MəMMƏd adilov azərbaycan paleoqrafiyasi baki – 2009 azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32215
1   2   3   4   5   6   7   8   9   ...   49

yarısından başlayaraq, xilafətin müxtəlif elm, təhsil və mədəniyyət mərkəzlərində məskunlaşan
Azərbaycan nümayəndələri öz əsərlərini ərəb dilində qələmə almış,  Azərbaycanın öz əra-
zisində yaşayan müəlliflər isə yalnız X əsrdən etibarən ərəbcə yazıb-yaratmağa başlamışlar
[bax: 51, s.5-33]. Sonralar tarixi şəraitin dəyişməsi Azərbaycan mədəniyyətinin zənginləşməsi-
nə, ərəb dili ilə yanaşı, fars və türk dillərində yazılmış ədəbiyyatın meydana gəlməsinə səbəb
olmuşdur.              
İlk anadilli abidələrin dilinin tədqiqi göstərmişdir ki,  Azərbaycan ərazisində türk dili yazılı
ədəbiyyatın meydana gəlməsindən çox-çox əvvəllər mövcud olmuşdur [106,  s.108].  Tarixi
mənbələrə görə, Qafqazda türk, xəzər və hunların izləri IV-VIII əsrlərdən özünü göstərir [bax: 
160, s.8-34]. Məsələn, “VI əsrin əvvəllərinin bir Suriya xronikasında göstərilir ki, VI əsrin 20-ci
illərində alban yepiskopu Kardost özünün üç şagirdi ilə hun-savirlərin yanına getmiş,  onların
arasında xristianlığı yaymış, savirlərin dilində yazı yaratmış və İncili bu dilə tərcümə etmişdi… 
Əlbəttə ki, türk-savirlərin dilini bilmədən alban yepiskopları heç cür onların arasında xristianlığı
yaya,  onların dini nümayəndələri ilə polemika apara və əlalxüsus savirlər üçün onların öz
dilində yazı tərtib edə bilməzdi”  [107,  s.6-7].  Deməli,  Azərbaycan türkləri bizə məlum anadilli
abidələrin yazıldığı dövrdən çox-çox əvvəllər də türk dilində yazı yazmışlar. Bunu təsdiq edən
bir sıra başqa məlumatlar da vardır.  Sadəcə olaraq,  islamdan qabaq yazılmış belə abidələr
dövrümüzə gəlib çatmamışdır.   
Müasir elm isə yalnız zəmanəmizə çatmış real abidələr üzərində işləyir və    Azərbaycan
əlyazmaları ona bu istiqamətdə külli miqdarda faktlar verir.    
Azərbaycan müsəlman əlyazma kitabının tarixi,  onun Azərbaycan və Şərq mədəniyyə-
tindəki yeri haqqında təsəvvür yaratmaq üçün təkcə bunu demək kifayətdir ki,  orta əsrlərdə
Azərbaycan əlyazma kitablarının ümumi sayı milyona çatmışdı. Belə ki, təkcə Marağa akade-
miyasında (XIII əsr) 400  min  əlyazma kitabı olmuşdur [29, VIII, s.6-7].
Belə zəngin irs Azərbaycan elm və mədəniyyətini orta əsrlərin ümumislam meqa-
məkanında tanınmasına və etiraf olunmasına şərait yaratmış,  bu elm və mədəniyyət bütün
islam xalqları tərəfindən əxz edilmiş, beləliklə, onun milli hüdudları itmişdir. Təsadüfi deyildir ki, 
bu gün ərəb dilində yazılmış abidələri ərəblər, fars dilində yazılmış abidələri farslar özününkü
hesab edir,  türk dilində yazılmış Azərbaycan abidələrinə bəzən başqa türklər sahib çıxmağa
çalışırlar. Milli təəssübkeşliyin önə çıxdığı müasir dövrdə dilindən asılı olmayaraq, bütün Azər-
baycan əlyazmalarının müəyyənləşdirilməsi,  onların milli mənsubiyyətinin qeydə alınması və
bütün bunların dünya elminə qəbul etdirilməsi kimi qlobal bir problem Azərbaycan elminin
qarşısında duran aktual məsələ olaraq qalır.  Göstərilən problemin həll edilməsi üçün hər
şeydən qabaq ümumislam mədəniyyəti içərisində ərimiş Azərbaycan paleoqrafiyasının nəzəri
və təcrübi məsələlərinin işlənib-hazırlanması zəruri məsələ kimi diqqəti cəlb edir.       
Hazırda paleoqrafiyanı bilmək hər şeydən qabaq bu və ya digər əlyazma əsasında ərazi dil
faktlarını və dil faktlarının aid olduğu zamanı müəyyənləşdirməyə çalışan dilçi üçün vacibdir
[118,  s.18]  və deməli,  paleoqrafiya fənni həm də dilçilik elminə,  daha dəqiqi,  tarixi dilçiliyə
xidmət edir. “Paleoqrafiyanın vəzifələri, bir tərəfdən, yazı tarixinin tədqiqi, digər tərəfdən, qədim
və orta əsr əlyazmalarını səhvsiz oxumaq,  onların düzgün tarixini və yazılma yerini
müəyyənləşdirmək imkanı verən təcrübi vərdişlər məcmusuna yiyələnməklə bağlıdır. Hər iki –
nəzəri və təcrübi vəzifələr bir-biri ilə sıx şəkildə bağlıdır.  Yazı tarixi təcrübi üsulların işlənib-
hazırlanmasına elmi əsas verir,  təcrübi üsullar isə öz növbəsində yazı tarixini faktlarla və
müşahidələrlə zənginləşdirməyə kömək edir [146, s.7].
Maraqlıdır ki,  Azərbaycan paleoqrafiya elminin kökləri ümumiyyətlə “paleoqrafiya” 
termininin formalaşdığı XVIII əsrə gedib-çıxır.  Əlyazmalar İnstitutunda saxlanan B-788  şifrəli


məcmuənin 42b-47b vərəqlərində h.1180  (m.1766-67)-ci ildə Qəbələdə (ovaxtkı Qutqaşında) 
Əbdülhəlim adlı müəllif tərəfindən xətlər haqqında yazılmış üç babdan ibarət bir risalə vardır. 
Burada əvvəl yazı tarixi və xətlərin inkişafı haqqında məlumat verilir,  sonra isə hərflərin və
liqaturların yazılışı izah edilir [64,  c.  5,  s.144].  Həmçinin Axund Molla Şükrüllah Gəncəvinin
h.1307  (m.1891)-ci ildə əsasən sual-cavab şəklində yazdığı və institutda M-57  şifrəsi altında
saxlanan “Risalei-hüruf və xütut”  adlı fundamental əsəri və b.  Azərbaycan paleoqrafiyası
haqqında ilk sanballı işlərdən sayıla bilər.  Bununla yanaşı,  bu əsərlərdən heç birində,  təbii
olaraq, problemə milli aspektdə yanaşılmamış, mövzu ümumi islam paleoqrafiyası baxımından
işlənmişdir. 
Azərbaycan paleoqrafiyasının bəzi bəsit məsələləri ilə əlaqədar ilk fikirlərə hələ M.F.Axun-
dovun əsərlərində rast gəlmək olur. Sonralar Azərbaycan alim və tədqiqatçılarından Ə.Abid [1], 
F.Ağazadə [3],  J.Qəhrəmanov və A.Qasımov [45],  M.Nemətova [60,  158],  A.Axundzadə [5], 
Q.Darabadi [18,  109],  T.Dostiyev və R.Arazova [21],  A.Əliyev [25],  M.Əzizov [31,  32]  və b. 
[bax:  64,  66]  bu barədə elmi müşahidələri və nəzəri fikirləri genişləndirmiş,  mövzunun daha
müfəssəl şəkildə,  hərtərəfli araşdırılmasının aktuallığını göstərmişlər.  Azərbaycan paleoqra-
fiyasının ayrı-ayrı məsələləri Əlyazmalar İnstitutunun indiyədək nəşr etdirdiyi kataloqlarda [30, 
130, 131] öz əksini tapmışdır. Bununla yanaşı, Azərbaycan paleoqrafiyası ilə bağlı ən sanballı
təcrübi tədqiqatların A.Qazıyev tərəfindən aparıldığı [44, 125, 126, 127] etiraf olunmalıdır. 
Azərbaycan əlyazma kitabı ilə bağlı Ə.Mirəhmədovun [7],  J.Qəhrəmanovun [46,  47,  63], 
A.Musayevanın [57], Q.Kəndlinin [41], A.Xəlilovun [39], İ.Zəkiyevin [74, 75], S.Jabbarlının [12], 
A.Əliyevin [25] və b. qiymətli tədqiqat əsərləri vardır. Həmin əsərlərdə əsas diqqət ya ayrı-ayrı
əlyazma kitablarının öyrənilməsinə,  ya dünyanın müxtəlif kitab xəzinələrində saxlanan Azər-
baycan abidələrinin qeydə alınmasına,  ya da Azərbaycan əlyazma kitabı ilə bağlı ümumi
ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasına yönəldilmişdir.   
Bütün bu tədqiqat işlərinin ümumiləşdirilməsi,  eləcə də tətbiqi mətnşünaslıq və
mənbəşünaslıq işlərinin nəzəri əsaslarının müəyyənləşdirilməsi Azərbaycan əlyazmaşünaslığı
sahəsində ən aktual məsələ sayılır.
Mətn zehni əməyin məhsulu kimi
    
Böyük Tusi yazmışdır: “Alimlər təfəkkür haqqında müxtəlif mülahizələr söyləsələr də, bütün
təriflərin xülasəsi budur ki, təfəkkür insan batininin başlanğıcdan məqsədə doğru seyr etməsi-
dir” [36, s.18]. İnsanın mətn yaratması tarixi də onun təfəkkürünün, insan idrakının inikası kimi, 
insan batininin başlanğıcdan məqsədə doğru gedişinin, inkişafının, yolunun bir parçasıdır. Belə
ki, əvvəlcə söz olmuşdur, sözdə bəsit fikir ifadə edilmişdir, sonra sözlərdən cümlə (bitmiş fikir) 
yaranmışdır.  Əvvəlcə cümlənin (bitmiş fikrin)  şəkli çəkilmişdir,  sonra cümlələr (bitmiş fikirlər) 
çoxalmışdır (mətn yaranmışdır).  Nəhayət,  bu cümlələri (mətni)  yadda saxlamaq,  başqasına, 
sonra uzaqlara ötürmək lazım olmuşdur. Bunun üçün yazıya ehtiyac yaranmışdır.   
Bu inkişaf xətti bəşəriyyətin ilkin şəfəqlərindən başlayaraq insanın gözü önündə və insanın
iştirakı ilə, insanın fəaliyyəti nəticəsində cərəyan etmişdir. 
Bugünkü insan da hər gün söz işlədir,  sözlərdən cümlə qurur,  öz bitmiş fikrini yazıya
köçürür, yeni mətnlər yaradır. İnsan sözlərdən və dildən əsasən yalnız istifadə edir. Belə adilik


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə