III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
827
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
inkişafında böyük xidmətləri olan, xalqın maariflənməsi, mədəniyyətə, elmə qovuşması yo-
lunda əlindən gələni əsirgəməyən H.Z.Tağıyev barədə həqiqətləri oxucuya çatdıran publisis-
tik məqalələrin araşdırılması bu baxımdan əhəmiyyətlidir. Belə yazılar sırasında “Azərbay-
can” jurnalının müxtəlif saylarında nəşr olunan Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə gö-
rüş”, Teyyub Qurbanın “Hacı Zeynalabdin Tağıyev: Ömür boyu və yubiley yaşında” adlı pub-
lisistik məqalələri dayanır.
Jurnalist Nəriman Həsənəliyevin “Əsrin yaşıdı ilə görüş” müsahibəsindəki respondent
H.Z.Tağıyevin son dəqiqələrinə kimi yanında olan, onun qızı olduğuna görə sürgünlər,
məhrumiyyətlər, məhbəslər taleyi yaşamış, gözləri dünya işığından məhrum olan, ömrünün
qoca çağlarını soyuq, təmirsiz mənzilində güzəranını keçirən, yüksək mədəniyyətli, ziyalı
qadın Sara xanım haqsız yerə görə itirilmiş vətəndaşlıq hüquqlarının bərpasını tələb edirdi.
Müsahibədə H.Z.Tağıyevin şəxsiyyəti onun ömür yoluna canlı şahidlik etmiş Sara xanımın
şəxsi retrospeksiyası (keçmişə qayıdış) ilə aydınlaşır. Bu müsahibədə reportyor respondentlə
heç bir konfliktə girmədən məntiqi suallarla onun söylədiklərini doğru qəbul edir, ilk savadlı
azərbaycanlı qadınına, xalqımızın böyük iftixar sahibinin qızına göstərilən biganəliyə görə
təəssüflənir, bəzən qarşı tərəfin halına acıyaraq öz emosional münasibətini də bildirməkdən
çəkinmir.: “Onun bircə arzusu var: nahaq yerə, heç bir sənədsiz-sübutsuz işdən götürülməsini
lazımı idarələrin nəzər-diqqətinə çatdırmaq və ədalətin təntənəsinə nail olmaq”. H.Z.Tağıye-
vin itirilmiş adının bərpası uğrunda böyük əzmkarlıqla mübarizə aparan Sara xanımın
müsahibəsində atası haqqında elə məntiqi ardıcılıqla, ürəkdolusu bəhs açır ki, sanki müsahibə
oxucunun nəzərində vahid süjet ətrafında cərəyan edən milyonçu, messenant H.Z.Tağıyev
romanını xatırladır.
H.Z.Tağıyev şəxsiyyətini ictimaiyyətin diqqətinə çatdıran, onun barəsində yazılanları
saf-çürük edib analitik təhlil süzgəcindən keçirən Teyyub Qurbanın “Hacı Zeynalabdin
Tağıyev: Ömür boyu və yubiley yaşında” məqaləsində isə publisisti 2 problem düşündürür:
H.Z.Tağıyevin təvəllüdünün Azərbaycan Sovet Ensiklopediyasında yanlış göstərilməsi və
onun müstəsna fəaliyyətini təhrif olunaraq ləkələnməsi; müstəqillik illərində H.Z.Tağıyevin
layiq olduğu dəyərin verilməməsidir. Məqalədə bəzən publisistin ədalətin xilafına çıxanlara
qarşı əsaslı dəlillər gətirərək H.Z.Tağıyev barədə yazılan çirkin iftiraları təkzib etməsi, hətta
onlara qarşı münasibətdə haqlı qəzəb və hiddəti də duyulmaqdadır.
Ümumiyyətlə, “Azərbaycan” jurnalının müxtəlif saylarında nəşr olunan hər iki məqa-
lədə H.Z.Tağıyevin həyatı, Azərbaycan tarixindəki misilsiz xidmətləri barədə zəngin məlumat
verilmiş, onunla bağlı yalnış təsəvvürləri inkar edilmiş, konkretlik, ünvanlılıq, ümumiləşdir-
mələr sayəsində onun obrazı və taleyi dəqiqliklə səciyyələndirilmişdir.
ƏDƏBİYYATDA BƏDİİ XARAKTER PROBLEMİ
(ANARIN “İZTİRABIN VİCDANI” HEKAYƏSİ ƏSASINDA)
Lalə KƏRİMOVA
Bakı Slavyan Universiteti
lalakerimova88@gmail.com
AZƏRBAYCAN
Ədəbiyyatda insanın mənəvi-psixoloji aləmi fərdi bədii obraz vasitəsilə tədqiq olunur.
Burada hər bir təfərrüat özlüyündə dəyərli olmaqla yanaşı, həm də obrazın xarakterini inandı-
rıcı göstərməyə xidmət edir. Obraz fərdi cizgiləri ilə xarakter səviyyəsinə qalxır. Obrazla xa-
rakter bir-birini tamamlayan anlayışlar olsalar da, məxsusi mündəricələri ilə həm də biri digə-
rindən fərqlənir. Obrazla xarakterin bir-birini tamamlamaq və özlərini bütün cəhətləri ilə
nümayiş etdirmək imkanı bədii əsərlərin janr formasından asılıdır. Məlum olduğu kimi, istər
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
828
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
obrazın, istərsə də xarakterin bədii tarixi, formalaşma hüdudu konkret janr nümunəsi olan
bədii əsər vasitəsilə reallaşır, həm də hüdudlanır, çərçivələnir. Yəni bədii obraz və xarakter
mənsub olduğu əsərin janrı ilə şərtlənir. Məsələn, obrazın roman həyatı ilə hekayə həyatı eyni
deyil. Burada parametrlər, meyarlar müxtəlif olduğuna görə obraz və xarakterdə həm həcm,
həm poetika və estetika, həm də mündəricə mənasında mühüm fərqlər var.
Hekayənin janr tutumu süjetin, müvafiq olaraq qəhrəmanın obraz və xarakterini geniş
səpkidə yaratmaq imkanı vermir. Hekayədə xarakterin mükəmməl işlənməsi dar mənadadır.
Bununla belə həm dünya ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında hekayə tutumun-
da, onun "hüdudları" daxilində "kiçik", "adi" adamların kamil bədii xarakterləri yaradılıb. XX
əsr Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı C.Məmmədquluzadə öz hekayə-
lərində Novruzəli ("Poçt qutusu"), Usta Zeynal ("Usta Zeynal") və s. kimi kamil bədii xarak-
terlər yaratdı. Ədəbiyyatımızın çağdaş mərhələsində bir çox istedadlı yazıçılarımız C.Məm-
mədquluzadə hekayə məktəbindən bəhrələnərək böyük sənət uğurları qazanmışlar. Bunların
arasında xalq yazıçısı Anar məxsusi fərqlənir.
Anar nəsrin iri formalarında olduğu kimi, hekayələrində də həqiqəti bəşərin və planetin
taleyi müstəvisində axtarır. Anar hekayələri sənətin məxsusi dəyərləri ilə əsl ədəbiyyat nümu-
nələridir və bunların hər biri ədibin yaradıcılığına yeni keyfiyyətlər gətirməklə bərabər, yeni
Azərbaycan nəsrinin də hekayə biçimində kamilləşməsinə səbəb olurdu. Anarın hekayələri ona
görə sevilir, seçilir ki, oxucu bu əsərlərdə yaxşını yamandan fərqləndirmək imkanı əldə edir.
60-cı illərdən üzü bəri Azərbaycan ədəbiyyatının inkişafı yolunda çalışan Anar yalnız
povest, roman və dramlarında deyil, eyni zamanda bədii nəsrin kiçik forması olan hekayələ-
rində də ciddi mənəvi problemlər qaldıraraq onları bədii sənətkarlıqla göstərə bilmişdir. "Ke-
çən ilin son gecəsi", "Bayram həsrətində", "Asılqanda işləyən qadının söhbəti", "Zəncir", "Taksi
və vaxt", "Gürcü familiyası", "Mən, sən, o və telefon", "Yaxşı padşahın nağılı" və s. ciddi üs-
lubda yazdığı hekayələri onun milli-əxlaqi düşüncələrini, qənaətlərini özündə əks etdirmiş
yüksək bədii sənət nümunələridir.
İlk hekayələrin 50-ci illərin sonlarında yazılmasına baxmayaraq nəsrimizin indiki
səviyyəsi ilə müqayisə edildikdə də yüksək görünür. Anar hekayələri qəhrəman və xarakter
baxımından yeni nəsrin yaradıcılıq problemləri ilə sıx bağlıdır. Anar hekayələri yeni nəsrin
insan haqqında, onun qayğı və iztirabları, problemləri və istəkləri barədə konsepsiyası ilə
vəhdət təşkil edir. Bu baxımdan ədibin 1958-ci ildə yazıb bir çox məlum səbəblərdən
sandıqda saxladığı, otuz ildən sonra çap etdirdiyi "İztirabın vicdanı" hekayəsi məxsusi maraq
doğurur. Hekayə repressiya qurbanları mövzusuna həsr olunub. Otuzuncu illərdə totalitar
rejimin cəza aparatında işləmiş və özü də sonralar bu sistemin qurbanına çevrilmiş bir şəxsin
etirafları üzərində qurulmuş hekayənin məzmunu dəhşətli əhvalatlardan ibarətdir. Ağır günah-
lar işlətdiyinin iztirabını çəkən, vicdan ağrısı ilə qovrularaq əməllərini etiraf edən bu adamın
daxili sarsıntıları, mürəkkəb, çarpaşıq hiss və düşüncələri iç məzmunundan xəbər verir.
Burada xarakter qəhrəmanın zahiri görüntülərinin deyil, səmimi daxili etirafları hesabına
"kəşf edilir". Tanımadığına müdhiş etiraflar edən "qəhrəmanın" ilan kimi qabıqdan çıxması,
özünü gah oyun qurbanı, gah da cani-NKVD işçisi kimi təqdim etməsi, rabitəsiz danışığı
keçirdiyi hiss və həyəcanlarını məntiqi müstəviyə yönəltməkdə çətinlik çəkdiyini göstərir.
Yazıçı cinayət əməllərini total şəkildə həyata keçirən şər qulluqçularından birinin daxili
mahiyyətini anlatmaq üçün onun izahlarına, özünüaçmalarına geniş yer verir. İndi vicdanın
səsinə qulaq asmaq məcburiyyətində qalan repressiya icraçısı özünün o zamankı halını belə
izhar edir: "Aldanırdım" demək istəmirəm. Biz çoxumuz elə o vaxt bilirdik ki, bu, müəyyən
fərdlərin vəhşi şıltaqlıqlarıdır, məfkurə-zad məsələsi deyil. Vicdan? Mən, əlbəttə, vicdansız
deyildim. Amma vicdanımla belə sövdələşmişdik: sən mənə dəymə, mən də sənə".
Hekayənin başlıca ideyası ondan ibarətdir ki, insan günah işlədirsə, hakimiyyət kütləvi
qırğınlara qərar verirsə, nə vaxtsa mütləq ona cavab verməlidir.