168
Qapıcıq zirvəsi dəniz səviyyəsindən 3905 m yüksəklikdədir. Dağın cənub
ətəyinə səpələnmiş metamorfizləşmiş tuf parçalarının təbii aşınma nəticəsində
hamarlanan səthinə qədim insanların həyat tərzini və düşüncəsini əks etdirən
təsvirlər çəkilmişdir. Gəmiqaya rəsmləri ilk dəfə 1969-cu ildə qeydə alınmışdır.
Şəkil 77. Мaral təsviri (Gəmiqaya)
1969-1971-ci illərdə Gəmiqayanın cənub ətəyində Qaranquş, Nəbiyurdu,
Camışölən yaylaqlarında, dəniz səviyyəsindən 3500-3700 m yüksəklikdə
V.H.Əliyev tərəfindən yüzlərlə qayaüstü şəkil aşkar olunmuşdur. 2001-2005-ci
illərdə aparılan araşdırmalar zamanı Gəmiqayada iki mindən artıq qayaüstü təsvir
qeydə alınmışdır. Qayaüstü rəsmlər arasında ov səhnələri, xüsusilə diqqəti cəlb
edir. Şəkillərin bir qrupunda kəməndlə, ya da torla tutulan dağ keçilərinin
təsvirləri verilmişdir. Cüt-cüt verilən dağ keçilərinin bir qrupu qarşı-qarşıya
yerləşdirilmişdir. Ola bilsin ki, bu, heyvanların döyüş səhnəsini əks etdirir.
Təsvirlər arasında vəhşi heyvanların (canavarın) keçilər üzərinə hücum səhnəsi
də vardır.
Qayaüstü rəsmlər arasında öküz, maral, pələng təsvirlərinə də rast gəlinir.
At, köpək və fantastik heyvanların ayrıca təsvirləri Gəmiqaya rəsmləri arasında
müəyyən yer tutur. Bəzi heyvanlar həndəsi fiqurların birləşdirilməsi ilə
yaradılmışdır. Belə təsvirlərə boyalı qablar üzərində də rast gəlinmişdir.
169
Şəkil 78. Gəmiqayada parçalama səhnəsinin təsviri
Gəmiqaya qayaüstü təsvirləri arasında insan rəsmləri mühüm yer tutur.
Onlar, başlıca olaraq, incə xətlərlə çəkilmiş siluet təsvirlərdən ibarətdir. Onların
başı yuvarlaq, ayaqları bir-birindən aralı, ya da dizdən bükülü halda, əlləri
yuxarıya qaldırılmış vəziyyətdə təsvir edilmişdir. Şəkillər arasında insan və keçi
təsvirləri, kollektiv ov səhnələri diqqəti cəlb edir. İnsanların başı üzərində təsvir
olunan keçi şəkilləri ehtimal ki, totemizmlə bağlıdır.
Şəkillərin bir qrupu kollektiv rəqs səhnələrindən ibarətdir. Bu səhnələrdən
birində başına buynuzlu maska taxan insan təsvirinə, digərində isə üçbarmaqlı
insan təsvirinə rastlanmışdır. Tədqiqatçılar bu təsvirləri qədim insanların mifoloji
təsəvvürləri ilə bağlayırlar.
Gəmiqayada, həmçinin ritual yallı rəqsinin təsvirinə də rastlanır. Мəlum
olduğu kimi, qoşa rəqs təsvirinə Qızılburundan tapılan polixrom boyalı qab
parçası üzərində də təsadüf olunmuşdur. Qeyd etmək lazımdır ki, Naxçıvan,
xüsusilə Şərur bölgəsi indi də müxtəlif yallı rəqsləri ilə tanınmaqdadır.
Gəmiqaya rəsmləri arasında araba təsvirləri, lövbər, üçdişli yaba, dairə və
göy cisimlərinin təsviri müəyyən yer tutur. Bəzən göy cisimləri heyvanlarla eyni
kompozisiyada verilmişdir. Şübhəsiz ki, bu təsvirlər qiymətli incəsənət
170
nümunələri olmaqla bərabər, həm də qədim insanların dünyagörüşünü, o
cümlədən mifologiyasını özündə əks etdirmişdir.
Azərbaycanın qayaüstü təsvirləri arasında Qobustan təsvirləri mühüm yer
tutur. Tunc dövründə qayaüstü rəsmlərin həcmi, əvvəlkilərə nisbətən kiçilmiş,
lakin heyvanların realist təsviri saxlanmışdır. Bu dövrdə ovçuluğun insanların
həyatında mühüm yer tutması, Qobustan təsvirlərində də əks olunmuşdur.
Qobustanda təsvir olunan piyada, ya da atlı ovçular ox və kaman, üçdişli yaba,
nizə və kəməndlə silahlanmışdır.
Qobustan qayalarında, Yazılıtəpə və Böyükdaşda e.ə. III-II minilliyə aid
edilən ov səhnələri realist, dinamik və ifadəli təsviri ilə fərqlənir. Burada,
həmçinin yüksək sənətkarlıqla təsvir edilmiş maral rəsmlərinə də rast gəlinir.
Qobustanda qeydə alınan insan fiqurları Gəmiqayada olduğu kimi
sxematikdir. Onlar anfasdan, ritual rəqs və hərəkət vəziyyətində təsvir edilmişdir.
Təsvirlər arasında iki kişinin mübarizəsi diqqəti cəlb edir. Böyükdaşda qaya
üzərində qazılan yallı rəqsi xüsusi yer tutur. Rəqs iki sırada yerləşdirilmiş
insanlar tərəfindən ifa edilir. Bu rəsmlər e.ə. III-II minilliyə aiddir. Qobustanda,
həmçinin e.ə. II minilliyə aid edilən köpək və şir rəsmləri də vardır.
Kəlbəcərdə qaya təsvirləri Zalxagöl, Qaragöl, Pəriçınqıl, Taxta,
Ayıçınqıllı, Lilpar, Gelinqaya və Sarımsaqdərəsində qeydə alınmışdır. Təsvir-
lərin bir qrupu Q.S.İsmayılov tərəfindən tədqiq olunmuşdur. Qaya təsvirləri
təsərrüfat-məişət və ritual xarakterlidir. Bu təsvirlərdə Azərbaycanın qədim
faunası öz əksini tapmışdır. Rəsmlər arasında araba təsvirləri, Göy cisimlərinin
təsvirləri və müxtəlif tamğalar da vardır. Təəssüf ki, Kəlbəcər təsvirləri geniş
şəkildə araşdırılaraq nəşr edilməmişdir.
Tunc dövrünə aid edilən qayaüstü rəsmlər qədim sənətkarların yüksək
bədii zövqünü, insanların dünyagörüşünü, məşğuliyyətini və ətraf mühiti əks
etdirməklə tariximizin öyrənilməsi üçün qiymətli mənbədir.
Orta Tunc dövrü mədəniyyətinin Cənubi Qafqaz və Yaxın Şərq
mədəniyyətləri arasında yeri və xronologiyası. Arxeoloji materialların
əksəriyyətini təşkil edən keramika məmulatı, Orta Tunc dövrü mədəniyyətinin
genezisi və xronologiyasının müəyyən edilməsi üçün olduqca əhəmiyyətlidir.
Yuxarıda qeyd olunduğu kimi, Orta Tunc dövrünün keramikası lokal
xüsusiyyətləri ilə fərqlənir. Keramika məmulatı, başlıca olaraq, iki böyük qrupa
ayrılır. Birinci qrupa çəhrayı rəngdə, yaxşı bişirilmiş boyalı, ikinciyə isə boz-qara
rəngli, basma və cizgi naxışlı qablar daxildir. Hər iki qrupa aid gil məmulatının
Azərbaycanda yayılma arealı, yuxarıda göstərilmişdir. Qeyd etmək lazımdır ki,
boz və qara rəngli keramikanın Kür-Araz mədəniyyəti əsasında formalaşdığı,
tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Orta Tunc dövrünün başlanğıc mərhələsi
üçün xarakterik olan forma və bəzəmə motivləri Kür-Araz mədəniyyətinin son
mərhələsində ortaya çıxmışdır. Boz və qara rəngli, cilalı keramika Orta Tunc
dövründə Cənubi Qafqazın və Azərbaycanın əksər hissəsini əhatə etmişdir.
Lakin, qeyd edildiyi kimi, nəinki Cənubi Qafqazda, hətta Azərbaycanda yayılan
Dostları ilə paylaş: |