160
rəngdə çəkilən kişi şəklinin qurşağı və papağı qırmızı rəngdədir. Onun bir əlində
qırmızı rəngli dəsmal vardır. Qadın şəkli qırmızı rəngdə təsvir edilmişdir. Onun
çiyni lələk şəkilli incə bəzəmələrlə naxışlanmışdır. İstər qadın, istərsə də kişi
rəsminin geyimi milli Azərbaycan geyimlərini xatırladır. Rəqs səhnəsi də
Azərbaycan və digər Şərq xalqları üçün xarakterikdir. Bəzi Qızılburun küpələri
iti uclu üçbucaqlar, toplu romblar və baş-başa yerləşdirilmiş qoşa üçbucaqlarla
naxışlanmışdır. Qeyd etmək lazımdır ki, qoşa üçbucaq motivinə, Cənubi
Qafqazın boyalı qabları içərisində olduqca az rastlanmışdır. Bu motivin
Qızılburun üçün xarakterik olduğunu söyləmək olar. Bu motivdə naxışlanmış
polixrom boyalı küpələr Göytəpənin D və C təbəqələrindən də aşkar olunmuşdur.
Şahtaxtının polixrom boyalı küpələrinin biri yüksək zövqlə, incə naxışlarla
bəzənmişdir. Onun gövdəsinin mərkəzi hissəsi qara rənglə çəkilmiş üfüqi xətlərlə
üç zolağa ayrılmışdır. Birinci zolaqda qara və qırmızı rənglərlə bir-birinin
ardında yerləşdirilmiş qu quşu təsvirləri verilmişdir. Orta qurşaqda dağ keçilərinə
hücum edən canavar, sxematik quş və ceyran təsvirləri də bir-birinin ardında
yerləşdirilmişdir. Şəkillərin arasında boş qalan sahə həndəsi motivdə
bəzədilmişdir. Üçüncü zolaqdakı naxışlar həndəsi motivdə olub, bitişik rombları
xatırladır. Bu küpənin bənzərinə indiyədək rastlanmamışdır.
II Kültəpədən aşkar olunan küpə tipli qabın gövdəsinin parçası orijinal
bəzəmə motivi ilə fərqlənir. Küpənin üzərindəki bəzəmələr olduqca mürəkkəb
kompozisiyada verilmişdir. Qabın gövdəsi qara rəngdə çəkilmiş enli xətlərlə üç
qurşağa bölünmüşdür. Birinci qurşaq enli qırmızı xətt bucaqşəkilli şəkillərlə
naxışlanmışdır. Naxışlar, başlıca olaraq, ikinci və üçüncü qurşaqda
yerləşdirilmişdir. İkinci qurşaqda vertikal xətlərlə məhdudlaşdırılan romblar,
rombların ətrafında realist və sxematik quş şəkilləri, vertikal xətlərin arasında isə
qırmızı və qara rənglə doldurulmuş romb düzümləri çəkilmişdir. Üçüncü qurşaq,
başlıca olaraq, romblarla doldurulmuş üçbucaq, baş-başa yerləşdirilmiş qoşa
torlu üçbucaqlarla naxışlanmış, üçbucaqların ətrafına quş rəsmləri çəkilmişdir.
Bu motivdə naxışlanmış polixrom boyalı küpəyə Göytəpənin D
təbəqəsindən də aşkar olunmuşdur. Onlar bəzəmə motivinə görə Naxçıvan boyalı
qabları ilə bənzərlik təşkil edirlər.
I Kültəpə, II Kültəpə, Göytəpə, Haftavantəpə, Şahtaxtı, Qızılburun və
Naxçıvan nekropolundan aşkar olunan polixrom boyalı küpələrin naxışları
həndəsi motivdədir.
Azərbaycanın cənub rayonlarında boyalı qablar dördüncü mərhələdə geniş
inkişaf tapmışdır. Bu dövr üçün xarakterik olan çayniktipli qablar diqqəti cəlb
edir. Tədqiqatçıların fikrinə görə, çayniktipli qablar Orta Tunc dövrünün ikinci
mərhələsində meydana gəlmişdir. Lakin Orta Tunc dövrünün sonunda bu tip
qablar Naxçıvanda geniş inkişaf tapmışdır. Boyalı çayniklər formaca boz rəngdə
olan, eyni tip qabları xatırladır. Onların ağzının kənarı xaricə qatlanmışdır.
Gövdəsi qabarıq olub, bikonik formalıdır. Bəzi çayniklərin lüləyinin əks
tərəfində deşikli, qulaqcıqşəkilli çıxıntılar vardır. Onların gövdəsinin yuxarı
161
hissəsi narıncı-sarı boya üzərinə, qırmızı və qara rənglə çəkilmiş xətlərlə
naxışlanmışdır.
Geniş yayılmış naxış motivlərindən biri də, qoşa qara xətlərin arasına
alınaraq, bir-birinin içərisində yerləşdirilmiş toplu üçbucaqlardır. Polixrom
boyalı, çaynik tipli qablar II Kültəpə, Şortəpə, Qızılburun, Şahtaxtı və Naxçıvan
nekropolundan məlumdur. Naxçıvan nekropolundan aşkar olunan çayniktipli
qabların biri hünüdürayaqlıdır. Qeyd etmək lazımdır ki, çayniktipli qablar
Naxçıvan üçün xarakterikdir. Bu tip qabların boyalılarına Azərbaycanın başqa
yerlərində indiyədək rast gəlinməmişdir. Onlar Son Tunc və Erkən Dəmir
dövründə geniş inkişaf etmiş, ehtimal ki, qonşu rayonlara da yayılmışdır.
Bu mərhələdə orijinal formaya malik, konusvari-qabarıq gövdəli, ağzının
kənarı iki yandan içəri batıq olan kasalar meydana çıxır. Bu tip qablar II Kültəpə
və Culfadan aşkar olunmuşdur. II Kültəpədən tapılmış kasanın üzəri yaxşı
sığallanmış, içəridən açıq çəhrayı, xaricdən sarı rənglə örtülmüşdür. Ağzının
kənarı qara rəngli üfüqi xətlə əhatələnmişdir. Gövdəsi torlu üçbucaqla
naxışlanmışdır. Culfadan aşkar olunmuş kasalar içəridən qırmızı, xaricdən sarı
rənglə örtülmüşdür. Onun gövdəsi torlu romblar, gövdəsinin yan tərəfləri isə qara
rənglə çəkilmiş üçbucaqlarla naxışlanmışdır. Oturacağı qara rənglə çəkilmiş
dördbucaq və üçbucaqlarla bərabər hissələrə bölünmüşdür.
Qeyd olunduğu kimi, Naxçıvan-Urmiya abidələrindən başqa, Azərbay-
canın digər yerlərində boyalı qablar çox az aşkar olunmuşdur. Boyalı qablar
Azərbaycanın digər rayonlarında forma verməyən parçalarla və az miqdarda
təmsil edildiyi üçün, Boyalı qablar mədəniyyətinin bütün mərhələləri təmsil
olunmamışdır. Cənubi Qafqazda, Gürcüstan ərazisində, əsasən, monoxrom boyalı
qablar yayılmışdır. Boyalı qablar mədəniyyətinin digər mərhələləri burada
izlənməmişdir. Odur ki, boyalı qabların başlıca istehsal mərkəzinin Naxçıvan-
Urmiya rayonunda yerləşdiyini söyləmək olar.
İkinci qrupa daxil etdiyimiz boz, bəzən isə qırmızı rəngli keramikaya
Azərbaycanın hər yerində rast gəlinmişdir. Belə keramika boyalı qabların geniş
yayıldığı Naxçıvan-Urmiya qrupunun abidələrindən də aşkar olunmuşdur. Lakin
Naxçıvan-Urmiya qrupundan fərqli olaraq, digər rayonlarda boz və qara rəngli
keramika gil məmulatının əsasını təşkil edir. Bu qrupa daxil olan keramikanın
əksəriyyəti Мil düzü, Quruçay və Köndələnçay vadisinin abidələrindən
tapılmışdır.
Bu qrupa daxil olan gil məmulatı hazırlanma texnikası və təyinatına görə
iki qrupa ayrıla bilər. Birinci qrup qalın divarlı mətbəx və təsərrüfat qablarından
ibarətdir. Bu tip qabların gilinə narın və iri qum qatılaraq, qeyri-bərabər
bişirilmişdir. Qabların divarları yüngülcə sığallanmışdır. Onlar çölmək, qazan,
küp tipli qablardan ibarətdir. Təsərrüfat və mətbəx qabları arasında, bəzən
çəhrayı rəngdə bişirilmiş qablara da rast gəlinir.
İkinci qrupa daxil olan keramika məmulatı yüksək keyfiyyətli bişirilmə və
naxışlanma kompozisiyasının mürəkkəbliyi ilə fərqlənir. Belə keramika, başlıca
Dostları ilə paylaş: |