216
qablara rastlanmamışdır. Çaynik tipli qablar isə, olduqca azdır. Şərur rayonunda
bu qrupa daxil olan qəbir abidələri dağılmış vəziyyətdə qeydə alındığından,
onların dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Lakin, Şahbuz
rayonunda tədqiq olunan Sarıdərə, Kolanı, Haqqıxlıq, Culfa rayonundakı
Bayəhməd nekropolları üçün kollektiv dəfnlərlə müşayiət edilən daş qutu
qəbirlər xarakterikdir. Bu abidələrdən aşkar olunan gil məmulatı, başlıca olaraq,
boz və qara rəngdə bişirilərək, cızma xətlərdən ibarət həndəsi ornamentlərlə
naxışlanmışdır. Qabların az bir qrupunu yaxşı cilalanmış, basma naxışlı qablar
təşkil edir. Başlıca formalar küpə, kasa, qədəh, nimçə, çölmək tipli qablardan
ibarətdir. Qədəh tipli qablar və konus gövdəli, nimçə tiplilər xüsusilə geniş
yayılmışdır. Qabların bir qrupunu silindrik lüləyi olan kasa tipli qablar təşkil edir.
Çaynik tipli qablar olduqca azdır.
Bu tip qabların aşkara çıxarıldığı arxeoloji komplekslər Xocalı-Gədəbəy
mədəniyyəti üçün xarakterik olan tunc əşyalarla müşayiət olunur. Onların
arasında tunc xəncərlər, ox ucluqları, bilərzik, asma, pilək, üzük, sırğa, quş
fiqurları və digər əşyalar vardır. Aşkar olunmuş arxeoloji materiallar e.ə. II
minilliyin sonu və I minilliyin əvvəlində Xocalı-Gədəbəy mədəniyyətinin
Naxçıvanda geniş yayıldığını göstərir. Naxçıvan ərazisində qeydə alınan Xocalı-
Gədəbəy mədəniyyətinə aid abidələr istər dəfn adəti, istərsə də arxeoloji
materiallarına görə, Gədəbəy qrupunun abidələrinə daha çox bənzərdir. Gəncəçay
hövzəsi üçün xarakterik olan zəngin bəzəməli qablara, o cümlədən ağ
instruksiyalı gil məmulatına burada az rastlanır.
Azərbaycanın şimal rayonlarında yayılan və arxeoloji ədəbiyyatda Xocalı-
Gədəbəy mədəniyyəti adı ilə tanınan keramika məmulatı М.A.Hüseynova
tərəfindən üç qrupa bölünərək xarakterizə edilmişdir. Birinci qrupa əldə
hazırlanmış, boz və qara rəngli, cilalanmış, ya da cilasız qablar daxildir. Onlar
həndəsi motivli, ağ maddə doldurulmuş qazma ornamentlə naxışlanmışdır.
Bəzəmələr arasında stilizə edilmiş heyvan fiqurları da vardır.
İkinci qrupa daxil olan qablar, dulus dəzgahında hazırlanmış, boz, boz-sarı
və çəhrayı rəngli keramika ilə təmsil olunmuşdur. Bu qrup üçün təkqulplu,
uzunboğaz küpə tipli qablar xarakterikdir. Gil qablar, başlıca olaraq, cızma
xətlər, bəzən isə basma ornamentlə naxışlanmışdır. Bu qrupa hündürdayaqlı
qablar da daxildir.
Üçüncü qrup keramikanın xarakterik cəhəti, gil qabların xaricdən
parıldayanadək cilalanması və konnelyur ornamentlə naxışlanmasıdır.
Gəncəçay zonasının qəbir abidələri üçün, başlıca olaraq, birinci qrup
keramika xarakterikdir. Onlar boz-qara rəngli, cilalanmış, cızma naxışlı və ağ
inkrustasiyalı qablarla təmsil edilmişdir. Bu abidələrdən aşkar olunan ikinci qrup
keramika sarı-boz və qonur rəngli olması ilə fərqlənir. Nazik divarlı, lakin
möhkəm olan gil məmulatının naxışlanmasında basma ornament və rəngdən də
istifadə edilmişdir. Onlar bəzən qırmızı və qara rənglə başdan-başa boyanmışdır.
Yüksək keyfiyyətli bişirilmiş, konnelyur ornamentli keramikaya bu zonada az
217
rastlanmışdır. Qarabağ və Gədəbəy qrupunun qəbir abidələrində hər üç qrup aid
qablar aşkar olunmuşdur. Lakin burada ikinci qrupa aid gil qablar üstünlük təşkil
etdiyi halda, birinci qrup qablar azdır.
Yaşayış yerlərinin keramikası qəbir abidələrinin materiallarından müxtəlif
formalı qabların olması və ikinci qrup keramikanın üstünlük təşkil etməsi ilə
fərqlənir.
Hər qrupa daxil olan keramika özünəməxsus formaya malikdir. Birinci
qrup keramika üçün müxtəlif formalı kasalar, piyalələr, çölməklər və küpələr
xarakterikdir.
İkinci qrupa daxil olan keramika birincidən gilinin rənginə, hazırlan-
masına, forma və ornamentinə görə fərqlənir. Bu qrupa daxil olan qabların
əksəriyyəti bikonik və silindrik-konik formalı kasalardan və küpələrdən ibarətdir.
Kasaların hamısı yüksək keyfiyyətli gildən dulus çarxında hazırlanmış, üzərləri
yaxşı cilalanmışdır. Gil qablar qara və qırmızı rəngli zolaqlarla naxışlanmışdır.
Bu tip kasalar Gəncəçay rayonunda və Gədəbəy qrupunun arxeoloji
abidələrindən aşkar olunmuşdur.
Üçüncü qrup keramika az miqdarda tapılmışdır. Başlıca olaraq yüksək
keyfiyyətli bişirilmiş bu qablar, qara rəngdə yaxşı cilalanmışdır. Onlar yuvarlaq
gövdəli, uzunsov oturacaqlı, bəzən isə hündürayaqlıdır. Gövdəsinin konnelyur
ornamentlə naxışlanması, zoomorf qulplarla birlikdə onlara xüsusi gözəllik verir.
Arxeoloji abidələrdən aşkar olunan keramika məmulatının təhlili göstərir
ki, onlar gilinin tərkibinə, keyfiyyətinə, rənginə və hazırlanma texnikasına görə
bir-birindən fərqlənən üç qrupa bölünür. Keramikanın tipoloji təsnifatı
formalarda meydana gələn xronoloji dəyişikliyi izləməyə də imkan verir.
Araşdırmalar göstərir ki, Gəncəçay rayonunda yayılan keramikanın
xarakterik xüsusiyyətlərindən biri qabların naxışlanmasında ağ inkrustasiyanın
istifadə olunmasıdır. Arxeoloji araşdırmalar, Xocalı-Gədəbəy mədəniyyəti
çərçivəsində bu tip qabların, başlıca olaraq, Gəncəçay vadisində və Xanlar
rayonunda geniş yayıldığını, digər rayonlarda isə az rastlandığını göstərir.
Ağ inkrustasiyalı keramikanın mənşəyinin müəyyən edilməsində, gil
qabların bəzəmə motivinin və naxışlanma texnikasının araşdırılması, olduqca
əhəmiyyətlidir. Bu tip qabların naxışları
həndəsi ornamentlərin
kompozisiyalardan ibarətdir. Bəzi qabların yalnız çiyin hissəsi, digərlərinin isə
bütün gövdəsi naxışlanmışdır. Bu keramikanın xarakterik cəhətlərindən biri də
həndəsi ornamentlə bərabər insan, heyvan və quş rəsmlərindən istifadə
edilməsidir.
Heyvan rəsmləri arasında maral, keçi, it, quş, bəzi hallarda qaban və zubr
təsvirlərinə rast gəlinir. Qeyd etmək lazımdır ki, təsvir edilən heyvan rəsmləri
həndəsi fiqurların birləşdirilməsi ilə yaradılmışdır. Lakin bəzən real təsvirlər də
meydana çıxır.
Daha çox rastlanan quş rəsmləri də həndəsi fiqurların birləşdirilməsi ilə
yaradılmışdır. Başlıca olaraq suda üzən qaz və qu quşları təsvir edilmişdir.
Dostları ilə paylaş: |