150
0,9, dərinliyi 0,8 m olmuşdur. Qəbir kamerası cənub-qərbdən şimal-şərqə doğru
yönəlmiş, qara rəngli torpaqla dolmuşdu. Qəbirdə bir ədəd sırğadan başqa,
skeletə və dəfn avadanlığına rast gəlinməmişdir. Bu kurqan e.ə. XVI-XV əsrlərə
aid edilir.
Zurnabad kurqanı Gəncəçay vadisində, Xanlar şəhəri yaxınlığında,
Zurnabad adlı yerdə aşkar olunmuşdur. Kanal qazılarkən kurqan tamamilə
dağıdıldığından, onun haqqında ətraflı məlumat yoxdur. Daş qarışıq torpaq
kurqanın altında aşkar olunan qəbirdə insan skeleti qalıqlarına, onun ətrafında isə
monoxrom boyalı qablar, gil qab parçaları, tunc bəzək əşyaları və obsidian
qəlpələri aşkar olunmuşdur. Kurqanın kənara atılmış torpağında insan skeletinin
qalıqları, gil qab parçaları, spiralşəkilli əşyalar, obsidian ox ucluğu aşkar
olunmuşdur. Zurnabad kurqanından əldə edilmiş monoxrom boyalı küpələr
Naxçıvan abidələrindən tapılmış eyni tipli qabları xatırladır. Zurnabad kurqanı
H.P.Kəsəmənli tərəfindən e.ə. XVIII-XVII əsrlərə aid edilmişdir. Son illərin
araşdırmaları Zurnabad kurqanının daha qədim tarixə malik olduğunu deməyə
imkan verir.
Gəncəçay rayonunda Y.Hümmel tərəfindən qazılan 12 №-li kurqan da
Orta Tunc dövrünə aiddir. Kurqanaltı qəbir kamerası dördkünc formalı olub,
cənub-qərb istiqamətində qazılmışdır. Qəbirin ölçüləri 2,60 x 1,55 x 1,40 m-dir.
Qəbir kamerasının üzəri taxta parçaları ilə örtülmüşdür. Skelet olduqca pis
qaldığından, onun istiqaməti müəyyən edilməmişdir. Kameranın cənub-şərq
hissəsində qoyun skeletinin qalıqları aşkar olunmuşdur. Qəbir avadanlığı 1 ədəd
mis əşya, 18 gil qab və bir neçə çaxmaqdaşı parçalarından ibarət olmuşdur.
Bu qəbirdən aşkar olunan gil qablar qara rəngdə yaxşı bişirilərək,
cilalanmışdır. Bəzi qabların üzəri Üzərliktəpənin ikinci qrup keramikası üçün
xarakterik olan basma ornamentlə naxışlanmışdır. Kurqan e.ə. II minilliyin
birinci yarısına aid edilmişdir.
Azərbaycanın cənub-şərqində yerləşən abidələrin bir qrupu Qobustanda
yerləşir. Qobustanda yaşayış yerləri, başlıca olaraq, qayaaltı sığınacaqlarla təmsil
olunmuşdur. Arxeoloji tədqiqatlar bu sığınacaqlardan uzun müddət istifadə
olunduğunu göstərir. Burada Böyükdaş dağı üzərində yerləşən yaşayış yerində
Orta Tunc dövründə yaşayış davam etmişdir. Oradan aşkar olunmuş tikinti
qalıqları yuxarıda təsvir edildiyindən, onlar üzərində dayanılmayacaqdır.
Qobustan arxeoloji abidələrinin əksəriyyəti qəbir abidələrindən ibarətdir.
Onların bir qismi C.N.Rüstəmov və F.М.Мuradova tərəfindən öyrənilmişdir.
Daş və torpaq örtüklü Qobustan kurqanlarının hündürlüyü 0,8-1,1 m,
diametri 5-11 m-dir. Kurqanlar qəbir kamerasının quruluşuna görə xəndəksiz,
xəndəkli və daş qutulara ayrılır.
Qəbir abidələrinin əksəriyyətini xəndəksiz kurqanlar təşkil edir. Bu tip
qəbirlərdə dəfn yer səthində mövcud olan çuxurda, qaya dibində aparılmış, üzəri
yastı əhəngdaşı layı ilə örtülmüşdür. Qəbirlər kromlexlə əhatə edilmişdir. Bu
151
qrupa daxil olan qəbirlərin əksəriyyətində insan skeletinə və arxeoloji
materiallara rast gəlinməmişdir.
7 №-li kurqanda dəfn mərkəzdə aparılmışdır. Qəbirin üzəri bir ədəd iri
daşla örtülmüş, ətrafında diametri 5 m olan kromlex qurulmuşdur. Olduqca pis
qalmış skelet qalıqları, onun bükülü vəziyyətdə, şimal-şərq istiqamətində dəfn
edildiyini göstərir. Skeletin ətrafından sarı rəngli, qazan tipli qab, çəhrayı rəngli,
üzərində aypara təsviri olan xeyrə tipli qab, dən daşı və qəhvəyi rəngli daş
qəlpəsi aşkar edilmişdir. Arxeoloji materialların tapıldığı yerdən xırdabuynuzlu
heyvana aid çənə sümüyü də əldə edilmişdir. Qəbirin üzərini örtən daşda,
kromlex daşlarından birində və kurqan örtüyünün daşlarının üçündə rəsmlərə rast
gəlinmişdir.
Qobustandakı 13 №-li kurqanın diametri 12 m-dir. Torpaq qarışıq daş
kurqanın altında üç qəbir qeydə alınmışdır. Hər qəbirin üzərində kiçik daş
topasının olduğu müəyyən edilmişdir. Birinci qəbirdəki skelet olduqca pis
qalmışdır. O, başı şimala olmaqla, tam bükülü vəziyyətdə dəfn edilmişdir.
Skeletin baş tərəfində qara cilalı gil qab, bel tərəfində isə tunc xəncər aşkar
olunmuşdur.
İkinci qəbirdə skelet olmamış, qəbirin örtük daşı yana sürüşmüşdür. Qəbir
avadanlığı sarı rəngli bir ədəd gil qabdan ibarətdir. Üçüncü qəbirin üstü bir yastı
daşla örtülmüşdü. Qəbirdə skelet qeydə alınmamışdır. Qəbir avadanlığı bir ədəd
gil qabdan ibarət olmuşdur ki, o da olduqca pis qaldığından, götürmək mümkün
olmamışdır.
Bu kurqanın tarixləndirilməsi üçün birinci qəbirdən aşkar olunan tunc
xəncər olduqca əhəmiyyətlidir. Xəncərin bənzərləri 13 №-li kurqanı e.ə. III
minilliyin sonu- II minilliyin əvvəllərinə aid etməyə imkan verir.
Xəndəkli kurqanlarda qəbirlər dairəvi quyu və küncləri dəyirmiləşdirilmiş
düzbucaqlı formaya malikdir. Dairəvi qəbirlərin diametri 0,95-1 m, dərinliyi
0,45-0,50 m, düzbucaqlı qəbirlərin ölçüsü 1,2 x 0,7 x 0,3 m; 2,8 x 1,2 x 2 m
arasındadır.
Böyükdaş və Kənizə dağları arasında yerləşən 9 №-li kurqanın qəbir
kamerası quyu şəklində qazılmış, ətrafına altı ədəd iri daş qoyulmuşdur. Olduqca
pis qalmış skelet başı qərbə olmaqla, sol böyrü üstə, bükülü vəziyyətdə dəfn
olunmuşdur. Üzəri qırmızı oxra ilə örtülmüşdür. Onun baş tərəfindən təkqulplu,
armudvari gil qab, bel tərəfindən yarpaqşəkilli tunc nizə ucluğu aşkar
olunmuşdur. Bu nizə ucluğunun bənzərləri Cənubi Qafqazın e.ə. III minilliyə aid
abidələrindən bəllidir. F.М.Мuradova bu kurqanı e.ə. XX-XVIII əsrlərə aid
etmişdir.
Diametri 10 metrə bərabər olan kromlexlə əhatə olunmuş 25 №-li
kurqanın kromlex daşlarından biri dikinə qoyulmuş və xarici tərəfinə keçi rəsmi
çəkilmişdir. Kurqanın mərkəzində şərq-qərb istiqamətində qazılan qəbir
dördkünc formalıdır. Onun kənarı səkkiz iri daşla əhatə olunmuşdur. Qəbir qarət
edildiyindən, onun örtük daşlarından biri içəri düşmüş, ikisi isə kənara atılmışdır.
Dostları ilə paylaş: |