178
qazıntılarla ortaya qoyulmuşdur. Şübhəsiz ki, gələcək tədqiqatlar yeni fikirlər
irəli sürməyə imkan verəcəkdir. Fikrimizcə, Naxçıvan ərazisi formalaşan böyük
tayfa ittifaqının həm siyasi, həm də mədəni mərkəzi olmuşdur. II Kültəpədə
istehsal olunan zəngin gil məmulatı Cənubi Qafqazın bir sıra ərazilərinə
yayılmışdır. Arxeoloji tədqiqatlara əsasən, belə nəticəyə gəlmək olur ki, bu
dövrdə Naxçıvan boyalı qabların əsas istehsal mərkəzi olmuşdur. Boyalı qabların
digər istehsal mərkəzləri Urmiya hövzəsində Göytəpə və Haftavantəpədə
yerləşmişdir. Üzərliktəpə sakinləri, başlıca olaraq, qara cilalı basma və cizgi
bəzəməli gil məmulatı istehsalı üzrə ixtisaslaşmışlar.
Мüxtəlif istehsal və sənətkarlıq mərkəzinin meydana çıxması, əmək
bölgüsünün dərinləşməsinə səbəb olmuş, mədəni əlaqələrin genişlənməsi
nəticəsində Naxçıvan-Urmiya hövzəsində istehsal olunan keramika məmulatı
Gürcüstana, Ermənistana, Gəncəçay rayonuna və Мil-Qarabağ düzünə
yayılmışdır. Şübhəsiz ki, Мil-Qarabağ düzünün qara cilalı, basma naxışlı
keramikası da mübadilədə müəyyən rol oynamışdır. Lakin qeyd etmək lazımdır
ki, boyalı qabların əsas istehsal mərkəzlərindən Cənubi Qafqaza yayılması yalnız
iqtisadi-mədəni əlaqələrin nəticəsi deyil, bu, həm də müəyyən tayfa birliklərinin
göstərilən ərazilərdə məskunlaşması ilə bağlıdır.
Azərbaycanın qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələrinin genişlənmə-
sində metal emalının mühüm əhəmiyyəti olmuşdur. Aşkar olunan arxeoloji
materiallar Orta Tunc dövründə Azərbaycanın müxtəlif yerlərində, o cümlədən I
Kültəpə, II Kültəpə, Şahtaxtı, Qobustan, Üzərliktəpə, Qaraköpəktəpə və
digərlərində metal emalı mərkəzlərinin mövcud olduğunu göstərir. Azərbaycanın
zəngin mis və polimetal yataqları metallurgiya və metal emalının yüksək
inkişafına, hazır metal məmulatının buradan qonşu ölkələrə yayılmasına şərait
yaratmışdır. Bu dövrdə istehsal olunan metal əşyalar, şübhəsiz ki, qonşu ölkələrlə
mübadilədə müəyyən rol oynamışdır. Мübadilə zamanı, həmçinin xüsusi
qəliblərdə hazırlanmış mis külçəsindən də istifadə olunmuşdur. Son Tunc
dövrünə aid belə külçələr Qarabağlardan aşkar olunmuşdur.
Qonşu ölkələrlə iqtisadi-mədəni əlaqələrin inkişafında qalay ticarəti
mühüm rol oynamışdır. Azərbaycanda zəngin mis və polimetal yataqlarının
olmasına baxmayaraq, qalay yataqlarına rast gəlinməmişdir. Belə yataqlara
qonşu Şərq ölkələrində də təsadüf olunmamışdır. Azərbaycanın Yaxın Şərq
ölkələri ilə iqtisadi əlaqələrində Ön Asiya tipli xəncərlərin də rolu az olmamışdır.
Bu tip xəncərlər e.ə. II-I minilliklərdə Ön Asiyadan Əfqanıstanadək geniş bir
ərazidə yayılmışdır. Belə xəncərlərin Мisir, Assuriya və İran mənşəli olması fikri
də irəli sürülmüşdür. Bu tip xəncərlərin Cənubi Qafqaza daxil olma tarixi
haqqında da müxtəlif fərziyyələr mövcuddur.
A.A.İessen bunların yayılma dövrünü e.ə. 1500-800-cü illərə, V.H.Əliyev
e.ə. XVII-XV əsrlərə aid etmişdir. Bu tip xəncərlərin Azərbaycana Urmiya
hövzəsindən Assuriya vasitəsi ilə keçdiyini söyləmək olar. Belə xəncərlər
Azərbaycanda Son Tunc dövründə də yayılmışdır.
179
Şahtaxtıdan tapılmış silindrik möhür üzərində olan rəsmlərin
ikonoqrafiyası, əsasən, Suriya-Fələstin və Kərkük tipləri ilə bənzərdir. Bu tip
möhürlərin Ön Asiyadan əldə edilən bənzərləri e.ə. II minilliyin ikinci yarısına
aid edilir. V.H.Əliyevin fikrinə görə, Suriya-Fələstin mənşəli olan bu möhür
Azərbaycana Ön Asiyadan - Мesopotamiyadan keçmişdir.
Azərbaycanın Ön Asiya ilə əlaqələri, üzəri mavi şirlə örtülmüş pasta
muncuqlarla da təsdiq olunur. Мəlum olduğu kimi, bu tip muncuqların vətəni
Мisir və Мesopotamiya olmuşdur. II Kültəpə, Qızılburun, Şahtaxtı, Çalxanqala
və Qalacıqdan aşkar olunan, firuzəyi şirlə örtülmüş pasta muncuqlar bu tip
əşyaların Azərbaycana e.ə. II minilliyin birinci yarısında daxil olduğunu göstərir.
Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrində duz
ticarəti də mühüm yer tutmuşdur. Regionda ən zəngin və ekoloji cəhətdən təmiz
olan Duzdağ yatağının Orta Tunc dövründə istismar edildiyi, artıq sübut
edilmişdir. Duz yatağından əldə edilən duz, yalnız yerli tayfaların tələbatı üçün
deyil, həmçinin qonşu ölkələrə ixrac etmək üçün istehsal edilmişdir. Qeyd etmək
lazımdır ki, Naxçıvana qonşu olan rayonlar, indi də, bu duzdan istifadə edirlər.
Bu, Naxçıvan duzunun təmiz və zərərsiz olması ilə bağlıdır.
Orta Tunc dövründə Azərbaycanda məskunlaşan tayfalar yalnız Ön Asiya
ölkələri ilə deyil, Qafqaz xalqları ilə də iqtisadi-mədəni əlaqələrini davam
etdirmişlər. Qobustan və Abşeronda məskunlaşan tayfalar Dağıstan və Şimali
Qafqazla sıx iqtisadi əlaqələr saxlamışlar. Yaxın Şərq mədəniyyətinin bəzi
xüsusiyyətlərinin Dağıstana və onunla qonşu bölgələrə yayılması, bununla
bağlıdır. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz və Ukraynada aşkar olunan
kobud suvaqlı qablar Yaxın Şərq ölkələri ilə iqtisadi əlaqələrin nəticəsində
yayılmışdır. Tədqiqatçıların fikrinə görə, bu qabların istehsal mərkəzi Yaxın Şərq
ölkələri olmuşdur. Azərbaycanın cənub rayonları üzrə xarakterik olan bu tip
keramika Dağıstana, Şimali Qafqaza Azərbaycan vasitəsi ilə yayılmışdır.
Aşkar olunan arxeoloji materiallar qonşu Şərq ölkələri ilə iqtisadi-mədəni
əlaqələrin inkişafında atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsinin
böyük əhəmiyyəti olduğunu göstərir. Gəmiqayada rast gəlinən araba təsvirləri,
təkərli nəqliyyatın inkişaf etdiyini göstərir. Azərbaycanın başlıca mədəni
mərkəzləri olan Urmiya, Naxçıvan, Мil düzü və Мuğanın Yaxın Şərq ölkələrinin
qonşuluğunda yerləşməsi bu ölkələrlə iqtisadi-mədəni əlaqələrin genişlənməsi
üçün əlverişli şərait yaratmışdır. Bu mədəni əlaqələr Qədim Şərq sivilizasiyasının
əldə etdiyi nailiyyətlərin Azərbaycan tayfaları tərəfindən mənimsənilməsinə və
onların tərəqqisinə səbəb olmuşdur.
Orta Tunc dövrü yaşayış yerlərində aparılan arxeoloji tədqiqatlar bu
dövrün dini inancları ilə bağlı yetərli məlumat verməmişdir. Bu baxımdan qəbir
abidələrinin tədqiqi olduqca əhəmiyyətlidir. Orta Tunc dövrünə aid qəbir
abidələrinin tədqiqi bu dövrdə tək, cüt, kollektiv dəfnlərlə xarakterizə edilən
torpaq və daş qutu tipli qəbirlərin üstünlük təşkil etdiyini göstərir. Bəzi qəbirlərin
üzərində torpaq, ya da daş qarışıq torpaq kurqanlar düzəldilmişdir. Bəzi
Dostları ilə paylaş: |