III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
967
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dəftərləri, on biri isə fraqment səhifələrində yazılmış bayatılardır.
Əlyazmalardakı bayatılarla sonralar şifahi ifaçılıqdan toplanıb nəşr edilmiş bayatıların
müqayisəsi maraqlı variantların olduğunu aşkara çıxarır. Hər üç mənbə əsasında toplanmış
bayatılar həcm və məzmun etibarı ilə müxtəlifdir.
Əlyazmaların səhifələrində qeydə alınmış bayatılar həcmcə yığcam, məzmunca daha
dolğun olmaqla öz qədimliyini mühafizə etmiş və fikrimizcə əslinə daha yaxındır.
Fikrimizi əsaslandırmaq üçün bir neçə misala diqqət yetirək:
1677-ci ildə Hüsaməddin Toqati tərəfindən yazılmış “Şəhrül-əvamil” adlı əlyazmada
qeyd olunmuş:
Qarşıda gül anbarı,
Dərmişəm gülənbəri,
Hicran qoymaz göz açam,
Dərd qoymaz güləm barı.
bayatısı forma, məzmun və mündəricə etibarı ilə çox qüvvətlidir. “gül anbarı” , “gülən-
bəri” , “güləm barı” ifadələri ilə qüvvətli cinas yaradılmışdır. Bayatının məzmununda zəma-
nədən şikayət aydın şəkildə duyulur. Eyni bayatının ağızdan toplanmış daha iki variantı vardır:
Mən Aşiq gül anbarı,
Gül əkdim, gül anbarı,
Sizdə var bir dəstə,
Bizdə də var gül anbarı.
Bu variantda bayatı dolğun məzmun və formasını itirmiş, nisbətən zəifləmişdir. Birinci
variantda rast gəldiyimiz cinaslar yoxdur. Yazıya köçürülmüş bu bayatının ilk variantı birinci-
də, göründüyü kimi, forma və məzmun etibarı ilə daha dolğun ifadə edilmiş, ağızdan-ağıza
keçərək sonrakı variantda ilk dolğun məzmun və mündəricəsini dəyişmişdir.
1801-ci ildə yazıya köçürülmüş cüngdə qeyd olunmuş:
Bağında üzüm qara,
Yeməyə üzüm qara,
İstərəm dosta varam,
Əlim boş, üzüm qara.
bayatısında da ictimai məzmun dolğundur. Zəmanədən aydın şikayət duyulur. Eyni ba-
yatının ağızdan toplanmış variantı isə çox zəifləmişdir:
Əzizim üzüm qara,
Bağımda üzüm qara,
Yar yanına gedirəm,
Əlim boş, üzüm qara.
Bu bayatıda isə artıq məzmun ictimailikdən çıxaraq fərdiləşmiş, cılızlaşmışdır.
Folklorumuzda elə bayatı nümunələrimiz vardır ki, ilk baxışda onların bir bayatının
müxtəlif variantları olduğunu müəyyən etmək çətin olur. Məsələn:
Yaxşı atdır bədöv at,
Minilməyə bədöv at.
İgidi cavan saxlar,
Əsil arvad, bədöv at.
və:
Tüfəngini yaxşı at,
Yaxşı doldur yaxşı at.
Mərdin başın ucaldar,
Nəcib arvad, yaxşı at.
bayatılarının hər ikisində əsas məzmun eynidir. Hər iki variantda əsil, nəcib arvadla
yaxşı at təriflənir, hər ikisi yaxşı olarsa, igidin başını ucaltdığını bildirir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
968
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Başqa variant fərqinə nəzər salaq:
Əlində laləsi var,
Qəlbində naləsi var.
Gedirsən cavana get,
Qocanın balası var.
və:
Əldə piyaləsi var,
Ürəkdə naləsi var.
Mərdə get çirkin olsun,
Namərdin bəlası var.
bayatıları forma cəhətdən oxşardır. Həmçinin hər iki nümunədə qızlara nəsihət verilmiş-
dir. Fikrimizcə, bayatılar eyni vaxtda bir-biri ilə əlaqəli şəkildə yaranmış, yerinə görə müxtəlif
formalarda söylənmişdir.
Mənbələrdə bəzən elə bayatılara rast gəlinir ki, ağızdan toplanmış bayatılarla həm məz-
mun, həm formaca eynilik təşkil etsə də, tərkibindəki bir neçə söz və ya hərfə görə fərqlənir.
Belə bayatıların variantlı olması və yaxud səhv yazıya alınması şübhəlidir. Fikrimizi aydınlaş-
dırmaq üçün misallara diqqət yetirək:
Mən Aşiq, budağ haray!
Qəm məni budağ haray!
Könül istər, əl yetməz,
Əyilməz budağ haray!
bayatısında misralardakı “budağ”ın “ğ”sı artıq görünür. Lakin bəlkə bu da bir forma olub,
əvvəli belə imiş:
Mən Aşiq, bu da haray!
Qəm məni buda haray!
Könül istər, əl yetməz,
Əyilməz buda haray!
Bu cür variantlılıq təbii ki, təkcə bayatılarımızda deyil, həmçinin mərasim nəğmələri,
ağılar, holavarlar, sayaçı sözləri, atalar sözü, dastan, nağıl, əfsanə və rəvayətlərdə də kifayət
qədərdir. Lakin bu yazımızada bayatılardan verdiyimiz nümunələrlə kifayətlənirik.
CƏLİL MƏMMƏDQULUZADƏ DRAMATURGIYASINDA MONOLOQ
Şəfa ƏLİYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
shefa_eliyeva@hotmail.com
AZƏRBAYCAN
Azərbaycan ədəbi-ictimai fikir tarixinin görkəmli nümayəndəsi olan Cəlil Məmmədqu-
luzadə XX əsr ədəbiyyatımızda yeni realizmin başçısı olmuşdur. Realist yazıçı olaraq M.F.
Axundovun davamçısı hesab edilsə də, o, realizmin inkişafında tamamilə yeni bir mərhələnin-
tənqidi realizm mərhələsinin banisi idi. Onun ədəbiyyat sahəsində həyata keçirdiyi bir çox
islahatlar "realizm inqilabı" kimi qiymətləndirilir. Məhz bu islahatlar nəticəsində ədəbiyyat
həyatı daha fərqli mövqedən, daha ətraflı və aydın əks etdirməyə başladı. C. Məmmədquluza-
də realizmində ədəbiyyatın həyatı əks etdirmə prinsipi də fərqli idi. Onun yaratdığı nümunə-
lərdə ədəbi qəhrəmanın kim olduğu deyil, "niyə?", "nə üçün?" belə olduğu suallarına cavab
axtarılır. Xüsusi sənətkarlıq və bədii dilin bütün imkanlarından məharətlə istifadə etmək
bacarığı Mirzə Cəlilə bütün suallarını məhz yaratdığı obrazların dili ilə cavablandırmağa imkan
yaratmışdır.