201
Şəkil 92. Sarıtəpə yaşayış yerinin materialları
mədəniyyəti üçün xarakterik olan arxeoloji material vermişdir. Aşkar edilmiş
arxeoloji komplekslər dördkünc formalı evlər, təsərrüfat quyuları, təsərrüfat
küpləri, müxtəlif məişət əşyaları, gil möhürlər, manqallar, tuncdan ox ucluqları,
öküz heykəlciyi və dəmir məmulatından ibarət maddi-mədəniyyət nümunələri ilə
xarakterizə olunur.
Babadərviş qəbirləri. Babadərvişdə, IV yaşayış yerində Son Tunc və
Erkən Dəmir dövrünə aid dörd qəbir tədqiq edilmişdir. Qəbirlərdən tunc bilərzik,
müxtəlif qablar aşkar edilmişdir. Qəbirlər Q.S.İsmayılov və V.H.Əliyev
tərəfindən tədqiq olunmuşdur.
202
Töyrətəpə yaşayış yeri Qazax rayonunun Göyçəli kəndi yaxınlığındadır.
Çoxtəbəqəli yaşayış yerində Neolit, Eneolit və Tunc dövrünə aid mədəni təbəqə
aşkar edilmişdir. Töyrətəpənin üst mədəni təbəqəsi Xocalı-Gədəbəy mədəniyyəti
üçün xarakterik olan arxeoloji material vermişdir. Qazıntılar zamanı gillə
suvanmış toxuma divarlı tikinti qalıqları, dördkünc formalı qurğular, gil möhürlər
və müxtəlif formalı gil qablar aşkar olunmuşdur. Töyrətəpə yaşayış yerində rast
gəlinən keramika məmulatının bir qismi basma naxışlıdır.
Şamxor rayonunun Seyfallı kəndi yaxınlığındakı yaşayış yeri 1939- cu
ildə Y.İ.Hümmel tərəfindən kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir.
Tədqiqatlar nəticəsində dən daşları, obsidian alətlər və qara rəngli gil qab
parçaları aşkar olunmuşdur. Yaşayış yeri e.ə. II minilliyin sonu, I minilliyin
əvvəllərinə aid edilir.
Yastıtəpə yaşayış yeri Qazax rayonunda, Ağstafa dəmiryol stansiyasından
1 km şimal-qərbdə, çox da hündür olmayan təpə üzərində yerləşir. 1957-1961-ci
illərdə burada aparılan arxeoloji tədqiqatlar zamanı xeyli miqdarda gil qab
parçaları, dən daşları, gil möhürlər və təsərrüfat küpələrinin qalıqları əldə
edilmişdir. Yastıtəpə yaşayış yerinin boz və qara rəngli keramikası Xocalı-
Gədəbəy mədəniyyəti üçün xarakterikdir. Aşkar olunmuş arxeoloji materiallar
əsasında, yaşayış yeri e.ə. I minilliyin əvvəllərinə aid edilmişdir.
Qazax rayonu ərazisində yuxarıda göstərilən yaşayış yerlərindən başqa
Nadirbəytəpəsi, Göyərçintəpə, Arançıtəpələri və s. abidələr də qeydə alınmış,
lakin, Nadirbəytəpəsi istisna olmaqla, qalanları arxeoloji tədqiqatlarla geniş
öyrənilməmişdir.
Gədəbəy bölgəsinin arxeoloji abidələrinin bir qismi qəbir abidələri ilə
təmsil olunmuşdur. Onlar, başlıca olaraq, kurqanlar və daş qutularla təmsil olun-
muşdur. Kurqanlara Xaçbulaq və Bayan kəndi yaxınlığında rast gəlinmişdir.
Xaçbulaq kurqanları Daşkəsən rayonunda, Qoşqarçayın yuxarısında
yerləşir. H.P.Kəsəmənli bu kurqanları 3 qrupa bölür: 1. Kollektiv dəfnlərlə
xarakterizə olunan kurqanlar; 2. Tək qəbirli kurqanlar; 3. Ağac örtüklü kurqanlar.
1960-cı ildən başlayaraq arxeoloq H.P.Kəsəmənli tərəfindən kollektiv dəfnlərlə
müşayiət olunan kurqanların bir qismi tədqiq edilmişdir.
1 №-li kurqanın hündürlüyü 3,05 m olmuşdur. Kurqan əsasən torpaqdan
düzəldilmişdir. Burada 37 qəbir aşkar olunmuşdur. Onların əksəriyyəti daş qutu
tipli olmuşdur. Bütün bu qəbirlər Son Tunc dövrünə- e.ə. XIII-XII əsrlərə aid
edilmişdir.
2 №-li kurqan Qoşqarçayın sağ sahilində, 1 №-li kurqandan 100 m
cənubda yerləşir. Burada 1962-ci ildə qazıntı işləri aparılmışdır. Kurqanın
diametri 15, hündürlüyü 1,55 m olmuşdur. E.ə. XIII-XII əsrlərə aid edilən
kurqandan 9 qəbir aşkar edilmişdir ki, onlardan da 7-si daş qutu tipli olmuşdur.
203
Şəkil 93. Xaçbulaq daş qutularının materialları
3 №-li kurqanın diametri 15, hündürlüyü 1,6 m olmuşdur. Kurqan
«Pristavlıq» adlanan ərazidə aşkar olunmuşdur. Bu kurqan da e.ə. XIII-XII
əsrlərə aid edilmişdir. Kurqan üçün kollektiv dəfn xarakterik olmuşdur.
4 №-li kurqan 1901-ci ildə E.A.Resler tərəfindən tədqiq olunmuşdur.
Qora-Persaqa adlanan kurqan Qoşqarçayın sağ sahilində, Bayan kəndinin
cənubunda yerləşir. Kurqanın altında olan 18 qəbirdən 15-i daş qutu tipli
olmuşdur. Daş qutuların hamısı qapaq daşları ilə örtülmüşdür. Qəbirlərin
bəzisinin dibinə ağ rəngli gil, bəzisinə isə çınqıl döşənmişdir. Daş qutuların
içərisi qumla doldurulmuşdur. Buradakı 2 №-li qəbirdə yanmış sümük, kül və
204
kömürlə dolu olan gil qaba (urna) rast gəlinmişdir. Skeletlər bükülü vəziyyətdə,
böyrü üstə, ya da üzü üstə basdırılmışdır.
Xaçbulaq kəndinin ətrafında «Çoban Abdulla yurdu» adlanan ərazidə
diametri 15-20, hündürlüyü 1,5-2,5 metr olan qrup halında kurqanlar yerləşir.
Onlardan birində aparılan qazıntılar zamanı 2 daş qutu qəbirdə sağ böyrü üstə
uzadılmış, bükülü vəziyyətdə olan skeletlər və arxeoloji materiallar aşkar
olunmuşdur. Kurqan e.ə. XII-XI əsrlərə aid edilmişdir.
H.P.Kəsəmənli tərəfindən ikinci qrupa aid edilən, tək dəfnlə xarakterizə
olunan kurqanlara Xaçbulaq, Çovdar, Seyidkənd və Balçılıda rast gəlinmişdir.
Bu qrupa aid kurqanlar E.A.Resler və İ.М.Cəfərzadə tərəfindən tədqiq
edilmişdir. 1938-ci ildə İ.М.Cəfərzadə tərəfindən 2 kurqan öyrənilmişdir.
Daşkəsən rayonunun Seyidkənd yaxınlığında olan kurqanların daş qutuları
böyük sal daşlardan qurulmuşdur. Burada 1901-ci ildə E.A.Resler tərəfindən tək
dəfnlərlə xarakterizə olunan 4 kurqan öyrənilmişdir. Onların üçü daş qutu tipli,
biri ağac örtüklü torpaq qəbir olmuşdur. E.A.Resler qeyd edir ki, bu qəbirlər xalq
arasında «qəbri-ur-rus» (nəhənglər qəbiri) adlanır. O, bu ərazidə bir neçə belə
«nəhənglər» qəbrinə rast gəldiyini yazır. Daş qutuların ikisinin döşəməsinə də
daş piltələr döşənmişdir. Seyidkənd kurqanlarında oturmuş vəziyyətdə skeletlər
də aşkar olunmuşdur. Seyidkənd daş qutularının Xocalı-Gədəbəy mədəniyyəti
üçün xarikterik olan keramikası qara rəngli, gövdəsinin yuxarısında böyük
novlarla naxışlanan, qaba hazırlanmış qablardan ibarətdir.
Balçılıda 1901-ci ildə E.A.Resler tərəfindən tək qəbirlərlə xarakterizə
edilən bir neçə kurqan qeydə alınmışdır ki, onlardan da üçü tədqiq edilmişdir.
Birinci kurqanın hündürlüyü 2,75, ikincininki isə 2,10 metr, birinci kurqandakı
qəbrin uzunluğu 2,74, eni 1,00, dərinliyi 1,66 metr olmuşdur.
E.A.Resler apardığı tədqiqatlardan belə nəticəyə gəlinmişdir ki,
kurqanların ən aşağı hissəsində - əsas qəbirdə ölən adamın atı, silahı, qəbir
avadanlığı ilə, ondan üst qatda vəhşi və ev heyvanları, öz sahibkarına qulluq edən
qullar dəfn edilmişdir. Yuxarı qatda tonqal yandırılmış, oraya daş tökülmüş və
kurqan düzəldilmişdir.
Xaçbulaq kurqanlarının materialları Gədəbəy və Gəncəçay zonasında gil
məmulatının formasında mövcud olan ümumiliyi müəyyən etməyə imkan verir.
Daşkəsən nekropolunun daş qutu tipli qəbirləri bir sıra xüsusiyyətləri ilə
fərqlənir. Burada uzadılmış vəziyyətdə dəfn adətindən tutmuş, kəllənin altına
kasa qoyulmasına, kollektiv dəfn, kəlləsiz dəfn etməyə qədər müxtəlif dəfnlərə,
həmçinin küllə doldurulmuş qablara-urnalara da rast gəlinmişdir. Dəfn edilmiş
skeletlərin bəzisi qeyri-adi böyüklükdə (uzunluğu 2,13 m) və uzunbaşlı
olmuşdur. Qəbirlərdən boz rəngli, konnelyur naxışlı və sadə qablar aşkar
olunmuşdur.
Dostları ilə paylaş: |