Mən gözəlləşirəm



Yüklə 365,41 Kb.
səhifə4/4
tarix20.10.2017
ölçüsü365,41 Kb.
#5921
1   2   3   4

Ananın “mühafizəçisi”
Sədnik müəllimin oğul övladlarının ikincisi Sabutaydı. Anası kimi zəhmətkeş, işgüzar oğlanın özünəməxsus qəribəlikləri çoxdu. Hələ körpəliyində atası bir dəfə onu üzütüklü öpmüşdü. Zərif üzünü atasının cod tükləri dalamışdı. Uşaq: - Ata qocadı deyə hirslənmişdi. O vaxtdan “Qoca” evin əziz, şirin kəlməsinə dönmüş, ata sözünün əvəzedicisi olmuşdu.

Ağlı kəsəndən Sabutay ata-anasının qulluğunda durmağı özünə fərəh bilmişdi. Anasının dilindən çıxan hər bir kəlmə, söz ondan ötrü qiymətli, hər bir arzusu müqəddəs idi. Səfurə xanım uzq-yaxın səfərlərə bu oğlu ilə gedir, bu oğlu ilə gəzmək ürəyinə yatırdı.

Çünki bu oğlu onu qoyub işinin dalınca getmirdi. Onu axıradək gözləyir, nazıyla oynayır, bircə istəyini boş buraxmırdı. Sabutayın nəzərində anasından gözəl, atasından böyük, bacı-qardaşlarından mehriban kimsə ola bilməzdi.

Ailənin qayda-qanununu daim yüksək səviyyədə saxlayan Səfurə xanım Sabutay üçün dost, yoldaş, qardaş idi. O, hər sirrini, sözünü anasıyla bölüşür, anasıyla məsləhətləşir, onun xeyir-duasını alırdı.

Sabutay Bakıda institutda oxuyurdu. Atası yanına gəlmişdi. Gəzdilər, dolandılar, axşam ayrılanda Sədnik müəllim onun uzaqda olduğunu nəzərə alıb 100 manat pul verdi. Oğlu təəccübləndi:

-Bu qədər pulu neynirəm, ata?

Atası ondan da bərk təəccübləndi:

-Necə, yəni neynirəm oğlum, xərclə də pul lazımın deyil? Cavan deyilsən? Qorxma, anan bilməyəcək.

Sabutay 100 manatın 10 manatını cibinə qoydu, qalanını atasına qaytardı. Atası pulu onun cibinə qoymağa çalışdı. Oğlu onu daha da heyrətləndirdi:

-Ata, bu pulu mənə vrsən Gəncəyə gələndə anama deyəcəm.

Sədnik müəllimin oğlunun bu sözünə gülməyi tutdu. Eyni zamanda Səfurə xanımın, uşağın tər­biyəsini pozma, söhbəti yadına düşdü. Qadını ona deyirdi:

-Səni başa düşürəm, özünün gəncliyində pul verənin olmayıb, heyfini uşaqlarından çıxmaq istəyir­sən. Ancaq unutma, onlar artıq pulu xərcləmək üçün lazımsız işlərə qoşula bilərlər. Nə qədər lazım olsa o qədər pul ver. Sonralar Sabutay bunu danışanda Səfu­rə xanım onun üzündən-gözündən öpmüş, mənim ağıllı balamsan, demişdi.

Sabutay həftədə, on gündə bir anasının istəyi, atasının göstərişiylə onları Azərbaycanın müxtəlif rayonlarına, şəhərlərinə gəzməyə aparırdı.

Müqəddəs yerlərə getmək, pirləri, ocaqları ziyarət eləmək, inanılmış, sınanılmış yerlərdə qurbanlar kəsmək, nəzir, niyazlar vermək ailədə adət-ənənəyə dönmüşdü.

Səfurə xanım Üçbulağın sərin suyundan ləzzətlə içirdi. Bunu bildiyindən Sabutay onu isti yay axşam­larında hər gün bulağa aparır, sərin suyla qablarını doldurur, anası isə doyunca içir, əl-üzünü yuyurdu.

Sabutayı dostugil qonaq çağırmışdılar. Sabutay qonaqlığa lazım olan köməkliyi elədi. Evlərinə gəldi. Anası soruşdu:

-Qonaqlığa niyə qalmadın?

Oğlu heç bir söz tapmayıb:

-Həvəsim yoxdu, dedi, getmək istəyirəm. Burda sənin yanında oturub danışmaq, söhbət eləmək hər şeydən yaxşıdı.

Anası onu qonaqlığa güclə göndərdi. Sabutay ac idi. Fikirləşir ki, həm gedər yeyər, həm də anasının ürəyincə olar.

Dostugil onu gözləyirdi. Hamı ac olsa da, süfrəyə əl uzadılmamışdı. Sabutayın yenidən gəlişi onları sevindirdi. Badələr doldu. İlk sağlıq deyildi. Hamı içdi.

Sabutay səhərdən dilinə heç nə vrmasa da, elə bil birdən-birə yağ içmişə döndü. Ürəyi böyüdü, özünü piss hiss elədi. Bayaqdan onun gəlişini gözləyən dostları məəttəl qaldılar. Elə bildilər Sabutay özü qəsdlə belə eləyir. Oğlanın and-amanından sonra inandılar. O yemək istəyirdi, lakin tikəni uda bilmirdi. Özü də başa düşmədiyi pis hal keçirirdi.

Qonaqların onu bağışlamasını xahiş eləyən Sabutay birdən-birə halının dəyişməsinin səbəbini başa düşmürdü.

Bu vəziyyət azmı-çoxmu çəkdi, qəfil xəbər hamını sarsıtdı. Sabutaya məlum oldu ki, anasının elə bu anlarda beyninə qan sızıbmış.


Qiymətsiz itki
Falçıyla, qaraçıyla olmayan Sərvanın qəfil qabağına çıxan qadından keçə bilmədi. Qadın onun əlini əlinə aldı. Ovcunu açdı. Çox sözlər danışdı. Keçmişləri çözələdi, gələcəyindən xəbərlər söylədi. Beynin bir küncündəcə ilişib qalan belə bir cümləni “Qiymətsiz itkin olacaq” sözlərini unuda bilmədi. Falçı onu inandırmağa çalışdı. Qoy düyünləri eləyim xəta-bəladan sovuşdurum səni.

Oğlan ona əhəmiyyət verməyi özünə ayıb saydı, pul verib aralandı.

Qara qorxu dolmuşdu Sərvanın ürəyinə. Bir yerdə qərar tuta bilmirdi. Tez-tez, lazım oldu, olmadı Gəncəyə gəlir, ata-anasıyla görüşür, geri qayıdırdı.

Son vaxtlar lap dözümsüz olmuşdu. İstəyirdi elə gecəli-gündüzlü evdə qalsın, burdan uzaqlaşmasın. İşlə əlaqəli getməliydi deyə qala bilmirdi.

Bəzən bu gün evdən gedir, sabaha bilet alıb yenidən qayıdırdı.

Bu gün də evdə idi. Adətinə xas olmadığı halda, xeyli işlədi, torpaqla əlləşdi. Anasının çox xoşuna gəldi. Anasının xoşuna gəlməyi ürəyini sevindirdi. Tər tökə-tökə işləyirdi. Birdən bacısı Sərvanə bərkdən qışqırdı:

-Anaa...., Sərvan, tez bura gəl.

Sərvan evə qaçdı. Anası başını tutub qışqırdı:

-Başım, oy başım...

Sərvan onu divana uzandırdı. Qəfil hadisədən elə sarsılmışdı ki, nə baş verdiyini soruşmağa gücü çatmırdı. Yuxarı evə telefonla həkim çağırmağa getmək istəyəndə anası əli ilə “Yox” işarəsini verdi. O, anasının sözünə əməl etmədi. Lakin telefon işləmədi. Qonşuya qaçdı, həkim gəldi. İynə vurdu, dərman verdi. Anası yatdı, tez də oyandı. Başında dəhşətli ağrı vardı qadının. İkinci dəfə həkim çağırdılar. O, beyinə qan sızma olduğunu qeyd elədi. Yenə iynə dərman verildi, xəstə yatdı.

Sərvan bu ağır məqamlarda ancaq falçı qadını düşünür, onun “Qiymətsiz itkin olacaq” sözlərini beynində dolandırır, özünü öldürmək istəyirdi. Anasının başına iş gələcəyini oğlan ağlına sığış­dır­mırdı. Küncə, bucağa çəkilib zülüm-zülüm ağlayardı. Vətəndən uzaqlardakı atasını arzulayırdı. Ona elə gəlirdi ki, atası burda olsa anasına heç nə olmaz. O, anasını sağaldar, lakin atası uzaqlarda idi. Onların vay-şüvənini eşitmirdi. “Qiymətsiz itki” məsələsi də lap ağlını çaşdırmışdı. Anası ondan ötrü qiymətsiz idi. Qiymətsiz sözünün mənasını indi dərk eləmiş, indi başa düşmüşdü. Ona elə gəlirdi ki, qiymətsiz, yəni lazımsız bir itkisi olacaq. Beyninin bir küncündəcə özünə yurd salmış bu sözün ağırlığına indi tablamırdı. Anası qiymətsiz idi, qiyməti ölçüsüzdü. O, bunu duyunca ürəyi parçalanır, necə xilas etmək barəsində düşünürdü. Yalvarırdı:

- Həkim, çox xahiş edirəm, mənim qanımı anama vurun. Həkimin xəstəyə qan vurmaq çəkimi fikri olmasa da Sərvanın ciddi təkidindən keçə bilmədi.

Sərvan eşitmişdi, qan təzyiqi yüksək olanda xəstənin burnunun qanaması yaxşıdı. O istəyirdi ki, anasının burnu qanasın, ona nə qədər qan lazımdı verər. Lakin onun burnunun qanı kəsmişdi. Bu yaxşı deyildi. Anasının burnunu qanatmaq üçün nə edəcəyini bilmirdi. Əli gəlmirdi ki, onu vurub qanat­sın. Bir də qorxurdu anası görər, elə bilər onu qəsdlə vurur. Bunu özünə bağışlamazdı, ölərdi. Təkcə onun qan damarından çəkib anasına vurdular.

Axşam anası ayıldı. Sərvanın gözləri qıp-qırmızı idi. Səfurə xanım güman elədi ki, oğlu spirtli içki içib. Yavaşca dedi:

İçmə, qurban olum, içmə, içki bir şey deyil.

Oğlu başını aşağı saldı ki, ağladığını anası görməsin, dedi:

-İçmərəm, ana, daha heç vaxt içmərəm.

Anası gözlərini yenidən yumdu.

Onu xəstəxanaya aparmışdılar. Vəziyyəti get-gedə ağırlaşırdı. Sərvan Bakıya həkim gətirməyə gedirdi. Yolda əvvəl bir qoyun qurban dedi. Az keçmədi anası üçün bir qurbanlıq qoyun kiçik gəldi ona. Ürəyindən keçirdi, təki anam sağalsın, bütün qiymətli əşyalarını yetim-yesirə paylayaram. Ürəyi bununla da sakit­ləşmədi. Elə bilirdi ki, qurbanları daha qiymətli olsa anasına gələn qada-bala azalar, həmin əşyalara gələr. Axı onun anası qiymətsizdi, əvəzsizdi. O, ailənin icazəsi olmadan evlərini də qurban dedi. Düşündü:

-Hamımız çadırda yatarıq, incimərik. Bircə anam sağalsın.

Bununla da ürəyi aram olmadı. Qurban deməyə başqa bir şey tapmayanda özünü yadına saldı, üzünü Allaha tutdu, yalvardı:

-Allah məni anama qurban elə, özümü ona qurban deyirəm. O, sağalsın, mən ölüm.

Bu fikirlə Bakıya çatdı. Həkimlə geri Gəncəyə qayıdanda qurbanları qəbul olunmamışdı. Anası işıqlı dünyaya həmişəlik göz yummuşdu. Bu Sərvanın həyatında falçı qadının dediyi kimi, “Qiymətsiz itki” idi.


Biz hörmətimizi eləyirik
Ələsgər Əlioğlu ilə mən, yəni kitabın müəllifi bir gün getmişdik Sədnik müəllimgilə. Sədnik müəllim çay hazırladı. Mən ortalığa iki stəkan-nəlbəki qoydum. Sədnik müəllim təəccübləndi:

-Bəs öünüzə niyə stəkan gətirmədiniz? Mən:

-Çay içmirəm-dedim.

-Ələsgər Əlioğlu və Sədnik müəllim təkid elədilər ki, stəkan-nəlbəki gətirim. Yenə etiraz elədim:

-Siz narahat olmayın, mən heç ömrümdə çay içməmişəm və heç içən də deyiləm. Ona görə nəyə lazımdır, boş-boşuna stəkan-nəlbəki.

Sədnik müəllim çox ciddi təkidlə stəkan-nəlbəkini gətizdirdi və dedi:

-Siz stəkan-nəlbəkini gətirin, qoy görsünlər ki, biz hörmətimizi eləyirik.Mənə də çay süzüldü. Sədnik müəllimin bu sözü xoşuma gəlsə də, çay soyudu.


Bizi qırırlar
1990-ci ilin 20 yanvar günü bütün Azərbaycan xalqının ürəyində çox dərin sağalmayan dərd, kədər şırımı açdı. Rusların və ermənilərin tanklarla, toplarla əliyalın, dinc xalqımızın üzərinə vəhşicəsinə hücumu yüzlərlə insanların fəlakətinə, bədbəxtliyinə bais oldu.

Ölüm haqdı, yaranan öləcək, daha belə yox. Bu ölüm, bu can zülmüydü, işgəncə idi, təhqiriydi bizimçün.

Gəncə Pedogoji İnstitutunun müəllimi Nəzmiyyə xanımın da kədəri aşıb-daşırdı. Dərdini bölüşdürməyə adam axtarırdı. İş yoldaşı, professor Sədnik Paşayevə üzünü tutdu, imdad diləyirmiş kimi sual verdi:

-Niyə belə oldu, Sədnik müəllim, bu işlərin axırı necə olacaq? Həmişə ağır kədəri belə özünəməxsus yumorla yüngülləşdirməyə çalışan, çox ölümlərə, itimlərə adi, təbii baxan, fələyin işi hesab eliyən görkəmli folklorçu alim cibindən dəsmal çıxarıb hönkürdü:

-Bizi qırırlar ay qızım, bizim kökümüzü kəsmək istəyirlər. Xalqın müsibətinə, faciəsinə professorun belə ağlamasını təsəvvürə gətirməyən Nəzmiyyə Axundovanın əli yerdən-göydən üzüldü. Dərdli ürəyinin dərdi daha da artdı. Göz yaşları yanaqlarını yandırdı, Sədnik müəllimin beləcə uşaq kimi ağlaması onu varından yox elədi.

20 may, 1996-cı il.

Anamın xəyalı
Metro qatarında gedirdi Sədnik müəllim. Fikri, xəyalı özündən çox-çox uzaqda olan Səfurə xanımlı günlərinə qayıtdı. Yan-yörəsində, başının üstündə dayanan müxtəlif görkəmli, müxtəlif yaşlı insanların ona dəxli yox idi. Adamların iki-bir, üç-bir nə danışdıqlarını da eşitmirdi.

Qəfildən onunla üzbəüz əyləşən qadına nəzər saldı, bir anlğa dünya-aləm gözündə qaraldı, zənn elədi yuxu görür. Üzünü-gözünü dönə-dönə oxaladı, dil-dodağını ağrıyanadək dişlədi.

Bir neçə ay əvvəl sanki ürəyini çıxarıb torpağa tapşırmış sevimli Səfurəsindən fələyin əliylə ayrılmışdı. Gördüyü isə yuxu deyildi. Onun qarşısında əyləşən, ala gözləri yol çəkən, Sədnik müəllimi varlığından yox eyləyən, ayrılıq həsrətinə cəhənnəm əzabına dözürmüş kimi dözdürən Səfurə xanım idi. Kişi çaşmış özünü itirmişdi. Məlul-məlul dərindən baxır, nəfəs almağa belə qorxurdu ki, qadın gözünün qabağından itər.

Düşməyinə yarım dayanacaq qalmışdı, qadın yerindən tərpənmədi. Sədnik müəllim də sanki oturacağa yapışmışdı. İndi elə bir qüvvə tapılmazdı ki, onu ordan aralasın. Bir neçə dayanacaq da beləcə getdilər. Qadın hazırlaşıb düşdü. Qeyri-ixtiyari Sədnik müəllim də onun arxasınca düşdü. Bu anlarda irəlidə gedən qadını itirəcəyindən qorxurdu. O, sanki həyatını, ömrünü, gününü Səfurə xanımla itirmişdi. Bəs orada gördüyü qadın kimiydi? Beynində bir-birindən ağır suallar dolaşdı:

-Bəlkə könlünə dəymişəm, küsüb başqa yerə gedib, indi qarşıma çıxdı?

-Bəlkə onun ruhudu, mənə söz deməyə gəlib?

-Bəlkə məni də yanına çağırır?

-Bəs niyə dillənmir, niyə məni dindirmir? Of, aman Allah deyəsən dəli oluram axı?

Sədnik müəllim qadnı danışdırmaq, ona söz demək, onun hansı soydan, hansı kökdən olduğunu bilmək marağını boğammırdı. Lakin hansısa qüvvə onun nitqini, bütün cəsarətini əlindən almışdı. Bircə kəlmə danışmağa iqtidarı yoxuydu. Eləcə qarabaqara qadının arxasınca qeyri-ixtiyari irəliləyirdi.

Xəyaldımı, ruhdumu, Səfurə xanımdımı daha burasını Sədnik müəllim araşdıra bilmirdi. Təkcə onu bilirdi ki, qadının ardınca dünyanın o başınadək gedə bilər. Səfurə xanımın da ardınca gedərdi, onun xanımı onunla axıradək getməyib yolunu yarımçıq eləmişdi. Sədnik müəllim ölümün haqq olduğunu bilib təskinlik tapırdı, yəni onun da ölümü gələcək, o qadınına qovuşacaqdı. Bu qadın isə Sədnik müəllimin ağlını başından eləmişdi. Bu qadın Səfurə xanımın özü idi, başqası ola bilməzdi.

Belə fikirlərə məşğul ikən qadın yoxa çıxdı? Sədnik müəllim burasını görmədi, onu gördü ki kimsəsiz küçə ilə gedir. Hara gedir, niyə gedir- soruşsalar uşaqtək gözünü döyər, deməyə söz tapmazdı.

Gəldiyi yolun əksinə, yenidən metro qatarıına mindi. Öz dayanacağında düşdü. Böyük qızı Bakıda yaşayırdı. Onun evinə çox pərişan qayıtdı. Qızı təşvişə düşdü. Atasının halı onu qorxutdu. Lakin o, heç nə öyrənə bilmədi. Atasının ona deyəsi sözü yox idi.




Hərənin öz qisməti var
Sədnik müəllim ömrünün ahıl çağında Gəncə Pedoqoji Universitetinin həyətində bir iş otağı kirayələmişdi. İşçilərə əmək haqqını günəmuzd verir­di. Onların günorta yeməyi üçün ya pulunu ödəyir, ya yemək sifariş edir, ya da gedib kafedə, restoranda yeyir­dilər. İş müddətində sular və şirələr əskik ol­murdu. Mer-meyvə də həmçinin.

Bir dəfə işçilərdən biri işə gəlməmişdi. İşdə olan qız dedi:

-Sədnik müəllim, filankəs işə gəlməyib, bəlkə günortadan sonra gələcək. O biri işçi də sözə qa­rış­dı:-Yox, daha gecdi, yəqin gəlməz. Sonra sözünün dalını gətirdi:

-Bəlkə də işin axırında gələcək, işləməyib müftəcə pulunu alıb gedəcək. Professor işçilərini səbr və hövsələ ilə dinləyib onlara belə cavab verdi:

-Siz narahat olmayın, a bala, lap işin axırında gəlmiş olsa belə onu boş qaytarmaram, pulunu ve­rib yola salacağam, təki işə gəlsin. Hərənin öz qisməti var. Ona verəcəyim pulun sizə dəxli yoxdu.

Müəllif haqqında
Aləmzər Əlizadə 1950-ci ildə Gəncə şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İns­ti­tu­tu­nu bitirib. İlk yazısı 1967-ci ildə “Pioner” qəzetində dərc olunub. Aşağıdakı kitabların müəllifidir:
1. “Sarı eynək”. 1973-cü il. Bakı

2. “Küsən güllər”.1978-ci il.Bakı

3. “Şəfəqin sırğaları”. 1983-cü il. Bakı

4. “Ətirli kəpənək”.1986-cı il.Bakı

5. “Ülviyyənin kitabı”. 1989-cu il. Bakı

6. “Göyün işığı”.1993-cü il. Bakı

7. “Adımdan danışıram”. 1994-cü il. Bakı

8. “Gözdən çıxan qara tikan”. 1997-ci il. Bakı

9. “Pyeslər”. 1998-cı il. Bakı

10.“Fələk və mən”. 2008-ci il. Gəncə.

11.“Son çiçək”. 2010-cu il

Əsərləri almanaxlarda, toplularda, dərsliklərdə çap olunub. Aşağıdakıları göstərmək olar:

1. “Göyərçinin hədiyyəsi”.1978-ci il. Bakı

2. “Mənim bağım, baharım”. 1980-ci il. Bakı

3. “Alleqoriya və təmsillər”. 1988-ci il. Bakı

4. “Aprelskiy dojd”. 1986-cı il. Moskva

5. “Nad vışki morom”.1987-ci il. Minsk

6. “Dost, əlini uzat”.1988-ci il. Özbəkistan

7. “Rodnik bratstva”.1980-ci il. Ukrayna

8. “Odlar yurdu Azərbaycan”. 1990-cı il. Bakı

9. “Ulu Qoşqar”. 2000-ci il. Bakı

10. “Ovqat”.2000-ci il. Bakı

11. “Uşaq ədəbiyyatı”.2002-ci il. Bakı.

Çap olunduğu jurnalların bəzilərinin adları:

Göyərçin”, “Azərbaycan qadını”, “Pioner”, “Azərbaycan”, “Herbo və Flora”, “Ulduz”, “Literaturnıy Azərbaycan”, “Yol” (İran), “Murzilka” və “Kolobok” (Moskva)



Çap olunduğu qəzetlərin bəzilərinin adları:

Ədəbiyyat”, “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Azərbaycan pione-ri”, “Gəncənin səsi”, “Sovet Gürcüstanı” (Gürcüs-tan), “Can kaya” (Türkiyə), “Qoca Təpə”, Türkiyə”, “Yol” (İran).



1993-cü il Moskvada çıxan təqvimdə şeirləri dərc olunub. 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1987-ci ildə “İlin ən yaxşı uşaq kitabı” müsabiqəsində mükafata layiq görülüb, kitabı növbədənkənar buraxılıb. Hazırda Azərbayca Yazıçılar Birliyinin Gəncəbasar bölməsində məsləhətci işləyir.

Gəncə Dövlət Kukla teatrında aşağıdakı pyesləri tamaşaya qoyulub:

1. “Günah torbası” 1989-cu il.



2. “Nəğmə qapısı” 1991-ci il.

3. “Şeytanın dostu” 2003-cü il.

4. “Toya gecikən tülkü”. 2011-ci il.

5. Ayının oyanması

Günah torbası” və “Nəğmə qapısı” pyesləri mərkəzi televiziya ilə nümayiş etdirilib, birinci tamaşa televiziyanın “Qızıl fondu”nda saxlanılır.



2009-cu ildə Azərbaycan Tele film Yaradıcılıq birliyi Aləmzər Əlizadənin həyat və yaradıcılığından bəhs edən “Yaxşı bax kitabıma” adlı sənədli film çəkib və nümayiş olunub.

Yeni kitabları nəşrə hazırlanır.

M Ü N D Ə R İ C A T
Müəllifdən.......................................................................3

Tanrının sevdiyi gözəl.............................................6

Seli çiyinlərdə keçənlər................................................10

İştahı pozan uşaq...................................................19

Oğurluq.........................................................................22

Bu mənim oğlumdur...............................................23

Şəffaf hörüklərin rəfiqələri............................................28

Sındırılan oyuncaqlar.............................................31

Düzəlməyən iş...............................................................36

İki ördək..................................................................37

Bir şüşə zəhər.................................................................41

Bir büküm halva.....................................................45

Yevlaxdan bura..............................................................47

Makinaçı.................................................................50

Baldız............................................................................51

Sədnik müəllim tələsir.............................................54

Mən bir ağac.................................................................58

Daşla döyülən qapı..................................................60

Ölü yerində qəhqəhə.....................................................63

Beş dənə qoca..........................................................65

Calaq..............................................................................65

Uzaqlardan gələn səs..............................................66

Onun Sədnik kimi dədəsi yoxdur....................................68

Çəngəldən asılan pullar..........................................70

Mən gözəlləşirəm...........................................................74

Məni də aranızda gizlədin.......................................78

Ananın mühavizəçisi......................................................82

Qiymətsiz itki...........................................................85

Biz hörmətimizi eləyirik.................................................89

Bizi qırırlar.............................................................89

Anamın xəyalı.................................................................91

Hərənin öz qisməti var.............................................93

Müəllif haqqında ..........................................................94

A L Ə M Z Ə R Ə L İ Z A D Ə


Ş Ə F F A F H Ö R Ü K L Ə R İ N

R Ə F İ Q Ə L Ə R İ

Yığılmağa verilmişdir: 05.12.2012

Çapa imzalanmışdır: 10.01.2013

Qiyməti müqavilə yolu ilə

Tiraj:100






Yüklə 365,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə