Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 86. Müvafiq icra hakimiyyəti orqanı



Yüklə 473,25 Kb.
səhifə4/6
tarix17.02.2018
ölçüsü473,25 Kb.
#27094
1   2   3   4   5   6

Maddə 86. Müvafiq icra hakimiyyəti orqanı

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada hakimlərin müstəqilliyinə ciddi əməl etməklə Ali MəhkəməninNaxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimləri istisna olmaqla, hakimlərin peşə hazırlığının artırılması, birinci instansiya məhkəmələrinin fəaliyyəti üçün zəruri şərait yaradılması məsələləri ilə məşğul olur, onların müvafiq normativ-hüquqi aktlarla təchiz olunmasını, maliyyə və digər maddi-texniki təminatını həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə statistikasının aparılması, məhkəmə qərarlarının icrası, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görür. Müvafiq icra hakimiyyəti orqanı birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, habelə birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya onların səlahiyyət müddəti bitdikdə onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə, hakim öz vəzifələrini yerinə yetirə bilmədikdə isə onun vəzifələrinin icrasını müvəqqəti olaraq digər müvafiq məhkəmənin hakimlərindən birinə həvalə etmək hüququna malikdir.

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə bu Qanunun 19-cu maddəsinin birinci hissəsində göstərilən məhkəmələrdə kargüzarlığın aparılması qaydalarını müəyyən edir.

Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri istisna olmaqla, bu Qanunla müəyyən edilmiş səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri olduqda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir.

Maddə 87. Məhkəmələrin fəaliyyətinin təşkilinin təhlili və statistika hesabatları

Azərbaycan Respublikasının məhkəmələri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada hər yarım ildə bir dəfədən az olmayaraq statistika hesabatı tərtib edilir. Müvafiq məhkəmə sədrləri statistika hesabatlarında göstərilən məlumatların düzgünlüyünə məsuldurlar.

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə fəaliyyətinə dair statistika hesabatının formalarını müəyyənləşdirir və bu hesabatları dərc edir.

Müvafiq icra hakimiyyəti orqanı məhkəmə fəaliyyətinə dair statistika hesabatlarını ümumiləşdirir, məhkəmələr tərəfindən məhkəmə fəaliyyətinin təşkilinə dair aparılmış ümumiləşdirmələri öyrənir və təhlil edir, bu barədə Məhkəmə-Hüquq Şurasını məlumatlandırır.

Maddə 88. Məhkəmələrin aparatları

Məhkəmələrin fəaliyyətinin hüquqi, təşkilati, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatını həyata keçirmək məqsədilə məhkəmələrdə məhkəmə aparatı, Ali Məhkəmə, apellyasiya məhkəmələri və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində və digər məhkəmələrdə məhkəmə aparatları fəaliyyət göstərir.

Məhkəmələrin aparatları və katiblikləri təşkil edilərkən hər hakim üçün məhkəmə katibi və köməkçi nəzərdə tutulmalı, məhkəmələrdə dəftərxana, kitabxana, arxiv, təsərrüfat xidməti fəaliyyət göstərməli, şəxslərin qəbulu, qanunvericiliyin sistemləşdirilməsi və kodifikasiyası, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının aparılması ilə məşğul olan məsləhətçilər olmalı, kargüzarlığın, məhkəmə tərəfindən çıxarılmış qərarların və onlarla bağlı yuxarı instansiya məhkəmələrinin qərarlarının uçotunun aparılması təmin edilməlidir.

Məhkəmə aparatları məhkəmələrdə şəxslərin qəbulunu həyata keçirirlər. Məhkəmə icraatının təşkilati məsələləri ilə bağlı qəbul müvafiq hakimin məhkəmə katibi tərəfindən həyata keçirilir.

Məhkəmə aparatlarının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərinin əmək haqqını müvafiq icra hakimiyyəti orqanı, Ali Məhkəmə, apellyasiya məhkəmələri  Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatlarının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərinin əmək haqqını isə müvafiq olaraq Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri,digər məhkəmə aparatlarının isə strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Məhkəmə aparatının və katibliyin işçiləri attestasiyadan keçir və onlara müvafiq rütbə dərəcələri verilir. Attestasiyanın keçirilməsi və rütbə dərəcələrinin verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Məhkəmə aparatının işçiləri mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

Maddə 89. Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi

Məhkəmələrdə hüquq qaydalarına əməl edilməsi, məhkəmələrin binalarının, əmlakının və məhkəmə icraatı ilə bağlı sənədlərinin mühafizəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.



Maddə 90. Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi

Məhkəmələr tərəfindən ədalət mühakiməsinin prosessual qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə lazımi şərait yaradılmasından ötrü hər bir məhkəmə:



    • xüsusi təchiz edilmiş binalarla, məhkəmə hakimyyətinin rəmzləri (Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və ədalət mühakiməsinin rəsmi emblemi) və hakimlərin xüsusi geyimləri ilə, zəruri nəqliyyat vasitələri və təşkilati-texniki qurğularla;

    • blanklar, ştamplar, məhkəmənin adı və dövlət gerbi həkk olunmuş möhürlə təmin edilir.

Azərbaycan Respublikasının hakimlərinə onların statusunu təsdiq edən xidməti vəsiqələr verilir. Məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir.

Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur.

Müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər.

Maddə 91. Məhkəmələrin beynəlxalq əlaqələri

Azərbaycan Respublikasının qanunvericiliyində və beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrini Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi ilə birbaşa həyata keçirirlər.



İkinci bölmə. Hakimlər

XV fəsil. Hakimlərin statusu

Maddə 92. Hakimlər və onların statusunun eyniliyi

Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.

Hakimlər onların statusunu təsdiq edən xidməti vəsiqəyə malikdirlər. Xidməti vəsiqələrinin nümunələri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilir.



XVI fəsil. Hakimlərin təyin edilməsi

Maddə 93. Hakim vəzifəsinə namizədlərə aid tələblər

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər.



İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə hakim səlahiyyətlərini yerinə yetirməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, hakimin adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən azad edilmiş şəxslər hakim ola bilməzlər.

Maddə 93-1. Məhkəmə-Hüquq Şurası

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Məhkəmə-Hüquq Şurasının təşkili, fəaliyyətinin hüquqi əsasları və səlahiyyətləri bu qanunla və Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

Maddə 93-2. Hakimlərin Seçki Komitəsi

Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası tərəfindən formalaşdırılan və hakim vəzifəsinə namizədlərin seçimini həyata keçirən orqandır.

Hakimlərin Seçki Komitəsinin fəaliyyəti bu Qanunla, Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikasının Qanunu ilə, habelə Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul edilən Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə ilə tənzimlənir.

Maddə 93-3. Hakim vəzifəsinə namizədlərin seçilməsi

Hakim vəzifəsinə namizədlər yazılı və şifahi imtahan əsasında seçilirlər. Namizədlərin seçilməsi üçün bu imtahanlar Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir.

İmtahanların nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiya cəlb edə bilər.

İmtahanlardan müvəffəqiyyətlə keçmiş namizədlər avtomatik şəkildə uzunmüddətli təlim mərhələsinə keçirilirlər. Təlim mərhələsi tədris müəssisəsində təşkil edilir.Təlim mərhələsinə keçirilmiş hakim vəzifəsinə namizədlərin iş yerləri və orta əməkhaqları saxlanılır. Təlim mərhələsinə keçirilmiş işləməyən namizədlərin maddi təminatını Məhkəmə-Hüquq Şurası həyata keçirir. Maddi təminatın məbləği Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir və dövlət büdcəsindən Şuraya ayrılmış vəsait hesabına ödənilir

Təlim mərhələsi başa çatdıqdan sonra hər bir namizəd qiymətləndirilir. Namizədin qiymətləndirilməsi tədris müəssisəsi tərəfindən təqdim olunmuş tədrisin nəticələri və namizədin Hakimlərin Seçki Komitəsi üzvləri ilə yekun müsahibəsinin əsasında həyata keçirilir. Namizədlərin qiymətləndirilməsi bal sistemi ilə aparılır.

Namizədlər Hakimlərin Seçki Komitəsi tərəfindən topladıqları ballara uyğun sıralanırlar.

Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq, hakim vəzifəsinə təyin edilməsi barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdimat verir.

Tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış namizədlər ədliyyə orqanlarına inzibati vəzifəyə və ya prokurorluq orqanlarına prokurorluq işçisi kimi xidmətə götürülə, hakim vakansiyası yarandıqda isə hakim vəzifəsinə təyin edilə bilərlər.

Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası

Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər.

Maddə 94. Hakimlərin, məhkəmələrin sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyalarının sədrlərinin təyin edilməsi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikası məhkəmələrinin hakimlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə və 95-ci maddəsinin 10-cu bəndinə uyğun olaraq Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Yuxarı instansiya məhkəmələrin hakimi vəzifələrinə bir qayda olaraq ən azı 5 il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxslər təyin oluna bilərlər.

Naxçıvan Muxtar Respublikası məhkəmələrinə hakim vəzifəsinə namizədlərin seçilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iştirak edir.



Azərbaycan Respublikası məhkəmələrinin sədrləri, sədr müavinləri və məhkəmə kollegiyalarının sədrləri müvafiq məhkəmələrin hakimləri sırasından 5 il müddətinə təyin edilirlər və bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq təkrarən təyin oluna bilməzlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin sədrlərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavininin və məhkəmə kollegiyaları sədrlərinin vəzifəyə təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq həll edilir. Azərbaycan Respublikasının digər məhkəmə sədrlərinin, habelə Azərbaycan Respublikası məhkəmələrinin sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin (Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini və məhkəmə kollegiyalarının sədrləri istisna olmaqla) təyinatı Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq aparılır.

Maddə 95. Hakimlərin andı

Təyin olunmuş hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl Ali Məhkəmənin Plenumunun iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içirlər:



«Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqiliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm».

Andiçmə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında hakimlərin məsuliyyətinin təcəssümüdür.

Hakimlərin səlahiyyətləri and içdiyi vaxtdan başlayır.

Hakimlər andın mətninə imza edir və bu sənəd hakimlərin şəxsi işində saxlanılır.



XVII fəsil. Hakimlərin səlahiyyətləri

Maddə 96. Hakimlərin səlahiyyət müddəti

Hakim vəzifəsinə hakimlər ilk dəfə beş il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinə—65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə, onun səlahiyyətləri uzadılmır.

Hakimin fəaliyyətinin qiymətləndirilməsi Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə müvafiq həyata keçirilir.

İşə baxılan zaman hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

Maddə 97. Hakimlərin dəyişilməzliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər səlahiyyət müddətində dəyişilməzdirlər.

Hakimlər öz razılığı olmadan başqa vəzifəyə dəyişdirilə bilməz.

Bu qanunla müəyyən edilmiş əsaslar istisna olmaqla, hakimlər vəzifədən kənarlaşdırıla və onların səlahiyyətlərinə xitam verilə bilməz.

97-1. Hakimlərin ezam edilməsi

Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda, bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər.

Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır.

Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Maddə 98. Hakimlərin hüquqları

Ədalət mühakiməsinin həyata keçirilməsi üçün hakimlər bu Qanunla müəyyən edilmiş səlahiyyətlərə malikdirlər.

Hakimlər müstəqillik, dəyişməzlik, toxunulmazlıq, öz manafelərini təmsil edən təşkilatlarda birləşmək, eləcə də dövlət tərəfindən təhlükəsizliyinin, mülkiyyətinin qorunması və sosial müdafiə hüquqlarına malikdirlər.

Hakimlər həmçinin aşağıdakı hüquqlara malikdirlər:



    • qanunla üzərlərinə qoyulmuş vəzifələrin həyata keçirilməsi ilə əlaqədar öz sərəncamlarının yerinə yetirilməsini vəzifəli şəxslərdən, fiziki və hüquqi şəxslərdən tələb etmək;

    • qanun pozuntularının törədilməsinə kömək göstərən səbəb və şəraitin aradan qaldırılması haqqında dövlət orqanlarına, digər təşkilatlara və vəzifəli şəxslərə təqdimatlar vermək;

    • ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar vəzifəli və digər şəxslərdən məlumatlar almaq;

    • intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar şikayət etmək;

    • öz xahişi ilə tutduğu vəzifədən azad olunması barədə ərizə vermək.

Hakimlər Azərbaycan Respublikasının prosussual qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqlara da malikdirlər.

Dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi şəxslər, habelə vəzifəli şəxslər hakimlərin ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı tələblərini və sərəncamlarını yerinə yetirməyə borcludurlar. Bu tələb və sərəncamların yerinə yetirilməməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.



Maddə 99. Hakimlərin vəzifələri

Hakimlər aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:



    • ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etmək, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etmək, ədalətli və qərəzsiz olmaq;

    • müşavirə otağının sirrini qorumaq, qapalı məhkəmə iclaslarında müəyyən olunmuş məlumatları gizli saxlamaq;

    • ədalət mühakiməsinin nüfuzuna, hakimin yüksək adına, şərəf və layaqətinə xələl gətirən hər hansı hərəkətdən çəkinmək.

Hakimlərin digər vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılan məsələ üzrə yekun qərar qəbul edilənədək, həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.

Maddə 99-1. Hakimlərin Etik Davranış Kodeksi

Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etika prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

Hakimlərin Etik Davranış Kodeksi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilir.

XVIII fəsil. Hakimlərin müstəqilliyi

Maddə 100. Hakimlərin müstəqilliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər.

Hakimlərin müstəqilliyi onların səlahiyyətli dövründə siyasətsizləşdirilməsi, dəyişilməzliyi və toxunulmazlığı ilə, vəzifəyə təyin olunmasının, məsuliyyətə cəlb edilməsinin, vəzifədən kənarlaşdırılmasının və səlahiyyətlərinə xitam verilməsinin məhdudlaşdırılması ilə, məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi ilə, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi ilə, hakimlərin şəxsi təhlükəsizliyinin təmin edilməsi yolu ilə həyata keçirilir və onlara vəzifələrinə uyğun maddi və sosial təminatlar verilir.

Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.



Maddə 101. Hakimlərin toxunulmazlığı

Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin I hissəsinə uyğun olaraq hakimlər toxunulmazdır. Cinayət başında yaxalanması halları istisna olunmaqla, hakim tutula və ya həbs edilə, şəxsi axtarış və müayinəyə məruz qala, Məhkəmə-Hüquq Şurasının razılığı olmadan barəsində cinayət təqibi həyata keçirilə bilməz.

Hakimlərin toxunulmazlığı, həmçinin onların mənzillərinə, xidməti otaqlarına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil olunur.

Hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verir. Azərbaycan Respublikasının Baş prokuroru hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə, dərhal Məhkəmə-Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə-Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Azərbaycan Respublikası Baş prokurorunun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Bu qərar dərhal Azərbaycan Respublikasının Baş prokuroruna təqdim edilir.

Məhkəmə-Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda, cinayət başında tutulmuş hakim dərhal azad edilir.

Digər hallarda hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə-Hüquq Şurasının razılığı olduqda, hakim barəsində cinayət təqibi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilmiş hakim həmin andan səlahiyyətlərinin icrasına buraxılmır. Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakimə əmək haqqı ödənilməsi davam etdirilir.

Səlahiyyətlərinin icrasına müvəqqəti buraxılmayan hakim barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən səlahiyyətlərinin icrasına buraxılır.

Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda hakim vəzifəsidən kənarlaşdırılır.

Hakimin vəzifəsindən kənarlaşdırılması Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin IV və V hissələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Vəzifəsindən kənarlaşdırılmış hakimin səlahiyyətləri xitam edilmiş hesab olunur.

Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına, yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə hakimlər öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.

Yüklə 473,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə