Mən sağam məsumə Abadın qələmilə əsirlik dövrünün xatirələri Kitabın adı: Mən sağam



Yüklə 7,49 Mb.
səhifə20/23
tarix11.04.2018
ölçüsü7,49 Mb.
#37924
1   ...   15   16   17   18   19   20   21   22   23

Nəhayət tab gətirə bilmədim və bu mövzunu sakitcə, pıçıltı ilə Həliməyə dedim. O, dedi:

Bu məktublar müntəzəm və vaxtında çatdığı üçün əminəm ki, kimsə düşərgənin daxilindən Qırmızı Xaça verir və ya çantasına qoyur və sənə çatdırır.

Mən belə düşünmürəm, - dedim. Çünki bu yazıqlar hər gün ölümə bir nəfəs qalana qədər döyülürlər və Allahın möcüzəsi, analarının duası ilə sağ qalırlar. Amma bu məktubu yazan yaşamaq haqqında düşünür. Bundan başqa, burada kimsə bizi adla tanımır. Amma o, mənə adla müraciət edir.

İndi Həlimə sirrimi bildiyi üçün vicdan əzabım bir az azalmışdı. Demək, mən bir şey gizlətməmişdim. Hər şeyi zamana buraxdım.

Bu üç ildən çox müddətdə qardaşlarım nə qədər böyümüşdülər! Bəziləri yeni ailə qurmuş, bəziləri hətta övlad sahibi olmuşdular. Məktublarında mənim üçün arvad-uşaqlarının şəklini göndərirdilər. Mən ardarda bibi olurdum. Rəhim kiçik qızı Maidənin şəkillərini göndərirdi. Mənim şəklimi qucaqlamışdı. Salman ata olmuş və kiçik oğlunun adını Həmzə qoymuşdu. Rəhman da Nima adlı oğul sahibi olmuşdu. Bir neçə dəfə məktublarda onlardan nənənin şəklini göndərmələrini istəmişdim. Amma onlar istəyimin yanından etinasızca keçmişdilər.

Mən və Əhməd bir-birimizin ardınca gəlmişdik. Yaş fərqimiz iki ildən az idi. Anamın dediyinə görə hər ikimiz bir fəsildə dünyaya gəlmişdik. Mən xurma dərilən ayda, Əhməd isə xurma bişən ayda dünyaya gəlmişdi. Bəzən mən onunla futbol və ya maşın sürdü oynayırdıq. Bəzən o mənimlə evcik-evcik oynayırdı. Amma həmişə söz verirdik ki, oyun əsnasında cığallıq etməyək. Mən əsir düşəndə hələ Əhməd və Əlinin bığ-saqqalı çıxmamışdı. Amma indi göndərdikləri şəkillərdə görürdüm ki, bığ-saqqal onlara kişi görkəmi vermişdir. Özlüyümdə deyirdim: “Nə qədər böyüyüblər!” İnanılası deyildi. Onlar uşaqlıq küçələrimin oyun yoldaşları Əli və Əhməd idilər. Bir-birimizin əvəzinə ev tapşırıqlarımızı yazırdıq. Köynəklərimizi şərikli geyinirdik. Əhməd Ağanın qarışıq xəttinin həqiqətini soruşa biləcəyim yeganə şəxs idi. O xətt ki, atamın gözəl xəttinə əsla bənzəmirdi. Amma bu haqda mənə heç bir şey yazmırdı. Əhməddən aldığım məktub məni bir neçə saatlıq qəfəsdən uçurtdu və uşaqlığımı keçirdiyim evin dərmə-deşiklərinə apardı:

“Sinif yoldaşım, uşaqlığımın oyun yoldaşı! Salam, Məsumə. Sanki elə dünən idi. Birlikdə gizlənqaç oynayırdıq. Sən gözlərini yumur, mən isə qaçıb gizlənirdim. Sən həmişə çətin yerlərdə gizlənirdin. Amma sonda səni tapırdım. Heç inana bilmirəm ki, bir göz qırpımında harada gizləndin. Gözlərimizdən necə itdin, uzaqlaşdın və havaya qalxdın? Bacım, sən Allah, mən ölüm, haraya yoxa çıxdın? Axı, düşmən torpağı gizləniləcək yer deyil. Kaş ayaqlarımı səninlə dəyişə biləydim. Mən gələydim, sən qayıdaydın. Sən həmişə oyunu udardın. İndi də sən uddun. Çıx bayıra. Amma vədinə vəfa qıl. Qərarımız o idi ki, heç vaxt bir-birimizə yalan deməyək. Burada hamı sənin üçün nigarandır. Hamı səni soruşur. Əvvəldən, anbaan hər şeyi mənə danışmanı istəyirəm. Sən həmişə deyirsən ki, sənin fərağından başqa bir qüssəm yoxdur. Amma inanmıram. Bizə həqiqəti yaz. Yaz görüm, orada sizə işgəncə verirlər? Mən və bütün uşaqlar cəbhədəyik, döyüşürük və bilirik ki, əsirlik müharibənin bir hissəsidir”.1

Sözümə əməl etmək üçün Əhmədin məktubuna cavab olaraq yazdım:

“Yenə də deyirəm, mən yaxşıyam. Siz əzilərimin fərağından başqa qəmim yoxdu. Amma inan ki, mən uşaqlıq vədimə sadiqəm. Bizə burada fiziki işgəncə vermirlər. Sənə məsləhət üzündən belə yalan deməmək üçün bildirirəm ki, fəqət oktyabr ayının iyirmici günü saxta bir həkim tərəfindən yağlı bir şillə yedim. İndi üç il yarımdır ki, üzümə su vuranda onun əllərinin ağırlığını hiss edirəm”.

1983-cü il ilk il idi ki, Anbar yayını o quru, susuz, ot-alafslz, hətta içməli suyu maşınla gətirilən biyabanda keçirirdik. Əlbəttə, mənim qızmar cənub istisindən təcrübəm var idi. Amma Abadanın havası isti və rütubətli idi. Bir halda ki Anbar isti və quru idi. Yerin dar, pəncərənin qapalı olması və qəfəsin hava çəkməməsi istiyə dözməyi qeyri-mümkün edirdi. Bu ağır hava şəraitinə baxmayaraq, biz hələ də israrla çadra parçasını tələb edir və Bağdaddan müvafiq cavab gözləyirdik. Bizim çadra parçamız Mirzə Novruzun başmaqları kimi o tərəf, bu tərəfə göndərildi və heç kim onun taleyindən bir xəbər vermədi. Bir gün Casim yemək sinisini gətirəndə biz həmişəki kimi süfrəni (Lusina xanımın bizim üçün gətirdiyi paltarlardan birini) sərmişdik. Bir neçə qaşıqdan sonra böyük bir kəşf etdik. Pilot Məhəmməd Salavatinin söz verdiyi kimi düşərgənin aşpazı Maşallanın yardımı ilə plov qabının altına metal parçası və elektrik simi yerləşdirmişdilər. Sevinclə Hacının qapını bağlamasını və düşərgədən getməsini gözləyirdik ki, biz ləyən, element, yarı bişmiş və uydurma yeməklər bişirmə büsatını açaq. Bəzən element bir neçə saat suda qalır və buxar bütün qəfəsi doldururdu. Həmişə yalnız hamamla müştərək divar islaq olurdu, amma indi bütün divarlar yaş idi. Bəzən hətta tavandan damcı-damcı su axırdı. Çünki qardaşların yataqxanasından fərqli olaraq bizim qəfəsimiz qapalı idi.

Mordad (23 iyul – 22 avqust) ayının xurma bişən havasında idik və Qırmızı Xaç nümayəndələrinin gəlməsinə təqribən bir həftədən çox qalmamışdı. Ötən həftənin bir salxım üzümdən ibarət meyvə payını saxladıq. Onu nəm parçaya büküb, pəncərənin qabağına qoyduq. Bir saatdan bir parçanı isladırdıq. Gecələr istilik azalanda nəm parçanı açır, yumşalan və ya qopan üzüm dənələrini xarab olmasın deyə məcburən və narahatlıqla yeyirdik. Üzüm dənələri azaldıqca daha da narahat olurduq. Onlara o qədər yaxşı baxırdıq ki, hələ on iki üzüm giləsi salxıma möhkəm yapışmışdı. Üzüm dənələri nəm parçanın arxasından sanki bizə göz vururdu. Belə ki bəzən həvəslənib, işini bitirmək istəyirdik. Amma Qırmızı Xaçdan gələcək qonaqları qəbul etmək üçün özümüzü saxlayırdıq.

Vaxtımızın çoxunu Məfatihin dualarını nazik siqaret kağızlarının üstünə yazmaqla keçirirdik. Mən yazırdım, Fatimə səhifələyirdi. Həlimə tənzimləyir, məryəm qatlayırdı. Təqribən Məfatihi yazmaq işini tamamlamışdıq. Hər birimizin əlində bir neçə vərəq yazılmış dua var idi ki, hava almağa çıxanda onları qardaşların yoluna ataq. Onlar da yemək alarkən diqqətlə çənələrini sinələrinə yapışdırırdılar ki, yerdə və ya müştərək yollarda tütün kağızlarının parçalarını tapsınlar. Hamımız Məfatih duasını yazmaqla məşğul idik ki, qardaşların hava alma vaxtının bitdiyini bildirən fit səsini eşitdik. Hələ qapının açılmasına bir az qalırdı ki, Həmzə və Əbdürrəhman səssiz-səmirsiz qəfəsə soxuldular. Qəfil yaxalanmışdıq. Mən hətta vəziyyətimi dəyişməyə macal tapa bilmədim. O şəraitdə görə biləcəyimiz ən yaxşı iş bu idi ki, kiçik siqaret kağızlarının üzərinə yazdığım halda gümüş kağızla dolu olan iki ovucumla səcdəyə gedim. Ətrafım səhifələnməyi və ardıcıl düzülməyi gözləyən gümüş kağızlarla dolu idi. Başımı səcdədən qaldırmağa qorxurdum. Həmzə çəkməsinin ucu ilə başıma çırpır və deyirdi:

Haydı, başını qaldır.

Bütün bacılar birlikdə fəryad çəkdilər:

Namaz! Namaz!

Axı, qiblə bu tərəfə deyil, - Həmzə dedi.

Onda anladım ki, qiblə əks istiqamətdədir. Amma o yanlış qibləyə doğru səcdədə qalmaqdan başqa bir yolum yox idi. Məryəm də Məfatihin üstündə oturmuşdu.

Onlar həmişəki kimi şəxsi kisələrimizin içindəkiləri yerə səpələdilər. Məktublarımızı tapdadılar. Amma bunlar yalnız məktub və kağız deyildi. Onlar əslində məktubun hər sətrində gizli olan hissləri, duyğuları tapdayırdılar. Heç birimiz yerimizdən tərpənə bilmirdik. Çünki hər birimizin əlində kağız, karandaş və ya Məfatih var idi. İndi onlara görə üç qadağan olunmuş əşyamız var idi: qələm, Məfatih və element. Bunların üçündən birinin tapılması bizim üçün ağır cəza ola bilərdi. Xüsusilə ona görə ki, şiddətli nəzarət altında, qardaşlarla heç bir müştərək fəzamız olmadığı halda qələm və element əldə edə bilmiş və bütün düşərgəni Məfatih kitabı ilə təmin edə bilmişdik.1 Bu, BƏƏSçilər üçün böyük bir etiraz idi. Son anda dayanıb, ətraflarına baxdılar. Bir şey tapa bilmədikləri üçün üzüm salxımlarına əl atdılar. Hansı ki bir həftədən bəri qonaq gözləyərək onları qoruyub-saxlayırdıq. Üzüm gilələri Əbdürrəhmanın çəkmələri altında əzildi.

İki-üç gün sonra Qırmızı Xaç nümayəndələrinin gəlişi ilə düşərgənin ab-havası dəyişdi və başqa bir yerə çevrildi. Qırmızı Xaçın üç nəfərlik heyəti əsir qardaşlardan biri ilə qəfəsimizə daxil oldu. Hər iki-üç aydan bir bu qardaşlardan birini görmək bizə ümid və qəlbimizə güc verirdi. Xüsusilə, hər dəfə qorxunc BƏƏS zindanlarının bir qabı sınır, Səddamın rüsvayçılıqlarına başqa bir rüsvayçılıq əlavə olunurdu. Pilot qardaş Dehxarqani ər-Rəşid zindanının başqa bir itkini idi ki, Qırmızı Xaçın siyahısına düşə və düşərgəyə gələ bilmişdi. Bu dəfə Dehxarqani Qırmızı Xaç nümayəndələri ilə birlikdə qəfəsimizə daxil oldu. Biz və Lusina bir-birimizi görüb, həyəcanlandıq və sevincək qucaqlaşıb öpüşdük. Sanki uzun illərdir bir-birimizi tanıyırıq. Bu qədər qarşılıqlı rəğbət Humanın diqqətini çəkmişdi. Maraqlı burasıdır ki, Lusina oturan kimi başını “Haradadır? – deyə tərpətdi və fars dilində dedi: “Çadra, çadra?”

Dehxarqani2 qardaş macəra dolu çadra hekayəsini bir-bir anlatdı və sonda dedi:

İndi də çadra Bağdada gedib və Bağdadın göstərişini gözləyir.

Lusina dedi:

Çadra bu qadınların geyimlərinin bir hissəsidir. O paltarda daha çox təhlükəsizlik və və aramlıq hiss etdiklərini, deyirlər.

Mahmudiyə nə qədər izah etsək də o, çadranın yasaq əşyalar qisminə daxil olduğunu bildirdi, - dedik.

Onlar bir neçə dəqiqə məsləhətləşdilər və bu, Dehxarqani qardaş üçün bizimlə bir neçə kəlmə kəsməyə yaxşı fürsət idi. Soruşdu:

Biz onları təhdid edə bilərik ki, sizin üçün çadra gətirsinlər.

Bunu Qırmızı Xaç nümayəndələri üçün tərcümə etdi və bildirdi ki, əgər bu tələb həyata keçməsə hər üç korpus aclıq elan edəcək və yenidən düşərgə qarışacaq.

Human dedi:

Şəxsi bir tələb ümumi etiraz və üsyana çevrilməməlidir.

Onlar Dehxarqani qardaşın təhdidindən çox nigaran oldular. Lusina dayanmadan söz verirdi ki, düşərgədə qaldığı bir neçə gün ərzində çadra tədarük görəcək. Onları tər basmışdı. Söhbət edə-edə əlləri və kağızlarla özlərini yelpikləyirdilər. Onları müşayiət edən üçüncü şəxs dinib-danışmır və heç bir münasibət bildirmirdi. Yalnız mat-mat ətrafına baxırdı. Keçən gecə yemək bişirdiyimiz üçün hələ də divarların buxarı qurumamışdı. O, bəzən adyallara əl çəkir, rütubətini hiss edir və dərdimizə şərik çıxmaq əlaməti olaraq təbəssüm edirdi. Xanım Lusina və cənab Human qəfəsin vəziyyətinə təəssüflənir və narahat oldular. Yuxarı otaqdan bu qəfəsə köçürülməyimizin səbəbini soruşdular. Dehxarqani qardaş bizim dediyimizdən daha çox hərarət və yanğı ilə onlara izah etdi. O davamlı deyirdi:

Bacılar yalnız namaz və dua oxudular.

Bunlar dua və namaza qarşıdırlar və duanı siyasi-hərbi bir əməl hesab edirlər. Dua və namaz üçün bizim əlimizdən bir iş gəlmir.

Pəncərəni nə üçün metalla örtüblər? - deyə Lusina soruşdu.

Onların başqa əsirlərlə əlaqələrini tam kəsmək üçün, - deyə Human cavab verdi.

Dehxarqani qardaş cənab Humandan tələb etdi ki, Anbar vilayətinin isti və quru ab-havasını nəzərə alaraq bir problemin həllinə çalışsın. O, qəbul etdi və söz verdi ki, növbəti görüşə qədər otağımızın pəncərəsi açılacaq. Məktublarımızı verdilər. Ailə və qohumlardan üç məktub aldım. Məktublarımın içində bir dənə də anonim məktub var idi. Mən qorxumdan bütün məktubları qapdım. Qırmızı Xaç nümayəndələri xudahafizləşərkən paltarları tam islaq idi. Bir-birlərinə gülür və deyirdilər:

Bura hamam kimi buxardır.

Sağollaşıb getdilər.

İnanmırdıq ki, çadra tələbi və Lusinanın sözü bu qədər tez həyata keçsin. Növbəti gün səhər Qırmızı Xaç nümayəndələri hələ düşərgədə ikən hamı məktublarını oxumaqla, məktubların sətirləri, sözləri ilə sevişməklə məşğul idi ki, Lusina tərcüməçisiz gözətçi Hacı ilə gəldi və bizim üçün başqa bir çadralıq parça gətirdi. Öncəki parçadan yüngül olsa da yenə çadra parçası deyildi. Ona çox təşəkkür edəndən sonra Hacı ilə birlikdə parçaları da götürüb dərzixanaya getdik. Gözətçi Hacı günbatana yaxın dörd ədəd tikilmiş çadranı bizə təhvil verdi.

Sabah səhər Hacı qapını açanda dərhal qara çadralarla yeganə var-gəl yerimiz olan qəfəs və kanalizasiya arasındakı məsafədə fəxrlə gəzişməyə başladıq. Qırmızı Xaç heyəti hələ düşərgədə idi və uşaqlar həmişə onların başına toplaşırdılar. Bu dəfə isə hamı yataqxanaların pəncərələrinin arxasından bizə tamaşaya dayanmış, fatehcəsinə və təbəssümlə bizi təbrik edirdilər. Digər qardaşlar da hərəsi bir yerdən - biri mətbəxdən, biri klinikadan, biri öz yataqxanasından özünü bizə çatdırır və təbəssümlə öz razılığını ifadə edirdi. Qardaşlardan biri gözdən əlil bir qardaşın əlindən tutmuş, klinikaya doğru gedirdilər. Amma addımlarının sürətini elə tənzimləyirdilər ki, bizimlə yol yoldaşı olsunlar. Eynilə qarışqalar kimi idik. Qarışqalar bir-birlərinə çatanda buynuzcuqlarını bir-birinə toxundururlar ki, özününküləri yadlardan ayırsınlar. Bizə yaxınlaşanda o qardaş gözü görməyən qardaşa bizə yaxınlaşdığını anlatdı. Gözü görməyən qardaş dedi:

Bu gün bizim gözümüzü aydın, qəlbimizi şad etdiniz.

O isti havada bu səhnə o qədər həyəcanverici idi ki, Qırmızı xaç heyətini də tamaşaçılara qoşmuşdu. Lusinanın təbəssümü də qürur və razılıq ifadə edirdi. Əksər iraqlı qadınlar başlarına əba atsalar da bu hicab növü ilə tanış idilər. Amma gözətçilər künc-bucaqdan qeyz və qəzəblə, bəzən istehza ilə acı-acı gülərək tamaşa edirdilər. Onların qəzəbli baxışları yeni bir hekayənin başlamasından xəbər verirdi ki, özümüzü ona hazırlamalı idik.

Qırmızı Aypara gedəndən sonra gözətçinin qapını açmalı olduğu saatda təəssüf ki qapı açılmadı. Amma pəncərənin arxasında çox səs-küy var idi. Öncə düşündük ki, yəqin, Humanın vədinə uyğun olaraq metal örtüyü pəncərədən götürürlər. Amma pəncərə dəyişmirdi. Hacıya hava alma vaxtı olduğunu anlatmaq üçün qapını döyürdük. Amma deyəsən o kar idi. Anladıq ki, bizim çadra geyinməyimizin, qardaşların gülüş və razılığının intiqamını almaq üçün yeni bir dava-dalaş salmışlar.

İçəridə qaldığımız bütün on altı saat müddətdə ilan kimi qıvrılırdıq. Nə qədər qulaq falına çıxsaq da səsləri tanış olmayan adamların qəribə səslərini duyurduq. Hay-küyün arasından bəzən qapıya və pəncərəyə dəyən qamışların xış-xış səsini eşidirdik. Bu səsin nə səsi olması və nə baş verməsi vahiməsi altında elementlə bir az şirini bişirmək istəyirdik ki, birdən onun simi suya toxundu, qısaqapanma yarandı, taxıc yuvası qorxunc səslə yandı və element xarab oldu. Çox təəssüfləndik. O element qışda bizim çox işimizə yarıya bilərdi. Onunla su qızdıra və adətən arasında qırx-əlli gün fasilə düşən hamam ehtiyacından xilas ola bilərdik. Ən azı hər zaman bir ləyən isti suyumuz ola bilərdi. Hələ də pəncərələrin aydınlanmasını və qəfəsə daha çox hava daxil olmasını gözləyirdik. Amma qəfəsə hər an daha da qaranlıq çökür və boğucu olurdu. Həmişəki kimi Məryəmin belinə çıxdım. Pəncərənin yuxarısından bir mərci qədər dəlikdən bayıra baxdım. O dəlikdən yalnız mətbəx və zabitlərin yataqxanasının küncü görünürdü. Qəfəsimizin ətrafında ondan başqa heç bir görüntü yox idi. Qapının və pəncərənin arxasından qarışıq və anlaşılmaz səs gəlirdi. Ağacların, qamışların bir-birinə toxunma səsi əsəblərimizi gərginləşdirmişdi. Günortaya yaxın mayor Mahmudi ilə Sübhinin səsi eşidildi. Onlar hirslə deyirdilər:

Nəfəs almaları üçün bu qədər kifayətdir.

Mahmudinin səsini eşidib təəccüblə bir-birimizə baxdıq. Deyəsən, qara çadralarımız Mahmudini yenidən düşərgəyə çəkmişdir. İndi o gəlmişdi ki, qəfəsi daha da qaranlıq etməklə bizdən intiqam alsın və hətta nəfəs çəkmə yolumuzu da bağlasın. Nahar saatı da keçmişdi. Onlar dayanmadan işləyirdilər və samanı çatmayan ulağ kimi anıqırırdılar. Siqareti başqa bir siqaretlə yandırırdılar. Siqaret tüstüsünün iyi qəfəsin havasını daha da boğucu etmişdi. Dayanmadan öskürərək zərrə qədər yeni hava almaq üçün çabalayırdıq. Bayırdan bir neçə iraqlının səsi eşidilirdi. Təqribən on nəfərdən çox olardılar. Amma heç biri bizim tələb və fəryadlarımıza cavab vermirdilər.

Nəhayət axşamçağı oldu. Yavaş-yavaş səs-küylər, zümzümələr və get-gəllər bitdi. Hacı peyda oldu. Qapı açılanda qarşımızdakını görüb heyrətləndik. Qəfəsimizin dörd bir yanı qamış yığını ilə hasarlanmış, ətrafımıza pəyə çəkilmişdi. Hasarı elə çəkmişdilər ki, nə biz bir şey görə bilirdik, nə də kimsə bizim qəfəsimizi görə bilirdi. Artıq düşərgənin giriş qapısı da görünmürdü. Necə də rəhimsiz dünya idi. Atamı xatırladım. O, havalar qızınca hətta toyuq-cücənin hinini də dəyişirdi ki, istidən əziyyət çəkməsinlər. Amma bunlar bizi istidə diri-diri yandırmaq istəyirdilər. Əmin idik ki, qardaşlara qürur verən və həyəcanlandıran, Qırmızı Xaçı heyrətə salan dünənki qara çadra manevrimiz mayor Sübhinin işini bitirmiş, ona və qulbeçələrinə böyük psixi basqın etmişdi. Bu bizim üçün kifayət idi. Heç bir etiraz və reaksiya göstərmədən gündəlik işlərimizi görürdük.

O pəyəni düzəltdikdən sonra təzyiq və məhdudiyyətlər daha da çoxaldı. Biz, BƏƏS rejiminin qanunsuzluğuna və müharibə əsirləri ilə bağlı Cenevrə beynəlxalq qanunlarının zəifliyinə əmin olmuşduq. Ora qanunsuz şəhər idi. Özlüyümdə deyirdim ki, kaş, döyüşmək və adamyeyənliyin də bir qanunu olaydı. Human söz vermişdi ki, metal layını pəncərənin arxasından götürəcəklər. İndi isə əksinə olmuşdu. Bizim baxış üfüqümüz də qapadılmışdı. Az qalmışdı ki, bir şey görməyək deyə barmaqlarını gözümüzə soxsunlar. Sevinirdik ki, onların qəzəb və əsəbilik dərəcəsini bizim çadramızın rəngi təyin edir. Bəzən bizə hava alma saatından xaric öncəki yolumuzda bir neçə addım gəzişməyə icazə verilirdi. Narahat idik və düşünürdük ki, bu pəyə ilə qəfəsin havası daha da dözülməz olacaq. Amma əsas narahatçılığımız qardaşların korpusundan gələn şeyləri mübadilə etməyin qeyri-mümkün olması idi.

1983-cü ilin sentyabr ayının 5-i gəncliyimin iyirmi birinci baharını, əsirliyimizin isə dördüncü payızını geridə qoyurdum. İyirmi bir yaşım olduğuna inana bilmirdim. Həmişə aylar öncədən bütün gücümüzü toplayıb bir-birimizin doğum gününü gözəl keçirməyə hazırlaşardıq. Hələ də doğum günü bizim üçün önəmli və əzəmətli idi. Fatimə doğum günüm münasibətilə “Allahu Əkbər” yazılmış bir tablo, Həlimə iki nəstərən şaxəsi, Məryəm isə bir naxış işlənmiş səccadə hədiyyə vermişdi ki, biri-birindən daha gözəl idi. O gecə su vedrəsini qəfəsə gətirməyə getmişdim. Dəhlizin sonunda bir kibrit qutusu diqqətimi çəkdi. Hacının gözünü oğurlayıb dərhal onu götürdüm. Bir vedrə su və bir kibrit qutusu ilə kameraya qayıtdım. Kibrit qutusunu açdım. İçində ellipsşəkilli bir daş var idi və daşın üzərinə gözəl xətlə “Mehdi” sözü həkk olunmuşdu. Hamımız o daş parçasını görüb heyrətləndik və sevindik. Bu daş parçası bizim üçün çox dəyərli idi. Çünki qardaşların günlərlə, saatlarla divarın kölgəsində daldalanıb bu daş parçalarını yerə sürtməsini, istədikləri şəklə saldıqlarını, böyük çətinliklə imamların və ya əzizlərinin adını məharətlə üzərinə yonuduqlarını bilirdik. Hər birimiz növbə ilə o daşa əl çəkir və tamaşa edirdik. Hər üçünə israr etdim ki, sizin olsun, amma qəbul etmədilər və hamısı dedilər: "Bu sənin qismət və hədiyyəndir. Allahdan başqa kim bilirdi ki, sənin doğum günündür. Bundan artıq təklif etmə ki, düşər-düşməzi olar."

O günün səhəri Həlimə yavaşca qulağıma pıçıldadı ki, yanılmıramsa, bu, o anonimin hədiyyəsidir. Axı biz min gündən artıq idi ki, İraqda idik. Kim bilirdi ki, dünən nə günü idi?

Mən bütün bunlara fikir verməyərək dəyərli hədiyyəni məktublarımın çantasına qoydum. Fəslin dəyişməsi və havaların soyuması oynaq və sümük ağrılarını da yoluxucu və öldürücü bir xəstəlik kimi bizim bütün dərdlərimizə əlavə etdi. Bu dinməyən ağrılar əl-ayağımızı şişirtmiş, yuxumuza haram qatmış, aclığı və susuzluğu unutmağımıza səbəb olmuşdu.

İndi anlayırdıq ki, bu viranələrin bir küncündə sonsuz əsirlik əzabı ilə səssiz-səmirsiz, dərmansız və müalicəsiz yaralara dözən yaralılar neçə qat ağrı çəkirlər. Heç birinin vəziyyəti digərindən yaxşı deyildi. Ağrılı və şişmiş əllərimizlə bir-birimizin bədənini ovxalayırdıq ki, özümüzün daha az ağrıdığımızı və əllərimizin hələ başqasının ağrısını almağa gücü yetdiyini göstərək. Həlimənin çox zərif və lətif bədəni var idi. Hətta rəhimsiz ağrı ona hücum çəkəndə də səbirlə səsini boğazında qısırdı. Hövsələsi daralanda məndən nənənin risaləsindən bir cümlə deməyimi istəyirdi. Mən də ona deyirdim ki, nənə həmişə deyərdi: “Əgər bir gün oyanıb heç bir yerinin ağrımadığını görsən, bil ki ölmüsən. Ağrı sağ adam üçündür. İnsan ağrı ilə dünyaya gəlir”.

Bu sözlərlə özümüzə təsəlli verməyə çalışırdıq ki, ağrılarımızı bir az ovunduraq. Bir neçə gün idi ki, ağrı və zəiflik səbəbilə bayıra yalnız ehtiyac olduğu qədər çıxırdıq. Bütün korpuslar bizim vəziyyətimizi tam dəqiqliyi ilə nəzarətdə saxlayırdılar. Dəfələrlə dəhlizdə cəbhə və müharibə xəbərləri ilə yanaşı sağlamlıq durumumuzu da soruşmuşdular. Hətta gözətçi Hacı da anlamışdı ki, halımız yaxşı deyil. Bir neçə dəfə Hacıdan düşərgənin komandiri Sübhi ilə görüş tələb etdik ki, bəlkə doktorla görüşə və dərman ala bilək. Nəhayət çox isrardan sonra soyuq bir payız günündə səma narın yağışla soyuğa və qışa hazırlaşarkən Sübhi yanımıza gəldi. O gün bütün dərdlərimiz bir yerə tolanmışdı. Ümid edirdik ki, o, hamamla müştərək islaq və nəm divarı, sementli və rütubətli yeri, boşaldılmamış sidik və nəcis qutularını, qəfəsi başına götürən kanalizasiya iyini görüb xəstəliyimizin səbəbini anlayar. O qapını açanda biz çadralarımıza bürünüb bir küncdə dayanmış və izah etməyə hazırlaşırdıq. Ora çox qaranlıq idi. Biz danışmadan o dedi:

Bizim burada həkim və dərmanımız yoxdur. Siz tezliklə İrana gedəcəksiniz. Biz sizin əlinizdən bezmişik. Sizi azad etmək istəyirik.

Düşərgəyə gələndən heç birimiz nə azadlıq haqqında düşünmüş, nə də kimsədən bu haqda bir şey soruşmuşduq. Çünki bu şəraitdə azadlıq vədi yalnız əsirləri daha çox boyunduruğa salmaq üçün boş və mənasız bir vəd ola bilərdi. Azadlıq, BƏƏSçilərin əlində əsirləri aldatmaq, onlardan məlumat almaq, müqavimətlərini sındırmaq üçün vasitə hesab olunurdu. Uşaqca yalandan və siyasi hiylədən başqa bir şey deyildi. Kəsici bir ülgüc kimi azadlıq bəhanəsilə hər bir əsirin boynunda özünü göstərə bilərdi.

Azadlıq vədinin işləmədiyini görüb otaqdan çıxdı. Biz də Allah rizasına razı olmaq nüsxəsi və Allahın möcüzəsinin bizim hamımızın şəfabəxş əllərində olmasına inanmaqla razılaşdıq. Bilirdik ki, Allah bizimlə və istədiyi hər kəslə söhbət edir, yaralı qəlblərimizə məlhəm qoyur. İnsanın əzabı dözümündən çox olanda ona səbir və namaz nüsxəsi verir. Sübhinin gedişi ilə bütün dərdlər, əzablar, fiziki halsızlıqlar bədənimizdən xaric oldu və biz bir daha həmin dörd bacı olduq. Hansı ki bayıra çıxmaq, açıq havada gəzmək üçün hava alma zamanının gəlməsini gözləyirdik.

Günəş, qamışların, həsirlərin və metalla qapadılmış pəncərənin arasından zorla özünü bizə yetirir və isti salam verirdi. O gün gözlərimiz Günəş və işıqdan başqa portağalla da aydınlanmışdı. Şorba payımız çoxalmış, ona qatılan mərcilərin də sayı barmaqlarımızın sayını keçmişdi. Hamısından daha qəribəsi bu idi ki, yeməyimizin məsuliyyətini üzərinə alan, kölə kimi iraqlıların hər dediyini, hər istədiyini sorğu-sualsız icra edən muzdlu əsir Casim Təmimi də bizə gülümsədi və salam verdi. Bayırda böyük səs-küy eşidilirdi. O gün hər kəsin üzündə təbəssüm izi var idi. Hətta gözətçilərin dodağına da saxta gülüşlər qonmuşdu. Kabellərini əsir qardaşların bədəninə vura bilməyəndə onunla oynayaraq, öz əl-ayaqlarına vuran, beləcə istedad və məharətlərinin unudulmamasını təmin edən Əbdürrəhman, Şakir, Xəmis və Həmzə də şorba qazanının yanında dayanmış, Maşallaya daha çox yemək çəkməsini əmr edirdilər.

Dəhlizə çıxdıq ki, bir xəbər ala bilək. Amma əlimizə bir şey keçmədi. Özlüyümdə düşünürdüm ki, əgər müharibə bitmişdirsə də yalnız bir tərəf qalibdir. Bəs nə üçün hər iki tərəf sevinir?

Hava alma zamanı başa çatanda qəfəsə geri döndük. Qulağımızı hamamın divarına dayadıq. Uşaqların hamamdan istifadə etməsi üçün kifayət qədər su olmayan digər günlərdən fərqli olaraq hamamın divarından davamlı şarhaşar səsi eşidilirdi. Eşitmişdik ki, arada bir dəstəni ziyarətə aparırlar. Bu, hazırki sevinci izah edə biləcək yeganə ehtimal idi. Birdən o sükut və xəbərsizlikdə qapı və pəncərənin arxasından tanış olmayan bir səs eşitdik. Fars dilində, amma ərəb ləhcəsi ilə ardarda deyirdi:


Yüklə 7,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə