MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

mədrəsələrdə tədris edilmiş və əlyazma kitablarının hazırlanmasında (eləcə də kitabələrin
yazılmasında)  geniş tətbiq edilmiş bədii xətlər nəzərdə tutulur.  Xətti-təhriri deyil,  məhz xətti-
bədii müxtəlif növlərə təsnif edilir.     
İslam dünyasının tanıdığı ilk xətt növü kufi xətti olmuşdur. “Xətti-kufi zəmani-səadətdən bir
az əvvəl ərəblər tərəfindən “xətti-arami”dən istixrac olunub və intişari-islamdan sonra dəxi qə-
bul və istemal edilmişdir. Bəzi müəlliflərin ifadəsinə nəzərən, xətti-kufinin xətti-nəbati və ya ki
Suriya xəttindən mütəşəəb olduğu mərvidir... Xətti-kufi nöqtəsiz və hərəkəsiz olaraq, bə’dəl-
hicrət üç-dörd əsr mütədavil olub, bə’dəhü nüqat və hərəkatı havi olan xətti-süls və nəsx zühur
etmişdir və sonralar iranilər tərəfindən təliq və osmanilər tərəfindən icazət, divani, cəlli-divani, 
siyaqət və rüq’ə xütutu təşkil və istemal edilmişdir” [195, s.2-3].      
Kufi xətti özü birinci minilliyin sonlarına doğru zəngin inkişaf yolu keçmiş və müxtəlif şəkillər
qazanmış,  nəhayət,  müvafiq nöqtələr qəbul etməklə təkmilləşmiş,  sonrakı dövrlərdə onun
yalnız nöqtəli şəklindən istifadə olunmuşdur.   
VII-VIII əsrlərdə işlədilmiş və düz xətliliyi və bucaq xətləri ilə fərqlənən kufi şrifti islam
aləmində yazının ən qədim və geniş yayılmış növü sayılır. Bu xəttin başqa bir şəkli kimi “çiçəkli
kufi”  diqqəti cəlb edirdi ki,  həmin şriftlə yazarkən hərflərin cizgiləri stilizə edilmiş mürəkkəb
nəbatat motivləri ilə müşayiət olunurdu. 
Bəzi tədqiqatçılar IX-X əsrlərdə daha altı kanonik xətt növünün işlənib-hazırlandığını
göstərdikləri halda [96,  s.54],  Azərbaycan alimi Həsən Zərinəzadə hələ VIII əsrin ikinci
yarısında kufi xəttinin 12 şəklinin olduğu haqqında məlumat verir:  
1) tümar – məscid və binaların kitabələrində işlədilirdi; 
2)  sicillat – sonralar xəfi adlanan cizgiləri dolaşıq xətt növünün yaranmasında istifadə
edilmişdir; 
3) ühud – əmr və sərəncamların yazılışında işlədilirdi; 
4-5) müamərat və əmanat – order və sənədlərdə işlədilirdi;  
6-9) dibac, mədih, mürəssə, riyaş – bədii əsərlərin köçürülməsi zamanı xəttatlıqda istifadə
edilirdi;  
10-12) qübar, həsən və bəyaz – dini əsərlərin yazılışında istifadə edilirdi.  
VIII əsrin sonlarında isə artıq 37  kufi xətti növü mövcud idi:  cəlil,  tümar,  kufi,  müamərat, 
qübar cilyə,  müsəlsəl,  civanihi,  nəsəf,  sülseyn,  riyaşi,  məcmu,  müsahif,  lölöyi,  əşar,  həvaşi, 
müqtərin,  mənsur,  müdmic,  mühəddis,  məmzuc,  müqəvvid,  məbsut,  mürsəl,  müxəffəf, 
müəlləq,  ühud,  qübar,  müəlləf,  fəssah,  qirmə,  divani,  müxəllə,  müəccəz, tuəman, siyaqət,
nimat, müfəttə [bax: 74, s.10-12].
Azərbaycanda nöqtəsiz,  nöqtəli və çiçəkli kufi xəttindən əsasən kitabələrin yazılışında
istifadə edilmişdir.  Azərbaycan MEA Əlyazmalar İnstitutunda nöqtəli kufi xətti ilə köçürülmüş
yalnız bir əlyazma saxlanılır. Müxtəlif əlyazma kitablarında həmçinin ünvanların, başlıqların və
yarımbaşlıqların da kufi xətti ilə yazılmasına ara-sıra təsadüf olunur.  Məsələn,  B-1358  şifrəli
ərəb əlyazması kufi ünsürlü nəsx xətti ilə köçürülmüşdür.   
Nəsx xəttinin yaranmasının kökləri X əsrə gedib çıxsa da, onun “formalaşmasının ən əsas
və həlledici mərhələsi XIII əsrə təsadüf edir” [29, № 21]. Bu xəttin ixtiraçısı İbn Müqlə sayılır, 
ən gözəl xəttatı isə  azərbaycanlı  Mirzə Əhməd Neyrizi olmuşdur [18, s.15-16]. 
Orta əsrlərdə nəsx xəttindən ilk növbədə Qur’ani-Kərimin yazılışında istifadə olunduğu
üçün bu xətt islam dünyasının hər yerində olduqca böyük nüfuz qazanmış və geniş
işlədilmişdir. Maraqlıdır ki, başqa xətlərlə yazılmış əlyazmalarda Qur’ani-Kərimdən və hədislər-
dən sitat gətirilən zaman mütləq əksər hallarda və kitabların ünvanlarının, başlıqlarının və ya-
rımbaşlıqlarının yazılışında çox vaxt nəsxdən istifadə edilmiş, beləliklə, bir sıra kitablar iki bədii


xətt növü ilə yazıya köçürülmüşdür.  Məsələn,  Azərbaycan MEA Əlyazmalar İnstitutunda 33 
müxtəlif ədiyə (dualar) kitabının saxlandığı qeydə alınmışdır ki, bunların da ərəb hissəsi nəsx, 
fars hissəsi isə nəstəliq, şikəstə-nəstəliq və nəsx xətləri ilə yazılmışdır. Duaların ən qədim nüs-
xəsi (B-246)  h.1110  /  m.1698-ci ildə katib Fəzl Əli ər-Razi tərəfindən köçürülmüşdür, 
əksəriyyəti isə XVIII-XIX əsrlərə aiddir. 
Nəsx xətti Azərbaycan yazılarında da özünə geniş yer tutmuş,  hətta nəstəliq xətti ilə
yazılmış mətnlərə də təsir göstərmişdir.  Bu xətdən xüsusən ərəbdilli Azərbaycan kitablarının
yazılışında geniş istifadə edilmişdir. Nəzərdən keçirilmiş 239 ərəbdilli, 27 farsdilli və 2 türkdilli
əlyazmanın təmiz nəsx xətti ilə yazıldığı,  69  ərəbdilli və    9  farsdilli əlyazmanın köçürüldüyü
nəstəliq xəttinə isə nəsxin güclü təsiri müəyyənləşdirilmişdir. 
Nəsx xətti xəttatların yaradıcılığı üçün geniş üfüqlər açsa da,  irihəcmli mətnlərin sürətlə
yazıya köçürülməsinə mane olurdu.  Məhz sürətli yazı tələbi nəsxlə işləyən ustad xəttatların
daha münasib yazı üsulu axtarıb-tapmasına təkan vermiş və beləliklə,  tədricən nəstəliq xətti
formalaşmağa başlamışdır. Q.A.Darabadi qeyd edir ki, nəstəliq xətti həm də vaxtilə ərəbləşdir-
mə siyasətinə qarşı qoyulmuşdu [107, s.17].
Nəstəliqin bədii bir xətt kimi formalaşması və inkişafı XIV yüzilliyin ikinci yarısından
başlayır.  Əksəriyyət tərəfindən nəstəliq xəttinin müəllifi kimi qəbul edilən Mir Əli ibn Həsən
Təbrizinin həm də vaxtilə nəstəliq barədə ayrıca bir risalə yazdığı məlumdur.  “Xətlər gəlini” 
adlanan nəstəliq səfəvilər dövründə özünün inkişaf zirvəsinə çatmışdı. 
Ç ox nadir hallarda Qur’ani-Kərimin də üzü nəstəliq xətti ilə köçürülmüşdür [29, № 23].
Nəstəliq xətti nəsxdən bir sıra xüsusiyyətlərinə görə fərqlənirdi ki, bunlardan da biri “sözün
tərkibində eyni hərflərin müxtəlif şəkildə yazılması, yəni işarə variantlarının çoxluğu ilə bağlı idi” 
[107, s.20]. “Nəstəliq xəttində horizontal cizgilər uzanır, vertikallar isə gödəlir” [58, s.5]. 
Sonuncu xüsusiyyət, yəni ayrı-ayrı hərflərin üfüqi cizgilərinin uzanması islam yazılarına xas
olan birləşdirici cizgilərin uzanmaq imkanına (kəşidə xəttinə)  mütabiq olduğu üçün yazıda
anlaşılmazlıq ortaya çıxa bilərdi. Nəstəliq xətti ilə yazılmış Azərbaycan əlyazmalarından görün-
düyü kimi,  bu halda katiblər müxtəlif dəqiqləşdirici diakritik işarələrdən istifadə edirdilər. 
Məsələn, nəstəliq yazısında dişsiz yazılan “sin” hərfi kəşidə xəttinə oxşadığından bu hərfi fərq-
ləndirmək üçün katiblər onun altında ya üç nöqtə qoymaq, ya da altında və ya üzərində əlavə
kiçik bir
٣
yazmaq üsulundan istifadə etmişlər. Məsələn: 
Nizaminin M-156 şifrəli “Xəmsə”sində: 
Əbdürrəhman Jaminin M-18 şifrəli divanının katib kolofonunda: 
Füzulinin S-257 və B-3111 şifrəli “Leyli və Məcnun”unun əvvəlində: 
Füzulinin S-773 şifrəli divanında:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə