208
həyatında meydana gələn dəyişikliklər və xarici işğal təhlükəsi ilə bağlı
olmuşdur.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Son Tunc dövrü arxeoloji
abidələrinin bir qismi Orta Tunc dövrü abidələrinin üzərində salınmışdır. Qeyd
olunduğu kimi, bu yaşayış yerləri əkinçilik və maldarlıq üçün əlverişli
mövqelərdə olmuşdur. Onların əksəriyyətinin mövqeyi strateji cəhətdən də
əlverişlidir. Bu baxımdan, Naxçıvan qrupuna daxil olan Qalacıq və Şahtaxtı
yaşayış yerlərinin ərazisi, bütün Şərur düzünü və Araz vadisini nəzarətdə
saxlamağa imkan verir. Son Tunc dövründə tayfalararası ziddiyyətlərin, xarici
basqın təhlükəsinin çoxaldığı bir zamanda, bu yaşayış yerlərinin əhəmiyyəti daha
da artmışdır.
Qeyd olunduğu kimi, bu dövrdə daimi yaşayış yerləri ilə bərabər,
yarımköçəri maldarlığın inkişafını təmin edən mövsümi yaşayış yerləri də
meydana çıxmışdır. Bu yaşayış yerlərinin hamısı çay kənarlarında, su
mənbələrinin və ticarət yollarının nəzarətdə saxlanılması üçün əlverişli
mövqelərdə yerləşmişdir. Naxçıvanda bu tip abidələr sırasına Şamlar, Qarnıyarıq,
Külüs, Kükü və b. yaşayış yerləri aiddir.
Gəncəçay rayonunun yaşayış yerləri ovalıqda, strateji cəhətdən ətraf
əraziyə hakim mövqelərdə salınmışdır. Bu ərazidə 1 №-li yaşayış yerinin əlverişli
mövqeyi, ondan uzun müddət yaşayış məntəqəsi kimi istifadə olunmasına şərait
yaratmışdır. Qeyd edilməlidir ki, Gəncəçay rayonunda yaşayış yerlərinin azlığı
və mədəni təbəqənin cüzi yığılması, bu dövrdə həyatın yarımköçəri maldarlığa
əsaslanması ilə bağlı olmuşdur. Dağlıq və ovalıq zonanın qovşağında yerləşən bu
ərazi yarımköçəri maldarlıq və əkinçilik üçün olduqca əlverişli olmuşdur.
Qazax rayonunda yerləşən yaşayış yerləri də təbii və strateji mövqedə
olmaları ilə fərqlənirlər. Bu ərazinin əkinçilik və yarımköçəri maldarlıq üçün
əlverişli olması, şübhəsiz ki, qədim insanların diqqətini çəkmişdir. Ağstafaçay
vadisində olan münbit torpaqlar və yaxınlığındakı bol otlaqlar Son Tunc dövrü
insanlarının oturaq və yarımköçəri həyat tərzini təmin etmək baxımından əlverişli
olmuşdur. Bu ərazidə digər ərazilərə nisbətən yaşayış yerlərinin daha çox qeydə
alınması bununla bağlıdır.
Əsasən e.ə. II minilliyin ikinci yarısı ilə tarixləndirilən müdafiə tikintiləri
topoqrafik baxımdan diqqəti cəlb edir. Qeyd edildiyi kimi, bu dövrdə müdafiə
istehkamlarının bir qrupundan yaşayış yeri kimi istifadə
olunmuşdur. Naxçıvan abidələrində Orta Tunc dövründə inşa edilmiş müdafiə
divarları, ehtimal ki, Son Tunc dövründə də bərpa edilərək istifadə edilmişdir.
Qalacıq, Şahtaxtı, II Kültəpə belə yaşayış yerlərinə aid edilə bilər. Şübhəsiz ki,
bu dövrdə ətrafı möhkəmləndirilmiş yaşayış yerləri müdafiə baxımından əlverişli
olmadığından, təbii cəhətdən müdafiə olunan yüksək dağlıq zonalarda qalalar
salınmışdır. Naxçıvanda Çalxanqala, Vayxır qalası və Qazançıqala belə
209
abidələrdəndir. Onlar arasında Çalxanqala təbii mövqeyinə görə
fərqlənməkdədir.
Çalxanqala təbii qayalıq üzərində, həm də düşmən gözündən uzaq bir
mövqedə salınmışdır. Odur ki, müdafiə baxımından olduqca əlverişlidir. Belə ki,
düşmənə birbaşa qalaya hücum etmək imkanı verilməmişdir. Qalanın giriş yolu
dik yamaclar və qayalıqlardan keçdiyindən, düşmənin hücumunu xeyli
çətinləşdirir. Lakin qalanın içərisində yaşayış binasına aid tikinti qalıqları
olduqca azdır. Onun mərkəzi hissəsində mədəni təbəqəyə və arxeoloji
materiallara rast gəlinmir. Qalanın yerləşdiyi ərazi bütün Cəhri çayı vadisini
nəzərdə saxlamağa və hücum təhlükəsinin qarşısını almağa imkan verir.
Naxçıvançayın sol sahilində, təbii qayalıq üzərində yerləşən Vayxır qalası
da olduqca əlverişli mövqedədir. Naxçıvançay vadisindən qalanın mövqeyi
alınmazdır. Bu istiqamətdə qala təbii cəhətdən müdafiə olunduğundan, divar
çəkilməmişdir. Divarlar qalanın dağ silsiləsinə birləşən və zəif müdafiə olunan
hissələrindəndir. Bu prinsiplə tikilən qala, düşmən gözündən yayınmağa və bütün
çay vadisini nəzarətdə saxlamağa imkan verir. Çalxanqalada olduğu kimi, burada
da, qalanın içərisində yaşayış binasının qalıqlarına rast gəlinməmişdir. Arxeoloji
materiallar, yalnız forma verməyən gil qab parçalarından ibarətdir. Arxeoloji
materialların azlığı və yaşayış binasının olmaması, qaladan düşmən hücumları
zamanı sığınacaq məqsədi ilə istifadə olunduğunu göstərir.
Qazançı qalasının yerləşdiyi ərazi təbii baxımdan Vayxır qalasına bənzəsə
də, o daha əlverişli mövqeyə malikdir. İki çayın qovşağında, təbii cəhətdən
müdafiə olunan mövqedə yerləşən qala, əlavə olaraq müdafiə divarları ilə
möhkəmləndirilmişdir. Burada arxeoloji materiallara digər qalalara nisbətən daha
çox rastlanır. Lakin qalanın içərisində yaşayış binaları azdır. Qala divarlarının
tikinti texnikasında olan müxtəliflik, onların ayrı-ayrı dövrlərdə tikildiyini və
bərpa edildiyini göstərir. Qalanın olduqca böyük sahəni əhatə etməsindən
görünür ki, buradan yalnız yerli əhalinin deyil, həm də heyvanların sığınması
üçün də istifadə edilmişdir.
Azərbaycanın şimal rayonlarında yerləşən siklop tikintiləri adlandırılan
qalalar, qeyd olunduğu kimi üç qrupa bölünürlər: yaşayış yeri kimi istifadə
olunanlar; müdafiə məqsədi ilə istifadə olunanlar; heyvanların sığınması və
saxlanması üçün istifadə olunanlar. Yaşayış yeri kimi istifadə olunan qalalar,
başlıca olaraq, strateji cəhətdən əlverişli mövqelərdə yerləşdirilmiş və müdafiə
divarı ilə əhatə olunmuşdur. İkinci və üçüncü qrupa daxil olan qalalar, təbii
baxımdan, dağların əlçatmaz, düşmən diqqətindən yayınan və alınması çətin olan
mövqelərdə yerləşdirilməklə, müdafiə divarı ilə də əhatə olunmuşdur. Hər üç tip
qalada müdafiə divarları yerin relyefinə uyğun inşa edilmişdir.
Son Tunc dövrünün yaşayış binaları və müdafiə tikintiləri inşa texnikasına
görə bir-birindən fərqlənir. Naxçıvan ərazisində yaşayış binaları yerüstü olmaqla
əsasən düzbucaqlı formada tikilmişdir. Binaların yalnız daş təməlləri salamat
qalmışdır. Onlar iki sıra çay daşı, ya da qaya parçalarından hörülərək, arası kiçik
Dostları ilə paylaş: |