591
Ümumiyyətlə, ərazisi və əhalisinin sayına görə Avropanın
böyük dövlətlərindən
biri olan Ukrayna öz təhlükəsizlik siyasətinin prioritetini hələ 1998-ci ildə
müəyyənləşdirib. Prezident Leonid Kuçmanın həmin ilin noyabrında təsdiq etdiyi
Ukrayna-NATO əməkdaşlığına dair dövlət proqramında rəsmi Kiyev Şimali Atlantika
Alyansını “Avropada kollektiv təhlükəsizliyin ən effektli strukturu” adlandırıb. Bu gün
Ukraynada birmənalı şəkildə Amerikapərəst hakimiyyətin formalaşdığını nəzərə alsaq,
Kiyevin də Cənubi Qafqazdakı siyasətini Qərbin maraqları kontekstindən şərh etmək
olar
.
Hazırda Ukrayna ilə ABŞ-ın əksər məsələlərə yanaşması eynidir. Regionda yeni
geosiyasi vəziyyətin formalaşdırılması, Avropa təhlükəsizlik sisteminin bu bölgəyə doğru
genişləndirilməsi, Xəzər neftinin nəqli üçün istifadə olunan dəhlizlər və geosiyasi
oriyentasiya məsələlərində Ukraynanın mövqeyi Qərblə üst-üstə düşür. Qərb ölkələri
Rusiyanı bölgədən təcrid etmək üçün Ukraynaya təsirli vasitə və ciddi amil kimi yanaşır.
Bu baxımdan, Ukraynanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə müdaxiləsi, həm
də Rusiyanın bu regiondakı ənənəvi təsirini zəiflətmək məqsədi güdür.
Öz növbəsində, rəsmi Moskva Kiyevin Rusiyanın enerji daşıyıcılarından asılı
olması faktından bu ölkəyə qarşı təzyiq kimi istifadə edir. Bu gün Ukraynanın Qafqazda
və bütövlükdə Avrasiyada müstəqil geosiyasi faktor kimi çıxış etməsinə mane olan əsas
amil də məhz onun Rusiyadan enerji asılılığı hesab olunur. Buna görə də Ukrayna bu
asılılığı aradan qaldırmaq üçün Qafqaz və Mərkəzi Asiyada öz mövqelərini
möhkəmləndirməyə çalışır və bu zaman əsas diqqət Azərbaycan, Gürcüstan və
Qazaxıstana yönəlir.
Ukraynanın Cənubi Qafqazdakı maraqları, ilk növbədə, enerji-nəqliyyat layihələri
ilə bağlıdır. Bu layihələr, artıq qeyd edildiyi kimi, Ukraynanın əsrlər boyu birlikdə olduğu
Rusiyadan enerji asılılığına son qoymaq üçün yeganə çıxış yoludur. Ukraynanın Cənubi
Qafqazda Rusiyaya qarşı alternativ kimi çıxış etməsi, ilk növbədə, rəsmi Moskvanın
bölgədəki münaqişələrə yanaşmasından narazı olan Azərbaycan və Gürcüstan üçün
cəlbedici görünür. Ukraynanın regional təhlükəsizlik məsələsinə yanaşması da
birmənalı şəkildə bu dövlətlərin maraqlarına uyğundur. Çünki rəsmi Kiyev Azərbaycan
və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ, Cənubi Osetiya və
Abxaziya münaqişələrinin bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Bu gün Ukrayna regiondakı münaqişə ocaqlarının söndürülməsi üçün ciddi səy
göstərir. Bunun üçün rəsmi Kiyev GUAM daxilində müvafiq mexanizm yaradılmasının
ardıcıl tərəfdarı kimi çıxış edir. İlk dəfə bu ideyanı da məhz Ukrayna Prezidenti irəli
592
sürmüşdür. Onun fikrincə, yaradılacaq sülhməramlı qüvvələr münaqişəli zonalarda sülh
yarada bilər. GUAM-a üzv olan 4 ölkədən 3-ü daxili münaqişələrlə üzləşdiyinə görə,
Ukraynanın bu təşəbbüsü Azərbaycan, Gürcüstan və Moldovada aktiv dəstəklənir və
rəsmi Kiyevin bölgədə ciddi güc mərkəzinə çevrilmək perspektivini yaradır.
Bu gün Cənubi Qafqazdakı münaqişələr Ukraynanın da geosiyasi planlarına ciddi
təhlükədir. Çünki Ukrayna üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri məhz
Azərbaycan və Gürcüstan ərazisindən keçir. Ona görə də Kiyev bu ölkələrin ərazisində
hərbi-siyasi sabitliyin bərqərar olmasında maraqlıdır. İndiyədək Kiyevdə ölkənin bu
istiqamətdə təşəbbüslərinə dair bir sıra ciddi bəyanatlar səslənib. Ukrayna Silahlı
Qüvvələrinin quru qoşunlarının komandanı, general-leytenant Valeri Frolovun ölkəsinin
Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu bəyan etməsi də
bunun göstəricisidir. Lakin hələlik Kiyevin bu münaqişələrin həllində vasitəçilik üçün real
təsir mexanizmləri yoxdur. Səbəb isə münaqişə ocaqlarında separatçı qüvvələrin bu
vasitəçiliyə skeptik yanaşmasıdır. Həm Dnestryanı separatçıları, həm Abxaziya, həm də
Ermənistan Kiyevin bu təşəbbüsünü dəstəkləmir. Ukraynanın münaqişələrə yanaşmada
dövlətlərin ərazi bütövlüyü prinsipini əsas götürdüyünü nəzərə alsaq, separatçıların ona
münasibətini anlamaq çətin deyil. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan
Kiyevin bu təşəbbüsünü “vaxtından əvvəl verilmiş bəyanat” adlandırıb. Abxaziya
“prezidentinin” köməkçisi Astamur Taniyanın isə Kiyevin vasitəçilik təşəbbüsünə
reaksiyası belə olub: “Abxaziya Ukraynanın sülhyaratma missiyaya cəlb
olunmasının əleyhinədir. Çünki Kiyev bu münaqişələrə qeyri-konstruktiv yanaşır”.
Bu gün Ukrayna Türkiyə, Azərbaycan və Gürcüstanla hərbi və təhlükəsizlik
sahəsində birgə əməkdaşlığın formalaşması üçün öz səylərini davam etdirir və Kollektiv
Təhlükəsizlik Müqaviləsinə qoşulmayan bu ölkələrlə, o cümlədən NATO üzvü olan
Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir.
Beləliklə, hələlik rəsmi Kiyevin Cənubi Qafqazda ciddi geosiyasi oyunçu qismində
çıxış etmək imkanı olmasa da, Qərb ölkələrinin verdiyi dəstək onun perspektivləri
haqqında optimist fikir söyləməyə əsas yaradır. Baxmayaraq ki, indiyədək region
ölkələri tərəfindən Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılmasına dair
irəli sürülən təklif və sxemlərin heç birində Ukraynanın iştirakı nəzərdə tutulmayıb.
Regionun hər bir ölkəsi Qafqazın təhlükəsizliyi ilə bağlı fərqli təklif və sxemlərlə çıxış
edir. Hətta, regional proseslərə yanaşmada müəyyən ortaq mövqe nümayiş etdirən
İranla Rusiyanın da təklifləri bir-birindən xeyli fərqlənir. Yuxarıda göstərildiyi kimi, Rusiya
regional təhlükəsizlik məsələlərinin yalnız KTM çərçivəsində, yaxud 4 Qafqaz dövlətinin