bir tərəfindən qardan ağ su, digər tərəfidən qardan ağ süd gələn çay göründü. Südlə su arasından bu vaxtadək xoşluqda və görünüşdə mislini görmədiyim qırmızı lətif yaqut kimi şərab (pak) axırdı. Soruşdum: Sənə fəda olum, bu çay haradan axır? Buyuru: Bu həmin çeşmədəndir ki, Allah-Taalanın Qur`and buyurduğu «Behiştdə süddən br çeşmə, sudan bir çeşmə, şərabdan (pak) bir çeşmə» bu çaydan axır.

Bu çayın iki sahilində ağaclar, hər ağacın yanında gözəl huriyyə vardı. Onlar əlində bu vaxtadək mislini görmədiyim (qeyri-dünyəvi) qalar tutmuşdular.

Həzrət onlardan birinə yaxınlaşıb «su ver», buyurdu: Huriyyə qabı çaydan doldurub, Həzrətə verdi. Heç vaxt belə lətafətli, ləzzətli su içməmişdim, müşk qoxusu verirdi. Dedim: Sənə fəda olum, bu gün görmədiklərimi gördüm. Heç də güman etmirdim ki, belə şeylər ola bilər.

Həzrət buyurdu: Bunlar, Xudavəndin bizim şiələr üçün hazırladığından çox azdır. İnsan dünyadan gedəndə ruhunu bu çaya tərəf apararlar. Onun bağlarında gəzər, yeməlilərindən yeyər, içməlilərindən içər. Bizim düşmənlərimiz ölən zaman isə ruhunu Bərəhut vadisinə apararlar, həmişə onun əzabında olar, zəqqumundan ona yedirər, həmimindən ona içirərlər. Həmin vadidən pənah aparın Allaha!

ÖLÜM ZAMANI KÖVSƏR VƏ HƏMİM

Bu dünyada yaşadıqları zaman bərzəx Behiştini görənlər sırasında həzrt Seyyidüş-Şühəda (əleyhissalam) səhabələrinin adını çəkə bilərik ki, Aşura günündə Həzrət tərəfindən onlara göstərildi. «Bihar»-ın 3-cü cildində İmam Baqirdən nəql olunub ki, axır nəfəsində Kovsəri dadmamış kimsə dünyadan getməz. Eləcə də, heç bir kafir Cəhənnəm həmimini (suyunu) dadmamış ölməz.

BƏRƏHUT BƏRZƏX CƏHƏNNƏMİNİN MEYDANIDIR (VƏ YA MƏZHƏRİDİR)

Dediymiz kimi, Vadiyüs-səlam xoşbəxt ruhların, Bərəhut səhrası (otsuz, susuz çöl) çirkin ruhların zühur məhəllidir. Aydınlıq üçün bir hədis ərz edirəm:

Bir gün bir kişi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) məclisinə daxil olub, qorxu, dəhşət içərisində dedi: Çox təəccüblü bir şey görmüşəm! Həzrət buyurdu ki, nə gördün? Dedi: Əyalım bərk xəstələndi. Mənə dedilər ki, Bərəhutdakı quyudan su gətirsən, sağalar. (Bə`zi dəri xəstəlikləri həmin su ilə müalicə olunur.) Bir tuluq və bir qab götürüb oraya getdim. Çox dəhşətli səhra olsa da, qorxuma güc gəlib, quyunu axtarmağa başladım. Birdən yuxarıdan nə isə zəncir səsinə oxşar səs verib aşağı endi. «Həlak oldum, mənə su ver», deyən bir kişi gördüm. Qabı su ilə doldurub ona vermək istəyəndə, gördüm ki, bu kişinin boynunda zəncir var. Suyu verəndə onu yuxarı çəkdilər. Mən suyu qaba qaytaranda, o yenə gəldi və yenə də su vermək istəyəndə yuxarı çəkildi. Üç dəfə belə oldu. Mən qabın ağzını bağlayıb, ona su vermədim. Qorxumdan sizin xidmətinzə gəldim ki, görəm bu nə işdir?

Həzrət (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Bu bədbəxt (qardaşını öldürmüş Adəm oğlu) Qabildir ki, Qiyamət gününədək həmin yerdə əzabdadır. Qiyamətdə isə Cəhənnəm əzabına yetişər.

HƏZRƏT ƏLİNİN QATİLİ İBNİ MÜLCƏMİN BƏRZƏX ƏZABI

«Nurul-əbsar» kitabında Seyyid Mö`min, Əbülqasim ibni Məhəmməddən rəvayət edir ki, dedi: Məscidül-Həramda İbrahim (əleyhissalam)-ın məqamında bir dəstə adamın yığışdığını gördüm. Səbəbini soruşdum, dediər ki, bir rahib (məsihi) müsəlaman olub, Məkkəyə gəlib. Çox qəribə bir hadisə danışır. İrəli gedib, gördüm ki, yun paltar geymiş, başına yun papaq qoymuş cüssəli bir şeyx oturub, danışır:

«Aralıq dənizinin kənarında sovmiə vardır. Bir gün dərya kənarında bir kərkəs (quzğun) gördüm. Uca qayaya qondu. Oradakı kişinin bədənindən bir parça qoparıb, uçdu. Sonra qayıtdı, yenə əvvəlki kimi onun bədənində bir tikə qopardı. Dörd dəfə bu dəhşətli səhnə təkrar oldu. Sonra həmin kişi qalxıb, kamil adam oldu (parçalanmış bədəni bütövləşdi).

Sonra quş qayıtdı, hər şey təkrarlanıd. Mən heyrətdə idim. Gördüklərim nəydi? Bu kişi kimdi? Təəssüfləndim ki, niyə ondan heç bir şey soruşmadım. İkinci gün hadisə təkrarlandı.

Kişi qalxıb, bütövləşəndə sovmiədən çıxıb, kişinin yanına qaçdım. Onu Allaha and verdim ki, sən kimsən, dinmədi. Dedim: Səni yaradana and verirəm axı sən kimsən? Dedi: Mülcəməm. Dedim: Bu quşla olan əhvalatın nədir? Cavab verdi: Mən Əliyyibni Əbitalibi öldürdüyüm üçün Allah məni bu quş vasitəsi ilə gördüyün əzaba düçar edib.

Sovmiəmi tərk edib, Əliyyibn Əbitalibi soraqladım. Dedilər, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in əmioğlusu və vəsisidir. İslamı qəbul etdim və Allah Evinin və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinin ziyarətinə gəldim.»

ÜÇÜNCÜ FƏSİL:  QİYAMƏT

QİYAMƏT BARƏDƏ ƏQLİN HÖKMÜ

Əgər nəqli dəlillərimiz olmasaydı, xalqı Qiyamət gününə inanmağa çağıran, onların danışıqlarının, əməllərinin, əqidələrinin sorğu-suala tutulacağını xəbər verən peyğəmbərlər gəlməsəydilər də, əqlimiz ən böyük şahid və dəlil idi ki, bu fələklər və xilqətlərin gərdişi nəticəsiz olmayacaq. Bütün əql sahibləri ətrafına baxıb görür ki, gecə gündüz, gündüz gecə olur, yeyir, yatır, ifraz edir, cinsi yaxınlıqda olur, uşaq böyüyür, cavan qocalır və ölür. Müşahidə etdiyiniz bu sonsuz, geniş dəsgah elə bunun üçün imiş?! İnsan ifraz maşınımı yaradılıb?! Bu ki, əbəs və mə`nasız olardı! Bir halda ki, heyvanlar yeyirdi, cinsi yaxınlıq bacarırdı, insana nə ehtiyac vardı?!

AXİRƏTİ İNKAR EDƏNLƏR ALLAHIN HİKMƏTİNİ ANLAMAYIBLAR

Axirəti inkar edənlər Allahı hikmət sahibi qəbul etmirlər (əstəğfirullah). Çünki onların dediyinə görə, bu yaradılış nəticəsiz və mə`nasızdır. (23-cü surə, 117-ci ayə) Amma səhv edirlər. Müşahidə etdiyimiz hər yerdə, hər şeydə min bir hikmət var. Onların bir hissəsinə bəşərin varması mümkündür. Aləmin ən zəif, kiçik hissəsi də məsləhətsiz, gərəksiz deyil, hətta sıradan çıxmış üzvlər də!

DIRNAQ ƏL ÜÇÜN LİNG (LOM) YERİNDƏDİR

Tük (saç) və dırnaq da hikmətsiz deyil. Məsələn, dırnaq kimi kiçik və əhəmiyyətsiz görünən üzvün hikmətlərindən biri budur ki, barmaqlar üçün söykənəcək, ling yerindədir. İnsan bir şeyi qaldırmaq istədikdə həmin dırnaqların təzyiqi ilə barmaqlarını sıxır (bir kibrit çöpünü sındırmaqla dırnaqlarınıza diqqət yetirin. Bə`zən, dırnaq dibdən tutulduqda, müəyyən işlərin icrası qeyri-mümkün olur, onda qalmış dırnaq tamam olmaya! Dırnağın digər faydası odur ki, bədəni qaşımaqda istifadə edilir. Əlavə olaraq, bədəndəki bə`zi artıq çirklər dırnaqla xaric edilir. Buna görə də heç olmasa həftədə bir dəfə (xüsusən cümə günü) dırnaq tutulmalıdır.

TÜKLƏR VASİTƏSİ İLƏ ARTIQ MADDƏLƏRİN İFRAZI

Bədəndə bir dənə də gərəksiz tük yoxdur. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: «Bə`zi cahillər deyirlər ki, əgər bədənin bə`zi yerlərində tük bitməsəydi, daha yaxşı olardı. Bu adamlar bilmirlər ki, həmin yerlərdə rütubət və çirk yığılır. Əgər qalıq və çirk maddələr tük surəti ilə dəf olmasaydı, insan xəstələnərdi. Buna görə də əmr olunub ki, tez-tez (iki həftədən bir) bu tüklər təmizlənsin.»

Beləcə, hər zərrədə min hikmət!

MİLÇƏKDƏN («CUƏL»)–GÖZAĞRIYA DƏRMAN

Böyük təbib Calinusun milçək (cuəl növü) barədəki e`tirazı məşhurdur. O, «bu həşəratda heç bir fayda görmürəm, axı Allah onu niyə yaradıb?», demişdir. Nəhayət, bir gün Calinus çox şiddətli gözağrısına tutulur. Bütün bildiyi dərmanları işlətsə də, faydası olmur. Bir qoca qarı ona dərman təklif edir. Calinusun gözləri bu dərmandan şəfa tapır, sağalır. Böyük həkim qarıdan dərmanın tərkibini soruşduqda, mə`lum olur ki, məhlulun tərkibində həmin milçək (cuəl) də varmış.

YARANIŞ ALƏMİ HİKMƏTSİZ OLA BİLƏRMİ?

Əgər aləmin zərrələrindən bircə zərrə də hikmətsiz deylsə, aləmin özü hikmətsiz ola bilərmi?! Əgər bədən üzvləri, hətta dırnaq və tüklər əbəs yerə yaranmamışsa, insanın özü hikmətsiz yaradıla bilərmi?!

Müasir dünya alimlərinin hamısı bu fikirdədir ki, yaranışın hikmət və səbəblərinə hələ də vara bilməmişlər. Təqribən 30-40 il əvvəl Avropa tibb alimləri bu qərara gəldilər ki, insan bədənində artıq bir hissə (kor bağırsaq) mövcuddur. Hətta uzun müddət sağlam adamlar cərraha müraciət edib, həmin üzvü kəsdirdilər. (Hətta körpə anadan olan kimi onun kor bağırsağının kəsdirilməsi halları ilə də təcrübədə rastlaşmışıq.) Nəhayət, bu fikri ortaya atmış adamlar e`lan etdilər ki, sağlam adam bu işi görməməlidir. Sən demə, kor bağırsaq (apendiks) bədən axarlarında «şeypur» vəzifəsini daşıyırmış. Bu axarlar çirklənib təhlükəyə mə`ruz qaldıqda gor bağırsaq insana xəbərdarlıq edir. Son anda isə təhlükə müalicə ilə aradan qalxır (mümkündür tibbə qaranlıq qalmış başqa hikmətlər də vardır).

BİRCƏ DİŞ DƏ HİKMƏTSİZ DEYİL

Kəsici dişlərin işini dəyirman dişləri görə bilmir. Bədəndəki 248 sümükdən bircəsi də hikmətsiz deyil. Eləcə də, damarlardan əskik olarsa, insan naqisləşər.

Beləliklə, əgər Allahı həkim və Onun yaratdığı dəsgahda ən kiçik əzaları hikmətli bildiksə, fikirləşək, aləmin yaranışındakı məqsədi və bütün yaranmışların insana faydasını görək.

ƏGƏR TAM RAHATLIQ OLSAYDI, YENƏ ƏBƏSDİ

İnsanın yaranışında məqsəd bu dünya həyatı deyil ki, öləndən də sonra yox olsun.

Qeyri-mümkün bir fərz ilə insanın dünya həyatı dərdsiz, qəmsiz, tam rahatlıq, eyş-nuş olsaydı (bu halda həyatın mə`nası olacaqdımı?), yenə də insanın yaranışı məqsədsiz olardı. Çünki axırı heçlik olan rahatlıq e`tibarlı olmazdı. Amma bir halda ki, bəşərin maddi həyatı başdan-başa bəla, müsibət və narahatlıqdır, bu genişlikdə yaranış dəsgahı əbəs ola bilməz (insan əzab üçün xəlq edilməz).

Bir asudə can gördüm bu cahanda

O da asudədir xilas olanda.

və ya


Qəmsiz yaşadarmı könülü aləm,

Yaşadarsa, yaşamaz bəni-adəm.

HƏR LƏZZƏTİN MİN BİR ƏZİYYƏTİ

Dünya həyatında növbənöv cismani və ruhani əzablar varsa, müsibətlər, möhnətlər, xəstəliklər, fitnələr, qəzalar, qarətlər, övlad itirilməsi mövcuddursa, insanın ölümlə yox olmasını iddia edənlər, əslində Allahın hikmət, kərəm və sair kamal sifətlərini inkar edirlər. Necə ola bilər ki, kərim və xeyirxah bir şəxs şir, bəbr, pələng, ilan, əqrəb, arı və sair vəhşilər, sancanlar olan bir evə kimisə qonaq çağırsın?! Bu qonaq da ağzına hər tikə qoyanda, vəhşilər əlini gəmirsin, zəhərlilər dilini sancsın, yanındakı qılınclılar saatda bir ona həmlə etsinlər və nahayətdə də istəyinə çatanda (tikəni ağzına qoyanda) boynunu vursunlar!! Allah insanı bu sayaq dünyadan heçliyə qovuşdurmaz.



DƏRDSİZ LƏZZƏT ÜÇÜN

Bəli, hökmən və hökmən, insanın qarşıda bütün səadətlərinin zuhur edəcəyi, dərdsiz ləzzətə, narahatlıqsız rahatlığa, kədərsiz sevincə çatacağı bir həyatı vardır.

Qəti və əqli dəlillərdən mə`lum olur ki, Allah-Taala insanı əbədi həyat, həmişəlik səadət üçün xəlq etmişdir. İnsan bu bəzəkli həyata bir neçə baxışla öz qəti gələcəyini tə`min edir, bu dünyadan öz əbədi həyatı üçün ehtiyat görür, əməl və elm adlı iki qanadla bu aləmdən əbədi aləmə qanadlanır.

MƏADA ŞƏKK YOXDUR

Əgər insan öz vicdanına, əqlinə, fitrətinə müraciət etsə, anlayar ki, hər şeyə də şəkk edirsə, iki şeydə tərəddüd etməməlidir: məbdə (başlanğıc) və məad. Yə`ni məbdə-Allaha inam və məad-ölümdən sonrakı əbədi həyata inam! İnsanın bu iki həqiqətə şəkki onun şəhvətə, maddiyyata, günahlara bulaşması ilə fitrətinin zay olub, şübhəylə dolmasının nəticəsidir.

Əqlin hökmünə görə, fələklərin, aləmlərin, hər bir fərdin cisminin yaranışındakı məqsəd son gündə mə`lum olar. Ona görə də bu aləmdən sonra digər bir saray olmalıdır.

CƏZA GÜNÜNÜN OLMASI ALLAHIN ƏDALƏTİNİN ŞƏRTİDİR

Allahın sifətlərini bəyan edərkən demişik ki, Allah adildir. Bu ədalət tələb edir ki, insanlara əvəz verilsin. Ömrünü ibadət, itaət, xeyir işlərə sərf etmiş adamlar görürük ki, öz əməllərinin layiqli mükafatını dünyada almır. Eləcə də günakarlar görürük ki, öz pis, fəsad əməllərinin cəzasını almır, hətta çox vaxt fəsad əhlinin savab əhlindən daha xoş ömür keçirdiyini görürük. Eləcə də bəşərin bir-birlərinə etdiyi zülmlər, qəsbkarlıq, ziyankarlıq, qan tökülməsi göz qabağındadır. Bəli, hamının öz əməlinin əvəzini alcağı gün gəlməlidir. Allah hər kəsin haqqını verəcək (40-cı surə, 17-ci ayə). Məzluma zülm etmiş zalım, və`də verilmiş oda atılacaqdır (18-ci surə, 28-ci ayə). Günahsız öldürülmüş şəxs öz qatilindən intiqamını alacaqdır (81-ci surə, 8-ci ayə). Məzlumun və qətlə yetirilmişin itkisi ödənəcək, əməlisalehlərə xeyir işlərinin və cüz`i şər işlərinin əvəzi veriləcək ki, ədalət zahir olsun.

DOĞRUÇULAR QİYAMƏTDƏN XƏBƏR VERİRLƏR

Bəşəriyyətin ən doğruçuları, dedikləri hər birimiz üçün dəlil olan peyğəmbərlər Qiyamətin gəlməsini xəbər vermişlər, hansı dindən, hansı məzhəbdən olmasından asılı olmayaraq, dünyanın bütün dindarları sorğu gününə inanmış və inanırlar. Qur`ani Kərimin Allaha e`tiqaddan söz açan əksər ayələrinin ardınca cəza günündən söz açan ayələr vardır. Bütün dinlər bu e`tiqadlarda (məbədə və məad) birdirlər.

Sadiq xəbər verənlər nə bir, nə on, minlərlə cəza gününü təsdiqləyən xəbərlər verirlər. Əqlə görə, belə günün varlığını hökmən qəbul etməliyik.

ƏN YAXŞI DƏLİL OLA BİLMƏ İMKANDIR

Əvvəldə deyildiyi kimi məad məsələsi əqlə zidd deyil. Əql özü də hesab apardığından Qiyamət (hesab günü) barədə «mümkündür» hökmünü verir. Bundan əlavə, 124 min peyğəmbər və onların vəsilərinin xəbərləri, dəlilləri sağlam əql üçün kifayətdir.

Bə`zi bixəbərlər şübhə ediblər ki, necə ola bilər bir şey heç olsun, sonra yenidən bir şeyə çevrilsin. Əlbəttə, onların öz iddialarına heç bir dəlilləri yoxdur. Yox əgər «dəlil» gətirsələr, əvvəldə hər birinə cavab verilmişdir.

MƏADDA HEÇDƏN YARANMA YOXDUR

Xacə Nəsirəddin Tusi rəhmətliyin dediyi kimi, məadda heçdən yaranma yoxdur. Məad parçalanmışların toplanmasıdır. Onun buyuruqlarının izahı belədir ki, bədən əzalardan, zərrələrdən yarandığı üçün, (ölümdən sonra) zərrələr bölünüb dağılır. Qiyamət günü həmin zərrələr Allahın qüdrəti ilə yığılır. Məad, yə`ni əzaların toplanması, ruhla cismin birləşməsi. Ona görə də, məad heçdən yaranma deyildir ki, inkar olunsun. (Əslində heçdən yaranmanın da inkarı düzgün deyil).

OLMAQ İMKANI GÜCLÜ DƏLİLDİR

Sonra, bir şeyin ola bilməsi üçün ən böyük dəlil onun mislinin (ona oxşarın) olmasıdır. Əgər insan öz əvvəlini, ilkini fikirləşsə, görəcək ki, əvvəldə dağınıq hava, su, torpaq zərrələrindən ilahi qüdrətlə cəmlənib. Müxtəlif heyvan, bitki hissələrindən hazırlanmış xörək atanın mə`dəsinə daxil olur, onun orqanizmində yenidən zərrələrə parçalanır. Şəhvətin həyacanlandığı zaman yeməyin xülasəsi bütün üzvlərdən gələn rütubətin zərrələri ilə həzm olub, nütfə (sperma) yolu ilə ananın bətnində qərarlaşır. (Nütfənin zərrələri bütün bədəndən toplandığı üçün cənabətdən, yaxınlıqdan sonra bütün bədənə qüsl vermək vacibdir.)

Beləliklə, hər bir bədən hələ ölənədək, əvvəldə iki dəfə dağınıq zərrələrdən ilahi qüdrətlə toplanır. Birinci dəfə torpaq, hava, sudan, ikinci dəfə isə atanın bütün bədənindən. (Bütün bunları görə-görə üçüncü dəfə bədənin toplanacağına nə üçün şəkk edilməlidir?!)

ÜÇÜNCÜ DƏFƏ DƏ CƏMLƏNMƏSİ BUYURULUR

Bu iki mərhələni görüb bildikdən sonra üçüncü dəfə qəbirdə çürüyüb dağılmış bədənin yenidən cəmlənəcəyinə nə üçün təəccüb etməliyik?! Əvvəlki yaranışınızı nə üçün düşünmürsünüz? (Qur`an 54-cü ayə, surə 62-ci ayə) Yə`ni, ey insan sən torpaq idin, Bizim qüdrət əlimiz səni topladı, qida maddəsi şəklində atanın bədənində bir hissə oldun, ikinci dəfə səni toplayıb, nütfə şəklində atandan xaric edib, ananın bətnində qərarlaşdırdıq. Bu toplanıb dağılmağı dünyada görə-görə üçüncü dəfə dünya kənarında cəmlənəcəyinə niyə təəccüb edirsən?

DÜNYADA ÖLÜLƏRİN DİRİLMƏSİ

Öləndən sonra dirilmə hallarına çox təsadüf olunur. Baharda təbiətə baxsanız, qurumuş, ölü ağaclar yenidən necə canlanır? Ölü torpağın dirilməyini görmüsünüzmü? (30-cu ayə, 23-cü ayə). Ölmüş insanın da dirildiyi müşahidə olunub. Hədis kitablarında rastlaşırıq ki, Həzrəti İsa (əleyhissalam), eləcə də mə`sum İmamların (əleyhimussalam) əli ilə ölülərin dirilməsi həqiqətdir. Qur`anda ölünün dirilməsinə aid iki qəziyyə zikr olunur:

ÜZEYİR YÜZ İL ÖLDÜ

«Bəqərə» surəsində Allah-Taala Üzeyirin dastanını buyurur. Bu ayələrin nazil olma səbəbi və təfsirinin xülasəsi budur ki, Bəni-israil peyğəmbərlərindən olub, Tövratı tamam əzbər bilən Üzeyir Beytül-Müqəddəsdə yəhudilərin müəllimi və rəhbəri idi. Bir vaxt ulaqla səfərə çıxdı. Yeməyə çörək və üzümü vardı. Neçə illər əvvəl əhalisi həlak olmuş bir kəndə çatdı. Burada adamların çürümüş sümüklərindən savayı bir şey qalmamışdı. Sümüklərə baxan Üzeyir təəccüblə dedi: «Allah bu çürüyüb dağılmış sümükləri ikinci dəfə necə dirildir?» (Üzeyir bu sözləri təəccübdən deyirdi, Qiyaməti inkar etmək fikrində deyildi.)

Allah-Taala Qiyamətin onun üçün təəccüblü və böyük, amma Allah üçün əhəmiyyətsiz, sadə olduğunu hiss ilə anlatmaq üçün, elə oradaca Üzeyiri öldürdü. Üzeyir yüz il həmin halda qaldı. Ulağının sümükləri də çürüdü. Təəccüblüdür ki, üzüm çox zərif də olsa, təravətli qaldı.

Yüz il sonra Allah Üzeyiri diriltdi. İnsan surətli mələk ondan soruşdu: Buraya nə vaxtdır gəlmisən? Üzeyir dedi: Bir gün, yaxud bir gündən də az. Mələk dedi: Sən yüz ildir ki, burada qalmısan. Üzeyir ulağına nəzər salıb, onun sümüklərinin çürüdüyünü gördü. Mələk dedi: Ulağına bax, gör Allah nə edir. Üzeyir gördü ki, ulağın bədəninin üzvləri, zərrələri bir dəfəyə hərəkətə gəlib bir-birinə yapışdılar. Baş, ayaq, göz, qulaq və qeyriləri bir dəfəyə birləşərək ulaq düzəldi və hərəkət etdi. Sonra əlavə etdi: Üzeyir, üzümə bax, o xarab olmayıb, Allahın qüdrətini müşahidə et. Bil ki, O, hər şeyə qadirdir.

Üzeyir Beytül-Müqəddəsə qayıtdı, vəziyyəti dəyişmiş gördü. Tanıdığı adamlarla rastlaşmadı. Nişanələrlə mənzilini tapıb, qapını döydü. İçəridən səs eşidildi ki, sən kimsən? Dedi: Mən Üzeyirəm. Dedilər: Zarafat edirsənmi, yüz ildir ki, Üzeyrdən bir xəbər yoxdur, səndə onun əlaməti varmı? (Üzeyirin duaları qəbul olunardı.) Mən sənin xalanam, gözlərim kordur, Allahdan istə ki, gözlərimi mənə qaytarsın. Üzeyir dua etdi. Xalasının gözləri açıldı. Hadisəni danışdı, özü və başqaları üçün ibrət oldu.

DÖRD QUŞUN YENİDƏN DİRİLMƏSİ

Qur`ani Məciddə olan ikinci qəziyyə Həzrət İbrahim (əleyhissalam) haqqındadır. O ərz etdi: Pərvərdigara, qəlbimin arxayın, xatircəm olması üçün ölüləri necə diriltdiyini görmək istəyirəm. Əmr edildi ki, dörd quş tut (qarğa, xoruz, göyərçin və tovuz), onları öldür və tikə-tikə doğra. Hər tikəni bir dağ başına qoy. Onları çağırdığın zaman sür`ətlə sənə doğru gələcəklər. («Bəqərə» 260) Təfsirdə vardır ki, Həzrət İbrahim (əleyhissalam) quşların başını əlində tutub, onları bir-bir çağırdı. Gördü ki, hər birinin zərrələri ayrı-ayrılıqda birləşib öz başına doğru tələsir. Həzrət imtahan üçün bir başı başqa bədənin qarşısında tutsa da, yapışmadığını gördü. Bir sözlə, tikələr birləşdi, dörd quş dirildi.

ALLAH-TAALA HƏR İŞƏ QADİRDİR

Belə sual oluna bilər ki, bu qədər dəyişilmiş, çevrilmiş zərrələr necə birləşə bilər? Bu şübhə Allahın elm və qüdrətindən xəbərsizlik əlamətidir. Bilirik ki, Allahın elmi hər şeyi əhatə edir və zərrələrin zərrəsi də Onun elmindən xaric deyil. Həmçinin O, bütün işlərə qadirdir. Artıq bir şübhəyə əsas qalmır. Bir müddət qalıb çürümüş həşərat və vəhşilərə yem olmuş və ya çürümüş, hissələri küləklə səpələnmiş, min bir hala düşmüş bədənin zərrələri Allahın elmində itmir. Harada olursa olsun, Allah bu zərrələri toplamağa qadirdir. Necə ki, Həzrət İbrahimin tikə-tikə doğrayıb dağlara səpdiyi quşları diriltdi. Çünki O, bütün zərrələrə alimdir, hətta minlərlə növdə görünsə də. Eləcə də, qadirdir ki, onları toplayıb savab və ya cəzaya çatdırsın. Bu ilahi qüdrətə müxtəsər nümunələr göstəririk.

SU VƏ OD BİR YERDƏ

«Yasin» surəsi, ayə 79-80: «Onları (çürümüş sümükləri) ilk dəfə yoxdan yaradan Allah dirildəcəkdir. O yaradan ki, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan (iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız.»

Mərx və İfar ağaclarından şaxə kəsdikdə, onlardan su axır. Onların biri erkək, digəri isə dişidir. Onları bir-birinə sürtdükdə, od verirlər. Ərəbistanda ilk vaxtlar kibrit və çaxmaqdaşı olmadığından, od belə əldə edilirdi. Təəccüblüdür ki, hər ikisindən su axan iki ağac bir-birinə sürtüldükdə od necə yaranır? Bu iki zidd işi (od və su) əlaqələndirən qadir Allahdır. Necə ola bilər ki, belə bir Xaliq ikinci dəfə ruhu, dağılıb sonradan cəmlənmiş bədənə qaytara bilməsin?!

ÇÜRÜMÜŞ SÜMÜKLƏR NECƏ DİRİLƏR?

«Yasin» surəsi, ayə 79:

Əbu ibni Xələf Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in məclisinə gəlib, əlindəki çürümüş sümüyü sıxıb əzdi və üfürüb (küləyə verib) dedi: Bu çürümüş sümükləri kim yenidən dirildər?

Allah-Taala zikr olunmuş ayələrdə bu cahilanə danışığı məzəmmətləyib buyurur ki, öz yaranışını unudan kəs Bizə misal çəkir. Yə`ni, sən heç idin, səni heçdən yaratdı. (Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dili ilə.) Birinci dəfə yaratdığı kimi yenə də dirildər. O hər yaranışa alimdir. Əvvvəl heç idin, indi isə bir şeysən (çürümüş sümüksən). Mö`minin bədən zərrələri başqalarından qızıl tək üstündür. Yağış yağanda torpağı yuyar və torpağın altındakı qızıl parıldar. Bəli, hər kəsin bədən üzvlərinin toplanması səhv ola bilməz.

ALLAH ELMİNDƏ SƏHVƏ YOL YOXDUR

İbrahim (əleyhissalam)-ın qəziyyəsində nəql edildi ki, qarğa, xoruz, göyərçin və tovuzu tutub, başlarını kəsdi. Bədənlərini doğrayıb, tam qarışdırdı. Rəvayətə görə, 17 yerə bölüb dağın 17 yerində qoydu. Göyərçinin başını əlinə götürüb, çağırdı. Göyərçinin tikələri hər yerdən cəmlənib, başına yapışdı. O biri quşları da səsləyəndə eyni iş təkrar oldu. İbrahim (əleyhissalam) xoruzun başını tovuzun bədəni qarşısında tutanda isə bədən başa yapışmadı. Məqsədim budur ki, ilahi elmdə səhvə yol yoxdur.

FƏLƏKLƏRİN YARANIŞI İNSANIN YARANIŞINDAN DAHA MÜRƏKKƏBDİR

«Mö`min» surəsi, ayə 57: «Doğrudan da, göylərin və yerin yaradılışı insanların yaradılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu) bilməz.»

Görəsən, kəhkəşanları və yeri yaratmaq, hər birinin hərəkəti üçün qanunauyğunluq qərar vermək, onları idarə etmək mürəkkəbdir, yoxsa insanı yaratmaq?! Əlbəttə də ki, fələklərin yaranışı! Yaxşı bəs bütün bunların Xaliqi insanı ikinci dəfə yarada bilməzmi?! Onun əməllərindən sorğu edə bilməzmi?! (36-cı surə, 87-ci ayə) Əlbəttə ki, istəyini edə bilər və Qiyamətin qurulmasını buyurar. Vahid bir anda hamının dirilməsi Onun iradəsinə bağlıdır.

HƏTTA EHTİMAL OLUNAN ZİYANI DƏF ETMƏK VACİBDİR

Əgər qarşıda bir zərər, xətər ehtimalı vardırsa, əqlimiz hökm edir ki, çarə axtaraq. Məsələn, bir səhradan ötəndə ehtimal var ki, bizi canavar parçalasın və ya oğru mallarımızı aparsın. Diqqətimiz bir zərərə yönəlir ki, yəqin deyil, yalnız ehtimaldır. Bununla belə, əql hökm edir ki, bu yolla getmək olmaz. Zərərlər bir-birlərindən fərqlidir. Məsələn, insan ayağın çalaya düşməsi, daşa dəyməsi ehtimalına o qədər də fikir vermir. Amma bir var dərəyə düşmək, bir də var Cəhənnəm dərəsinə yuvarlanmaq. Zərər böyükdürsə, ciddi ehtimal qurtuluş üçün kafidir.

ALİMLƏRİN EHTİMALINA E`TİNA OLUNMALIDIR

Əgər bir uşaq sizə desə ki, paltarınızda əqrəb var, boynunuza qalxır, ona nə deyərsiniz? Deyərsinizmi ki, sən uşaqsan, başa düşmürsən, sənin sözün e`tibarsızdır? Yox, heç vaxt! Zərər mühüm olduğundan (saman çöpü deyil, əqrəbdir!) dərhal paltarınızı çıxarar, əqrəbi axtararsınız. Hansı ki, əqrəbin olmasına yəqinliyiniz yoxdur, güman da etmirdiniz, təkcə ehtimalınız vardı. Amma əqliniz bu ehtimala e`tina etdi.

Məsələn, səfərə çıxmaq istəyirsiniz. Bir adam deyir ki, yolda su tapılmır. Əqlə görə ehtiyatın şərti budur ki, özünüz ilə bir kuzə su götürəsiniz. Əgər yolda su olarsa, kuzəni boşaltmaqla heç bir ziyan çəkməzsiniz. Yox, su olmazsa, kuzənin suyu ilə susuzluğunuzu yatırarsınız.

BÜTÜN PEYĞƏMBƏRLƏR XƏBƏRDARLIQ ETMİŞLƏR

Yüz iyirmi dörd min peyğəmbər gəlmiş, hamısı bir dildən böyük bir xətəri e`lan etmişlər ki, ey insanlar, bütün əməlləriniz, danışıqlarınız, əqidələriniz qeyd olunur, hər bir əməlinizi iki mə`mur mələk yadda saxlayır (50-ci surə, 17-ci ayə). Tutaq ki, Qiyamət gününə yəqinliyiniz, gümanınız yoxdur, əgər ağlınız olsa, sizə hökm edər ki, ehtiyatlı olun.

Heç olmazsa, ehtimal verin ki, qarşıda Qiyamət günü ola bilər. Bir-birinizi incitməyin, zülm etməyin, kimsənin abır-həyasını aparmayın.

Dediklərimizin haşiyəsində istəyirəm ki, bir moizə də olsun. Söhbətimizin təsdiqi üçün məada əqli dəlillər də gətirək.

MƏADI İNKAR EDƏN ZINDIĞA İMAM SADİQİN BUYURDUĞU

«Üsuli-Kafi`də nəql olunur ki, Həzrət İmam Sadiq (əleyhissalam) İbni Əbül Ücaiyə buyurdu: «Əgər həqiqət dindarların dediyidirsə, (və şəksiz də həqiqət onların dedikləridir) onlar rahat, sizsə həlak oldunuz; və əgər sizin dedikləriniz həqiqətdirsə, (və şəksiz ki, bu belə deyildir) bu halda siz və onlar bərabərsiniz.» İbni Əbil Ücai dedi: «Məgər onların dedikləri bizim dediklərimizlə eyni deyildirmi?» İmam (əleyhissalam) buyurdu: «Necə bir, eyni ola bilər ki, onlar məada, məadın savab və cəzasına, göylərin və yerin abadlığına, bütün bunların Allah-Tərəfindən yaradıldığına inanırlar, sizsə göylərin varlığını, Allahın yoxluğunu iddia edirsiniz!?»

Göründüyü kimi bu hədisdə İmam (əleyhissalam) Yaradanın sübutu üçün ehtiyatı dəlil buyurub. Bu bizim üçün ən aşağı (minimum) dəlildir. Əslində cəza gününə yəqinlik olmalıdır və tərəddüd, şəkk, hətta güman da kafi deyil.

QİYAMƏT ƏZƏMƏTLİDİR

Allah-Taalanın oyuncaq adlandırdığı dünya (47-ci surə, 38-ci ayə) bizim üçün böyük göründüyü halda, Onun «böyük xəbər» adlandırdığı (78-ci surə, 1-ci ayə) Qiyamət barədə bir şey eşidəndə həmin Qiyaməti kiçik başa düşürük. Bəli, bütün əvvəlki və sonrakı xalqların toplanacağı gündür Qiyamət!!! Bu böyük cəmiyyətdə hər kəs öz əməllərindən narahat və qorxu içindədir-sonradan haqqında danışacağımız az adamdan savayı!

ƏMR QİYAMƏTİN DƏHŞƏTİNDƏN QORXDU

İslam tarixində ərəb qəhrəmanı Əmrin fəthlərindən çox deyilib. Müşrik olduğu zaman Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in xidmətinə yetişəndə Həzrət onu İslama də`vət etdi və buyurdu ki, əgər iman gətirərsə, Qiyamətin böyük qorxusundan amanda olar. Dedi:-Ya Mühəmməd, böyük qorxu nədir? Mənim qəlbim o qədər nəhəngdir ki, heç bir dəhşətdən qorxmuram.

