585
X FƏSİL
AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ VƏ
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSI
Mövzular:
1. Cənubi Qafqazın təhlükəsizlik problemləri: qlobal və yerli maraqlar.
Azərbaycanın təhlükəsizlik siyasəti
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsiinn tarixi kökləri haqqında
3. XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Sovet
rəhbərliyinin Qafqaz siyasəti
4. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı və
münaqişənin BMT təhlükəsizlik Şurasında müzakirəsi
5. ATƏT-in Minsk qrupunun yaradılması və fəaliyyəti
6. Digər beynəlxalq təşkilatların münaqişəyə dair mövqeyi və Azərbaycanın
diplomatik fəaliyyəti
§1. CƏNUBİ QAFQAZIN TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ: QLOBAL VƏ
YERLİ MARAQLAR. AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİK SİYASƏTİ
Azərbaycan Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin, Avrasiyanın və bütövlükdə
qlobal dünyanın mühüm geosiyasi, geoiqtisadi və geotsrateji əhəmiyyət kəsb edən bir
bölgəsində yerləşir. Odur ki, bir dövlət olaraq onun milli maraqları, milli təhlükəsizliyi
region və qlobal dünya maraqlarından ayrıca, təcrid olunmuş şəkildə təmin oluna
bilməz. Azərbaycanın, Qafqazın, Xəzər-Qara dəniz hövzəsinin və bütövlükdə
Avrasiyanın təhlükəsizlik məsələlərinə müxtəlif yanaşmalar, qlobal, regional və milli
maraqlar, onlar arasındakı üst-üstə düşən və kəsişən məqamlar hazırda geniş
müzakirə olunan mövzulardandır. Azərbaycanın təhlükəsizlik problemi, onun təmin
olunması yolları və vasitələri, qlobal və yerli təhlükəsizlik maraqlarının uzlaşdırılması və
586
region dövlətlərinin təhlükəsizlik siyasəti ölkənin ictimai fikrini də ciddi
düşündürməkdədir.
Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin ən əsas problemi - Dağlıq
Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün və
suveren dövlət hüquqlarının bərpası məsələsidir. Ölkənin xarici aləmlə bütün
təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi,
beynəlxalq hüquq norması çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində
saxlanılır. Bu problem nəinki təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu
prosesinə, vətəndaşlarının sabit həyat şəraitinə ciddi zərbə vurmuş, həm də keçən 15
ildən artıq bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsində) dövlətlərarası
iqtisadi, siyasi və mədəni əlaqələri pozmuş, ölkələri və xalqları qarşıdurmaya
sürükləmiş, onların bir-biri və beynəlxalq aləmlə münasibətlərinə, regional və
beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir. Hazırda
Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi həm Qafqazda,
Avrasiya və Avropada, həm də bütövlükdə qlobal dünyada həllini gözləyən ən çətin və
mürəkkəb problemlərdən biri hesab olunur.
Azərbaycanın xarici siyasətinin və milli təhlükəsizliyinin həyati əhəmiyyət kəsb
edən məsələlərindən biri də malik olduğu təbii sərvətlərini, karbohidrogen ehtiyatlarını
xarici müdaxilə olmadan, özünün müəyyən etdiyi daxili və xarici tərəfdaşlarla işləmək,
təhlükəsiz və əlverişli yollarla dünya bazarlarına çıxarmaq və əldə olunan gəliri ölkənin
inkişafına yönəltməkdən ibarətdir.
Azərbaycan Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişdiyi, mühüm nəqliyyat-
kommunikasiya dəhlizlərinin keçdiyi əhəmiyyətli bir geosiyasi, geoiqtisadi və geostrateji
məkanda yerləşir. Bu faktor regionda mövcud olan milli dövlətlər, regionun və dünyanın
aparıcı dövlətləri arasında balanslaşdırılmış siyasət yürütməyi, kəsişən və üst-üstə
düşən maraqları nəzərə almağı tələb edir. Əhəmiyyətli ərazi (məkan), geostrateji
(təhlükəsizlik) və geoiqtisadi (karbohidrogen ehtiyatları və s.) üstünlüklərdən ölkənin
milli maraqları çərçivəsində bəhrələnmək xarici siyasət və milli təhlükəsizliyin əsas
vəzifələrindəndir.
Nəhayət, hər bir dövlət xarici müdaxilə olmadan öz daxili həyatını qurmaq və
idarə etmək, daxili sabitliyi qorumaq, ölkənin strateji inkişafını, konstitusiya quruluşunu
təmin etmək vəzifəsini həyata keçirir. Bu mənada mürəkkəb geosiyasi məkanda
yerləşən Azərbaycan özünün müəyyən etdiyi demokratik cəmiyyət, hüquqi və dünyəvi
dövlət, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya xəttini
587
reallaşdırmaq üçün regionun və dünyanın güc mərkəzləri ilə münasibətlərə dair xüsusi
düşünülmüş, ardıcıl həyata keçirilən milli təhlükəsizlik konsepsiyasına malik olmalıdır.
Bu konsepsiya dövlətin həm daxili, həm də xarici vəziyyətini və vəzifələrini, onu
reallaşdırmanın əsaslı yollarını və vasitələrini dəqiq müəyyən edən milli proqrama
söykənməlidir.
Avrasiya məkanında təhlükəsizliklə bağlı istənilən məsələ ABŞ və onun NATO
üzrə müttəfiqi olan Avropa dövlətləri ilə yanaşı, regionun Rusiya, İran, Türkiyə, Çin kimi
böyük dövlətlərinin, Ukrayna, Azərbaycan, Gürcüstan və digər kiçik, lakin çox mühüm
əhəmiyyət kəsb edən ölkələrinin ciddi reaksiyasını doğurur.
Azərbaycanın regional təhlükəsizlik məsələsinə yanaşması birmənalıdır: Qafqaz
regionunun müxtəlif güc blokları arasında bölünməsinin qarşısını almaq. Azərbaycan
bu mövqeyini 1993-cü ildən başlayaraq ardıcıl şəkildə həyata keçirmiş, bölgə
ölkələrinin ərazisində xarici qoşunların və hərbi bazaların yerləşdirilməsinin, Qafqazın
militaristləşdirilməsinin əleyhinə çıxış etmiş və öz mövqeyini 1999-cu ildə ATƏT-in
İstanbul sammitinin yüksək tribunasından bəyan etmişdir. Tədbirdə iştirak edən
Prezident Heydər Əliyev regionda Təhlükəsizlik və Əməkdaşlıq Paktının yaradılması
təşəbbüsü ilə də çıxış etmişdi. Bu təşəbbüsə görə, Təhlükəsizlik Paktını Azərbaycan,
Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və ABŞ imzalamalı idi. Təbii ki, Azərbaycanın
bu təklifi Rusiya, Ermənistan və İranda müəyyən qədər narazılıqla qarşılandı.
Regiondan kənar dövlət olan ABŞ-ın bölgədəki proseslərə müdaxiləsini yolverilməz
hesab edən Rusiya və regional təhlükəsizlik sisteminin formalaşdırılmasından kənarda
qalan İran bu təşəbbüsü birmənalı şəkildə qəbul etmədi.
Azərbaycanın regional təhlükəsizliyə dair daha bir təşəbbüsü isə 4 il sonra –
2002-ci ildə diqqət mərkəzinə gəldi. Həmin ilin aprelində Türkiyənin Trabzon şəhərində
Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Trabzon razılaşması” imzaladı. Regionun
enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün 3 ölkənin daxili işlər nazirlərinin
imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli
pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş
sahəni əhatə edirdi. Bu saziş, həm də regionun üç dövlətinin strateji tərəfdaşlığını
rəsmiləşdirən sənəd hesab olunur. Qeyd edək ki, bundan əvvəl 1996-cı ildə Azərbaycan
və Gürcüstan arasında “Trabzon razılaşmasına” oxşar “Tbilisi bəyannaməsi” adlanan
sənəd imzalanmış və bu sənəd bütün region ölkələrinin daxil olması üçün açıq elan
edilmişdir. Lakin regionun heç də bütün dövlətləri Azərbaycanın təklif etdiyi bu cür