Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 473,25 Kb.
səhifə3/6
tarix17.02.2018
ölçüsü473,25 Kb.
#27094
1   2   3   4   5   6

Maddə 67. Apellyasiya məhkəməsi sədr müavininin səlahiyyətləri

Apellyasiya məhkəməsinin sədr müavini:

    • məhkəmə iclaslarında sədrlik edir, apellyasiya məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 68. Apellyasiya məhkəməsi kollegiyaları sədrlərinin səlahiyyətləri

Apellyasiya məhkəməsi kollegiyasının sədri:

    • müvafiq məhkəmə kollegiyasının iclaslarına sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;

    • məhkəmə statistikasının təhlili, apellyasiya məhkəmələrində baxılmış işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

    • məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;

    • şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmə kollegiyasının işini təşkil edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 69. Apellyasiya məhkəməsi sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi

Apellyasiya məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası apellyasiya məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmə kollegiya sədrlərindən birinə həvalə edilir.

Apellyasiya məhkəməsinin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Apellyasiya Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.

XII fəsil. İqtisad Məhkəməsi

Maddə 70. İqtisad Məhkəməsi

Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsinə müvafiq olaraq İqtisad Məhkəməsi iqtisadi mübahisələrə dair işlər üzrə yuxarı məhkəmə orqanıdır.

İqtisad Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş qaydada yerli iqtisad məhkəmələrinin və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin işinə nəzarət edir.

İqtisad Məhkəməsi yerli iqtisad məhkəmələrinin və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.

İqtisad Məhkəməsi Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.

Maddə 71. İqtisad Məhkəməsinin tərkibi

İqtisad Məhkəməsinin tərkibinə məhkəmənin sədri, sədr müavini və hakimləri daxildirlər.

İqtisad Məhkəməsi Rəyasət Heyətindən və işlərə baxmaq üçün yaradılan məhkəmə tərkiblərindən ibarətdir.

İqtisad Məhkəməsi hakimlərinin sayı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyənləşdirilir.

Maddə 72. İqtisad Məhkəməsinin Rəyasət Heyətinin tərkibi və onun səlahiyyətləri

İqtisad Məhkəməsinin Rəyasət Heyəti İqtisad Məhkəməsinin sədrindən, onun müavinindən və məhkəmə tərkiblərinin sədrlərindən ibarət tərkibdə fəaliyyət göstərir.

İqtisad Məhkəməsi Rəyasət Heyətinin tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

İqtisad Məhkəməsinin Rəyasət Heyəti:

    • Azərbaycan Respublikasının iqtisad məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair İqtisad Məhkəməsi sədrinin və onun müavininin, yerli iqtisad məhkəmələri sədrlərinin və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi sədrinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili materiallarına baxır, qanunvericiliyin tətbiqi təcrübəsinə dair bu məhkəmələrin məlumatlarını dinləyir;

    • qanunla müəyyən edilmiş qaydada iqtisadi sahədə qanunvericilik və digər normativ aktların Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Konstitusiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edir;

    • İqtisad Məhkəməsi hakimlərinin sırasından məhkəmə tərkiblərini təsdiq edir;

    • qanunvericilik aktlarının düzgün tətbiq edilməsi barədə yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinə metodik kömək göstərir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 73. İqtisad Məhkəməsi Rəyasət Heyətinin iş qaydası

İqtisad Məhkəməsinin Rəyasət Heyətin üç ayda bir dəfədən az olmayaraq çağırılır. İqtisad Məhkəməsinin sədri İqtisad Məhkəməsinin Rəyasət Heyətinin iclaslarında sədrlik edir.

Azərbaycan Respublikasının Baş prokuroru, müvafiq icra hakimiyyəti orqanının rəhbəri və digər şəxslər Məhkəmənin Rəyasət Heyətinin iclaslarına dəvət oluna bilərlər.

İqtisad Məhkəməsi Rəyasət Heyətinin çığırılması vaxtı və müzakirəyə çıxarılan məsələlər barədə Rəyasət Heyətinin üzvlərinə və dəvət edilən digər şəxslərə ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.

İqtisad Məhkəməsi Rəyasət Heyətinin üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Rəyasət Heyətinin iclası səlahiyyətli sayılır.

İqtisad Məhkəməsi Rəyasət Heyətinin qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur.

İqtisad Məhkəməsinin Rəyasət Heyətinə sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Rəyasət Heyəti baxılan məsələlər üzrə qərarlar qəbul edir. Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır.

İqtisad Məhkəməsinin aparatı Rəyasət Heyətinin iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Rəyasət Heyətinin qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür.

Maddə 74. İqtisad Məhkəməsi sədrinin səlahiyyətləri

İqtisad Məhkəməsinin sədri:

    • İqtisad Məhkəməsinin işinin təşkilinə və onun aparatının işinə rəhbərlik edir, İqtisad Məhkəməsində əmək və icra intizamına əməl olunmasını təmin edir;

    • məhkəmə iclaslarına sədrlik edir, işlərin həcmini və sayını nəzərə alaraq məhkəmə tərkibləri arasında bölüşdürür;

    • məhkəmə tərkiblərinin təşkil edilməsinə dair İqtisad Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;

    • İqtisad Məhkəməsi aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

    • İqtisad Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərin əmək haqqını müəyyən edir;

    • İqtisad Məhkəməsinin hakimlərinin, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada İqtisad Məhkəməsi, yerli iqtisad məhkəmələri və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsi hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;

    • İqtisad Məhkəməsini təmsil edir;

    • İqtisad Məhkəməsi Rəyasət Heyətinin iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;

    • Yerli iqtisad məhkəmələrində, Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsində və İqtisad Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair İqtisad Məhkəməsinin Rəyasət Heyətinə məlumat verir;

    • İqtisad Məhkəməsi hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;

    • məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

    • qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

    • məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar yerli iqtisad məhkəmələrindən və Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair iqtisad məhkəməsindən işləri tələb edir;

    • şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 75. İqtisad Məhkəməsi sədrinin müavininin səlahiyyətləri

İqtisad Məhkəməsi sədrinin müavini:

    • məhkəmə iclaslarında sədrlik edir, İqtisad Məhkəməsinin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 76. İqtisad Məhkəməsi sədr müavininin əvəz edilməsi

İqtisad Məhkəməsi sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə onun vəzifələrinin icrası İqtisad Məhkəməsi sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə edilir.

XIII fəsil. Ali Məhkəmə

Maddə 77. Ali Məhkəmə

Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri, inzibati xətalara dair və digər işlər üzrə ali məhkəmə orqanıdır.

Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin fəaliyyətinə nəzarət edir.

Ali Məhkəmə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində təşkil edilir, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.



Maddə 78. Ali Məhkəmənin tərkibi

Ali Məhkəmənin tərkibinə Ali Məhkəmənin sədri, onun müavini, kollegiya sədrləri və hakimləri daxildirlər.

Ali Məhkəmə Plenumdan və kassasiya kollegiyasından ibarətdir.

Ali Məhkəmədə mülki kollegiya, inzibati-iqtisadi kollegiya, cinayət kollegiyası və hərbi kollegiya təşkil edilir.

Ali Məhkəmə hakimlərinin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyənləşdirilir.

Qanunların düzgün tətbiq olunması, qanunvericiliyin təkmilləşdirilməsi və elmi təkliflərin hazırlanması məqsədilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurası fəaliyyət göstərir.



Ali Məhkəmədə hakimlərdən ibarət tərkibdə intizam kollegiyası təşkil edilir.

Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri

Ali Məhkəmənin plenumu Ali Məhkəmənin sədrindən, onun müavinindən, kollegiya sədrlərindən və hakimlərindən ibarət tərkibdə fəaliyyət göstərir.

Ali Məhkəmənin Plenumunun tərkibinə daxil olan şəxslərin öz səlahiyyətləri daxilində bərabər hüquqları vardır.

Ali Məhkəmənin Plenumu:



    • Azərbaycan Respublikası məhkəmələrində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə məhkəmə sədrlərinin məlumatlarını dinləyir və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair Ali Məhkəmə sədrinin, onun müavininin və kollegiya sədrlərinin, apellyasiya məhkəmələri sədrlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin və digər ümumi və ixtisaslaşdırılmış məhkəmə sədrlərinin məlumatlarını dinləyir, işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili barədə materiallara baxır;

    • Ali Məhkəmə sədrinin təklifinə əsasən Ali Məhkəmənin hakimləri sırasından məhkəmə kollegiyalarını və müvafiq məhkəmə tərkiblərini təşkil edir;

    • Ali Məhkəmə sədrinin təqdimatına əsasən Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının Əsasnaməsini və tərkibini təsdiq edir;

    • Ali Məhkəmənin Plenumunun izahlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə hakimlərin və vətəndaşların müraciətlərinə baxır;

    • məhkəmələr tərəfindən baxılan işlər üzrə tətbiq edilən normativ aktlarda şəxslərin hüquq və azadlıqlarının pozulması barədə onların müvafiq məhkəmələrin vasitəsilə verilmiş müraciətlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir (bu halda məhkəmə icraatı Konstitusiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək dayandırılır);

    • hakimlərin müraciətlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verir;

    • Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası hakimlərinin vəzifədən kənarlaşdırılması barədə Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxır və müvafiq rəyi sorğu verildikdən sonra 30 gün müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim edir;

    • Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir;

    • qanunla müəyyən edilmiş hallarda və qaydada Ali Məhkəmə sədrinin təqdimatı, Azərbaycan Respublikası Baş prokurorunun protesti və ya müdafiə tərəfinin şikayəti əsasında əlavə kassasiya işlərinə və yaxud hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır;

    • Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Milli Məclisinə qanunvericilik təşəbbüsü ilə müraciət etmək barədə məsələlərə baxır və qərar qəbul edir;

    • Azərbaycan Respublikası hakimlərinin andını qəbul edir;

    • qanunvericiliklə müəyyən edilmiş hallarda, Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlərə baxır;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 80. Ali Məhkəmənin Plenumunun iş qaydası

Ali Məhkəmənin Plenumu üç ayda bir dəfədən az olmayaraq çağırılır. Ali Məhkəmənin sədri Ali Məhkəmənin Plenumunun iclaslarına sədrlik edir.

Ali Məhkəmənin Plenumunun iclaslarında apellyasiya məhkəmələrinin sədrləri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru və müvafiq icra hakimiyyəti orqanın rəhbəri iştirak edirlər. Ali Məhkəmənin Plenumunun iclaslarında əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərin baxılmasında müdafiə tərəfin iştirakı təmin edilir. Ali Məhkəmənin Plenumunun iclaslarına digər şəxslər də dəvət oluna bilərlər.

Ali Məhkəmənin Plenumunun çağırılması vaxtı və müzakirə çıxarılan məsələlər barədə Plenumun üzvlərinə və Plenumda iştirak edən digər şəxslərə Plenuma ən geci 10 gün qalmış məlumat verilir, qərar layihələri və başqa materiallar onlara təqdim olunur.

Ali Məhkəmənin Plenumu üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Plenumun iclası səlahiyyətli sayılır.

Ali Məhkəmənin Plenumunun qərarları açıq səsvermə yolu ilə səsvermədə iştirak edənlərin səs çoxluğu ilə qəbul olunur. Ali Məhkəmənin Plenumunun üzvləri məhkəmə işləri üzrə səsvermədə bitərəf qala bilməzlər.

Ali Məhkəmənin Plenumuna sədrlik edən başqa hakimlərlə yanaşı səsvermədə iştirak edir və axırıncı səs verir.

Ali Məhkəmənin Plenumunun işində iştirak edən digər şəxslər, həmçinin Ali Məhkəmənin sədri məhkəmə qərarlarından əlavə kassasiya qaydasında və yeni açılmış hallara görə Ali Məhkəmənin Plenumuna verdiyi təqdimatlarla əlaqədar baxılan işlər üzrə səsvermədə iştirak etmirlər. Plenum baxılan məsələlər üzrə qərarlar qəbul edir. Plenumun qərarlarını və iclas protokollarını iclasa sədrlik edən imzalayır.

Ali Məhkəmənin aparatı Plenumun iclaslarının hazırlanmasına dair təşkilati işləri həyata keçirir, protokolun aparılmasını təmin edir, Plenumun qəbul etdiyi qərarların icrası üçün digər zəruri işlər görür.

Məhkumun vəziyyətini ağırlaşdıran əsaslara görə məhkəmə qərarları, bəraət hökmü, bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilməsi haqqında məhkəmə qərarları səsvermədə iştirak edən Plenum iştirakçılarının üçdə iki səs çoxluğu ilə ləğv edilə bilər.



Maddə 81. Ali Məhkəmə kollegiyalarının səlahiyyətləri

Ali Məhkəmənin kollegiyalarında aşağıdakı işlərə baxılır:



    • apellyasiya məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

    • İqtisad Məhkəməsinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

    • Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin apellyasiya instansiyası məhkəməsi kimi baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

    • qanunla müəyyən edilmiş hallarda digər ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin baxdığı işlərə dair qərarlardan verilmiş kassasiya şikayətləri və kassasiya protestləri üzrə işlərə;

    • qanunla müəyyən edilmiş qaydada və hallarda Ali Məhkəmə sədrinin kassasiya qaydasında verdiyi təqdimatlar üzrə işlərə.

Ali Məhkəmənin kollegiyaları məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının məhkəmələrinə metodik kömək göstərir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 82. Ali Məhkəmə kollegiyalarının iş qaydası

Ali Məhkəmə səlahiyyətinə aid edilmiş işlərə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hədlərdə kollegiyaların iclaslarında baxır.

Məhkəmə kollegiyalarında işlərə baxmaq üçün məhkəmə tərkibləri yaradılır.

Məhkəmə kollegiyalarının işinə rəhbərliyi kollegiyanın sədrləri həyata keçirirlər. Məhkəmə kollegiyalarının sədrləri Ali Məhkəmə sədrinin müavinləridir.



Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri

Ali Məhkəmənin sədri:



    • Ali Məhkəmənin işinin təşkilinə və onun aparatının işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

    • Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür;

    • Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;

    • Ali Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

    • Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını, işçilərinin əmək haqqını müəyyən edir;

    • Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;

    • Ali Məhkəmənin intizam kollegiyasını yaradır;

    • məhkəmələrdən işləri tələb edir;

    • qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir;

    • qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumunatəqdimatlar verir;

    • Ali Məhkəməni təmsil edir; Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun qərarlarını və iclas protokollarını imzalayır;

    • Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

    • Ali Məhkəmənin Plenumunun izahlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunsuzluğu barədə Ali Məhkəmənin Plenumuna müraciət edir;

    • Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;

    • məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

    • qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

    • şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 84. Ali Məhkəmənin sədr müavininin səlahiyyətləri

Ali Məhkəmənin sədr müavini:

    • məhkəmə iclaslarında sədrlik edir, Ali Məhkəmənin sədri tərəfindən müəyyən edilmiş məsələləri həll edir, sədrin tapşırığı ilə onun ayrı-ayrı səlahiyyətlərini həyata keçirir, sədr olmadıqda və ya öz vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 84-1. Ali Məhkəmənin kollegiya sədrinin səlahiyyətləri

Ali Məhkəmə kollegiyasının sədri:

    • müvafiq məhkəmə kollegiyasının iclaslarında sədrlik edir, məhkəmə kollegiyasının işinin təşkilinə rəhbərlik edir;

    • işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür;

    • məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

    • məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar məhkəmələrdən işləri tələb edir;

    • Ali Məhkəmənin Plenumunda kollegiyalarda ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

    • qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

    • şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərinə baxılması sahəsində kollegiyanın işini təşkil edir;

    • Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Maddə 85. Ali Məhkəmənin sədr müavininin və kollegiya sədrlərinin əvəz edilməsi

Ali Məhkəmə sədrinin müavini vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin məhkəmənin kollegiya sədrlərinin birinə həvalə edilir.

Ali Məhkəmənin kollegiya sədri vəzifələrini yerinə yetirə bilmədikdə və ya onun səlahiyyət müddəti bitdikdə onun vəzifələrinin icrası Ali Məhkəmə sədrinin sərəncamı ilə müvəqqəti olaraq həmin kollegiyanın hakimlərindən birinə həvalə edilir.

XIV fəsil. Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətinin təşkilati təminatı

Yüklə 473,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə