Məad müƏLLİF: ŞƏHİd ayətullah seyyiD ƏBDÜl hüseyn dəSTĞeyb biSMİllahiRRƏhmaniRRƏHİM



Yüklə 0,55 Mb.
səhifə4/6
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19550
1   2   3   4   5   6

ÜZÜ ÜSTƏ NECƏ HƏRƏKƏT EDƏRLƏR?

Qeyd edilmiş kitabda nəql olunmuşdur ki, adamlardan bə`ziləri məhşərə bir surətdə daxil olarlar, meymun və donuz onlara nisbətən daha gözəl olar. Eləcə də, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Adamlar məhşərdə 3 cür məhşur olarlar (dirilərlər): bə`ziləri süvari, bə`ziləri piyada, bə`ziləri isə üzü üstə hərəkət edərlər.»

Sual etdilər ki, ya Rəsuləllah, üzü üstə necə hərəkət edə bilərlər?

Buyurdu: «Onları dünyada ayaqları ilə hərəkət etdirən Allah qadirdir ki, üzü üstə də hərəkət etdirsin.»

ÜRƏKLƏR AĞIZA GƏLƏR

«Mö`min» surəsi, ayə 18: «Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (Qiyamət günü ilə) qorxut.»

O günün xovf və hövlündən ürəklər yerindən çıxıb boğazlarda dayanar, nə yerinə qayıdar, nə də bayıra çıxar ki, rahatlıq olsun. O gün ürəklər qəm-qüssə ilə dolu olar. Bir sözlə, həmin gün o qədər dəhşətlidir ki, ürəklər yerindən qopub nəfəs yolunu tutar. Bu Qur`ani Məcidin mö`təbər məsələsidir. Allah-Taala təkrar-təkrar belə bir günün qorxusundan xəbər verib ki, qardaş-qardaşdan, insan öz ata-anasından, ailə uşağından qaçar. Bu ayədə Allah o gündəki qorxunu, hövlü bəyan edir ki, bu qorxu və hövlün şiddətindən insani əlaqələr insanın əyalına, övladına, ata-anaya, qardaşa olan əlaqəsi qırılar. Hər kəs özünə əməllərinin nəticəsinə elə məşğul olar ki, başqalarına diqqətsiz qalar. Bu səbəbdən də hamıdan qaçar. (80-cı surə, 34-cü ayə). (Günahlar səbəbindən) öz haqqını istəməyə qorxar. Bəli, nəfəslər boğazlarda tutular, bütün bu cəmiyyətdən, zarıltıdan savayı bir səs eşidilməz.

QİYAMƏTİN HALƏTİNDƏN AMANDA OLANLAR

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərəfindən neçə dəstəyə və`d edilmişdir ki, bu adamlar Qiyamətin böyük qorxusundan amandadırlar. İslamda saç ağartmış kəsi böyük tutmaq (ehtiram göstərmək) Qiyamət qorxusundan qurtuluşa səbəb olar. Əgər bu şəxs insanın atası, anası olarsa daha yaxşı. Çətinliyə düşənlərin fəryadına çatanlara Allah-Taala və`də vermişdir ki, ağır Qiyamət günündə sizin fəryadınıza çatacağam. Məsələn, bu adam dünyada yıxılanı yerdən qaldırmış, dərdlilərə çarə axtarmışdır və sair.

MƏSCİD QİYAMƏTDƏ NİCAT GƏMİSİDİR

İnsanın eşq, əlaqə bağladığı, çox getdiyi məscid, Qiyamət günü onun qəbrinin üstünə gəcavə şəklində gətirilər. Qəbir sahibi ona süvar olar və Behiştə endirilər.

Rəvayətdə vardır ki, mö`min soruşar: Bəs Sirat (körpü) harada qaldı? Deyərlər: Ayaqlarının altından ötdü. Soruşar: Süvar olduğum nə idi? Deyərlər: Dünyada eşq-əlaqə bağladığın məscidin surəti idi.

Bəli, məscid Allah evidir, qədrini bilin, onun ehtiramını aşağı tutmayın.

MƏKKƏDƏ, MƏKKƏ YOLUNDA ÖLÜM

Qiyamət qorxusundan amanda qalacaq kəslərin bir qismi də Məkkə və Mədinədə vəfat edənlər və ya orada dəfn olunanlardır. Həmçinin Məkkə yolunda dünyadan gedənlər də həmin qəbildəndir. Qiyamət hövlündən amanda qalacaq digər bir dəstə xalqı yox, öz nəfsini düşmən tutanlardır. Yə`ni, xalqla münasibətdə öz istədiyinin əksinə bir şey görərsə, nəzərində pis, eyb olan bir şey müşahidə edərsə, həmin adamları yox, özünü düşmən bilsin. Özünü danlasın ki, nə üçün belə bir istəyi olub. Nə üçün öz eybini yox, başqasının eybini görüb.

QƏZƏB VƏ ŞƏHVƏT ZAMANI SƏBR

Qiyamətdə əmniyyətinə və`də verilmiş adamların bir qismi də həmin şəxslərdir ki, qəzəbləndikləri zaman (pis işlər görmək iqtidarında olduqları halda), Allaha görə özlərini saxlayıb, qəzəblərini udub, həlim olsunlar. O cümlədən, şəhvət və günahla qarşılaşdıqda (abrının, pulunun əldən çıxmasına görə deyil), yalnız Allah qorxusundan o günahdan çəkinən adamlar da həmin çətinlikdən qurtuluşdadırlar.

Bə`zi ölülər üçün belə bir lütf olub. Əgər bir mö`min əlini onun qəbrinin üstünə qoyub, yeddi dəfə «Qədr» surəsini oxuyarsa, o meyyit Qiyamət qorxusundan amanda qalar.

HƏQİQİ ƏMNİYYƏT, QURTULUŞ ƏLİ (ƏLEYHİSSALAM)-IN VİLAYƏTİDİR

İnsan üçün tam qorxusuz qurtuluş Əli (əleyhissalam)-ın vilayətidir. («Ənbiya» surəsi): «O kəslərə ki, gözəl əməllərinə görə, dərgahımızda gözəl aqibət və`d verilmişdir, onlar Cəhənnəmdən uzaq olacaqlar. Cəhənnəmin uğultusu qulaqlarına gəlməz. Onlar ürəkləri istəyən ne`mətlər içində əbədi olaraq qalacaqlar. Onları ən böyük qorxu məhzun etməyəcəkdir.» Bəli, Qur`ani Məcidin bu mö`təbər ayəsindəki «husna» (ən yaxşı əməl) Əli (əleyhissalam)-ın vilayətidir. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Ya Əli, sən və sənin şiələrin böyük qorxudan amandadırlar və bu ayə sizin haqqınızdadır.»

MÜTLƏQ GÖZƏL ƏMƏL ƏLİ (ƏLEYHİSSALAM)-IN VİLAYƏTİNİN QƏBULUDUR

Əli (əleyhissalam) və onun ailəsinin vilayətini (mö`minlər üzərində tam, mütləq ixtiyar sahibi olmalarını) qəbul edənlərin «hüsna»-gözəl əməl sahiblərinin o günün böyük dəhşətindən qurtulacağını Qur`an və`d etmişdir. Müxtəlif təfsirlərdə o cümlədən, «Ruhul-bəyan»da Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql olunmuşdur: «Hər kəs Mühəmmədin ailəsinə dostluqla ölərsə, tövbə edib dünyadan pak gedərsə, qəbirdən baş qaldırarkən məhşərə sakit, sərin qəlblə daxil olar. Qiyamətdən nə qorxar, nə də hövlə gələr. Behişt onun üçün bəzəkli toy otağı tək zinətləndirilər.»

GƏLƏCƏYƏ TƏ`MİNAT

Quran ayələrinin böyük hissəsi Qiyamət və onun əhvalatlarından bəhs edir. Bu səbəbdən də insan heyrət edir ki, görəsən Allah-Taalanın bu qədər əhəmiyyət verdiyi Qiyamət necə bir gündür. «Vaqiə» surəsindən başlamış, Qur`anın sonunadək bəlkə də, elə bir surə yoxdur ki, Qiyamətin adı çəkilməmiş olsun. Bu böyük gün 70-dən çox adla adlandırılmışdır. Məqsəd, bu ayələrin çoxluğu ilə qəlblərdə qorxu yaratmaq, insanların öz gələcəklərinin tə`mininə sövq etməkdir. Eşitdikləriniz hövl və qorxudan çarə arayın. Məsələn, zikr etdiyimiz 3-4 mövzudakı çarələri, xilas yollarını düşünək.

GƏLƏCƏYİN TƏ`MİNİ ADI İLƏ HƏRİSLİK

Hamı «gələcəyin fikrində olmaq (sabahı fikirləşmək), gələcəyi tə`min etmək lazımdır», deyir. Çox ağıllı sözdür, amma yerində başa düşülüb, yerində işlənmir. Gələcəyi tə`min etmək, banka pul qoymaqdırmı?! Görəsən, 50-60 illik ömrü (bu da ehtimaldır, yə`qin deyil), belə əziz bir vaxtı sərvət toplayıb, sonra da dünyada qoyub getməyə dəyərmi?! Bütün bunlar cəhalətdəndir. Axı kim üçün qarşıda aclıq təhlükəsi var ki, hərislik etsin?! Siz öz həyatınızda neçə nəfərin aclıqdan öldüyünə şahid olmusunuz?

Bəli, əgər qıtlıq olarsa, bu da ölümün vasitələrindəndir ki, müəyyən olunub və elə bir dövrdə varlılıq da kara gəlmir. Əgər bir ömür də olsa, gələcək üçün xətər yoxdur. Allah-Taala zəmanət verib, hətta and içib ki, hər bir canlının ruzisini yetirəcək. (51-ci surə, 23-cü ayə və 11-ci surə, 8-ci ayə). Lakin axirət üçün əmr edib, tə`kid edib, qorxudub ki, fikirləşək, çalışaq və məbada məhşərə gəda kimi əliboş daxil olaq.

ALLAH YANINDA ƏMANƏT SANDIĞI

«Allah kərimdir», deyirik, düzdür. Amma əgər Allahı doğrudan da kərim (kərəm, səxavət sahibi) biliriksə, nə üçün dünya işlərində Onu kərim hesab etmirik?! Mə`lum olur ki, dediyimiz sözlər səmimi deyil.

Əgər doğrudan da, öz gələcəyinizi tə`min etmək istəyirsinizsə, Allah yanındakı əmanət sandığında özünüz üçün hesab açın. Sizin ibadətiniz və verdiyiniz sədəqələr həmin hesabdakı əmanətləriniz, sədəqələrinizdir. Bilin ki, Allah bu əmanəti yaxşıca hifz edər, Qiyamətin günü, bəlkə də həmin dünyada əvəzini qaytarar. (73-cü surə, 20-ci ayə)

Qur`anda Rəbbimiz Öz Peyğəmbərinə əmr edir ki, onları sonrakı əzablarla qorxut. İndi özünüz bilin: qarşıda çətin bir gün var.

İSRAFİL SURU ÜFÜRÜR

Qur`anda dəfələrlə xəbər verilmişdir ki, Qiyamət qoparkən ən ilkin, sur üfürüləcəkdir. Ayə və hədislərdən belə mə`lum olur ki, sur iki dəfə üfürüləcəkdir: 1-ci öldürən, 2-ci dirildəndir.

«Zümər» surəsi, 68-ci ayə: «Elə ki, sur çalındı, Allahın istədiyi kimsələrdən savayı göylərdə və yerdə kim varsa, hamısı yıxılıb ölər. Bir daha çalınanda isə bütün ölənlər ayağa qaxıb olacağı gözləyərlər.»

ALLAHA YAXIN DÖRD MƏLƏK VƏ HƏR BİRİNİN TAPŞIRIĞI, VƏZİFƏSİ

Allah-Taalanın dörd yaxın (müqərrəb) mələklərinin (Cəbrail, Mikail, Əzrail, İsrafil) hər birinin öz mühüm vəzifəsi vardır. Cəbrail peyğəmbərlərə vəhyin nüzul vasitəsi, Mikail ruzi vasitəsi, Əzrail can almağa mə`murdur. İsrafilin işi Qiyamət zamanıdır. O, əlində sur, həmişə Allah əmrinin intizarındadır. Rəvayətə görə, Allah buyurduğu zaman səmadan yerə enər.

QİYAMƏTDƏ GÖYLƏRİN TİTRƏYİŞİ

Qiyamət qopanda səmalara titrəyiş düşər, səma sakinləri lərzəyə gələr. Hərəkət yerə yetişəndə Beytül-Müqəddəsdən (ilk qibləmiz) Kə`bəyə surda nida olar ki, «hamınız ölün!» İlk sur üfürülməsi ilə bir dənə də canlı qalmaz, nəfəslər kəsilər. Rəvayətdə vardır ki, bə`ziləri bazarda al-verə məşğul olduqları yerdəcə ölüm «nəfxəsi» üfürülər və yıxılarlar. Nə vəsiyyət edə bilər, nə də mənzillərinə qayıda bilərlər. «Yasin» surəsində (ayə 50) buyurulduğu kimi: «Nə vəsiyyət etməyə, nə də ailələrinin yanına qayıtmağa macal tapmayacaqlar.»

Sonra səma əhli üçün də sur üfürülməsi əmr olar ki, bir ruh sahibi də sağ qalmaz. O vaxt buyurarlar ki, İsrafil özü də ölümə qovuşsun.

YALNIZ ALLAH QALAR, YALNIZ!

İlahi qəhr nidası ucalar ki, ey itaətsizlər, ey təkəbbür göstərib, mənəm-mənəm deyənlər, haradasınız?! Bu gün mütləq hökumət və səltənət kimindir?!

Bir nəfər də olmaz desin ki, «vahid, qəhhar Allah!» Bu sur üfürülməsindən bir müddət keçmiş, ayılma, dirilmə, Qiyamətin qalxma «nəfxəsi» üfürülər.

Mə`sum İmamlardan (əleyhimussalam) sual olunub ki, aləmdə heç bir canlının olmayacağı iki nəfxə (üfürmə) arasındakı vaxt nə qədərdir? Rəvayətdə vardır ki, 40 il və ya 400 il. Eləcə də, rəvayətə görə həmin müddətdə fələklərin toqquşması, zəlzələlərin, dağların tikə-tikə parçalanması, dənizlərin od tutması kimi dəhşətlər olacaqdır. Sonra da yağış yağması əmr ediləcək, bu şiddətli yağış 40 gün başdan-başa yer üzünə yağacaq.

SUR İKİNCİ DƏFƏ ÜFÜRÜLÜR

İlahi əmrlə ikinci dəfə diriləcək ilk şəxs İsrafildir. O, suru üfürməli və Qiyamət qopmalıdır. İsrafil nida edər: «Ey bədənlərdən ayrılmış ruhlar, ey səpələnmiş bədənlər, ey çürümüş ət və sümüklər, ey dağılmış tüklər qayıdın və hesab üçün toplanın, tələsin hesaba»!

Yerə ilahi vəhy yetişər ki, qoynunda olanları bayıra töksün. Torpaqda olan bədənlər şiddətli zəlzələlər vasitəsi ilə bayıra çıxarlar, bədən zərrələri birləşər, ona ruh üfürülər, bir dəfəyə hamı ayağa qalxar. (Allah üçün bir nəfəri xəlq etməklə milyard nəfəri xəlq etməyin fərqi yoxdur, O qadirdir.)

Və`dəsinə vəfa edən Allaha şükürlər olsun!

Amma adamların görünüş və danışıqları müxtəlif olar. Əməlisalehlər qəbirdən baş qaldırdıqda, Allaha şükr edərlər ki, Öz və`dəsinə vəfalı olub, Qiyaməti bərpa etdi, onlar da öz saleh əməllərinin əvəzini alarlar. (39-cu surə, 74-cü ayə) Elələri də olar çarəsizlikdən fəryad çəkər, nalə qopararlar ki, kim bizi qəbirlərimizdən qaldırdı? (36-cı surə, 52-ci ayə) Rəvayətə görə, onlar bir ayağı qəbirdə, digər ayağı bayırda olan halda 300 il heyrətdə dayanacaqlar. Bu, əzabın müqəddiməsidir.

QƏBİRDƏN NECƏ BAŞ QALDIRARLAR?

Bir gün Cəbrail Rəsulallah (səlləllahu əleyhi və alihi və səlləm)-ə ərz etdi:

Adamların həşrinin (qəbirdən qalxmasının) necəliyini görmək istəyirsənmi? Buyurdu: Bəli. O, Həzrəti «Bəqi» qəbiristanına apardı, ayağını qəbrə vurub dedi: Allahın izniylə, qalx! Qəbirdən nurani bir şəxs baş qaldırdı və «həmd olsun Allaha ki, Öz və`dəsinə vəfa etdi» dedi. Sonra ayağını başqa qəbrə vurdu. Qorxunc görkəmli bir şəxs qəbirdən qalxıb, nalə çəkdi. Cəbrail ərz etdi: Mö`min və kafir, qəbirdən bu sayaq baş qaldırar.

QİYAMƏT TEZ GƏLƏRMİ?

Rəvayətə görə, mö`minlər (bərzəxdə) axirət ləzzətini daddıqlarından, Qiyamətin tez başlamasını Allahdan istəyərlər. Amma günahkarlar əzab nümunəsini gördüklərindən, «Xudaya, bizi yerimizdəcə saxla», deyərlər.

ALÇALDAN VƏ UCALDAN GÜN

Bə`zi adamlar dünyada təqvaya (Allahın Öz bəndələrindən istədiyi pəhrizkarlığa) malik olduqları halda alçaldılmış, hörmətsiz tutulmuşlar. Əksinə, bə`ziləri də dünyada möhtərəm, böyük tutulsalar da (ən əsası) təqvaları olmayıb. Qiyamət elə bir gündür ki, təqvalılar ucaldılacaq, təqvasızlar alçaldılacaq.

İÇ ÜZLƏR AÇILAR

Həmin gün insanların iç üzləri açılar. Ey dünyada diqqətlə abır-həya gözləyənlər, heç sabahkı günün (Qiyamətin) xəcalətini düşünürsünüzmü?! Həmin gün daxili mələk olanların surəti məlaikə, daxili yırtıcı, şəhvətcil olanların surəti meymun, it surətinə düşər. Son məniziliniz üçün bir iş görmüsünüzmü ki, sonradan xəcalət çəkməyəsiniz? Qarşıda nələr olacağını bilirsinizmi? Bilirsinizmi ki, məhşər səhrasında üryansınız, yoxsa yox?!

QİYAMƏT LİBASI (GEYİMİ) TƏQVADIR

«Ə`raf» surəsi, ayə 26: «Bunlardan üstündür təqvadan olan geyim.»

Qəbirdən baş qaldırılan zaman bir dəstəni çıxmaqla hamı üryandır (çılpaqdır). Məhşərə üryan daxil olmayacaq həmin dəstə pəhrizkarlar, təqvalılardır. Bu dünyadan təqva ilə köçən şəxs məhşərə ilahi libasla daxil olar. Dünyadan tövbəsiz gedib, bərzəxdə əzab görməklə paklanan mö`minlər də bu dəstədəndirlər. Amma, Allah eləməmiş, günahları pak olmadan məhşərə daxil edilənlər xəcalət yükündən qurtulmaq xatirinə tezliklə Cəhənnəmə getmələrini arzulayarlar.

ADƏM ÖZÜNÜ AĞAC YARPAQLARI İLƏ ÖRTDÜ

Bəşər atası Adəm (əleyhissalam) ilk səhvi etdi və Behiştdən çıxarıldı, üryan edildi. O, məlaikələr qarşısında pis vəziyyətdə qaldığını görüb, bədənini yarpaqlarla örtdü. (7-ci surə, 21-ci ayə)

Bəli, günahkarlar ilahi örtükdən məhrumdurlar. Görən mənim və sizin üçün elə bir gün varmı ki, günahlarımızın üstünə günah gəlməsin? Niyə Qiyamətin çətin gününü fikirləşmirik? Mübarək ramazan ayında kimsəsiz səhralarda İmam Səccad (əleyhissalam)-ın Qiyamət üryanlığından etdiyi fəryadına qoşulub, həmsəda olaq.

GÜNAHKARLAR TANINAR

Məhşərin ilk dayanacağında, Qur`ani Məcidin neçə yerində zikr edilmiş bir heyrət vardır ki, gözlərin hərəkəti dayanar. Günahkarların hansı günaha sahib olmasından hamı xəbərdar olar. Dünyada sərxoşluq edənlər məhşərə əlində şərab şüşəsi daxil olarlar. Allah-Taala Öz izzət və cəlalına and içib demişdir ki, hər bir şərabxora içdiyi şərab miqdarında Cəhənnəm həmimi içirdəcəkdir.

QİYAMƏTDƏ ŞƏRABXORUN MƏNZƏRƏSİ

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki, buyurdu: «Şərabxor Qiyamətdə çöhrəsi qara, gözləri göyərmiş, dodaqları sinəsindən ayağına sallanmış, dili ağzından çıxmış vəziyyətdə gələr. Yanından ötənlər onun qoxusundan əzab çəkərlər.»

Yenə bu barədə buyurmuşdur: «Məni peyğəmbərliyə məb`us etmiş Allaha and olsun ki, şərabxor təşnə (susuz) ölər, təşnə halda qəbrə gedər, təşnə halda məhşur olar, min il təşnəlikdən nalə çəkdikdən sonra ona Cəhənnəm həmimi içirdilər.»

SƏLƏMÇİ VƏ TƏNBURÇUNUN (MUSİQİ ALƏTİ) ÇÖHRƏSİ

Sələmçi (ribaxor) qəbirdən baş qaldırdığı zaman qarnı o qədər böyük olar ki, yerə dəyər. Durmaq istərkən bacarmaz və başını aşağı salar. Hamı onun sələmçi olduğunu bilər. Qina (haram çalğı) əhlinin çalğı aləti onun yanında olar. «Ənvari-nö`maniyyə» kitabında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki, buyurdu: «Tənbur sahibi üzü qara məhşur olar, əlində alovdan olan və başına çalınmış tənbur tutar, 70 min əzab mələyi başını, üzünü qamçılayar. Qina əhli-istər çalan, istərsə də oxuyan-kar, kor və lal məhşur olar.

İKİÜZLÜLƏR VƏ İKİ ALOV DİL

Rəvayət olunmuşdur ki, xalqla münasibətdə ikiüzlü, ikidilli olanların, adamların yanında bir cür, arxasında başqa cür danışanların Qiyamətdə alovdan iki dili olacaqdır. Öz dilləri ilə adamları incidənlərin dilləri boyunlarının arxasından çıxarılacaq.

QİYAMƏTDƏ TƏKƏBBÜRLÜLƏR VƏ ZİNAKARLAR

Bir dəstə adam qarışqa tək zəif halda ayaqlar altında əzilər-bunlar dünyada özünü yuxarı tutub, təkəbbür göstərənlərdir. Zinakarların ovrətlərindən axan çirkin qoxusundan məhşər əhli nalə çəkər.

ƏLLİ MİN İLLİK BİR GÜN

«Biharül-ənvar»ın 3-cü cildində mə`sumlardan (əleyhimussalam) rəvayət olunmuşdur ki, Qiyamətdə hər biri min illik beş dayanacaq vardır. Yə`ni, hər bir dayanacaqda min il qalmaqla 50 min illik vaxt ötəcək.

NƏ ÜÇÜN QİYAMƏT HADİSƏSİ «QİYAMƏT GÜNÜ» ADLANDIRILIB?

Əgər Qiyamət aləmində gecə, gündüz, Ay və Günəş yoxdursa, bu hadisə nə üçün «gün» sözü ilə tə`bir olunub? Çünki «gün» elə bir zaman fasiləsidir ki, günəş vasitəsilə işıqlanmış aləmdə insanlar gecə görmədiklərini aşkar, aydın görürlər. Eləcə də, dünyada gizli olan insan batini, əqidələrin əyri-düzlüyü, əməllərin pisi-yaxşısı, onların əsər-əlamətləri Qiyamətdə tam işıqlanar. Buyurulmuşdur: «İnsanın güman etmədikləri zahir olar.»

QİYAMƏTİN PARLAQ HƏQİQƏT GÜNƏŞİ

Bəli, dünya gecədir, zülmətdir. Kimsənin kimsədən, hətta öz batinindən xəbəri yoxdur. İşlərin üzərinə pərdə çəkilib. Amma Qiyamət gündür, gündüzdür. Doğrudan da gecəsiz bir gündür. Elə bir gün ki, o gün 50 min il parlayacaq, həqiqət günəşinin işığında kimliyimizi, başqalarının kimliyini anlayacağıq.

QİYAMƏTDƏ QORXU DAYANACAĞI

Dedik ki, Qiyamət dayanacaqlarından biri heyrətdir. Digər bir dayanacaq qorxudan sükutdur ki, bu baradə Qur`anda belə buyurulmuşdur: «Allahın qarşısında səslər kəsilər, pıçıltıdan (həm-həmə) savayı bir səs eşidilməz.» (20-ci surə, 108-ci ayə) «Səslənmək istəyərlər, amma qorxudan ürəklər boğazları tıxaclar.» («Mö`min» surəsi) Digər bir dayanacaqda söhbət gedər, adamlar bir-birlərinin günahlarını, savablarını soruşarlar. (37-ci surə, 72-ci ayə)

ÇƏYİRTKƏ KİMİ PƏRAKƏNDƏ DAĞILARLAR

Digər dayanacaqda hamı bir-birindən: ata oğuldan, qadın ərindən, qardaş-qardaşdan və s. qaçarlar. Qur`anda xalqın o günkü halı «pərakəndə pərvanələr» kimi tə`bir olunub (103-cü surə, 3-cü ayə).

«Tur» surəsində (7-ci ayə) buyurulur: «Kafirlərin gözlərindən qorxu yağar, qəbirlərindən çıxıb, məhşər səhrasında çəyirtkə tək dağılarlar.» Diqqət etmisinizmi, çəyirtkələr necə nizamsız uçur? Bə`zisi aşağı, bə`zisi yuxarı, bir dəstəsi sağa, bir dəstəsi sola uçub pərakəndə şəkildə dağılırlar. Qadınla ər də bir-birlərindən beləcə qaçar, pərakəndə olarlar. Amma bu qaçmağın faydası olmaz.

QAÇMAQLA QURTULMAZLAR

«Ər-rəhman» surəsinin təfsirində buyrulur: O gün birinci göy (təbəqəsi) mələklərinə əmr olunar ki, yerə enib, insanları dairəyə (mühasirəyə) alsınlar, ikinci göy mələkləri birinci göy mələklərinin dövrəsini tutsunlar. Beləcə, yeddi cərgəlik mələklərdən ibarət ilahi qoşun məhşər səhrasını dövrəyə alar. (55-ci surə, 33-cü ayə) «Ey cin və ins, bacarırsınızsa qaçın, amma bu, qeyri-mümkündür» (təfsir). O gün insan deyər: «Hara qaçım, hara gedim?» (75-ci surə, 10-cu ayə). Amma qaçmağa heç bir yer yoxdur, Allaha tərəf qayıtmaqdan savayı! (Əlbəttə, bu cəhət, yol Allahla olanlar üçündür, başqaları üçün sığınacaq yoxdur.) (75-ci surə, 11-ci ayə)

QİYAMƏTDƏ SAVAB ÜÇÜN ƏL AÇILAR

Hər kəs öz tanışına əl açar ki, öz savabından ona da versin. Lakin hər kəs savaba möhtac olduğundan, başqasına savab verməz. Ata öz övladına, onun tərbiyəsinə çəkdiyi əzab-əziyyətləri xatırladıb ondan savab istəyər. Övladsa «mən səndən də çox möhtacam», deyə cavab verər. Beləcə, qardaş-qardaşa və s. cavab verər. Hamı çətinlikdə olduğundan, başqasının dadına çatmaz.

ƏMƏLLƏR NAMƏSİ

«Haqqə» surəsi, ayə 78: «(Sizi) Rəbbinizin hüzuruna gətirərlər, həmin gün sizin heç nəyiniz gizli qalmaz. Əməl dəftəri sağ əldən verilən kəs deyər: Yazımı alın, oxuyun, mən bu günü görəcəyimə əmin idim.»

İnandığımız dini həqiqətlərdən biri də Qur`anda neçə yerdə əksini tapmış əməllərin yazılmasıdır. Qur`an buyurur: «Kərim mələklər bütün əməlləri yazarlar.» (82-ci surə, 11-ci ayə). Digər bir yerdə bu mələklərin ən kiçik sözləri də qeyd etdiyi bildirilir. (50-ci surə, 17-ci ayə). Bu yazılışın hansı şəkildə olduğunu (qələm-kağızla, yoxsa başqa cür) biz yox, nübüvvət gözü görür. Ümumiyyətlə, heç bir şey ötürülmür. Hətta xeyir niyyətlər də yazılır.

ƏTİR QOXUSU XEYİR NİYYƏTİ BİLDİRİR

Ravi İmam (əleyhissalam)-dan soruşur ki, məlaikələr insanın xeyir niyyətindən necə xəbərdar olurlar? Həzrət buyurur: «Xeyir niyyət edən şəxsdən ətir qoxusu qalxır və onlar anlayırlar. Eləcə də, pis niyyətdən qalxan pis qoxu onları narahat edir. Yalnız xeyir niyyətə bir savab (həsənə) yazılırsa, bu niyyətə əməl edildikdə, on savab qeyd olunur (6-cı surə, 161-ci ayə). Amma icra olmuş günah üçün birdən artıq yazılmır.

GÜNAHI YUMAQ ÜÇÜN MÖHLƏT

Qeyd edən iki mələkdən biri Ətid, o biri isə Rəqibdir. Günah etmiş şəxsin günahını Ətid yazmaq istərkən, Rəqib «möhlət ver, bəlkə, peşman olub tövbə etdi», deyir. Ona 5-7 saat möhlət verilər. Əgər tövbə etməzsə, «necə də həyasız bəndədir!», deyib günahını yazarlar.

HƏTTA ALOVU ÜFÜRMƏK DƏ YAZILIR

Rəvayətlərdən belə anlaşılır ki, hər kəsin iki kitabı (dəftəri, naməsi) vardır-savab kitabı və günah kitabı. İnsanın bütün əməlləri, hətta alovu üfürməsi də qeyd olunur. «Əl-Qəmər» surəsinin 52-53-cü ayələrində buyurulur: «Onların etdikləri hər şey dəftərlərdədir. Hər bir kiçik və böyük günah yazılmışdır!»

BOŞ DANIŞAN CAVANLARA ƏLİ (ƏLEYHİSSALAM)-IN BUYURUĞU

Şeyx Səduqun «Əqidələr» kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-mö`minin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır...

Bəli, insanların əziyyətini aradan qaldırmaq üçün yoldan bir tikan, daş götürüb atmaq kimi xırda əməllər də hədər olmayacaqdır.

ƏMƏL NAMƏSİNİN HİKMƏTİ

Əməl naməsi nə üçündür? Əməlisalehlərin əməl dəftərinin məlaikələrin göyə qaldırmaq, günahkarların əməl dəftərlərini siccinə (Cəhənnəmin alt təbəqəsi) endirməsi nə üçündür?

Cavab: Allah-Taala insanın günaha batmasını istəmir. Buna görə də onun üstünə nəzarətçi qoyur. Bəli, insan öz üzərində müfəttişi görəndə, ehtiyatlı olur.

Ey günahkar insan, sənin həya edib, günahdan uzaqlaşmağın üçün Allah-Taala sənin bədən üzvlərinə əlavə olaraq iki müfəttiş də müəyyən edib. (Ayıq ol!) Bu iş mö`minlərin də xeyrinədir – saleh əməllərin dəyəri daha da aşkarlanar.

Ə`LAÇI ŞAGİRDİN SEVİNCİ: «BAXIN, MƏNİM GÜNDƏLİYİMƏ BAXIN!»

Dərsindən ə`la qiymət almış şagird necə də sevinir, fəryad qoparır: gəlin, gəlin mənim gündəliyimə baxın, hamısı ə`ladır! Qiyamətin səhəri də əməl naməsi əlinə verilmiş mö`minlər beləcə sevincli, şaddırlar: Ey dostlar, ey tanışlar, gəlin mənim əməl naməmi oxuyun, namazlar, oruclar, sədəqələrim qəbul olub, baxın, mən dünyada bu günümün, hesabımın fikrində olmuşam. Belə bir şəxs xoşbəxtlikdə, əbədi rahatlıqda, böyük Behiştdə olacaqdır. Amma vay o şagirdin halına ki, «iki» alıb rədd edilib. Küçələrdə başı aşağı, asta-asta ötüb, ağlaya-ağlaya evə gəlir, ölüm arzulayır, bə`zən də huşunu itirib yerə yıxılır. Bu ağır halın minlərlə yuxarı mərtəbəsini düşünün – bu, əməl naməsi sol əlinə verilmiş günahkarların halıdır!

KAŞ ƏMƏL NAMƏMİ VERMƏYƏYDİLƏR

Deyərlər: Kaş, əməl naməmi əlimə verməyəydilər, hesabımın necəliyini bilməyəydim... (Bu sözlərin səbəbi namədəki rüsvayçı əməllərin görünməsidir.) Kaş bu işlərdən məni saxlayacaq ölüm gələydi. Kaş, dünyadakı ölümdən sonra həyatım olmayaydı. Kaş, ölməklə rahatlanaydım.

Həsrətlə deyər: Sərvətimdən mənə haray olmadı, mülküm, qüvvəm əldən çıxdı...

ƏMƏL NAMƏSİ NƏ ÜÇÜN ARXADAN VERİLİR?

Elə adamlar da vardır ki, əməl namələri arxadan verilir. Nə üçün? Burada iki ehtimal vardır: Əvvəla, əlləri arxadan bağlanmış adamın naməsini arxadan əlinə verər və başını çevirərlər. İkinci ehtimal budur ki, sol əlini sinəsinə batırmaqla, arxadan çıxarar, naməsini əlinə verib, başını çevirərlər, «naməni oxu» deyərlər. Vay olsun, qeybətlərini, böhtanlarını, yalanlarını, abırsızlıqlarını, günahlarını özü oxumalıdır. Sonra əza və üzvlərlə edilən günahlar uca səslə nalə çəkər: Vay olsun halımıza, ən kiçik və böyük əməllər bu kitabda yazılmışdır. Bütün etdiyi əməlləri qarşısında hazır görəcək. «Kəhf» surəsi, ayə 49: «Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada yazılmış öz əməllərindən qorxduqlarını görəcəksən.»

ƏMƏL NAMƏSİNİ GÖRƏN ZAMANDAKI ŞİDDƏTLİ NARAHATLIQ

Bə`ziləri öz əməl namələrini gördükdə bədəninin bəndləri (oynaqları) bir-birindən qopar, gözlərindən çirk və qan tökülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətinə görə, nida yetişər ki, məgər namənizdə, etmədiyiniz əməlləri görürsünüz? Ərz edərlər: «Pərvərdigara, yox, hamısı doğrudur.» Sonra başlarını aşağı salarlar.

DƏRHAL VƏ YA MİN İL GÖZLƏMƏ

Qiyamətdə insan bir andaca bütün dünya əməllərini xatırlayar, görər. Qəribə aləmdir, hər kəsin əməllərinin hesabı özünə aydındır. Bə`zilərinin hesabı bir göz qırpımı çəkir. Bunlar salehlərdir. Bə`zilərinin də hesab verməsi min il uzanır. Əlbəttə, Allah üçün hesablamaq vaxt aparmaz. Məqsəd həmin adamların sərgərdançılıq və əziyyətdə qalmasıdır. Bə`ziləri üçün bu məəttəlçilik (gözləmə) bir qoyunun sağılması qədər, bə`ziləri üçün zöhrdən əsrədək bir müddət, bə`ziləri üçün 40 il, min il və ya 50 min il!

ƏHLİ-BEYT (əleyhimussalam) DOSTLARINA MÜJDƏ

(Fatimeyi Zəhra (əleyha salam) və 12 İmam (əleyhimussalam) Peyğəmbərin Əhli-beyti adlanır). «Biharül-ənvar`ın 3-cü cildində nəql olunur ki, İmam Sadiq (əleyhissalam) buyurmuşdur: «Qiyamət günü bizim şiələrin hesabını Allah-Taala bizə həvalə edir. İnsanın Allaha aid haqqının, vəzifələrinin bizə bağışlanmasını Allahdan diləyərik. Bu haqq onlara bağışlanar. Özümüzə olan haqlarını da bağışlayarıq. (Sonra bu şərif ayəni oxuyur:) «Onlar Bizə tərəf qayıdar, onların hesabı Bizimlədir. Bu, başqa cür deyil.»

HƏZRƏT MÜHƏMMƏD (səlləllahu əleyhi və alihi və səlləm) ŞİƏLƏRİN XALQA BORCUNU (MƏZALİMİNİ) ÖDƏYƏR

«Biharül-ənvar`ın «Qiyamət gününün hesabı» fəslində Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, Allahın və İmamın haqqı ödəndikdən sonra şiələrin öhdəsində olan xalqın haqqını (həqqünnas) Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) sahiblərinə qaytarar...

ŞÜKÜR İLAHİYƏ Kİ, HESABÇIMIZ KƏRİM ŞƏXSLƏRDİR

Şiələr üçün böyük müjdədir ki, Qiyamətdə hər kəsin hesabı öz İmamına həvalə olunacaqdır. Xoş halına o şəxsin ki, əməllərinin hesabını kərim olan İmam Höccətibnil-Həsən (əleyhissalam) aparsın. Əlbəttə, kölgəli əməllərimizə baxdığı zaman başımızı aşağı salacağıq. Amma onlarla dost olduğumuzdan, ümidvarıq ki, bizə şəfaət etsinlər. Şükür Allaha ki, hesabımız Allah yanında uca məqamı olan kərim şəxslərə tapşırılıb.

MİZAN (ÖLÇÜ)

İnanmalı olduğumuz həqiqətlərdən biri də mizandır. Qiyamət günü başlananda, hər kəsin əməlləri ölçülər, yaxşı və ya pis işlərinin çoxluğu mə`lum olar. Mizan dinin zəruriyyətlərindəndir. Bəs, mizan və ölçünün həqiqəti nədir? Bu barədə alimlər öz baxışlarını, nəzərlərini bildiriblər. Bə`ziləri onu əməl naməsinin ölçülməsi, çəkilməsi bildiriblər. Bə`ziləri buyurublar ki, əməllər maddi, cisim surəti alıb çəkiləcəkdir. Bunların heç birinin mö`təbər mənbəsi yoxdur. Amma səhih nəzərə gələn odur ki, mizan ölçüdür-xırdadan böyüyədək hər şeyin ölçüsü.

MİZAN–TƏRƏZİ YA QAPAN DEYİL

Mizan haqqında deyilənlərdən belə təsəvvür yaranmasın ki, mizan – tərəzi, yaxud qapandır. Tərəzi və qapan buğda, arpa çəkmək üçün işlənər. İlahi ədalət mizanı isə sizin namaz, oruc, sədəqələrinizi, xeyir və şər əməllərinizi ölçmək üçündür. Hər kəsin xeyir əməli üstün olarsa, nicat tapmışdır. Əksinə, pis əməlləri ağır gələnlər isə azğınlardır: «Onlar özlərinə zülm edib, ziyan vurdular.»

Xülasə, Qiyamət günündə hər kəsin xeyir və şər əməlləri ölçülər, amma biz onun necəliyini bilmirik.

HAQQIN MİZANI ƏLİ (ƏLEYHİSSALAM)-DIR

İynə ucu qədər səhvi olmayan ilahi ədalət mizanı Əli (əleyhissalam)-dır. Əvvəlkilərin və sonrakıların namazları gətirilər və Əli (əleyhissalam)-ın namazı ilə ölçülər.

Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: «İnsanların ibadətlərini və əməllərini ölçmək üçün peyğəmbər, övsiya, Əhli-beyt (əleyhimussalam) mizanları qurular. Qiyamətin səhəri namazlarımızı gətirər və belə ölçərlər: Əlinin namazı kimidir, yoxsa yox? Əli (əleyhissalam)-da olan kamillik sifətlərindən bizdə var, yoxsa yox? Səxavət, şücaət, qeyrət, mərdlik, kərəm, rəhm, insaf və s. bizdə də varmı?

Əlbəttə, ibadətlərin Əli (əleyhissalam)-ın ibadəti kimi olması qeyri-mümkündür, amma ibadətimizin istiqaməti zidd, haqq mizanından kənar olmasın. Əgər harama əl uzadıb, xalqın malını yemisənsə, bu mizandan kənarsan.

DÜZ YOLDA HANSI PİSLİK GÖRMÜŞÜK Kİ, ƏYRİ YOL GEDƏK?!

Mö`min insan haqq mizanının doğru yolundan başqa yol getməz. Nə pislik görüb ki, qeyri-şər`i, əyri yol getsin?! Bu hicablı qadınların çılpaq rəqqasələrdən, qadınlardan nəyi əskikdir?! Elə fikirləşməyin ki, o çılpaqlar həyatdan daha çox ləzzət alırlar. Bilin ki, həqiqi ləzzətlər imanlı insanlarındır. Xəstəlik hamıya aiddir, nikah hamıya aiddir və s., amma dünya ləzzətlərinin davamı yoxdur. Dinə bağlı olmayanlar daha artıq məhrumiyyətlərə düçar olurlar. Məsələn, ekranda gözü gözəl bir qadına düşür, qəlbi titrəyir, ona eşq bağlayır. Amma nə olsun ki? Əziyyətdən başqa nə qazanır?! Tutaq ki, bu qadını min bir əziyyətlə axtarıb tapdı və qadın da ərli oldu. Başına nə kül töksün?! Və ya şərabxorları götürək. Bu yolda nə qədər əziyyətlər çəkirlər?! Bir saat ləzzət`dən ötrü əzablar çəkir, zindana da düşürlər!

RAHATLIQ İMANLI İNSANLARA MƏXSUSDUR

Halal yolla qazanıb, haramdan çəkinən kəs Allahın onun ruzisinə zamin olduğunu bilir, müamiləsində saxtakarlıq etmir, müştərini aldatmır. Amma haqq mizanına bağlı olmayan bədbəxt mədhiyyə deyir, rəqasslıq edir, min kələk gəlir ki, qarşısındakını aldatsın. Ətrafımızı öyrənib, maddi dünyada haqq mizanından uzaq olanları nəzərdən keçirsək, görərik ki, onların başqalarından heç bir üstünlükləri yoxdur. Rahatlıqdan danışsaq, o da imanlı insanlar üçündür.

DÜNYAPƏRƏSTLƏRİN QAZANCI, FAYDASI ŞÜBHƏLƏRİ

Dediyimiz kimi, haqq mizanı düşünənlər axirətdə xoşbəxt olmaları ilə yanaşı, dünyada da zərər etmirlər. Əgər dünyada bir fayda varsa, o da imanlılarındır. Əksinə, haqq mizanından sapanların axirət zərəri aşkardır. Onların dünyadakı qazancları da şübhəlidir (bəlkə də zərərdən başqa xeyirləri yoxdur). On manat hiyləylə qazanıb, bu on manatın da üstünə neçə qat qoyub həkimə, dərmana verir.

Ey rahatlıq istəyənlər, haqq mizanından sapmayın! Axı doğruluqdan, dügünlükdən kim ziyan görüb?! Al-verdə yalan danışmayan zərər edirmi?! Əgər belə deyilsə, nə üçün düzlükdən uzaq olaq?! Gəlin, heç zaman haqq mizanından əyilməyək. Haqq mizanı isə Əmirəl-mö`minindir. (Bir iş görəndə düşünək ki, Həzrəti Əli (əleyhissalam) bu işi görərdimi?)

HESABA GÖRƏ ADAMLAR DÖRD YERƏ AYRILIR

Qiyamət günündə hesab verənlər dörd dəstədirlər: bir dəstə Behiştə hesabsız daxil olar-onlar Əhli-beyt (əleyhimussalam) dostlarıdır ki, günah etməmiş və ya dünyadan tövbəsiz getməmişlər; ikinci dəstə Cəhənnəmə hesabsız daxil olar-onlar dünyadan e`tiqadsız, imansız gedənlərdir. (İmansız olduqlarından, əməlləri də faydasızdır.)

BİR GÜNAH ÜÇÜN YÜZ İL ƏZAB

Əməllərinin hesabı olan, Qiyamət dayanacağında gözləyən adamlar üçüncü dəstədir. Bu adamların xeyir əməlləri daha çox olduğundan, nicat tapmışlar. Onların dayanacaqda məəttəlçiliyi, gözləmələri günahları qədərdir. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ibni Məs`uda buyurdu: «İnsan bir günah üçün yüz il məəttəl olar.» Rəvayətdə söhbətin hansı günahlardan getdiyi deyilməyib. Mö`minlər hesab gözləməsindən qorxub, bütün günahlardan çəkinməlidir.

Dördüncü tayfa pis işləri yaxşı işlərindən çox olanlardır. Əgər Allah onları bağışlayarsa, nicat taparlar və Behiştə gedərlər. Əgər bağışlanmasalar, yerləri əzab və oddur. Yalnız günahlardan paklandıqdan sonra Behiştə daxil olarlar. Zərrəcə imanı olanlar Cəhənnəmdə, odda qalmayacaqlar (əbədi od kafir və zalımlarındır). Əməllər nə qədər gözəl və çox olsa da, e`tiqadsız insan Behiştə aparılmayacaq. Çünki Behiştə daxil olmağın şərti Allah və Onun ayələrinə imandır. Axı Allaha inanmayan kəs, Behiştə necə gedə bilər?!

TƏQVANIN YETƏRLİYİ İMANLI ÖLÜMDÜR

«Bihar»da bir hədisdə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Hər kəs bir ərəbin (yolçunun) səfər yeməyini hazırlasa, onun təqva ehtiyatına mən zaminəm.» Salman ərz etdi: «Ya Rəsuləllah, təqva ehtiyatı (tədarükü, yetərliyi) nədir?» Buyurdu: «Ölüm zamanı «La ilahə illəlah» demək. Əgər bunu desən, bizi görərsən, deməsən bizi də görməyəcəksən.»

Tovhid kəlməsini (la ilahə illəllah) deməkdə məqsəd iman və e`tiqadlı ölümdür. Əgər canvermə halında (səkərat) zəiflikdən dil danışmasa da, qəlbin imanı kifayətdir. Təlqini ürəkdən keçirmək kifayətdir.

ƏMƏLLƏRİN PUÇA ÇIXMASI

«Mühəmməd» surəsi, ayə 8: «Kafirlərə gəldikdə isə, hamısı məhv olsun – onların əməllərini puça çıxardar. Bu ona görədir gi, kafirlər Allahın nazil etdiyini (Qur`anı) bəyənmədilər, Allah da onların əməllərini puç etdi.»

Sadə desək, ömrünün əvvəlindən axırınadək xeyir işlər görmüş insan dünyadan imansız (Allaha inamsız) gedərsə, xeyir əməllərinin faydası yoxdur. Əgər bir kəs zərrə qədər yaxşı iş görmüşdürsə, xeyrini görəcəkdir. Qur`an ayəsinə istinad etsələr, cavab budur: Kafir halda ölən insan öz əliylə öz əməllərini puç etmişdir. Allahı (və Onun ayələrini) inkar etməklə əbədi savaba, Behiştə nail olmaq qeyri-mümkündür. Allah həmin adamın yaxşılıqlarının əvəzini elə həmin dünyada asan can verməklə, sağlamlıqla və s. ödəyir.

HATƏMİ TAİ VƏ ƏNUŞİRƏVANLA OD ARASINDA PƏRDƏ

Kafirin yaxşı əməlləri onun Cəhənnəm əzabını yüngülləşdirə bilər. Çünki səxavətdə məşhur Hatəmi Tai və ədaləti ilə tanınmış Ənuşirəvan Cəhənnəmdədirlərsə də, od onları yandırmır. Xeyir əməllər yalnız odla bu şəxslər arasında pərdə ola bilmişdir. Bir sözlə, dünyadan kafir gedənlərin əməli puçdur.

İMANSIZ ÖLÜMƏ APARAN GÜNAHLAR

Müxtəlif Qur`an ayələrində əməli puç edənlərdən şirk (Allaha şərik qoşmaq) və küfr (Allahı inkar etmək) zikr edildi. Bəs başqa günahlar necə? Onlar da əməlləri puç edirmi? Bəli, bə`zi günahlar barədə məxsus rəvayətlər vardır. Məsələn, aqvalideynlik (ata-ananın üzünə qayıtmaq, itaətsizlik etmək) barədə buyurulub: Nida yetişər, ey aqvalideyn, nə etsən də səndən qəbul olunmaz. İnsanın ardınca ananın narazılıq ahı onun dağca əməllərinə od vurar. Digər günahlardan, böhtan imansızlığa səbəb olar. Başqalarının əziyyətinə, incidilməsinə bais olan həsəd də bu günahlardandır.

KÜFRÜN KƏFFARƏSİ İMAN, GÜNAHIN KƏFFARƏSİ TÖVBƏDİR

Kəffarə günahın tə`sirini məhv etmək, örtmək mə`nasındadır. İmanı qəbul etməklə əvvəlki küfrlərin məhv olacağına şəkk yoxdur. Əgər ömrünün əvvəlindən imansız olmuş bir şəxs imana gəlib, dünyadan gedərsə, şəksiz ki, nicat tapanlardandır. Amma baş vermiş günahları qəti silib, örtəcək şey şərtləri ödənmiş tövbədir. Tövbə edənlər barədə Qur`an buyurub: «Allah onların günah və pisliklərini savab və yaxşılığa çevirər.»

YAXŞILIQLAR PİSLİKLƏRİ SİLƏR

Görən, həqiqi tövbədən başqa da günahları pak edəcək, siləcək əməl varmı? Belə bir ayə buyurulub: «Gözəl əməllər çirkin əməlləri pak edər.» Məhz hansı əməllərin nəzərdə tutulduğu bə`zi rəvayətlərdən aydın olur. Məsələn, «Bihar»ın 15-ci cildində rəvayət olunub ki, bir nəfər Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in yanına gəlib ərz etdi ki, mənim günahım böyükdür (o cahiliyyət dövründə qızını diri-diri torpağa basdırmışdı). Mənə bir əməl tanıtdırın ki, Allah ona görə məni bağışlasın. Həzrət buyurdu: Anan varmı? Ərz etdi ki, xeyr. (Mə`lum olur ki, bu sayaq günahların bağışlanması üçün ən böyük əməl anaya yaxşılıqdır.) Həzrət buyurdu: Xalan varmı? Ərz etdi ki, bəli. Buyurdu: Xalana yaxşılıq et (anaya bağlı olduğundan, anaya da yaxşılıq olmuş olar).

Sonra Həzrət buyurdu: Əgər o şəxsin anası qalsaydı, daha yaxşı olardı. Belə günahların yuyulmasında anaya yaxşılığın əhəmiyyəti şəksizdir.

QİYAMƏT SUALLARI

Qur`ani Məcidin neçə yerində zikr olunub ki, peyğəmbərlər və ümmətlərdən sual olunar. (7-ci surə, 6-cı ayə) Peyğəmbərlərdən sual olunar: Sizi xalqın (haqqa doğru) də`vəti üçün göndərdik, onlara (də`vəti) çatdırdınızmı? Deyərlər: Pərvərdigara, Özün şahidsən, biz süstlük etmədik. Nida olar: Şahidiniz kimdir? Deyərlər: Şahidimiz Xatəmül-ənbiyadır (son peyğəmbər Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)). Eləcə də Məryəm oğlu İsadan soruşarlar: Sən dedinmi, mənə və anama pərəstiş edin? Həzrət İsa, Allahın əzəməti qarşısında lərzəyə gəlib ərz edər: Pərvərdigara, əgər mən belə bir söz desəydim, Sən bilərdin. Mən dedim ki, Allahın bəndəsiyəm, mənim və özünüzün Allahına pərəstiş edin («Maidə» surəsinin axırı).

Ümmətlərdən sual olunar: Peyğəmbərləriniz sizə bu günkü olacaqlardan xəbər vermədimi? Hamı deyər: Bəli.

QİYAMƏTİN SƏHƏRİ NE`MƏTLƏRDƏN SUAL OLUNAR

Sual mövzusunda başqa bir sorğu Allahın ne`mətləri barədədir ki, bu ne`mətlərlə necə rəftar olundu? (102-ci surə, 8-ci ayə) Ne`mətə şükr olunub, yoxsa yox?

Ne`mətlərdən sual barədə müxtəlif rəvayətlər vardır. Ne`mətin mərtəbələri mövcuddur. Bu ne`mətlərin ən mühümü Ali-Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) vilayətidir. Hətta ayədəki «mütləq soruşulan ne`mət» vilayətdir.

İmam (əleyhissalam) Qitadəyə buyurdu: «Ne`mətlər barədə mütləq sorğu-sual olunacaq» ayəsi barədə nə deyirsiniz? Ərz etdi: Su, çörək və başqa şeylərdən sorğu olunar. İmam (əleyhissalam) buyurdu: Allahın kərəmi bu sualları verməkdən daha da üstündür (yə`ni, Allah əsla belə suallar verməz). Əgər siz bir nəfərə süfrə açsanız, ikinci dəfə o yeməklərin sorğusunu apararsınızmı? Ərz etdi: Bəs bu ayədən məqsəd nədir? Həzrət buyurdu: Ne`mət biz Ali-Mühəmmədin vilayətidir.

VİLAYƏT NE`MƏTİ İLƏ NƏ ETDİNİZ?

Sual olunar: Siz Ali-Mühəmmədlə (Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun haqq vəsiləri ilə) nə etdiniz? Onların məhəbbətindən, təbiətindən nəyə yiyələndiniz? Peyğəmbər ailəsinin düşmənlərindən soruşular: Nə üçün bu ne`mətlə düşmənçilik etdiniz?

Əgər israfçılıq olmayıbsa, haramdan qazanmayıbsa, harama xərclənməyibsə, yeməkdən sual olunmaz. Bütün haramlar və günahların səbəbi soruşular.

HAMIDAN DÖRD NE`MƏT BARƏDƏ SORUŞULAR

Xüsusi soruşulacaq ne`mətlər də vardır. Dörd ne`mətin cavabı verilməzsə, kimsəyə qədəm götürməyə icazə verilməz. Bu ne`mətlərdən biri ömürdür, soruşular ki, harada, necə keçirib? İkincisi, cavanlıqdır, soruşular ki, özünü nələrə mübtəla edib? Üçüncü ne`mət var-dövlətdir, haradan qazanılıb və harada xərclənib? Nəhayət, dördüncü ne`mət Ali-Mühəmməd (əleyhissalam) vilayəti, ilahi qanunlar barədədir; ömrünü hansı qanunlarla yaşamısan? Məmləkətin hansı qanunlarla idarə olunub?

İBADƏTLƏRDƏN SUAL VERİLƏR

Sorğu başlanarkən ilkin soruşulacaq ibadət – namazdır. Vacib namazlar vaxtında qılınmışdırmı? «Dinin sütunu», «Allahın əmanəti» adlandırılan bu ibadət düzgün icra olunmuşdurmu?

Sonra başqa ibadətlərdən də sorğu olar.

GÜNAHLAR ÜÇ QİSMDİR

«Nəhcül-bəlağə»də Əmirəl-mö`minin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur: Günah üç qismdir: bağışlanacaq günah, bağışlanmasına sahibinin ümidvar olduğu günah, bağışlanmayacaq günah.

Bağışlanacaq günah dünyada cəzası çəkilmiş günahdır. Allah bir günaha iki dəfə cəza verməz.

Bağışlanmasına ümid oln günah o günahdır ki, dünyada cəzası çəkilməsə də, bu günaha tövbə olunmuşdur.

XALQIN HAQQI (HƏQQÜN-NAS)

Üçüncü qisim-bağışlanmayan günah bəndələrin bir-birlərinin haqqını tapdalamasıdır.

Allah xalqın haqqını bağışlamır.

Əgər bir insan zülmlə başqasından bir şey, hətta saman çöpü də almış olsa, Allah o adamı cəzalandıracaqdır. Qur`an ayəsində buyurulur: «Allah gözləyir hər kəsin haqqını özünə qaytarsın.» (89-cu surə, 14-cü ayə)

BİR SAMAN ÇÖPÜNƏ GÖRƏ BİR İL MƏƏTTƏLÇİLİK (GÖZLƏMƏ)

Mühəddis Qummi «Mənazilül-axirət» kitabında adı dillərdə dolaşan zahid, abid Süleyman Dərayinin hekayətini nəql edir. Ölümündən sonra onu yuxuda görüb, əhvalını soruşublar ki, necəsən? Deyib: Bir ildir bir dayanacaqda, dolamada məəttələm. Bir gün şəhərə aparılan saman tayasından dişimi xilal etmək (təmizləmək) üçün bir çöp qopartdım. Bir ildir sorğudayam ki, nə üçün xalqın malından icazəsiz istifadə etmisən, sahibi razı idimi?

ZÜLMLƏ MƏNİMSƏMƏ DOLAYINDA MİN İL

Düzdür, saman çöpü bir şey deyil. Amma hər halda maldır və xalqın mülküdür. Bə`ziləri bir-birlərini utandırırlar ki, bir şey qoparsınlar. Həyasızlıqla qazanmaq, qoparmaq haramdır. Elə işlər görün ki, dünyadan gedəndə çiyninizə yük düşməsin. Əgər bu vaxtadək səhlənkarlıq etmisinizsə, sahibindən halallıq alın. «Zülmlə mənimsəmə» dayanacağında adamların vəziyyəti müxtəlif olar. Bə`ziləri bu sorğu dayanacağında min il yubanarlar.

HÜQUQUN ALINMASI

Allah-Taala Öz bəndələri ilə iki qism hesab aparır: Ədaləti ilə (zərrə-zərrə) və fəzli ilə (bağışlamaqla). Ədalət hesabına görə hər kəsin başqasında haqqı olsa, bu haqq həmin adamın hesabından götürülməli, haqq sahibinə qaytarılmalıdır. Məsələn, bir şəxs digərinin qeybətini edibsə, Allah-Taala bildiyi qədər onun savablarından, ibadətlərindən götürüb, qeybəti edilmiş şəxsə verər. Əgər qeybət edənin savabı yoxdursa, qeybətini etdiyi şəxsin günahlarından həmin miqdar götürməlidir.

HEÇ BİR SİTƏMKAR CƏZASIZ BURAXILMAZ

Qiyamətdə insanların hesabı, zülmlə mənimsənilmişlərin qaytarılması barədə genş bir hədisin sonunda İmam Səccad (əleyhissalam) buyurmuşdur: Xudavənd buyurur: Mənəm o Allah ki, Məndən başqasının pərəstişə ləyaqəti yoxdur. Zidd, xilaf, sözlər qarşısında hakiməm. Sizin aranızda Öz ədalətimlə mühakimə edirəm. Bu gün kimsəyə zülm olunmaz. Bu gün məzlumun dadına çataram. Məzlumun haqqını borcludan alaram. Boynunda kimsənin haqqı olan zalımlar qarşımdan ötüb keçə bilməz. Ey insanlar, birləşin, kimsənin sizdən zülmlə aldığını dünyada ondan istəyin. Mən o şəxsin əleyhinə sizin şahidinizəm.

MÖ`MİNİN KAFİRDƏN, KAFİRİN MÖ`MİNDƏN QİSASI

Hədisdə vardır ki, Qüreyşdən olan bir kişi Həzrətə dedi: Ey Peyğəmbər oğlu, Cəhənnəm əhli olan kafirin boynunda mö`minin haqqı olarsa, buna görə nə alar? İmam (əleyhissalam) buyurdu: Kafirin boynundakı haqqı qədər mö`minin günahı azalar. Kafirsə, küfrünün əzabına əlavə əzab alar. Qüreyşli kişi mö`minin müsəlman boynundakı haqqının necə alınacağını soruşdu. İmam (əleyhissalam) buyurdu: Borclu müsəlmanın savablarından götürülüb, haqqı getmiş müsəlmanın savablarına artırılar. Sonra kişi dedi: Əgər onun savabı olmasa, necə? İmam (əleyhissalam) buyurdu: Haqqı getmiş məzlumun günahlarından zalıma verilər.

HAQQINA GÖRƏ ƏZABI YÜNGÜLLƏŞƏR

Amma kafirin haqqı tapdalanarsa, haqqı qədərində əzabı yüngülləşdirilər, çünki müsəlman olmadığından savaba layiq deyil. Bir yəhudiyə 5 qran borclu abidin hekayətini xatırlayaq.

HAQQINI ÖDƏMƏ QORXUSU

Həzrət Səccad (əleyhissalam)-dan rəvayət olunub ki, buyurdu: Qiyamət günü bəndənin əlini qaldırarlar ki, hamı onu görsün. Deyərlər ki, hər kəsin bu bəndənin boynunda haqqı varsa, gəlsin alsın. Məhşər əhli üçün bundan çətin bir hal yoxdur ki, bu vaxt bir şəxsi görüb tanıyanda, ondan nə isə istəyəcəyindən qorxarlar.

QİYAMƏTDƏ ƏN MÜFLİS (YOXSUL) ŞƏXS

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, səhabələrinə buyurdu: Bilirsinizmi müflis kimdir? Dedilər: Bizim aramızda müflis o şəxsdir ki, pulu, var-dövləti olmasın. Həzrət buyurdu: Mənim ümmətimin müflisi yalnız o şəxsdir ki, Qiyamətdə namazının, orucunun, zəkatının, həccinin savablarını böhtan dediyi, yersiz lə`nət söylədiyi, haqqını yediyi, qanını hədər verdiyi adamlara ödəyib, savablarını qurtarsın və yenə də borclu qaldığından, onların günahından götürsün.

ALLAHIN ÖZ FƏZLİ (RƏHMİ) İLƏ HESAB APARMASI

Mümkündür, boynunda xalqın haqqı olan şəxslə Allah-Taala Öz rəhmiylə hesab aparsın. Bu şəxsin xalqın haqqını ödəmə dayanacağında məəttəl durduğu vaxt, Allah Öz rəhmi, kərəmi ilə bir Behişt qəsri göstərər. Nida olunar: «Ey bu bəndənin boynunda haqqı olanlar, əgər bu qəsri istəyirsinizsə, bu şəxsi rahat buraxın və onu halal edin.» Bəli, Allahla bağlı olan insanın hər yerdə çətinliyi həll olar. Allahın islah etmədiyini kim islah edə bilər?!

Bu səbəbdən də dua etməliyik ki, Pərvərdigara, bizimlə Öz rəhmətinlə rəftar et. Həzrət Səccad (əleyhissalam) «Əbu Həmzə Somali» duasında neçə yerdə nalələr çəkib: Xudaya, gözümü fəzl və kərəminə dikmişəm.»

(Amma Allah Öz ədaləti ilə rəftar edərsə, hər əməlin cavabını zərrə-zərrə verməliyik.)

DÖRDÜNCÜ FƏSİL:  BEHİŞT

KÖVSƏR HOVUZU

Qur`ani Kərim, «Kövsər» surəsi, ayə 1: «Biz sənə Kövsər əta etdik.» Qur`ani Məcidin, rəvayətlərin təsdiq etdiklərindən biri də «Kövsər»dir. Bu hovuzun uzunluğu, əvvəldə qeyd etdiyimiz kimi, Sən`adan Bəsrəyədəkdir. Onun ətrafında hurül-eynlərin doldurub mö`minlərə verəcəkləri ulduzlar sayda, bə`zisi gümüş, bə`zisi büllurdan camlar vardır.

BEHİŞT ŞƏRABI, SÜD VƏ BALDAN KÖVSƏR HOVUZU

Bə`zi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt şərabı, süd və bal. Bə`zən də buyurulub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq qalmayan «Kövsər» necə də misilsizdir! (Şərab dedikdə, Allah eləməmiş, bə`zilərinin nəzərindən günümüzün bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı pakdır və məst etmir.)

İMAM HÜSEYN (ƏLEYHİSSALAM) ƏZADARLARINA «KÖVSƏR» ŞAD OLAR

«Kövsər»ə münasibətdə hüseynilərin (İmam Hüseyn (əleyhissalam) aşiqləri, əzadarlarının) öz xüsusiyyətləri vardır. Həzrət Sadiq (əleyhissalam) buyurur: «Onlar «Kövsər» hovuzuna çatdıqda, şad olarlar.» İmam (əleyhissalam) buyurmuşdur: «Hüseyn (əleyhissalam)-a ağlayanlar hovuza çatdıqları zaman Kövsər şad olar.» (Bu barədə daha çox öyrənmək üçün mərhum Xiyabaninin «Məhərrəm vəqayiül-əyyam» kitabında müraciət edə bilərsiniz.)

BEHİŞT NƏĞMƏSİ

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Allah-Taala bu hovuzun ətrafında min ağac xəlq edib, hər ağacda 360 budaq və yarpaq vardır. Hər bir yarpaqdan başqasından eşidilməmiş nəğmə ucalır. Şad və xoş avaz Kövsər başındadır. Eşitmək istəyirsinizsə, şərti budur ki, belə xoş və ruhani sədalar eşitmək üçün dünyanın boş səda və musiqilərinə yaxınlaşmayın.

HƏZRƏT MÜHƏMMƏD (səlləllahu əleyhi və alihi və səlləm) VƏ ONUN PAK AİLƏSİNİN ƏZƏMƏTİNİN ZÜHURU

Qiyamətdə Həzrəti Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və onun pak ailəsinin əzəmət və cəlalının zühur mərtəbəsi də vardır.

Həmd bayrağı, uzunluğu min illik yol olan, nurdan bir bayraqdır ki, şərqlə qərb arasında üç hissədən (parçadan) ibarətdir. Bir hissəyə «Bismillahir-rəhmanir-rəhim», ikinciyə «əlhəmdülillahi Rəbbil-aləmin», üçüncüyə isə «la ilahə illəllah, Mühəmmədun rəsulullah» nəqş edilmişdir. Bütün peyğəmbərlər, salehlər, mö`minlər ələmdarı (bayraqdarı) Əmirəl-mö`minin Əliyyibni Əbitalib (əleyhissalam) olan bu bayrağın altındadırlar.

VƏSİLƏ MİNBƏRİ

Min pilləli, hər pilləsindən digərinədək zəbərcəd, zümrüd, yaqut, qızıl (Behişt cəvahiratı) olan minbər (xətib üçün pilləli kürsü) Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-indir. Ən yüksək pillə Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə, sonrakı dərəcə Əliyyibni Əbitalib (əleyhissalam)-a, daha sonrakı pillə İbrahim Xəlilullaha, sonrakı pillələr də dərəcələrinə görə peyğəmbərlər və vəsilərə məxsusdur.

MƏHMUD (TƏ`RİF OLUNMUŞ) MƏQAM

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə bir minbərdən Allahın həmdinə (tə`rifinə) başlayar. Allahı elə mədh edər ki, əvvəllərdən axıra kimsə Yaradanı bu sayaq mədh etməmişdir. Sonra məlaikələrə, peyğəmbərlərə, salehlərə və mö`minlərə həmd buyurar. Xoş o şəxsin halına ki, belə bir məqamda vücud aləminin ilkin şəxsi tərəfindən yad edilə. Pərvərdigara, bizi salehlərdən qərar ver! «Aşura ziyarəti`ndə bu cümləni diqqətlə oxuyun. «Allahdan istəyirəm ki, məni Siz Ali-Mühəmmədin yetdiyi Öz yaxınlığındakı məhmud məqama çatdırsın. Bu yüksək məqam Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-in gecələr sübhədək oyaq qalmasının, on il sübhədək yatmayıb, ibadətə məşğul olmasının nəticəsidir. (Çox ibadətdən ayaqları şişmişdi.)

BEHİŞT VƏ CƏHƏNNƏMİN BÖLÜNMƏSİ ƏLİDƏNDİR

Həmin məhmud məqamda, bütün məlaikələrin ən gözəli Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə salam verər, «mən Behiştin qapıçısı Rizvanam» deyib Behiştin açarlarını Həzrətə təqdim edər. Sonra qorxunc bir mələk gəlib, Cəhənnəmin açarını Həzrətə verər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) hər iki açarı Əli (əleyhissalam)-a tapşırıb, Sirata (körpü) yaxınlaşar. İzn verdiyi şəxslər Behiştə gedər, qalanlarını alovun şö`ləsi aşağı endirər.

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhissalam)-a buyurub: «Ya Əli, alovun sənə itaəti qumun ayağa itaətindən artıqdır.»

SİRAT

E`tiqad vacib olan həqiqətlərdən biri də Siratdır. Sirat dinin zəruriyyətlərindəndir və bu zərurətə inanmalıyıq.

Siratın lüğət mə`nası yol deməkdir. Dünyada doğru yolda olub, həqiqət və din yolundan sapmayanlar axirətdə Cəhənnəmin üzərindən keçən Siratdan sağ-salamat ötəcəklər. Bə`ziləri ildırım sür`əti ilə, bə`ziləri süvari, bə`ziləri yıxılıb-duraraq Siratı adlayacaq, bir sözlə, dünyada din yolunu necə getmisənsə, Siratı da o cür keçəcəksən.

CƏHƏNNƏMİN MİN CİLOVU MİN MƏLƏK ƏLİNDƏ

Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm) bir şərif ayənin təfsirində buyurub: Qiyamətin səhəri hər birindən min mələk tutmuş min cilovla Cəhənnəm gətirilər. Cəhənnəm nə`rə çəkər, alovun şö`ləsi göyə ucalar, alov insanları üzük qaşı tək dövrəyə alar. İztirab həlaka yaxınlaşar. O zaman Allah Siratın gətirilməsini əmr edər. Cəhənnəmin üzərindən körpü yerələşdirilər. İstisnasız olaraq hamı bu körpüdən keçməlidir. Bu yolun yeddi dolaması, hər dolamanın da dayanacaqları vardır. Hər bir dayanacaq, keçid 70 min fərsəxdir. Hər dolamada 70 min mələk mə`murdur. Hamı bu yeddi dolamadan keçməlidir.

QOHUMLUQ ƏLAQƏLƏRİ

Körpünün əvvəlində insanın qarşısını kəsərlər. Qur`ani Kərimin «Nisa» surəsində buyurulmuşdur: «...Qohumluq əlaqələrinizi kəsməkdən həzər edin!» Ey qardaşı, atası, anası ilə əlaqələrini kəsənlər, bu əlaqələri kəsməyin (qət`i-rəhim etməyin). Qət`i-rəhimin dünyada da pis əsərləri vardır – ömür qısalar, malın bərəkəti gedər. Eləcə də, axirətdə Siratın ilk dayanacağında sorğu edilər. Əgər qohumlarınızdan xəstəsi varsa, onun yoluxmasına gedin, əgər möhtacdırsa, əl tutun, istəyini yerinə yetirin, lazım olanda görüşünə gedin.

SÖZƏ VƏ MALA XƏYANƏT

Növbəti Sirat dayanacağı əmanətdir. Əmanət təkcə mal (pul, əşya) deyil. Əgər bir şəxs sizə bir sözü əmanət demişsə ki, başqasına deyilməsin, bu sözü birinə desəniz, əmanətə xəyanətdir. Əgər bir şəxs mal götürüb, evini girov qoyubsa, vaxtında pulunu versə, evini qaytarmasan, xəyanət etmisən. Həmçinin bir şəxsin evini, dükanını icarəyə götürüb, vaxtı tamam olanda geri qaytarmırsansa, istər söz, istərsə də əməldəki xəyanətin sorğusu olunacaq.

SİRATDAN KEÇMƏK ÜÇÜN ƏLİ (əleyhissalam) VİLAYƏTİNİN BƏRATI (QƏBZİ)

Sünnü və şiə hədislərində vardır ki, həmin dolamada başqa bir dayanacaq Əliyyibni Əbutalib (əleyhissalam) vilayətidir. Təfsirdə buyurulur: «Onlara xəbərdarlıq edin ki, Əli (əleyhissalam)-la dostluqları barədə soruşacaqlar.» Məşhur sünnü alimi Təbəri Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət edir ki, Həzrət buyurdu: «Ya Əli, hər kəsdə sənin vilayətinin bəratı olarsa, Siratdan keçər.»

İKİNCİ DOLAMADA NAMAZ SORĞUSU

İlk dolamada Əli (əleyhissalam) vilayəti, əmanətin qaytarılması, qohumlarla əlaqədən (sileyi-rəhim) ötüb, ikinci dolamada namaza çatırıq. Burada yövmiyyə, ayət, qəza və s. vacibi namazlardan soruşular. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Namazı puç edənlər mənim şəfaətimə (şəfaət – Qiyamət günü günahların bağışlanması üçün Allah yanında vasitəçi olmaq-red.) yetməyəcəkdir.»

İmam Sadiq (əleyhissalam)-ın son vəsiyyəti budur ki, «Namazı yüngül sayanlara bizim şəfaətimiz çatmayacaqdır.» Əgər sübh namazını günorta, günorta namazını axşama yaxın qılanlar belədirsə, namaz qılmayanların halı necə olar?! Rəvayətə görə, namazı tərk edənlər təşnə (susuz) ölər və qəbirdən təşnə baş qaldırar.

UŞAQLARI NAMAZA SÖVQ EDİN

Tə`kid etməli olduğum bu mövzunu hamı eşitsin və başqalarına da desin-övladlarımız qarşısında məs`uluq ki, onlara yetkinlikdən (həddi-büluğa çatmamışdan) qabaq namaz öyrədək. Uşaqlar elə tərbiyə olunmalıdırlar ki, namazın xeyirli gələcəyinə inansınlar. Ata-ananın çalışması sayəsində uşağın əməllərinin savabı uşaq yetkinliyə çatanadək ata-anaya verilir. Uşaq yetkinliyə çatdıqdan sonra da xeyrə səbəb olduqlarından, ata-ana ilahi lütfə nail olarlar.

UŞAĞIN «BİSMİLLAH» DEMƏSİ ATANIN ƏZABINI GÖTÜRƏR

Bir zaman Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz səhabələri ilə qəbiristanlığın yanından keçərkən «qəbir sahibi əzabdadır, tez keçin!» deməsini eşitmisiniz. Bir il sonra həmin yerdən keçərkən əzab əsəri görməyən Həzrət «Pərvərdigara, artıq bu meyyitə əzab olunmur, niyə?» deyə soruşdu. Nida yetdi ki, bu kişinin bir oğlu vardı, ölümdən sonra o uşağı məktəbə göndərdilər, ustadı ona «bismillahir-rəhmanir-rəhim» öyrətdi, oğlu bizi Rəhman və Rəhim kimi xatırladığından atasından əzabı götürdük.

Bəli, şər`i vəzifələrimizdən biri də yaxşıya də`vət (əmr be mə`ruf) və pisdən çəkindirməkdir (nəhy əz münkər). Bu vəzifənin ilk mərtəbəsi qadını, uşağını, sonra başqa qohum və yaxınlarını də`vət etməkdir.

ÜÇÜNCÜ DOLAMA XUMS VƏ ZAKATDIR

Əgər hər kəsin boynunda bir dirhəm xums və ya zəkat olarsa, üçüncü dolamada qarşısı kəsilər. Zəkat verməyənlərə aid rəvayətlər çoxdur, o cümlədən: (Zəhəri daşmış əjdahanın tükləri pırtlaşar.) Allah belə bir əjdaha qərar verər ki, onun boynuna dolanar. Digər bir rəvayətdə buyurulur: Məhsulunun zəkatını verməmiş sahibin torpaqları yeddi qat boyunbağı tək boynuna asılar. Eləcə də, Həzrət İmam Zaman (əleyhissalam) zəkat mənimsəyənləri qətlə yetirər.

Məbada, kimsənin boynunda bir dirhəm zəkat olsun və qızıl, gümüş, sikkə toplayıb, zəkatını ödəməsin! Qiyamət günü həmin dinar və dirhəmi qızdırıb, onun kürəyinə dağ basarlar. («Tövbə» surəsi, ayə 35).

Bilin ki, malın zəkatı ilə bədənin zəkatı arasında fərq yoxdur. Fitr bayramının axşamı (orucluğun son axşamı) bədənin zəkatı (fitrə) maldan ayrılmalıdır.

İNSANIN YARDIMÇISI, ŞƏFİSİ ONA DÜŞMƏN OLAR

Xumsa gəldikdə isə, xums sorğusunun çətinliyi barədə rəvayətlər çoxdur. «Kafi»dən bir rəvayətə istinad edirik. Həzrət Sadiq (əleyhissalam) buyurmuşdur: «Qiyamətdə insanların ən çətin vaxtı o zamandır ki, xums müstəhəqləri (dünyada xums veriləsi məzlumlar) ayağa qalxıb, öz haqqlarını tələb edərlər. Çox vaxt bu günahın çətinliyində şəfaət edəsi şəxslər adama düşmən olar.

DÖRDÜNCÜ DOLAMADA ORUC SORĞUSU

Dördüncü dolamada mübarək Ramazan ayının orucundan sual verilər: «Oruc, Cəhənnəm odu qarşısında sipərdir» buyurulub. Oruc tutmuş şəxs üçün iki xoşluq vardır: birincisi iftarda, oruc açılan zaman xüsusi fərəhdə olar; ikincisi, ölüb Siratdan keçərkən Allahla görüşə çatanda xoşhal olar.

BEŞİNCİ DOLAMADA HƏCC SORĞUSU

Həyatında həccə getmək üçün şərait yaranan və həccə getməyən şəxsin qarşısı kəsilər. İki dəstəyə ölüm zamanı deyilər: «Yəhudi və nəsrani kimi ölün!» Bunlardan biri zəkat verməyənlər, digəri həcci tərk edənlərdir. Bunu demək kifayətdir ki, həccdən boyun qaçıranları Allah-Taala Qur`anda kafir adlandırıb. Bu barədə bəhs açmıram, çünki e`tiqad bəhsindən kənara çıxarıq.

ALTINCI DOLAMA TƏHARƏTDİR

İbni Abbasdan rəvayətdə nəql olunub ki, «təharət» dedikdə dəstəmaz, qüsl, təyəmmüm nəzərdə tutulur. (Dəstəmaz namazdan əvvəl, qüsl və təyəmmüm isə cinsi yaxınlıq, aybaşı və s.dən sonra xüsusi qayda ilə icra edilən vacib əməldir.) Xüsusilə, qadınların vaxtlı-vaxtında qüslə diqqətlə yanaşması zəruridir. Əgər e`tinasızlıq olarsa, Siratın altıncı dolamasında soruşulacaqlar. Əvvəlcə dediyimiz kimi, qəbir sıxıntısına düşməyin bir səbəbi də murdarlıqdan çəkinməməkdir.

YEDDİNCİ DOLAMA ZÜLMDÜR

Bə`zən bu dolama «ədl», bə`zən də «xalqın haqqı» (həqqün-nas) adlandırılmışdır. Qur`anda «mirsad» kimi də tə`bir olunmuşdur (mirsad – yə`ni, pusqu). Əgər insan bir kəsə nahaq sillə vurmuşdursa, beş yüz il orada saxlanılar, sümükləri parçalanar, əzilər. Ey dükançı, şagirdini vurmağa nə haqqın var?! Ey müəllim, hansı şər`i əsasla uşaqları tənbeh edirsən, hətta bədənində yeri də qalır?! Ey kişilər, nə üçün qadınlarınızı vurursunuz?! Ərin nə haqqı var ki, qadınına əl qaldırsın?!

Əlbəttə, bə`zi istisnalar vardır. Amma bu hallara az təsadüf olunur və mövzumuzdan xaricdir.

QIRX İL HƏBS VƏ QIRX İL TƏ`NƏ

Xülasə, kim iddia edə bilər ki, Allah bəndələrinə zülm etməyib?! Buyurulub: Hər kəs başqasının haqqını verməyib, saxlayarsa (məsələn, əmanətini qaytarmazsa), bu dolamada qırx il saxlanılar və ona heç nə deyilməz. Bütün bu müddəti ağlayar. Sonra nida olunar: Bu həmin adamdır ki, xalqın malını həbs etmişdi. Qırx il tə`nə olunub, sonra Cəhənnmə düşər. Əlbəttə, bu o zaman baş verər ki, həmin adamın savabı olmasın; yox əgər savabı olarsa, haqq sahibinə ödəyər. Bə`zi rəvayətlərdə vardır ki, bir dirhəmə görə 700 rükət namazı alınıb, haqq sahibinə verilər.

MARAQLI HEKAYƏT

Siqətül-islam Nuri «Müstədrək» kitabında Seyyid Qiyassədin Nəcəfinin «Ənvarül-mərziyyə» kitabından bu hekayəti nəql edib:

Hilə yaxınlığındakı kəndimizin məscidinin sərpərəsti Məhəmməd ibni Əbu Əzinə adəti üzrə hər gün məscidə gələrdi. Bir gün isə adətinin xilafına olaraq, gəlməmişdi. Soruşduq, dedilər yatağa düşüb. Ötən gecə onu sağ-salamat gördüyümüz üçün bu xəbərə təəccübləndik. Yoluxmasına getdik. Başdan-ayağa yanmışdı. Huşdan gedir, ayılırdı. Özünə gələndə soruşduq ki, sənə nə olub? Dedi: Dünən gecə yuxuda mənə Siratı göstərdilər. Əmr etdilər ki, mən də keçim. Əvvəl ayağımın altı yaxşı idi, sonra nazildi, əvvəl rahat, yumşaq idisə, sonradan itiləşdi. Yavaş-yavaş gedir, özümü möhkəm tuturdum ki, yıxılmayım. Şö`ləsi yuxarı qalxan alov qara rəngdə idi. Adamlar o tərəf bu tərəfdən xəzan yarpağı tək Cəhənnəm dərəsinə tökülürdülər. Bir də gördüm ki, ayağımın altı tükdən qalın qalmayıb. Qəfildən alov məni çəkdi və dərəyə yuvarlandım. Əl-qol atdıqca daha da aşağı gedirdim. (Rəvayətə görə, Cəhənnəm alovu dartıcıdır və üzü aşağı 70 illik yoldur). İş-işdən keçmişdi. Yadıma düşdü ki, məgər hər yıxılanda «ya Əli!» deyə çağırmazdımmı?! Çağırdım: Ya Əmirəl-mö`minin! Mənə ilham oldu ki, yuxarıya baxam. Baxıb, mövlanı Siratın kənarında gördüm. Əlini uzadıb, kəmərimdən yapışdı və yuxarı çəkdi. Dedim, ağa yandım, fəryadıma yet! Həzrət mübarək əlini qoluma çəkdi. Diksinib, yuxudan ayıldım. Gördüm Həzrətin əlinin yerindən savayı bütün bədənim yanıb.

Həmin şəxs üç ay yataqdan qalxmadı, nalə çəkdi. Təbiblər gətirildi, məlhəmlər qoyuldu. Üç ay sonra halı yaxşılaşdı, əti, dərisi dəyişdi. Sonralar da bu hekayət xatırlananda qızdırıb, titrəyirdi.

Bəli, qurtuluş yolu yalnız Əhli-beyt (əleyhimussalam) vilayətinə bağlılıqdır. İmam Riza (əleyhissalam) və`də vermişdir ki, onu ziyarət edənlərə Siratda əl tutacaq. Bu keçiddə Hüseyn (əleyhissalam) aşiqləri üçün də müjdə vardır. Hətta Həzrəti Sadiq (əleyhissalam) buyurub: «Muxtara nicat verilər.»



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə