11
AMERİKA İLƏ İLK TANIŞLIQ VƏ "MƏDƏNİYYƏT ŞOKU"
Amerikalılar «kalçral şok» ("Cultural shock") deyilən bir termin işlədirlər. Bizim dilə hərfi
tərcümədə «mədəniyyət şoku» deməkdir. ABŞ sakinlərinin qənaətinə görə, yad ölkəyə ilk dəfə
düşən adam yeni mədəniyyətlə, yeni insanlarla, yeni davranış qaydaları ilə rastlaşır və mütləq
«mədəniyyət şoku» keçirir.
Bu fikirdə böyük həqiqət var. Doğrudur, ilk baxışda adama elə görünə bilər ki, Amerika kimi
inkişaf etmiş bir ölkəyə gəlib çıxıbsansa, nə şok, nə qəribəlik? Amma belə deyil.
Yəqin ki, Türkiyəyə gedən azərbaycanlı bu hissləri keçirmir. Çünki tarix və mədəniyyət
yaxınlığı var, adət-ənənə oxşarlığı var. Heç ilk dəfə Rusiyaya gedən soydaşımız da belə
problemlə rastlaşmır. Bu ölkənin adət və ənənələri də bizə çoxdan tanışdır. Amerikada isə...
mütləq «mədəniyyət şoku» keçirməlisən! Amerika Birləşmiş Ştatları başqa ölkə, başqa insanlar,
başqa mədəniyyət, başqa adət-ənənələr deməkdir. Bu «başqa»lığın mahiyyətini isə bir neçə
kəlmə ilə, beş cümlə ilə izah etmək çətindir. Məsələn, Amerikaya düşdüyün ilk gündür. Qaldığın
evdən çıxırsan və ilk rast gəldiyin adam səni salamlayır, hal-əhval soruşur. Necə olarsan?
Təsəvvür elə ki, ucqar bir dağ kəndindən Bakıya gəlibsən və bilirsən ki, bu şəhərdə səni
tanıyan yoxdur. Di gəl hara gedirsən, sənə salam verirlər, hal-əhval tuturlar, öz köməyini təklif
edənlər tapılır. Necə olarsan? O ki qaldı bu münasibəti ilk dəfə düşdüyün yad ölkədə, yad dildə
və yad adamlardan eşidəsən!
Bir qədər irəli gedirsən, bu dəfə yoldan keçən başqa birisi «Bu gün gözəl gündür» - deyir və
ardınca da sənə hansısa xoş arzular söyləyir. Çörək almaq üçün mağazaya girirsən və mağazanın
qaradərili işçisi düz qabağına qaçır, «sabahın xeyir»dən, hal-əhval tutmaqdan sonra öz köməyini
təklif edir...
Təbii ki, bütün bunlar ilk günlərin təəssüratıdır. Sonra yavaş-yavaş bütün bunlara öyrəşirsən.
Aydın olur ki, adamın üzünə gülmək, insanı xoş təbəssümlə qarşılamaq və salamlamaq elə
amerikalıların həyat tərzidir. Sanki amerikalılar dünyaya gələndə təbəssümlə doğulurlar.
Burada kiçik bir haşiyə çıxmağa ehtiyac duyuruq. Məlum olduğu kimi Azərbaycanın əksər
kəndlərində də adamlar ilk dəfə gördükləri qonaqlara xoş təbəssüm göstərir, köməklərini təklif
edir, son tikələrini də qonaqla bölməyə hazır olduqlarını nümayiş etdirirlər. Özü də bizim
kəndlərdə bunu o qədər təbii və səmimi edirlər ki, bu qonaqpərvərlik gəlmə adama, sözün həqiqi
mənasında, ləzzət eləyir. Amma amerikalıların göstərdiyi təbəssümdə bir standartlıq, sünilik var
və bu, ayrı söhbətdir. Əsas məsələ odur ki, amerikalılar psixolgiyanın məlum qaydasına əməl
edirlər: insan gülümsəyərkən özünün əhvalı da yaxşılaşır, başqasına da xoş təsir edir. Yəqin ki,
səhər-səhər üzbəüz gəldiyin adamın süni də olsa, xoş təbəssümü təbii qaraqabaqlıqdan daha
yaxşıdır.
Beləcə, günlər keçir, amerikalılar arasında dost da tapırsan və günlərin bir günü həmin
amerikalı tanışın səni restorana nahara (amerikalılar nahar deyəndə şam yeməyini nəzərdə
tuturlar) dəvət eləyir. Oturub istədiyini sifariş verirsən. Yeyib-içirsən və duranda amerikalı
dostun izah edir ki, yediyinin pulunu özün ödəməlisən... Bu da bəzi amerikalılar üçün adi və
təbii normadır. Və sən də bu normaya öyrəşməli olursan.
Amerikalılar müxtəlif bayramlarla, ayrı-ayrı əlamətdar günlərlə əlaqədar evlərində qonaqlıq
təşkil etməyi xoşlayırlar. Belə qonaqlıqlara isə çoxlu dost-tanış dəvət edilir. Bəzən belə
tədbirlərə dəvət olunanların sayı 30-40 nəfərə çatır. Təbii ki, adi amerikalının evində bu qədər
adamın oturması üçün stol-stul, yeyib-içməsi üçün qab-qacaq kifayət eləmir. Buna görə ev sahibi
heç narahat da olmur. Bütün yeməklər və içkilər əsas stolun üstünə düzülür. Gələnlər isə, kim
harada yer tapırsa, orada - evdə olan stullarda, divanda, hətta döşəmədə əyləşirlər. Stolun üstünə
bir dəfə istifadə edilən plasmas qab-qacaq qoyulur. Qonaqlıq başlayan kimi hərə özünə bir qab
götürür və stolun üstündəki yeməklərin hərəsindən bir az öz qabına çəkir. Sonra isə yenə kim
harada yer tapdısa, orada da əyləşir və ya ayaq üstə dayanıb yeməyini yeyir.
Belə məclislərdə adətən yeməklər rəngarəng olur. Xüsusən də qonaq çağıran şəxs dəvət etdiyi
adamlara «çərəz» gətirməyi təklif edəndə. Bəli, qonaq çağıran adam dəvət etdiyi şəxsə ərklə özü
ilə yemək gətirməyi də təklif edə bilər və bu da Amerikada tamamilə təbii qəbul olunur. Belə
olanda isə hər kəs imkanına, zövqünə uyğun yeməklər gətirir və stola qoyur. Ona görə də belə
qonaqlıqlardakı təamlar olduqca fərqli və rəngarəng olur. Amerikalılar isə yeməkləri qatıb-
12
qarışdırmaqdan qətiyyən narahat olmurlar. Demək olar ki, stolun üstündəki hər şeydən dadırlar.
Bu cür qonaqlıqlarda yeməklə bərabər adamlar bir-biri ilə mehriban ünsiyyətə girirlər. Ayrı-
ayrı məsələlər barədə fikir mübadiləsi aparır, necə deyərlər, vaxtlarını keçirirlər.
Ünsiyyət məsələsində isə amerikalıların, demək olar ki, problemləri yoxdur. Küçədə,
mağazada bəzən ilk dəfə gördükləri adamla çoxdankı tanış kimi rahat ünsiyyətə girir, geniş fikir
mübadiləsi aparırlar. Yəni amerikalılarda tanıyıb-tanımama kompleksi yoxdur. Məsələn, biz
tanımadığımız adamla küçədə bu və ya digər məsələyə dair uzağı qısa fikir mübadiləsi edə
bilərik. Amma amerikalı, tutaq ki, mağazadan mal alarkən satıcı ilə, yaxud ilk dəfə gördüyü
başqa alıcı ilə geniş diskussiyaya girə bilir və bu söhbət hər iki tərəf üçün normal sayılır.
Amerikalılar tanımadıqları adamla, hətta ingilis dilini zəif bilən əcnəbiylə də köhnə tanış kimi
davranırlar. Xüsusən qonaqlıq zamanı belə əcnəbini darıxmağa qoymurlar. Onunla nə barədəsə
söhbət etməyə, nəyləsə könlünü almağa cəhd edirlər. Ona görə də bu ölkəyə təzə düşən adam
özünü narahat hiss eləmir.
Bu ölkədə kofe və isti çaydan başqa bütün içkilərin içinə buz atmağı xoşlayırlar. Ona görə də
restoran və ya kafedə içki sifariş verərkən çox soyuq içmək istəmirsənsə, gərək əvvəlcədən
içəcəyin içkiyə buz atılmamasını xahiş edəsən. İçki stəkanına buz atmaq amerikalılar üçün o
qədər təbii və adi şeydir ki, buz atılmamış şirə və ya kola istəyəndə xidmətçi bir az təəccüblə
«Siz «Kola» nı buzsuz istədiniz» - sualı verir. Çünki bu ölkədə buzlu suyu 8 dərdin dərmanı
sayırlar.
Soyuq, daha doğrusu, buzlu çay isə sanki amerikalıların milli içkisidir. Ona görə də
restoranda isti çay sifariş vermək də çox vaxt təəccüblə qarşılanır. Hətta bəzən «isti çay» sözünü
təkrar edirlər ki, bəlkə düz eşitməyiblər.
Biz adətən boğazımız bir balaca ağrıyanda soyuq içkilərdən uzaq qaçırıq ki, ziyanı ola bilər.
Bəzi amerikalılar isə boğazları ağrıyanda müalicə məqsədilə buz yeyirlər...
Buza belə «məhəbbət»in nəticəsidir ki, Amerika ailələrinin soyuducusunda bir qayda olaraq,
içkiyə atmaq üçün buz parçaları saxlanılır. Hətta əksər evlərdə xüsusi düyməni basmaqla,
stəkana buz parçaları atan soyuducular olur. Belə müasir soyuducusu olmayanlar isə buzu
yaxınlıqdakı ərzaq mağazasından ala bilərlər. Hər bir ərzaq mağazasında xüsusi torbalarda duz,
çörək, kartof... kimi, buz da satılır! Satılırsa, deməli, alıcısı var. Amerika mağazalarında
alınmayan mallar saxlanılmır...
Amerikaya təzə düşənlər üçün narahatlıq yaradan amillərdən biri də bu ölkədə tətbiq edilən
ölçü və çəki vahidləridir.
Bu məmləkətdə havanın temperaturu bizdəki kimi «Selsi» ilə yox, «Farengeyt» lə ölçülür.
Uzunluq vahidləri də tamamilə fərqlidir. Məsələn, televizordan eşidirsən ki, sabah temperatur 70
dərəcə olacaq, 10 inç hündürlüyündə qar yağacaq, okeandan əsən küləyin sürəti saatda 30 milə
çatacaq. Sabahkı hava barədə təsəvvür əldə etmək üçün gərək ölçü vahidlərinin izahını məlumat
kitabından öyrənəsən. Həmin kitabda «inç»i axtarırsan və məlum olur ki, «bir inç futxın 12-də
biri deməkdir». Təzədən gərək futu axtarasan. Məlumat kitabı izah edir ki, «bir fut 12 inçdir».
Gəl, indi anla, görüm necə anlayırsan...
Günlər keçir və yavaş-yavaş bu ölçü vahidlərinə də öyrəşirsən. Məlum olur ki, «inç» deyəndə
amerikalılar «düyüm»ü nəzərdə tuturlar və bir düyüm təxminən 25,4 millimetrdir. Bir füt isə
təxminən 30,5 santimetrdir. Bir mil deyiləndə 1,6093 kilometr nəzərdə tutulur və s.
Çəki vahidi kimi də bu ölkədə bizim adət etdiyimiz «kiloqram»dan «səs-səmir» yoxdur.
Amerikalılar funtdan istifadə edirlər. Bir funt 454 qram deməkdir.
Avtomobilə yanacaq doldurmaq istəyirsənsə, ölçü vahidi kimi «qallon» barədə məlumatın
olmalıdır. Bir qallon 3,78 litrə bərabərdir.
Hətta amerikalıların istifadə etdiyi vaxt ölçüsü də bizimkindən fərqlidir, desək, gərək oxucu
bizi «ağ eləməkdə» qınamasın. Fərq deyəndə, biz Amerikada sutkanın 24 saatdan çox olduğunu
nəzərdə tutmuruq. Sutka elə bu məmləkətdə də 24 saat, bir saat isə 60 dəqiqədir. Amma bu
məmləkətdə söhbət zamanı kiməsə, məsələn, «saat 14-dür», «saat 19-da gələcəyəm» desən, səni,
sadəcə, başa düşməyəcəklər. Çünki amerikalılar üçün sutka iki hissədən ibarətdir. Gündüz saat
12-yə qədər olan vaxtın arxasına «a.m.» (latınca «ante meridiem» - günortadan əvvəl) işarəsi,
12-dən sonrakı vaxtın arxasına isə «p.m.» («post meridiem» - günortadan sonra) artırırlar. Yəni
amerikalı ilə görüş təyin edəndə, məsələn, bizim təsəvvürümüzlə səhər saat 9 demək istəyirsənsə,