191
parçaları, tuncdan hazırlanmış bəzək əşyaları,
xeyli miqdarda muncuq aşkar
olunmuşdur. Мuncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər
də vardır.
Naxçıvan mədəniyyəti ilə bənzər olan Son Tunc və Erkən Dəmir dövrünə
aid maddi-mədəniyyət qalıqları Zəngəzurda və Urmiya hövzəsində də qeydə
alınmışdır. Haftavantəpənin
beşinci və dördüncü, Göytəpənin
B və A,
Qordlartəpənin
«üst» təbəqələri bu dövrə aid material vermişdir.
Urmiya
hövzəsinin arxeoloji abidələrindən aşkar olunan materiallar tipoloji cəhətdən
Naxçıvan materialları ilə yaxındır.
Son Tunc və Erkən Dəmir dövründə Naxçıvan-Urmiya qrupunun arxeoloji
abidələrində mədəni təbəqə əvvəlki dövrlərə nisbətən az yığılmış, yaxud heç
yığılmamışdır. Bu dövrdə, yaşayış yerləri məlum olmayan nekropollar ortaya
çıxır. Şübhəsiz ki, bu faktlar həmin dövrdə həyatın köçəri maldarlıqla bağlanması
ilə əlaqədar olmuşdur.
Xocalı-Gədəbəy mədəniyyətinin arxeoloji abidələri. Azərbaycanda Son
Tunc
və Erkən Dəmir dövrü abidələrinin
böyük bir qismi Xocalı-Gədəbəy
mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin
dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay
vadisindəki 1 №- li yaşayış yeridir.
Şəkil 87. Xanlar rayonu. 1 № - li yaşayış yerinin planı
Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində
yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır.
Burada aşkar olunan
evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir.
Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif
192
mərhələlərində istifadə olunmuşdur. Son Tunc dövründə istifadə olunan 58 №- li
ev arakəsmə divarla dörd hissəyə bölünmüşdür. Binanın şərq divarında 1-ci və 4-
cü otağa açılan qapı yeri müəyyən edilmişdir. Digər otaqların qapı yeri aşkar
olunmamışdır. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olmuşdur. Bu
yaşayış yerində Son Tunc dövrünə aid binaların əksəriyyəti kiçik həcmli
yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq
edilmişdir. Yaşayış yerindəki 54 №- li evin qarşısında çay daşları ilə hasarlanmış
böyük həyətin olduğu müəyyən edilmişdir. Evlərin tikintisində çay daşlarından
istifadə olunmuşdur. Tikinti zamanı balıqbeli texnikası tətbiq edilmişdir. Bu
texnikadan
Azərbaycanda, o cümlədən Gəncə və Naxçıvanda geniş istifadə
edilmişdir.
Evlərin divarı müxtəlif qalınlıqdadır. Bəzən torpağın bərk olduğu yerlərdə
divarlarda daş hörgüdən istifadə edilməmişdir. 55 və 56 №- li evlərin qərb
divarlarında daş hörgü yoxdur. Evlərin divarı və döşəməsi ağ gillə suvanmışdır.
Qapı yerləri, başlıca olaraq, döşəmə səviyyəsində, bəzən isə ondan bir qədər
yuxarıda qoyulmuşdur. Qapı girişlərinin eni 1 m-dir.
Həcmcə böyük olan
evlərdən biri arakəsmə divarla iki hissəyə bölünmüşdür. Bu evdə qapı yerinə rast
gəlinməmişdir.
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən tədqiq edilən 2 №-li yaşayış
yeri Lüləli dərəsində yerləşir. O, 1 №-li yaşayış yerinin yaxınlığındadır. Bu
yaşayış yerindəki binaları yer səthində olan əlamətlərinə görə müəyyən etmək
mümkün olmuşdur. Onlar düzbucaqlı, ya da dairəvi formalı olub, yarımqazma
tiplidir. 1 №- li yaşayış yerindən fərqli olaraq, evlərin divarları daş hörgü ilə
möhkəmləndirilməmişdir. Burada qeydə alınan yüzə yaxın evdən yalnız beşi
təmizlənib, öyrənilmişdir. Evlərin içərisində kül və kömürlə dolmuş ocaq yerləri,
divarlar boyunca yerləşən dirək oyuqları aşkar olunmuşdur. Evlərdən aşkar
olunan materiallar heyvan sümüklərindən, qara rəngli gil qab parçalarından
ibarətdir. Gil qablar arasında ağ inkrustasiyalı olanlar da vardır.
1 №- li yaşayış yeri 2 №- li yaşayış yeri ilə müqayisədə arxeoloji
materiallarla daha zəngindir.
Buradan tunc, sümük, əqiq, pasta və b.
materiallardan hazırlanmış bəzək əşyaları, tunc bıçaqlar, gil qablar aşkar
olunmuşdur. Aşkar olunmuş arxeoloji materialların əksəriyyətini keramika təşkil
edir. Gil qablar arasında, çiynində göbələkşəkilli çıxıntılara və qulp bənzər
çıxıntılara rast gəlinir. Qablar forma və hazırlanma texnikasına görə müxtəlifdir.
Aşkar olunmuş materiallar 1 №- li yaşayış yerini e.ə. II minilliyin sonu və I
minilliyin əvvəlinə aid etməyə imkan verir.
Мingəçevirdəki 1 №- li yaşayış yeri
Kür çayının sağ sahilində yerləşir.
Aparılan tədqiqatlar zamanı 10-a yaxın yaşayış binasının qalığı öyrənilmişdir.
Buradakı yarımqazma tipli binalar düzbucaqlı planda olub, ikiotaqlıdır. Binaların
divarları və döşəməsi saman qatılmış palçıqla suvanmışdır.
193
Araşdırmalar göstərir ki, 1 №-li yaşayış yeri yanğın nəticəsində sıradan
çıxmışdır. Tədqiqatlar zamanı evlərin içərisindən kül yığınları,
heyvan
sümükləri, gil qab parçaları aşkar edilmişdir.
Şəkil 88. Xanlar kurqanlarının keramikası
Мingəçevir kurqanları
həcmcə müxtəlifdir. Tək dəfnlərlə xarakterizə
edilən kurqanlardan tunc xəncərlər, ox ucları, at yüyənləri, hərbi baltalar, yabalar,
zərif naxışlı qolbaqlar, sırğalar, düymələr və digər tunc əşyalar əldə edilmişdir.
Aşkar edilən gil məmulatı Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Zəngin qəbir avadanlığı və at skeleti ilə müşayiət olunan kurqanların tayfa
başçılarına aid olduğu güman edilir.
Мingəçevirdə tədqiq edilən torpaq qəbirlər üçün sağ, ya
da sol böyürü
üstə, bükülü vəziyyətdə dəfn edilən skeletlər xarakterikdir. Bu qəbirlərdən aşkar
olunan arxeoloji materiallar Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Boz və qara
rəngdə bişirilmiş gil qabların üzəri həndəsi motivdə bəzənmiş, naxışların içərisi