Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 119. Andlı iclasçıların siyahılarına dair məlumatların təqdim edilməsi



Yüklə 473,25 Kb.
səhifə6/6
tarix17.02.2018
ölçüsü473,25 Kb.
#27094
1   2   3   4   5   6

Maddə 119. Andlı iclasçıların siyahılarına dair məlumatların təqdim edilməsi

Vətəndaşlar, dövlət orqanları, müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanının sorğusuna əsasən andlı iclasçıların siyahısının tərtib edilməsi üçün zəruri məlumatları verməyə borcludurlar.

Bu məlumatların təqdim olunmaması, eləcə də yanlış məlumatların təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 120. Andlı iclasçıların vəzifələrinin icrasına çağırılması qaydası və müddəti

İşlərə baxılması üçün zəruri olan sayda andlı iclasçıların çağırılmasını işə baxan məhkəmə sədrinin sərəncamı ilə məhkəmə aparatı həyata keçirir.

Andlı iclasçıların qanunda nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi müəyyən edildikdə onların andlı iclasçıların siyahısından çıxarılması barədə məhkəmənin sədri müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Andlı iclasçılar məhkəmədə öz vəzifələrinin icrasına ildə bir dəfə on beş gün müddətinə çağırılırlar. Başlanmış işlərə baxılması ilə əlaqədar bu müddət işə baxılıb qurtaranadək uzadılır.



Maddə 121. Andlı iclasçıların iş yerinin və əmək haqqının saxlanılması

Andlı iclasçıların məhkəmədə vəzifələrini icra etdikləri müddətdə iş yeri, orta əmək haqqı və digər ödənişləri saxlanılır.

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda işləyən andlı iclasçıların məhkəmədə öz vəzifələrinin icrası ilə əlaqədar əmək haqqı onların iş yerindən, sahibkarlıq, kommersiya və digər müəssisələrdə işləyən andlı iclasçıların əmək haqqı isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödənilir.

Andlı iclasçıların məhkəmədə öz vəzifələrini icra etdikləri müddətdə işlədikləri müəssisə, idarə və təşkilat müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarılmasına yol verilmir.



Maddə 122. Andlı iclasçıların müstəqilliyinin və toxunulmazlığının təminatı

Andlı iclasçıların müstəqilliyi məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi, məhkəmədə işlərə baxılarkən öz vəzifələrini sərbəst icra etməsi, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi və andlı iclasçıların toxunulmazlığı ilə təmin edilir.

Andlılar məhkəməsində vəzifələrini icra edən andlı iclasçılar tərəfindən müraciət olduqda onların şəxsi təhlükəsizliyi, əmlakının mühafizəsi təmin edilir. Andlılar məhkəməsində vəzifələrini icra edən andlı iclasçıların həyatı və sağlamlığı qanunvericiliyə uyğun olaraq icbari qaydada dövlət tərəfindən sığortalanır. Andlı iclasçı vəzifələrinin icrası ilə əlaqədar həlak olduqda (vəfat etdikdə) və ya işini davam etdirməsinə imkan verməyən dərəcədə xəstələndikdə, xəsarət (yaralanma, travma, kontuziya) aldıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət ödənilir.

Məhkəmə səhvləri nəticəsində proses iştirakçısına yaxud işdə iştirak edən şəxsə dəymiş ziyana görə andlı iclasçılar öz xüsusi əmlakları ilə məsuliyyət daşımırlar. Bu ziyan qanunla müəyyən olunmuş hallarda və qaydada dövlət tərəfindən ödənilir.



Maddə 123. Andlı iclasçıların öz vəzifələrinin icrasına mane olmağa görə məsuliyyət

Müəssisə, idarə və təşkilatların rəhbərləri, digər vəzifəli şəxslər və vətəndaşlar andlı iclasçıların vəzifələrinin icrasına mane olduqda qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.



Keçid müddəaları

1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

2. Bu Qanun qüvvəyə mindiyi gündən onun qəbul edilməsindən əvvəl seçilmiş hakimlərin maddi və sosial təminatı barədə müddəalar istisna edilməklə məhkəmə quruluşuna və hakimlərin statusuna dair qüvvədə olan Azərbaycan Respublikasının qanunvericilik aktları qüvvədən düşür.

3. Azərbaycan Respublikasının rayon (şəhər) xalq məhkəmələri və hərbi qarnizon tribunalları bu Qanunun qüvvəyə mindiyi gündən müvafiq olaraq Azərbaycan Respublikasının rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr adlandırılır.

4. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələr bu Qanunda nəzərdə tutulmuş məhkəmələr təşkil edilənədək və yeni prosesual qanunlar qəbul edilənədək qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirirlər.

5. Bu Qanun qəbul edilənədək seçilmiş Azərbaycan Respublikası məhkəmələri hakimlərinin səlahiyyət müddəti həmin məhkəmələrə yeni hakimlərin təyin olunduğu gündən, işə baxılan müddətdə isə işə baxılıb qurtardığı gündən bitmiş hesab olunur.

6. Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul edildikdən sonra qüvvəyə minir.

7. Hakimlərin maddi və sosial müdafiəsinə dair müddəalar bu Qanunun tələblərinə uyğun təyin edilən hakimlərə aiddir. (3)

7. Bu Qanunun 96-cı maddəsinin müddəaları 2005-ci il 1 yanvar tarixinədək hakim vəzifəsinə təyin edilmiş hakimlərə şamil edilmir və onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu şəxslərin səlahiyyət müddətləri başa çatdıqdan sonra yenidən hakim vəzifəsinə təyin edilməsi onların fəaliyyətinin qiymətləndirilməsi əsasında həyata keçirilir. Fəaliyyəti məqbul qiymətləndirilmiş hakimlər aşağıdakı müddətə yenidən hakim vəzifəsinə təyin edilirlər:


    • 15 ilə qədər hakimlik stajı olanlar—10 il müddətinə, lakin son yaş həddini — 65 yaşı keçməmək şərti ilə;

    • 15 il və daha çox hakimlik stajı olanlar—son yaş həddinə—65 yaşınadək.

Səlahiyyəti 10 il müddətinə uzadılmış hakimlərin səlahiyyət müddəti başa çatdıqdan sonra onların səlahiyyətlərinin yenidən uzadılması qiymətləndirmə əsasında bu Qanunla müəyyən edilmiş ümumi qaydada həyata keçirilir.

Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

8. Müəyyən müddətə hakim vəzifəsinə təyin edilmiş şəxsin digər hakim vəzifəsinə keçirilməsi onun səlahiyyət müddətini artırmır. Hakimlərin iş yerinin dəyişdirilməsi onların təyin olunduqları səlahiyyət müddəti hüdudlarında həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 iyun 1997-ci il

310-IQ



«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1997-ci il, № 5, maddə 413). 

2 aprel 1999-cu il tarixli, 646-IQ nömrəli; 8 iyun 1999-cu il tarixli, 679-1QD nömrəli; 5 oktyabr 1999-cu il tarixli, 706-IQD nömrəli; 16 fevral 2001-ci il tarixli, 76-IIQD nömrəli; 24 aprel 2001-ci il tarixli, 125-IIQD nömrəli; 2 iyul 2001-ci il tarixli, 172-IIQD nömrəli; 19 oktyabr 2001-ci il tarixli, 210-IIQD nömrəli; 22 noyabr 2002-ci il tarixli, 382-IIQD nömrəli qanunlara; 29 aprel, 2003-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına və 20 iyun 2003-cü il tarixli, 489-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 598-IIQD nömrəli; 8 iyun 2004-cü il tarixli, 684-IIQD nömrəli; 11 iyun 2004-cü il tarixli, 688-IIQD nömrəli; 1 sentyabr 2004-cü il tarixli, 726-IIQD nömrəli; 28 dekabr 2004-cü il tarixli, 817-IIQD nömrəli; 14 iyun 2005-ci il tarixli, 939-IIQD nömrəli; 30 dekabr 2005-ci il tarixli, 52-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 17 aprel 2007-ci il tarixli, 319-IIIQD nömrəli; 8 may 2007-ci il tarixli, 330-IIIQD nömrəli; 16 iyun 2007-ci il tarixli, 385-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 25 dekabr 2007-ci il tarixli, 523-IIIQD nömrəli; 22 fevral 2008-ci il tarixli, 551-IIIQD nömrəli; 4 iyul 2008-ci il tarixli, 665-IIIQD nömrəli; 16 dekabr 2008-ci il tarixli, 741-IIIQD nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli; 22 iyun 2010-cu il tarixli, 1043-IIIQD nömrəli; 8 oktyabr 2010-cu il tarixli, 1092-IIIQD nömrəli; 18 mart 2011-ci il tarixli, 92-IVQD nömrəli; 21 dekabr 2012-ci il tarixli, 520-IVQD nömrəli; 27 dekabr 2013-cü il tarixli, 856-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə.
1) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 yanvar 2001-ci il tarixli Qərarına əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin ikinci hissəsinin müddəaları bu qanuna əsasən hakim vəzifəsinə təyin edilmiş şəxslərə onların qanun qəbul edilənədək olan hakimlik stajı nəzərə alınmaqla şamil edilir.

2) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyun 2001-ci il tarixli Qərarına əsasən 109-cu maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş «axırıncı iş yerlərində aldıqları vəzifə maaşları» dedikdə axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşları başa düşülməlidir.



3) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 aprel 2003-cü il tarixli Qərarına əsasən «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun «Keçid müddəaları»nın 7-ci bəndi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə və 149-cu maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
Yüklə 473,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə