Mən sağam məsumə Abadın qələmilə əsirlik dövrünün xatirələri Kitabın adı: Mən sağam



Yüklə 7,49 Mb.
səhifə18/23
tarix11.04.2018
ölçüsü7,49 Mb.
#37924
1   ...   15   16   17   18   19   20   21   22   23

Bizi həmişəkindən daha dözümsüz edən o idi ki, əsir paltarı geyinən üç nəfərin Xəmisin, Əbdürrəhmanın və Həmzənin əl-ayağının altında fırlandığını, BƏƏSçilərə yaltaqlandığını, quyruq tərpətdiyini, uğursuz barmaqlarını qardaşlara tuşladıqlarını və sədaqətlərinin mükafatı olan bir gilə siqaret bahasına xəyanət etdiklərini görürdük. Nəhs baxışları günahsız quzuların ətinə batan canavar dişi kimi idi. Aclıq, susuzluq, soyuq, isti, təhqir, hörmətsizlik və işgəncə bütün bunların hamısına dözmək olardı, amma namərdlik və xəyanət dözülməz idi. BƏƏS əsgərlərinin fit səsi ilə bütün əsir qardaşlar yaralı bədən və cırıq çəkələklə farağat vəziyyətdə dayanırdılar. Şorba qabları və dəm çayniki ilə mətbəxə doğru yola düşürdülər. Hərçənd ki, ayaqları nə qalmaq üçün yararlı idi, nə də getmək üçün.

Kimsə aciz, əyilmiş və zəif halda yerisəydi yenidən əvvələ qaytarılırdı. Titrək əlləri və hər əsirin payına bir neçə qaşıqdan artıq düşməyən istifadəsiz şorba ilə yarıya qədər dolan sinilərlə viranələrinə yollanırdılar. O viranələr ki, hər birinin onda oturmaq və yatmaq üçün payına düşən iki qarış yarım idi. Bütün bunlara rəğmən qardaşlar gecə yarısı oğrun-oğrun və iməkləyərək namaz qılırdılar. Yaxud, xəstə və yaralı olan digər bir qrup o qədər yuvarlanırdılar ki, sümükləri o bərk yerlərin üzərində aram tapsın. Bu ümidlə ki, bəlkə yuxuya getsinlər və bir saat o rəhimsiz fəzadan uzaqlaşsınlar.

Bu, vicdanı sızlamasın deyə özünü yuxuya vuran və xəyalınca özünü müharibənin qəhrəmanı sananların insanlığının çöküş hekayəsi idi. İlk dəfə idi ki, belə bir səhnəyə şahid olurduq. Bütün bu ağrı-acı və əzabı görüb bir-birimizi möhkəm qucaqladıq. Əllərimizin və nəfəslərimizin titrəyişini bölüşdük. Qardaşlarımızın ağrı-acını qəbul etmək və dözmək üçün sahib olduğu böyük və vəsfəgəlməz ruhunun əzəmətinə səcdə etdik. İki saat başımızı səcdədən qaldırmadıq. Allahı şahid tutduq: “Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görür”.

O günün səhəri mayor Mahmudi bəzənmiş, ütülənmiş və özünə bir şüşə odekolon sərf etmiş vəziyyətdə it quyruğuna bənzəyən və yol gedərkən əlində oynatdığı əsa ilə otağımızıa gəldi. Yasin, Şakir, Həmzə və Eydi də onu müşayiət edirdi. Mahmudi dedi:

- Siz burada rahatsınız? Bir çatışmazlığınız yoxdur ki?

Göz qapaqlarımızı dünənki ağlamağımızın şiddətindən artıq aça bilmirdik. Onun bizim dərin kədərimizi anlamasını istəmirdik. Amma uşaqların hər birinin siması gözümüzün önündən getmirdi. Hələ də qardaşların qulağımda səslənən naləsi onun sözlərini eşitməyimə icazə vermirdi. Bir daha dedi:

- Mən burada sizin burnunuzun qanamasına icazə vermərəm. Siz keçmişləri unudun. Hanuta niyə getmirsiniz? Nə üçün pulunuzu xərcləmirsiniz?

Üzünü Yasinə tutub dedi:

- Əgər qızlar daha çox pul istəsələr əsirgəməyin.

Bir daha üzünü bizə tutub dedi:

Əgər zabitlər bölməsinə getsəniz daha çox pul alarsınız. Orada sizə zabitlər və pilotlar qədər maaş verərik. Burada isə yalnız mollalar və dəccallar qədər ala bilərsiniz.

Sözlərinin və baxışlarının şərindən daha tez xilas olmaq istəyirdik. Qardaşlarımızın canı bahasına başa gələ biləcək və çantalarımızda gizli olan o qədər süd, konserv və pendir qutusunun mövcudluğundan iztirab və qorxu keçirirdik. Ürəyimizdə ardarda “Və cəəlna min bəyni əydiyhim səddən və min xəlfihim səddən” oxuyurduq. O, hər yerə və hər şeyə diqqətlə baxırdı. Söhbət bağlansın deyə Eydiyə dedik:

- Siz bizim yerimizə gedib, istədiyimizi alıb gətirə bilərsiniz.

Eydinin əvəzində Mahmudi ona əmr etdi:

- Dərhal bütün əsirləri yataqxanaya göndərin. Siz isə mənimlə mağazaya gəlin.

Yeni və rəngbərəng paltarlarla Mahmudi və fədailərinin yanına düşüb Hanuta getmək istəməsək də bu onun şərindən qurtulmağın yeganə yolu idi. Düşünürdük ki, kimsə bizim keçməyimizi gözləmir. Amma qardaşların pəncərəsinin yanından keçəndə biri digərinin ardınca bayıra boylanırdılar və bu, bizə güc verirdi. Hanutdan pulumuzdan daha az alış-veriş etdik və cəld otağa qayıtdıq. Həmzə bizimlə gəlməmişdi. Qorxurduq ki, çantalarımızı yoxlamaq üçün otağımıza girər. Amma qayıdanda anladıq ki, başqa bir gözətçi ilə qardaşlardan birini pəncərədən boylanmaq bəhanəsi ilə otağımızın altında yerləşən iyirminci yataqxanadan bayıra çıxarıb, cəzalandırmaqla məşğuldurlar.

Mayor Mahmudi su əvəzinə şərab içənlərdən idi. Özünü dər-divara çırpır, nərə çəkir və bununla fəxr edirdi.

Mahmudinin səsgücləndiriciləri hər gün səhər mümkün olan ən yüksək səslə küçə mahnıları yayımlayırdı. Səs o qədər uca idi ki, beynimizə işləyir və hamımız yuxudan atılırdıq. Davamlı olaraq səsgücləndiricilərin sayı artırılırdı. Belə ki yalnız həyətdə yox, həm də bir neçə səsgücləndirici quraşdırmaqla müğənnilərin səsini yataqxanaların daxilinə də gətirdilər. Səs-küy hamının əsəblərini yerindən oynatmışdı. Hər neçə vaxtdan bir Mahmudi yeni geyim stilində və boğucu ətirlərlə bizim yanımıza gəlir, sual-cavab edirdi. Birtərəfli nitqlərinin və çirkin suallarının cavabsız qaldığını görəndə yol alıb gedirdi. Hətta qardaşların qəbul etmədiyi və “özünü satıb, olmazın söyüşünü neçə tikə artıq çörək bahasına qəbul edir” dedikləri Eydi də bəzən Mahmudun çirkin söyüşlərindən qıcıqlanır, dodaqlarını və bığlarını gəmirirdi. Kişi üçün namus və qeyrət nə qədər dəyərli sərmayədir ki, hətta vətənini və özünü satanlar da onun mənasını anlayırdılar. Hərçənd ki, əgər digər qardaşlarımız olsaydılar, bu sözləri eşitcək Mahmudini dilindən asardılar. Bir dəfə çox israr etdi ki, ondan bir şey istəyək. Dedi:

- Hansı müğənnini xoşlayırsınız? İranlı, iraqlı va xarici? Proqram verin.

Məcburən dilə gəldik və dedik:

- Bizim qardaşlarımız burada işgəncə və xəstəliyin təzyiqi altındadırlar. Aclıq, susuzluq və aludəliyə düçardırlar. Müğənnilərin səsi hamının əsəblərini korlayıb. Zəhmət olmasa, bu səsləri söndürün.

- Sizin qardaşlarınızdan xəbərinizmi var? – dedi. Bu qardaşların istəyidir. Hələ bəzi vaxtlar bu musiqilərlə rəqs də edirlər.

Dəfələrlə çadralarımızı tikmək üçün dərzixanaya getmək haqqında danışmışdıq. Amma hər dəfə söhbətdən yayınmış, dərzixanaya getməyə icazə verməmişdi. Amma bu dəfə dedi:

- Çadra üçün Bağdaddan icazəmiz olmalıdır. Qırmızı Xaç bu işi bizimlə razılaşdırmadan edib.

O, bizim etirazımıza cavab olaraq səsgücləndiricilərin sayını artırdı və daha da gücləndirdi ki, daha çox psixi və ruhi təzyiq altında qalaq. Əsir qardaşlar öz az maaşlarının bir hissəsini və eləcə də zabitlərin maaşlarının bir hissəsini ayrıca xərclər üçün xeyriyyə qutusuna toplayırdılar. Bu xərclər ehtiyaclıların, yaralıların, xəstələrin zəruri tələbatına və təəssüf ki, xainlərin siqaretinə şamil olurdu ki, iraqlılar onları tamahlandıra bilməsinlər.

Qardaşlar Eydinin bığına o qədər yağ sürtmüşdülər ki, onun vasitəsilə hər iki tələbimizi anlamışdılar. Onlar inqilabi bir təşəbbüslə səsgücləndiriciləri yerindən çıxartdılar. Amma bu addım o qədər tələsik atıldı ki, Mahmudi əsirlərdən intiqam almaq üçün hamını kötək və qamçı gücünə rəqs etməyə məcbur etdi və çox qorxulu fəza yaratdı. Bir müddət keçdi. Qardaşlardan biri səsgücləndiricilərin naqilinə arxası yumru iynə keçirtdi və bu, bütün səsgücləndiricilərin səsinin kəsilməsinə səbəb oldu. İraqlılar səsin kəsilməsinin səbəbini nə qədər axtradılarsa, tapa bilmədilər. Səsgücləndiriciləri tənzimləyir və məmurlara təhvil verirdilər. Amma bir neçə dəqiqədən sonra səs yenə kəsilirdi. Nə ağrı-acıya dözə bilən, nə də bir söz saxlaya bilən düşərgənin xəyanətkarları BƏƏSçilərə xəbərçiliklə yenidən düşərgəni qarışdırdılar. Səhər biz görməyək deyə Həmzə boş olan və bəzən hava almaq bəhanəsilə oraya getdiyimiz, həmin anda da təsadüfən orada olduğumuz yataqxananı qapısını bağladı. Amma bilmirdi ki, biz oranın rəngi qaçmış pəncərəsindən qardaşların yataqxanasını görürük.

Lənətə gəlmiş yoxlama fiti ölüm fititək ər-Rəşid zindanının dəmir qapılarının qıfıllarında fırlanan açar səsini xatırladır və ruhumuzu sarsıdırdı. Hər həftə üç dəfə bir saat sürən bu ölümcül tamaşa həftədə beç dəfəyə çevrildi.

Bu dəfə yaralı və əlil qardaşların da qoluna girib bayıra sürüyürdülər. Onların arasında bir neçə yaşlı və büli bükülmüş əsir də oturmuşdu. Mahmudi əli kabelli bir neçə əsgərin əhatəsində üzərinə “Səddama lənət olsun!” yazılan kağız parçasını uşaqlara göstərir, daim dilinin əzbəri olan söyüşlərlə deyirdi:

- Cənab prezidentin süfrəsinin başında oturursunuz, özünə də lənət göndərirsiniz? Siz ölməyə layiq deyildiniz ki, bizim əlimizə sağ keçmisiniz. Elə bir iş görməliyəm ki, hər an ölüm arzulayasınız. Müharibədə ölənlərin bəxti gətirib ki, ayaqları buraya dəyməyib.

Məlum idi ki, bu uydurma kağız parçası uşaqları incitmək üçün bir bəhanə idi. Bəzi yaralı və yaşlılar özlərini qamçılanmağa tam hazırlamışdılar. Anbarın yandırıcı havasında qalın papaq və paltar geyinmişdilər. Amma onlar kobudcasına papaq və paltarları əyinlərindən çıxartdılar. Əsgərlərin sayı hər an artırdı. Mahmudi ayaqqabısını qardaşların ağzına sıxırdı ki, onu dişləri ilə saxlamağa məcbur olsunlar, hətta səsləri də çıxmasın. Kimsə qamçılanarkən çığırsaydı, ayaqqabı ağzından düşür və zərbələrin şiddəti artırdı. Bilmirəm Mahmudinin ürəyinin yerində döyünən nə idi. Qardaşlar bədənləri yaralı olsa da sinələrini qabağa verərək səbirlə Xəmisin qamçılarının enməsini və Mahmudinin rüsvay olmasını gözləyirdilər. Xəmisin əli yuxarı qalxanda bizim ürəyimiz ağzımızdan çıxırdı. Vücudumuzun hər zərrəsi parçalanmağa doğru gedirdi. Əsgərlər var gücləri ilə qamçı vururdular. Belə ki saçları gözlərinin üstünə düşür, köynəkləri şalvarlarından çıxır və üz-gözlərindən tərx axırdı.

Allahı aləmin müqəddəslərinə and verirdik ki, odu İbrhaim peyğəmbər üçün soyutduğu kimi bu zərbələrin də şiddətini azaltsın və ağrını onlardan uzaq etsin.

Yaralı qardaşların fəryadı, Mahmudinin qəhqəhəsi, gözətçilərin söyüşləri, daim Mahmudini müşayiət edən və uşaqların arasında fırlanan vəhşi itin hürməsi qulaqlarımızda elə səslənirdi ki, bütün əsəsblərimizi və cismani vəziyyətimizi pozurdu. Ani bir dəliliyə tutulmuşduq. Qəfil, qapıya getdim ki, qaçım, çığırım və özümü yaralıların əzablı bədənlərinin, vüqarlı simalarının, atama bənzəyən yaşlı kişilərin önünə atım. Bəlkə beləcə əsirlərin ağrısı ilə bədəni arasına girə bilim. Bəlkə gözətçilər mənim orada olmamdan utansınlar. Amma Fatimə arxamca qaçdı və birini özünə gətirmək istəyən adam kimi çiyinlərimi silkədi. O, həmişə səbirli olduğu və əsəbiləşmədiyi halda bu dəfə əsəbiləşərək dedi:

- Neynirsən? Ya baxmağa taqətin olsun, ya da baxmamağa döz. Ümumiyyətlə siz nə üçün yoxlama fiti çalınan kimi bu yataqxanaya atılırsınız ki, bu nəfəslikdən bayıra baxasınız? Bu cinayətləri görmək sizə nə kömək edir?

- Özün niyə baxırsan?

- Sizin tək qalmanızı istəmirəm.

- Nə qədər çox baxsaq, onları daha yaxşı tanıyırıq. Kimlərin əlinə düşdüyümüzü daha yaxşı anlayırıq.

- Onların əleyhinə İrana və Qırmızı Xaça şikayət edə bilərik.

- Siz Allaha şikayət edin.

Hamımızdan söz aldı ki, bir daha bu yataqxanaya gəlməyək və bu qədər maraq göstərməyək.

Fatiməni bacım Fatimə kimi sevirdim. O da məni bacısı Məsumə kimi sevirdi. Məndən böyük olduğu üçün ona çox hörmət edirdim. Özü odda yanan, amma balalarının yanmasından qorxan ana kimi hər üçümüzü qucaqladı. Bütün üzü yaş idi. Üzünə əl çəkdim. Vəziyyəti dəyişmək və məni güldürmək üçün dedi:

- Unutma, əgər baldızının sözünə baxmasan, gəlinlik eləsən, Əlirzadan əlini üz. Söz verdim. Amma yoxlama fitinin səsinə o qədər həssas olmuşdum ki, əlimdə deyildi. O fit və ya fəryad səsini eşidən kimi pəncərənin qabağına qaçırdım.

Aşura gecəsi idi. Beynimdən nənənin hüseyniyyəsinin məhərrəm ongünlüyünün, Seyyidüş-şühəda saqqası rövzəsinin, Əliəsğər beşiyinin və Qasim hicləsinin xatirəsi keçdi. Digər tərəfdən, aşkara gördüklərim mənə məsuliyyət gətirirdi.

Rəmadi şəhərində idik. Kərbəlaya və Neynəva çölünə çox yaxın idik. Biz Fərat suyu içirdik. O Fərat ki, bizim üçün sadəcə bir çay yox, həm də bizə yeni həyat bəxş edən, tariximizi formalaşdıran qan coşqusunun daimi cərəyanıdır.

Şami-qəriban idi. İmam Hüseynin başının və əsirlər karvanının Şama doğru yollandığı gecə. Öncədən hazırlanmadan və ya BƏƏSçilərlə toqquşmağa hazırlaşmadan həmişəki kimi namazdan sonra vəhdət duası, İmam Zamanın (ə) fərəc duası və “Əmmən yucibu” oxuduq. Amma qəhərimiz dinmirdi. Həmişəki proqramımızı bitirmək istəmirdik.

Şam yeməyi də ağızın bir guşəsinə düşmüş, intizar çəkirdi. Hər birimiz əhvalına uyğun olaraq yanıqlı mərsiyə oxuyur, başımıza və sinəmizə vururduq. Kərbəla Şami-qəribanından və Şamdan keçdik, Rəmadiyə, Ənbər düşərgəsinə və kişilərin işgəncələrinə çatdıq. İstəyirdik Allahı şahid tutaq və Ona şikayət edək. Allahın ətəyindən möhkəm tutmuşduq. Ondan soruşurduq:

İlahi, Sən də görürsən ki, Kərbəla nə qədər böyüyüb, Neynəva çölü bizim yanımıza gəlib və biz neynəvalı olmuşuq!

İlahi, Sən də gördün ki, uşaqlar Əbəlfəzl kimi əlsiz qətligaha gəlmişdilər!

İlahi, Sən də gördün ki, düşmənin cəhalət və nadanlıq ülgücü onların boynunu necə kəsirdi!

İlhai, Sən də gördün ki, artıq Sənin Hüseynin yalqız deyil və fədailəri yetmiş iki nəfər deyil!

İlahi, Sən də gördün ki, Hüseynin yolu və Hüseynin zülmə qarşı savaşı yarı yolda buraxılmayıb, Hüseyn əbədiləşib!

İlahi, sən də gördün ki, əsirlər “Mənə yardım edəcək biri varmı?” sualına “Bəli, ya Hüseyn” – dedilər!

İlahi, Sən də gördün ki, Hüseyn aşiqləri Sənin Hüseynini xarici sananların gözünün içinə dik baxaraq üzü qibləyə namaz qıldılar!

İlahi, Sən də gördün ki, Hüseyn aşiqləri Hüseynin qanını almaq üçün bir dəfə yox, əksinə hər gün yüz dəfələrlə şəhid olur və yenidən ayağa qalxırlar ki, bir daha şəhid olsunlar!

İlahi, Sən də gördün ki, dünyaya kölə və zəlil olanlar, ölümdən qorxanlar Hüseyni özləri üçün müsadirə edirlər!

Nə yaxşı ki, bizim Zeynəbimiz var və onun fəryadlarının davamı olaraq fəryad çəkə bilirik. Nə yaxşı ki, Hüseynimiz var və onun qanının əbədiləşməsi və yenilənməsi üçün qan veririk. Nə yaxşı ki, Əbəlfəzlimiz var və nə yaxşı ki, onlardan intiqamımızı alan, onları rüsvay edən Allahımız var. İlahi, Sən bilirsən ki, bütün bunlar Sənin eşqinlə, ismarıcın olan Hüseyn və Əhli-beytin eşqi ilə buraya qədər gəlmişlər.

Boğazlarımızı sıxıb saxlayan udduğumuz fəryad və qəhərlər qeyri-ixtiyari bu duaya çevrildi:
Ya Mehdi, ya Mehdi, səni anana and veririk,

Bu gecə bizim qələbəmizi imzala!


Get-gedə dua yüksəldi və daha da yüksəldi. Nəfəs və hülqumumuzun gücü yetdiyi qədər həzrəti öz dairəmizə dəvət edirdik. Artıq azadlıq, Qırmızı Xaç, ailə və başqa heç bir şey haqqında düşünmürdük. Gözətçi qüllələrinin projektorları bütün otağı gündüz kimi aydınlatmışdı. Duaların arasında Həmzə bir neçə gözətçi ilə birlikdə otağa daxil oldu. Nərə çəkdilər, kabellə bədənimizə yox, dər-divara çırpdılar ki, bəlkə qorxu yaratsınlar. Fəryad çəkirdilər:

Susun, məcuslar! Bu gecə hamınızı güllələyəcəyik.

Bütün düşərgə, xüsusilə otağımızın altındakı 20-ci yataqxana onların kabellə bizim üstümüzə düşdüklərini təsəvvür edib, bir ağızdan oxudular:

ya Mehdi, ya Mehdi, səni anana and veririk,

Bu gecə bizim qələbəmizi imzala.

Qardaşlar pəncərələrin şüşələrini sındırdılar. Pəncərə şüşələrinin sınma səsini eşidən kimi iğtişaş polisləri düşərgəyə daxil oldular. Havaya atılan güllə və Allahu Əkbər səsləri bütün düşərgəni silkələyirdi. Onlar qapını bağladılar və getdilər. Biz qardaşlar üçün nigaran idik və güllə səsi eşidəndə qapıya bərk vurur və Allahu Əkbər deyirdik. Heç vaxt pis rəftar görmədiyimiz, din və dindarlığa da çox aidiyyəti olmayan və daim öz jestində olan düşərgə komandiri Naci, bir neçə əsgər və həmişə dilinin kəsildiyini, dodaqlarının tikildiyini düşündüyümüz Casim Təmimi ilə birlikdə qəfil otağa daxil oldu. Naci dedi:

Nə üçün fəryad çəkdiniz? Nə üçün düşərgənin nizam-intizamını pozdunuz? Bu dad-fəryadlar nədir? Sabah sizi İSTİXBARATa təhvil verəcəyik. Şübhəsiz, düşərgəyə qayıtmayacaqsınız.

Tərcümə edən Casim Təmimi daha çox qorxmuşdu. Yeni açılmış dodaqları titrəyir, dili topuq vururdu. Kabelini hərəkət etdirmədən saxlaya bilməyən Xəmis cin vurmuş adamlar kimi öz ətrafına fırlanır, kabeli dər-divara vurur və əmrin icrasını gözləyirdi. Naci onu acıladı və hamısı otağı tərk etdilər. O gecə bəxtimiz gətirdi ki, Mahmudi məzuniyyətdə idi və onun nəhs kölgəsinin yoxluğunda düşərgə nəfəs alırdı.1

Əmin idik ki, sabah İSTİXBARATa gedəcəyik. Amma haradan baş çıxaracağımızı bilmirdik. Nigaran olduğumuz yeganə şey qara brezent parça idi. Onu tikə və özümüzlə apara bilməyəcəkdik. Onu divar, pəncərə kənarının itiliyi və ya dişimizlə bir neçə parçaya bölmək və tikmədən başımıza atmaq istəyirdik. Amma parça o qədər qalın idi ki, heç bir diş onu parçalaya bilmirdi. Səhər tezdən Mahmudi Yasin, Şakir, Əbdürrəhman və Xəmislə birlikdə düşərgəyə daxil oldu. Kabellərini yağlamış, dişlərini itiləmişdilər. Çox keçmədi ki, qardaşların nalə-fəryad səsləri bütün düşərgəni bürüdü. Mahmudi iğtişaş polisləri ilə otağımıza girdi. Mahmudi və gözətçilərin üzündən bəlli idi ki, kabellərlə qardaşların bədənlərində bacardıqları qədər güclərini sınamış, güclərini nümayiş etdirmişlər. Çünki üzləri hələ də qızarmış, üz-gözlərindən tər axır və köynəkləri şalvarlarından çıxmışdı. Mayor Mahmudinin adı bir dəfə ölmək üçün kifayət idi, ondan qala, yanına gəlsin. Gülərək və kinayə ilə dedi:

Eşitmişəm ki, dünən gecə düşərgədə müğənnilik edib, Xomeynini xatırlamısınız. Əgər səsiniz bu qədər gözəldirsə, bizim üçün də oxuyun.

Dayanmadan danışır və cavab gözləyirdi.

Biz dünən gecə yalnız əzadarlıq etdik, - deyə cavab verdik. Sizin əsgərləriniz isə düşərgəni bir-birinə qatdılar.

Hüseyn ərəbdir və bizimdir. Onların savaşı ərəb savaşı olmuşdur. Sizə nə aidiyyəti var? – dedi.

Şəxsi çantalarımızı yoxlamağı əmr etdi. Məfatihül-cinanı özümüzdən heç vaxt ayırmırdıq və növbə ilə paltarlarımızın altında gizlədirdik. Amma qardaşların bizim üçün göndərdikləri südə, pendirə və konservlərə əl vurmamış, bölərək şəxsi çantalarımıza yerləşdirmişdik ki, vaxtında yavaş-yavaş istifadə edərik. Xoşbəxtlikdən Eydi onlarla birlikdə deyildi ki, bu qida maddələrini dükandan almadığımızı bilsin. Mahmudi və gözətçiləri çaşdıran qida maddələrinin bükülüb göndərildiyi paltar parçası idi. Birdən gözləri hədəqədən çıxdı və dedi:

Bunlar kimindir? Burada nə baş verir?

Bilmirik, biz bununla yeri silirik.

Haradan gətirmisiniz?

Burada, 24-cü yataqxanada yerə düşmüşdü.

Dərhal zindana atın.

Həmzənin sinəsinə vurdu və ərəb dilində söydü. Baş gözətçi olan Yasinə dedi:

Gözətçini dəyişin, kameralarının qarşısından tərpənməyin.

Çadra parçası da Bağdada getdi və biz şəxsi çantalarımızla onların arxasınca yola düşdük. Qardaşların pəncərəsinin qarşısından keçəndə əsgərlər bizi dövrəyə almışdılar. Mahmudi uca səslə söyür, nalayiq sözlər deyir və qəhqəhə çəkib gülürdü.

Bizi zabit və pilotlara aid olan birinci korpusa köçürtdülər. Həyətin hər iki tərəfində iki səkkiz metrlik otaq var idi. Sol tərəfdə yerləşən otaqlardan biri xüsusi hallarda əsirlərə ağır cəza vermək üçün birnəfərlik kamera kimi istifadə olunurdu. Bizi sağ tərəfdəki başqa kiçik bir otağa saldılar. Bu otaq düşərgənin giriş qapısına yaxın, mətbəxlə üz-üzə, kanalizasiya anbarına yaxın və qardaşların ümumi hamamı ilə divar-divara idi. Digər divarı düşərgənin həyətinə, üçüncü divarı isə birnəfərlik hamamların olduğu dəhlizə bitişik idi. Digər küncündə də bir qapı və pəncərə var idi. Qəfəs sözü o otağı vəsf etmək üçün ən yaxşı söz idi. Rütubətli, soyuq, qaranlıq, döşənəcəksiz bir qəfəs. Bu kiçik otaq əslində Şami-qəriban əzadarlığımızın cəzası idi. İSTİXBARAT təcridxanasına da bənzərsiz deyildi. O gün heç kimə və heç bir yataqxanaya nə yemək, nə də sidik və nəcis vedrələrini boşaltmağa icazə vermədilər.

Sabah səhər Xəmis bizim gözətçimiz oldu. Biz ona Xəbis adı vermişdik. Gözünü otağın pəncərəsindən çəkmirdi. Təzyiqi artırmaq üçün bir parça metalla qəfəsin pəncərəsini tamamilə qapadılar və bayıra baxan heç bir dəlik saxlamadılar. Gündüz pəncərənin kənarında dayananda iki küncdən bir neçə işıq zolağı görünürdü və oradan bayıra baxa bilirdik. Amma pəncərənin altı geniş olmadığı üçün söykənib uzun müddət bayıra baxmaq olmurdu. Pəncərə bir tərəfdən mətbəxə, digər tərəfdən isə zabitlərin birinci yataqxanasına baxırdı. Bəzən Məryəmdən xahiş edirdim, bir-birimizin ayağının altını tuturduq və həmin işıq gələn nöqtələrə söykənərək xəbər əldə edirdik. Bizim o korpusa gəlməyimizlə həyətin ortasında sürətlə bir tualet quyusu qazdılar. Ətrafını betonla qaldırdılar. Bizim get-gəlimiz, müştərək yollarımız və sərbəstlik saatlarımız gözətçilərin ciddi nəzarəti altında idi.

Şami-qəriban hadisəsi Mahmudi üçün yağlı və yumşaq tikə oldu. Onun başını əməlli-başlı qatmışdı. Allah onun günah yükünü çoxaltmaq istəmişdi. Hər gün səhər yaxşı və dindar uşaqları bizim otağımızın qapısının qarşısına toplayır, falaqqaya bağlayır və samanı az düşmüş kimi anqırır və söyüş yağdırırdı. Bizim eşitməyimizdən əmin olmaq üçün qəfəsin qapısını açır və iti otağımıza buraxırdı. Əmin idik ki, bütün müharibələr bir gün başlayıb, bir gün bitəcək. Bu günlər və anlar əbədi deyil və biz bu anlara qələbə çalacağıq. Uşaqları bizi söyməyə vadar edirdi. Onların boğazı şişir, amma bir söz demirdilər. Sanki dodaqları tikilmiş və dilləri sözə gəlmirdi. Qardaşların tapdanmış qürur və qeyrətini görəndə göz yaşlarımız soyuq qurğuşun dənələri kimi isti yanaqlarımıza yuvarlanırdı. Onları xaral kimi o tərəf bu tərəfə atırdılar. Mahmudi istehza ilə Aşura ziyarətnaməsindən cümlələr oxuyurdu. Yeni və iğtişaş güclərindən işgəncə üçün istifadə edir və davamlı deyirdi:

Peyğəmbər, əcəmin qanını ərəbə halal etmişdir. Mərəkədir, kim istəyir, gəlib savab qazansın.

Həyatımın ən ağır gecələrindən və günlərindən birini keçirirdim. Ürəyimdə deyirdim ki, ilahi, insan taqəti, ağrı-acıya dözümü hara qədərdir? Yəni elə bir gün gələcək ki, mən bu günü unudum? Unutqanlıq necə də böyük nemətdir. Nə yaxşı ki, daşın da üstündə yata bilirəm. Nə yaxşı ki, ağlamaqla sakitləşirəm. Nə yaxşı ki, insan doyur. Yoxsa, Mahmudinin doymaq bilməyən iştahası hamımızı udardı. Nə yaxşı ki, insan yorulur. Yoxsa, qardaşlarımız bir daha nəfəs almağa macal tapmazdılar. Nə yaxşı ki, bu dünyadan başqa bir dünya da var. Nə yaxşı ki, zülmkarları Cəhənnəmə aparacaq, onları yandıracaqsan. Nə yaxşı ki, Sənin vədinin haqq olduğuna əminik. Nə yaxşı ki, fərəc intizarındayıq. Nə yaxşı ki, əzablarımıza görə savab yazılır və bizə mükafat verilir. Bu əzabın mükafatı izzət və şərafətdir. Nə yaxşı ki, biz səbir edəndə Sən bizə salam göndərirsən. Nə yaxşı ki, insan tək deyil və tək olan yalnız Allahdır. Nə yaxşı ki, Allahın peyğəmbərləri və sevənləri də çoxlu əzab-əziyyət çəkmişlər. Nə yaxşı ki, Hüseyni də şəhid etmişlər, bizi də şəhid edirlər. Nə yaxşı ki, Zeynəb də əsir alınmışdır. Elə isə biz də onun kimi ola bilərik. Bütün bunlardan daha yaxşısı odur ki, həyat əbədi deyil və biz hamımız öləcəyik. Nə yaxşı ki, məhşərdə bizdən soruşulacaq ilk sual “bu dünyada nə qədər yaşadınız?” olacaq və hamımızın cavabı bir olacaq: “Bir göz qırpacaq qədər”.

Mahmudi qəribə mərəkə qaldırmışdı. Aclıq, susuzluq və qorxu yuxunu bizə haram etmişdi.

Səhəri gün Məryəmin belinə çıxdım ki, bayırdakı vəziyyətdən xəbərdar olum. Səhər yeməyi və çay almaq üçün cərgəyə düzülən bir qrupu gördüm. Öndəkilər şorba və çayı kötəklə alırdılar. Mahmudi qəhqəhə ilə deyirdi:

Yeyin, için, amma israf etməyin. Cənnət şərablarından için ki, məst olmayasınız.

Casim Təmimi həmişəki kimi şorba və çayı sakitcə gətirdi. Amma göz və qaşlarını yuxarı çəkərək işarə ilə bizə anladırdı ki, yeməyək. Hərçənd, bizim də yeməyə meylimiz yox idi. Cərgənin sonundakılar şorba və çayı könülsüz alır və gizlincə göz-qaşları ilə bir-birinə işarə edirdilər. Sonradan anladıq ki, Maşallah, mətbəxin işçisi sıranın sonundakılarına Mahmudinin səhər tezdən şorbanın içinə sabun tökdüyünü, çayın içinə isə sidiyə çıxdığını deyə bilmişdi.

Qəfəsimizin qapısı öncə yalnız sidik və nəcis qutularının boşaldılması üçün gün ərzində bir dəfə açılırdı. Amma sonralar gündə iki dəfə və hər dəfə qardaşların giriş-çıxış saatından bir saat fərqlə açılırdı.

İndi dörd adyal, dörd stəkan, bir yemək qabı, bir neçə dinar, dörd şəxsi çanta (kisə) və Xəmis adlı bir gözətçiyə sahib idik. Amma sonuncu haqqında Xəmisin bizə, yoxsa bizim Xəmisə malik olduğumuzu bilmirəm. Əlbəttə, hər iki halda ikrah doğrurdu. O, kinli və qəzəbli baxışları ilə gözünü otağımızdan çəkmirdi. Kölgə kimi arxamızca gəzirdi. Bəzən bizimlə çiyin-çiyinə gedirdi ki, bu hərəkəti ilə qardaşları daha çox əsəbiləşdirsin. Bizimlə bir addımlayan kimi yolumuzu qəfəsimizə doğru əyirdik. Qəfəsə düşüb qalan quş kimi idik. Qəfəsə düşən quş kimi davamlı olaraq özümüzü qəfəsin divarlarına çırpırdıq ki, bəlkə qəfəsə düşən digər quşlardan bir xəbər ala bilək. Amma heç bir dərmə-deşikdən xəbər çatmırdı. Ətrafımızdan xəbər almaq üçün hanutdan (dükan) alış-veriş etmək icazəsi istədik. Yalnız bir nəfərimizin hanuta getməsinə razılıq verdilər. Hamımız Fatimə üzərində razılaşdıq. Fatimə ilə zarafatlaşdıq və hər birimiz bir dünya alış sifarişi verdik. Xəmis və Yasin Fatiməni müşayiət edirdi. O, qayıdandan sonra dedi:


Yüklə 7,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə