Filologiya
məsələləri, №4, 2017
87
yənliyə malik olan vahidlər, başqa bir baxımdan isə kök morfemlər kimi
qiymətləndirilə bilər. Vaxtilə akademik Şerba ümumiyyətlə söz nədir sualina
cavab verərkən yazırdı ki, hər bir dildə söz müxtəlif keyfiyyətlərdə təzahür
edə bilər. Eyni fikri morfem səviyyələrinin vahidləri haqqında da söyləmək
olar. Təsadüfi deyil ki, morfem müasir dilçiliyin ən dolaşdırılmış
anlayışlarından biri hesab edilir. Elə dillər var ki, burada kök bir çox hallarda
sözün tərkib hissəsi olur. Kökə müstəqil məna vermək olmur. O yalnız sözün
tərkib hissəsi kimi mənaya və mənalılığa malikdir. Belə dillərdə bir köklü
sözlər, yəni kök morfem və söz kimi işlənən vahidlər istisna hallar kimi
qiymətləndirilir. Bu dillərdə bəzən söz kökünə ümumiyyətlə məna vermək
olmur. Sözün morfoloji vahidlərini, yəni şəkilçilərini çıxdıqdan sonra qalan
hissə kök adlandırılır və söz kökü sözün tərkib hissəsi olduğu üçün mənalı və
ya mənalılıq olan vahid kimi qiymətləndirilir.
Azərbaycan dilində (ümumən türk dillərində) bunun tam əksini
müşahidə edirik. Əl, gəl, gül və s. kimi vahidlər həm leksik-qrammatik
müəyyənliyə malikdir, həm də daha kiçik hissəsinə bölünməyən mənalı kiçik
vahidlərdir, yəni morfemlərdir. Əlbəttə, biz bu iki səviyyə vahidini
eyniləşdirmək fikrindən uzağıq. Lakin nəzərə almaq lazımdır ki, türk
dillərində söz köklərinə, kök morfemlərə Hind-Avropa dillərinin ölçüləri ilə
yanaşmaq düzgün deyil. Sözün də söz olması üçün onun tərkibində heç
olmasa bir kök morfemi olması zəruridir. Sözü morfemlərdən fərqləndirən
başlıca cəhət onun leksik-qrammatik müəyyənliyə malik olması və sərbəst
forma kimi qiymətləndirilə bilməsidir. Morfemin sözün daxilindəki yeri
sabitdir. Türk dillərində sözün önü onu morfoloji cəhətdən passiv edir. Əvvəl
söz və söz kökü, sonra isə leksik şəkilçilər, sonra qrammatik şəkilçilər gəlir.
Məsələn, Azərbaycan dilində isimlərin qrammatik şəkilçilərinin sözdəki
ardıcıllığı belədir:
Söz + kəmiyyət şəkilçisi + mənsubiyyət şəkilçisi + hal şəkilçisi +
xəbərlik şəkilçisi (kitab+lar+ımız+da+dır). Bu sıranı dəyişmək mümkün
deyil. Şəkilçinin biri işlənməyəndə onun yeri boş qalır. Söz isə cümlədə
müxtəlif sözlərlə əlaqə və münasibətlərdə, müxtəlif sintaktik vəziyyətlərdə
işlənə bilir. Məsələn, Azərbaycan dilində "daş" sözü ilkin şəklində cümlənin
mübtədası, tamamlığı, təyini, xəbəri və qoşmalarla birlikdə zərfliyi ola bilir.
Söz dilin universal vahididir.
Vaxtilə F.de Sössür "Ümumi dilçilik kursu" əsərində sözün dil
sistemində nəsə mərkəzi bir yerə malik olduğunu göstərmiş, lakin dil
vahidlərinin konkretliyindın danışarkən belə fikrə gəlmişdir ki, söz bizim dil
vahidlərinin konkretliyi haqqındakı fikrimizə uyğun gəlmir. Dilin konkret
vahidini sözdə axtarmaq lazım deyil. Sössürün bu fikrini inkişaf etdirən
strukturalistlər nəticə etibarilə sözü inkar etdilər.
Filologiya məsələləri, №4, 2017
88
Deskriptiv dilçilikdə ağırlıq mərkəzi sözdən morfemə keçirilir. Mənalı
kiçik vahid kimi morfem dilin modelləşdirilməsinin əsasına qoyulur. Lakin
nəzərə almaq lazımdır ki, söz adı altında müxtəlif tipli vahidlər öyrənilsə də
söz dildə sintaqmatik və paradiqmatik koordinatorların kəsişməsinə xidmət
edən mərkəzi dil vahididir. Söz hər şeydən əvvəl lüğət vahididir. Başqa bir
tərəfdən, söz virtual işarə kimi müxtəlif leksik-semantik və qrammatik
formalarının vəhdətindən mövcud olan dil vahididir.
Söz həm də aktual işarə kimi mətndə konkret formaya və mənaya
malik olur. Bu baxımdan morfem və sözün formal olaraq üst-üstə düşməsi
onların eyniləşdirilməsinə əsas vermir. Sözdə söz kökünün və ya kök
morfemlərinin fərqləndirilməsi baxımından feli köklərə diqqət yetirək. Fellər
dilin morfoloji sistemində isimlərə qarşı durur. Fellərə xas olan hərəkət,
isimlərə məxsus əşyavilik, fellərin təsriflənmə, isimlərin hallanma, fellərdəki
xəbərlik, isimlərdəki mübtəda, tamamlıq vəzifələri, eləcə də fellərin və
isimlərin sözdüzəldici şəkilçilərinin differansiallığı onların bir-birinə qarşı
qoyulmasına əsas verir. Fel və isimlərin mənşəyi haqqında da müxtəlif
fikirlər vardır. Türkoloqların bir qismi adların, bir qismi fellərin ilkinliyini
əsaslandırmağa çalışmış, bəzi tədqiqatçılar isə pradildə ad və fellərin
differensiallaşmaması sinkretik şəkildə olması qənaətini əldə etmişlər. Belə
sinkretik sözlər müasir dildə işlənməkdədir. Məsələn: ac-ac (maq), köç-köç
(mək), don- don (maq) və sair sinkretikliyi bərpa edilən sözləri buraya daxil
etdikdə türk dillərində tarixən ad-fel uyğunluğu olması fikri ilə razılaşırıq.
Müasir Azərbaycan dilində hər bir fel təsdiqdə və inkarda əmr bildirir
və ikinci şəxsin təkinə aid olur. Feli söz həm də əmr paradiqmasına daxil
olur və söz forma kimi qimətləndirilə bilir. Bu baxımdan deyə bilərik ki, feli
köklə, əmr şəklinin ikinci şəxsinin təkini bildirən feli forma fərqli
vahidlərdir. Azərbaycan dilində əmr şəklinin ikinci şəxsinin təkini bildirən
fel, fellərin çıxış nöqtəsi deyil. Əmr informasiyası və sıfır morfemlə ifadə
edilən məna başqa formalarda artıq neytrallaşır. Məsələn, yaz+dı+n,
yaz+ar+san və sair. Fellərin lüğətlərə məsdər formada salınması təsadüfi
deyil. Türk dillərində fel kökü tarixən feli ad məzmununa da malik
olmuşdur. Fellərin hərəkət adı şəkilçilərinin zənginliyi, bu şəkilçilərin müasir
türk dillərində bəzən təsriflənən, bəzən təsriflənməyən forma şəkilçiləri,
bəzən isə leksik şəkilçi kimi işlənməsi fel-feli ad əsasında sonrakı
differensiallaşmanın nəticəsidir.Azərbaycan dilində sözün və söz kökünün
fərqləndiriməsini, müxtəlif səviyyə vahidləri kimi qiymətləndirilməsini
zəruri edən başqa amillər də vardır. Azərbaycan dilində elə söz kökləri vardır
ki, sinxron baxımdan söz kimi işlənə bilmir, lakin tərkib hissəsi, sözün kökü
kimi yaşayır və fərqləndirilə bilir. Eyni yuvadan törəyən sözlər bəzən əks
sözdüzəltmə münasibətində olur, belə sözlərin kökü ayrılır, mənası bərpa