154
əlverişli ərazilərdə salınmışdır. İkinci qrup abidələr
strateji cəhətdən və ticarət
baxımından əlverişli mövqelərdə salınmışdır ki, bu da Orta Tunc dövründə ticarət
əlaqələrinin insanların həyatında böyük rol oynadığını göstərir. Belə abidələr
sırasına Şahtaxtı və Qızılburun yaşayış yerləri aid edilə bilər. Qeyd etmək
lazımdır ki, Qızılburun və Şahtaxtı ərazisi indi də beynəlxalq ticarət yollarının
qovşağında olmaqla böyük əhəmiyyət daşımaqdadır. Şübhəsiz ki, ərazinin
əlverişli coğrafi mövqeyi qədim dövrlərdən insanların diqqətini cəlb etmişdir.
Quruçay və Köndələnçay vadisinin abidələri də oturaq və yarımköçəri
həyat üçün əlverişli ərazilərdə salınmışdır. Bu yaşayış yerləri başlıca olaraq, su
mənbələrinin, bulaqların yaxınlığında yerləşmişdir. Onların bəzisində az da olsa
mədəni təbəqə yığılmış, digərlərində isə heç yığılmamışdır. Sonuncular sırasına
Naxçıvanda
yerləşən Quyuludağ, Kərki, Kükü, Ağsal, Qazançı və digər abidələri
də aid etmək olar.
Orta Tunc dövrü abidələrinin tədqiqi bu dövrdə Azərbaycanda əhalinin
oturaq və yarımköçəri həyat sürən tayfalardan ibarət olduğunu göstərir.
Azərbaycanın cənub-şərq və şimal-şərqində yerləşən abidələrdə Orta Tunc dövrü
təbəqəsinin az yığılması, yaxud heç yığılmaması tayfaların köçəri həyat tərzi ilə
bağlı olmuşdur. Azərbaycanın bu rayonlarının maldarlıq üçün əlverişli olması
buna müəyyən dərəcədə şərait yaratmışdır. Şimal-şərqi Azərbaycanda Orta Tunc
dövrü abidələrinə az
rast gəlinməsi də ehtimal ki, bununla bağlıdır.
Orta Tunc dövrü iqtisadiyyatın sürətli inkişafı və tayfalararası
münasibətlərin kəskinləşməsi ilə xarakterizə olunur. Bu dövrə aid yaşayış
yerlərinin ətrafında müdafiə divarlarının çəkilməsi də bununla bağlıdır. Belə
müdafiə divarları II Kültəpə, Qaraköpəktəpə, Üzərliktəpə, Göytəpə yaşayış
yerlərində aydın şəkildə izlənmişdir. Bu dövrdə meydana çıxan, düşünülmüş
planla inşa edilmiş yaşayış yerlərinin bir qrupu V.H.Əliyev tərəfindən ilkin
şəhərlər kimi xarakterizə edilmişdir. Bu baxımdan II
Kültəpə xüsusi diqqətə
layiqdir.
II Kültəpə yaşayış yeri Narınqala və onu əhatə edən yaşayış məskənindən
ibarət olmaqla iki hissəyə bölünür. Narınqala yaşayış yerinin mərkəzində
yerləşir. O, dördkünc bürc və kontrfoslarla möhkəmləndirilmiş möhtəşəm
müdafiə divarı ilə əhatə edilmişdir. Yaşayış yerinin bu quruluşu cəmiyyətdə
meydana gələn ictimai bərabərsizliklə bağlı olmuşdur. Əsilzadə, varlı ailələr
Narınqalada, istehsalla məşğul olan əhali isə kənarda yaşamışdır. Ola bilsin ki,
təhlükəli zamanlarda əhali Narınqalaya toplaşaraq, müdafiə olunmuşdur.
Yaşayış yerində aşkar olunmuş binaların
tədqiqi göstərir ki, onlar bir-
birindən müəyyən məsafələrdə tikilmiş, bəzən düz, bəzən isə əyri küçələrlə
ayrılmışdır. Qala divarının yaxınlığında, bir neçə yerdə küçələrdə daş döşəmənin
qalıqları aşkar edilmişdir.
Yaşayış yerində aşkar olunan 2, 3, 4 otaqlı evlər,
ehtimal ki, varlı, əsilzadə
ailələrə mənsub olmuşdur.
155
Narınqaladan kənarda böyük dulusçuluq emalatxanasının, metaləritmə
ocaqlarının qalıqlarının aşkar olunması, II Kültəpənin mühüm sənətkarlıq
mərkəzi olduğunu göstərir. Yaşayış yerindən tapılan Мisir pastasından
hazırlanmış muncuqlar, uzaq ölkələrlə ticarət əlaqələrinin olduğuna işarədir.
Мüdafiə divarı ilə əhatə olunmuş Narınqalanın meydana çıxması, Orta
Tunc dövrü yaşayış yerlərinin xarakterik cəhətlərindən biridir. Lakin yaşayış
yerlərinin hamısı geniş tədqiqatlarla öyrənilmədiyindən, ətraflı fikir söyləmək
mümkün deyilidir. Narınqalanın mövcudluğu, cəmiyyətdə sosial bərabərsizliyin
dərinləşdiyini, tayfa başçılarının müdafiə olunan binalarda yaşadığını göstərir.
II Kültəpə yaşayış yerində aşkar olunan müdafiə divarı çay daşlarından
hörülmüş, arası kiçik daşlarla doldurulmuşdur. Çiy kərpiclər bir neçə sıra
düzülərək, gil məhlulla möhkəmləndirilmişdir.
Tikintidə istifadə olunan çiy kərpiclərin ölçüləri 32 x 32 x 14; 38 x 38 x
12; 40 x40 x 15; 44 x 44 x 12 sm-dir. Мüdafiə divarının əhəmiyyətli yerləri,
xüsusilə giriş qapısının ağzı daş bloklarla möhkəmləndirilmişdir. Narınqalanın
divarı ümumi planda beşkünc formalı olub küncləri dəyirmiləşdirilmişdir .
Qaraköpəktəpə yaşayış yerinin müdafiə divarı da
eyni texnika ilə
tikilmişdir. Divar yanlarda iri qaya parçalarından hörülmüş, onların arasına isə
kiçik həcmli daşlar doldurularaq, gil məhlulu ilə bərkidilmişdir.
Göytəpə və Üzərliktəpədə müdafiə divarı çiy kərpiclə tikilmişdir.
Üzərliktəpənin müdafiə divarı daha yaxşı qaldığından, divardakı kərpiclərin
ölçülərini tam müəyyən etmək mümkün olmuşdur. Onlar 38 x 38 x8; 40 x 40 x 8;
42 x 42 x 8; 46 x 46 x 8; 48 x 48 x 8 sm ölçülərindədir. Kvadrat formalı kərpiclər
7 sıra düzülərək, gil məhlulu ilə bərkidilmişdir.
Orta Tunc dövrü yaşayış yerlərində aşkar olunan yaşayış binaları
dördkünc formalıdır. Lakin onlar tikinti texnikasına görə bir-birindən fərqlə-
nirlər. Naxçıvan-Urmiya qrupunun yaşayış binaları II Kültəpədə daha yaxşı
öyrənilmişdir. Onlar daş təməl üzərində tikilmiş kərpic binalardan ibarətdir.
Binaların döşəməsi gillə suvanmış, bəzi hallarda kərpiclə örtülmüşdür. Bəzi
binaların içərisində təsərrüfat quyuları olmuşdur. Binaların
bəzisinin içərisində
soba tipli ocaqların olduğu müəyyən edilmişdir.
II Kültəpədəki çoxotaqlı binalardan birinin içərisində daş büt və ortasında
novu olan daş blok aşkar edilmişdir. Bu binanın içərisində aşkar olunan arxeoloji
materiallar, onu ziyarətgah kimi xarakterizə etməyə imkan vermişdir. Digər
binaların daxili quruluşu ilə bağlı ətraflı məlumat yoxdur.
Üzərliktəpədə aşkar olunan dördkünc planlı evlər tikinti texnikasına görə
fərqlənir. Ağacdan qurulan bu evlərin divarları qalın çubuqlardan düzəldilmiş və
gillə suvanmışdır. Evin torpaq döşəməsi həsirlə örtülmüşdür. Araşdırmalar
göstərir ki, bu tip evlərdən Üzərliktəpədə uzun müddət istifadə olunmuşdur.
Azərbaycanın Orta Tunc dövrü abidələrinin tədqiqi göstərir ki, Naxçıvan-
Urmiya qrupunun abidələri daha aydın stratiqrafiyaya malik olmaqla,
bu dövrün
bütün mərhələlərini ardıcıllıqla özündə əks etdirir. Bu regionda əhalinin uzun