158
liavis) sümükləri aşkar edilmişdir. Üzərliktəpənin heyvandarlığında başlıca yer
iribuynuzlu heyvanlara məxsus olmuş, burada yarımköçəri maldarlıq hökmran
mövqe tutmamışdır. Şübhəsiz ki, burada maldarlığın oturaq forması daha çox
inkişaf etmişdir.
Yaşayış yerlərindən aşkar olunan osteoloji materialların təhlili bu dövrdə
xırdabuynuzlu heyvanların üstünlük təşkil etdiyini göstərir. II Kültəpədə aparılan
tədqiqatlar zamanı qoyun (Ovis), keçi (Capra), inək, öküz (Bos taurus), donuz
(Sus domestika), at (Equs Caballus) sümükləri aşkar olunmuşdur.
Мaldarlığın inkişafı, əkinçiliyə nisbətən daha çox izafi məhsul əldə
edilməsinə, sərvətin müəyyən qrup adamların əlində toplanmasına imkan
yaratmışdır. Bu, son nəticədə əmlak bərabərsizliyinə gətirib çıxarmışdır. Tayfa
başçılarına aid zəngin qəbirlərin meydana çıxması, şübhəsiz ki, bununla bağlıdır.
Bu dövrdə heyvandarlığın müəyyən sahəsini də atçılıq təşkil etmişdir.
Мuğanda Əliköməktəpəsindən aşkar olunan at sümükləri, atın hələ Eneolit
dövründə əhliləşdirildiyini göstərir.
Üzərliktəpə, II Kültəpə və Şahtaxtıdan xeyli at sümüyünün aşkar olun-
ması, Qobustan rəsmlərində, Şahtaxtı və II Kültəpə boyalı qablarında atlı
təsvirləri olması atçılığın yüksək inkişaf səviyyəsində olduğunu və qədim
tayfaların həyatında mühüm rol oynadığını göstərir.
Arxeoloji tədqiqatlar zamanı aşkar olunan dulusçuluq emalatxanasının
qalıqları, dulus kürələri, gil qabların istehsalında tətbiq olunan əmək alətləri,
müxtəlif formalı və naxışlı gil qablar Orta Tunc dövründə dulusçuluğun
sənətkarlıqda başlıca sahələrindən biri olduğunu göstərir.
Azərbaycanın Orta Tunc dövrü abidələrindən aşkar olunan arxeoloji
materialların əksəriyyəti gil məmulatı ilə təmsil olunmuşdur. Gilinin rənginə,
tərkibinə və bəzəmə texnikasına görə, onları bir-birindən fərqlənən iki böyük
qrupa bölmək olar. Çəhrayı rəngdə bişirilmiş birinci qrup keramika məmulatı
üçün boyama bəzəmələr xarakterikdir. Bu tip keramika Azərbaycan
arxeologiyasında Boyalı qablar mədəniyyəti adı ilə tanınmışdır. İkinci qrup
keramika boz və qara rəngli, bəzən basma naxışlı qablarla xarakterizə olunur. Bu
tiplərin yayılma arealının nəzərdən keçirilməsi göstərir ki, boyalı qablar, başlıca
olaraq, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri üçün xarakterik olmuşdur.
Azərbaycanın digər regionlarında isə, əsasən ikinci qrupa aid etdiyimiz qara cilalı
cızma və basma ornamentli qablar geniş yayılmışdır. Burada boyalı qablara az
rast gəlinmişdir. Azərbaycanın Orta Tunc dövrü mədəniyyətinin formalaşmasının
xarakterini müəyyən etmək üçün, hər iki qrupa daxil olan gil məmulatının ətraflı
təhlil edilməsi vacibdir.
Qeyd etdiyimiz kimi, Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələri,
başlıca olaraq, boyalı qablarla xarakterizə edilir. Naxçıvan arxeoloji abidələrinin,
xüsusilə II Kültəpənin stratiqrafiyasına əsasən, Orta Tunc dövrünün boyalı
qabları 4 mərhələyə bölünmüşdür. İlk mərhələ üçün monoxrom boyalı qablar
xarakterikdir.
159
II Kültəpənin Orta Tunc dövrü təbəqəsinin alt qatlarından bəlli olan bu tip
qablar, qırmızı üzərinə qara rənglə çəkilmiş düz və dalğalı xətlərlə
naxışlanmışdır. II Kültəpənin bu mərhələyə aid qabları küpə və badya tiplidir.
Ağız kənarı geri qatlanan küpələrin boğazı qısa, gövdəsi qabarıq və simmetrikdir.
Badya tipli qabların ağzı bir qədər içəri yığılmışdır. Gövdəsi çiyin hissədə
qabarıq olub, oturacağa doğru getdikcə daralır.
Bu mərhələ üçün xarakterik olan qablar Göytəpənin D təbəqəsində,
Haftavantəpənin VI C, VI B təbəqəsində də aşkar olunmuşdur. Göytəpənin erkən
mərhələyə aid D təbəqəsindəki qabların bir qrupu qırmızı üzərinə qara və ağ
rənglərlə çəkilmiş ornamentlərlə naxışlanmışdır. Qırmızı boya üzərinə ağ rənglə
çəkilmiş naxışlar II Kültəpə keramikasında da qeydə alınmışdır.
İkinci mərhələ üçün daha təkmil və mürəkkəb kompozisiyalı boyalı qablar
xarakterikdir. Onların başlıca ornamental motivləri dairələrlə tamamlanan sınıq
xətlər, romb, üçbucaqların arasına çəkilən kiçik dairələr, bəzən isə insan, quş və
heyvan rəsmlərindən ibarətdir. Bu motivdə naxışlanmış qablar Göytəpənin D
təbəqəsində, Haftavantəpənin VI C, VI B təbəqəsində, I Kültəpənin üçüncü
təbəqəsində, II Kültəpədə, Nəhəcir, Yaycı, Çalxanqala, Şahtaxtı və digər
abidələrdən məlumdur.
İkinci mərhələyə aid olan monoxrom boyalı qabların əksəriyyəti küpə,
kasa və çölməklərlə təmsil olunmuşdur. Olduqca müxtəlif tipləri olan qablar
narın qum qarışığı olan gildən hazırlanaraq, yaxşı bişirilmişdir.
E.ə. II minilliyin ikinci rübündə boyalı qabların istehsalında böyük irəli-
ləyiş nəzərə çarpır. Bu dövrdən etibarən, polixrom boyalı qablar geniş yayılmağa
başlayır. Gil qablar yüksək bədii zövqlə bəzənməsi ilə fərqlənirlər. Naxışlar
qabların gövdəsinin yuxarısını əhatə edən narıncı-sarı və ağ fon üzərinə, başlıca
olaraq qara, qırmızı, bəzən isə qəhvəyi, ağ və yaşıl rənglə çəkilir.
Polixrom boyalı qablar Cənubi Qafqazda və Azərbaycanda, başlıca olaraq
Naxçıvan-Urmiya qrupunun arxeoloji abidələrindən aşkar edilmişdir.
Azərbaycanın digər rayonlarında, Gürcüstanda polixrom qablar tək-tək
nümunələrlə bəllidir. Bunun əksinə olaraq Şərqi Anadoluda polixrom qablar
geniş şəkildə yayılmışdır. Bu mərhələ üçün xarakterik olan polixrom boyalı
qablar I Kültəpədən, II Kültəpədən, Göytəpənin D və C təbəqələrindən,
Haftavantəpənin VI və V təbəqəsindən, Dinkatəpənin IV təbəqəsindən aşkar
olunmuşdur. Yaşayış yerlərindən başqa, polixrom boyalı qablar, həmçinin
Naxçıvan ərazisindəki Şahtaxtı, Qızılburun və Naxçıvan nekropolundan da əldə
edilmişdir. Bu mərhələyə aid boyalı qablar küpə, kasa, badya və çölməklərlə
təmsil olunmuşdur.
Qızılburun nekropolundan aşkar olunmuş küpə tipli qabların biri zəngin
bəzəməsi ilə fərqlənir. O əsasən həndəsi ornamentlə naxışlanmışdır. Naxışlar
başlıca olaraq aşağıdan və yuxarıdan düz xətlərlə məhdudlaşdırılmış torlu
üçbucaqlardan ibarətdir. Üçbucaqların arasında boş qalmış sahəyə bir yerdə
həndəsi fiqurlar, digər yerdə isə rəqs edən qadın və kişi şəkli çəkilmişdir. Qara
Dostları ilə paylaş: |