Həzrət buyurdu: – Ey Əmr, heç də sən düşündüyün kimi deyil. Adamlara bir nə`rə çəkilər ki, ölülər dirilər, dirilər ölər. Ölənlər üçün ikinci nə`rə çəkiləndə onlar da qalxıb səf çəkərlər, göylər yarılar, dağlar yerindən qopub səpələnər, ruhu olanların köksü parçalanar. İnsanlar günahlarını yada salıb özlərini düşünər, bir Allah istədiklərindən savayı... hardasan ey Əmr!

Xülasə, Həzrət, Əmrin bədəninə lərzə düşənədək danışdı. Əmr dedi:-Qarşıdakı o gün üçün nə etməliyəm?

Həzrət buyurdu: – De «La ilahə illəllah.»

Elə o məclisdəcə Əmr və onun tayfası İslamı qəbul etdilər.

YANAR TORPAQ KAFİRLƏRİN AYAĞI ALTDA

Həmin gün insan öz ətrafında vəhşət görər. Yerin vəziyyəti büsbütün dəyişər. Əvvəlcədən dediyimiz kimi, Qiyamətin yeri, torpağı şüurludur, canlıdır. O, mö`minin ayaqları altda aram, ağ, parlaq, kafirin ayaqları altında isə bir parça yandırıcı oddur.

Bir ağac, bir dağ, bir daldalanacaq gözə dəyməz. Hamı bir-birini görər. Hamı bəşər də olsa, şəkilləri dəyişər. Dünyada hamı bir şəkildədir, amma Qiyamətdə əməl və əqidəyə görə şəkillər müxtəlif olar.

MƏŞHƏRDƏ MÜXTƏLİF ŞƏKİLLƏR

«Məcməül-bəyan» təfsirində Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, Məaz «Qiyamətdə sur üfürüləndə dəstə-dəstə gələrsiniz» ayəsinin mə`nasını soruşduqda, Həzrət buyurdu: «Ey Məaz, böyük bir mətləb soruşursan (Həzrətin mübarək gözü yaşardı.) Mənim ümmətim Qiyamət günündə 10 sinfə bölünər. Bu 10 sinfi Allah-Taala ümumi müsəlmanlardan ayırar, surətlərini dəyişər; bə`ziləri meymun, bə`ziləri donuz, bə`ziləri əl-ayağı kəsilmiş surətdə, bir hissəsi kor, digəri lal, bir dəstəsi də kar olarlar. Məhşərə dilini dişləmiş bir tayfa daxil olar ki, ağızlarından çirk axar. Onların ağızlarının qoxusundan məhşər əhli əziyyət çəkər. Bir dəstə də məhşərə başı aşağı daxil olub, o halda da əzaba aparılarlar. Bir dəstə od budaqlarından asılmış, başqa bir dəstənin qoxusu murdardan daha pis. Digər bir dəstəyə qətrandan libas geydirilmiş, bu libaslar onların bədənlərinə yapışmışdır... Sual verdilər ki, bunlar kimlərdir?

SÖZ GƏZDİRƏNLƏR, HARAM MAL YEYƏNLƏR, SƏLƏMÇİLƏR

Həzrət buyurdu: Meymun surətində məhşərə daxil olanlar söz gəzdirənlər, iki nəfərin arasını vuran, birinin dediyini o birinə və əksinə xəbər aparanlardır. Donuz surətində gələnlər haram mal yeyənlərdir. Məsələn, əskik ölçənlər, qatqı qatanlar, xalqın malını yeyənlər. Başı aşağı gələnlər sələmçilər, faiz yeyənlərdir. Dilini dişləyib və ağzından çirk axanlar, əməlsiz alimlərdir. Bəli, əməli özündən olmayan alimlər yaxşı moizə edib özü pis əməldə bulanan alimlər, başqaları sözündən faydalanıb özü bədbəxt olan alimlər dillərini dişləyib həsrət çəkərlər.

QONŞUNU İNCİDƏNİN, ZALIM HAKİMİN, XUDPƏSƏNDLƏRİN ƏZABI

Məhşərə əl-ayağı kəsilmiş vəziyyətdə gələnlər qonşuya əziyyət verənlərdir. Kor halda daxil olanlar nahaq hökm vermiş zalım hakimlərdir. Amma o kəslər məhşərdə kardırlar ki, xudpəsənd və özünü sevən olublar (hətta özlərindən başqasının məhşərə kar gəlməsini istəməzlər). Oddan budaqlara bağlananlar dünyada padşahlara, ağalara sirr açıb, xəbər aparıb xalqı incidənlərdir. Murdardan daha iyrənc olanlar o kəslərdir ki, haram, şəhvət və ləzzətə bulaşmış, mallarından vacib haqqı ödəməmişlər. Alovdan paltar geyənlər təkəbbür göstərənlərdir. (Digər bir hədisdə var ki,) gözlərində alovdan iki mıx olanlar gözlərini haramla dolduranlardır.

GÜNAHKARLAR ÇÖHRƏLƏRİNDƏN TANINARLAR

Müəhddis Feyz «Eynül-yəqin»də belə nəql edir ki, şərabxor (içki içən) məhşərə daxil olanda, boynundan şərab şüşəsi asılmış, əlinə qədəh yapışdırılmış olar. Ondan elə bir pis qoxu qalxar, o qədər iyrənc olar ki, hamı onun şərabxor olduğunu bilər və yanından ötənlər ona lə`nət oxuyarlar. Şadlıq əhlinin tar və tənburu (musiqi aləti) onların əllərinə yapışıb, başlarına çalınar. Bəli, hər kəsin qiyafə və simasından bilinər ki, bu şəxs hansı günahın sahibidir. (55-ci surə, 41-ci ayə)


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə