180
qəbirlərin ətrafı Qobustan, Nəhəcir və Şahtaxtı nekropolunda olduğu kimi,
kromlexlə əhatə edilmiş, bəzilərinin ətrafı isə sal daşlarla dördkünc planda
dövrəyə alınmışdır. Qəbirlərin üzərində kurqan düzəldilməsi, ya da kromlexlə
əhatə edilməsi Günəşə olan inamla bağlı olmuşdur.
Orta Tunc dövrünə aid bir qrup qəbirdə insan skeletinə rast gəlinməmişdir.
Belə qəbir abidələrinə Kükü, Şahtaxtı, Çalxanqala nekropolunda təsadüf olunur.
Kükü nekropolunda tədqiq olunan kurqanların birindən bütöv öküz skeleti aşkar
olunmuşdur. Burada qəbir avadanlığının üzərini örtən torpaq təbəqəsinin üstündə
nazik kül qatına rast gəlinmişdir. Yandırma adətinə Qarabağ kurqanlarında da
rastlanmışdır.
Şahtaxtı nekropolunda Ə.K.Ələkbərovun tədqiq etdiyi qəbirlərin birindən
bütöv at skeleti aşkar olunmuşdur. Qəbirlərdə bütöv heyvan skeletlərinin ortaya
çıxması, şübhəsiz ki, qədim insanların o biri dünyaya inamı ilə bağlı olmuşdur.
Bu dövrə aid boz rəngli gil qablar üzərində rast gəlinən aypara təsvirləri,
Azərbaycanda məskunlaşan qədim tayfaların göy cisimlərinə sitayişi ilə bağlıdır.
Orta Tunc dövrünün boyalı qabları, habelə Qobustan, Abşeron, Gəmiqaya və
Kəlbəcərin qayaüstü şəkilləri, heç şübhəsiz ki, qədim Azərbaycan tayfalarının
dini inancları və mifologiyası ilə bağlıdır. Şübhəsiz ki, onların gələcəkdə tədqiqi
dəyərli nəticələr verəcəkdir.
Qobustanda qəbirə nişangah daşının qoyulması, ya da onun daş heykəl-
lərlə əvəz olunması, insanların xatirəsini əbədiləşdirmək, cəmiyyətdəki mövqe-
yini göstərmək kimi ideyalarla bağlı olmuşdur. Qəbirlərə oxra tökülməsi, rəsmli
daşlar qoyulması, qədim insanların dini inanclarını əks etdirir. Şübhəsiz ki,
bunlar simvolik məna daşımaqla, insanların əbədi həyata inamları ilə bağlı
olmuşdur.
Qobustan və Gəmiqaya təsvirlərində rast gəlinən Günəş rəsmləri də diq-
qətəlayiqdir. Onlar şüalanan, içərisində nöqtə olan, ya da çarpaz xətlərlə 4 yerə
bölünmüş dairələrlə təsvir olunmuşdur. Günəşə sitayiş demək olar ki, Tunc
dövrünün bütün mərhələlərində mövcud olmuşdur. Şübhəsiz ki, bu inancın geniş
yayılması, insanların məşğuliyyəti və həyat tərzi ilə bağlı olmuşdur. Həyat
mənbəyi olan Günəş baş Tanrı səviyyəsində yüksəldilmişdir.
Fikrimizcə, Orta Tunc dövründə insanların ideologiyası və dini
təsəvvürləri ilə daha zəngin olmuşdur. Arxeoloji abidələrin gələcək tədqiqi, o
dövrdə yaşayan insanların dünyayabaxışını daha geniş şəkildə araşdırmağa və
öyrənməyə imkan verəcəkdir.
SON TUNC DÖVRÜ
Azərbaycanın Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc
və Erkən Dəmir dövrü kimi xarakterizə edilmişdir. Tunc dövründən Dəmir
181
dövrünə keçid olan bu mərhələ, başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını
əhatə edir.
Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından
başlayaraq, Azərbaycan ərazisində yaşayan tayfaların sosial-iqtisadi və mədəni
həyatında xeyli irəliləyiş olmuşdur. Bu dövrdə yaşayan tayfaların etnik və
mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam etmişdir. Həmin
proseslərin daha da aydın şəkildə dərk edilməsi üçün arxeoloji abidələrin
nəzərdən keçirilməsi vacibdir.
Naxçıvan mədəniyyətinin arxeoloji abidələri. Bu qrupa daxil olan
arxeoloji abidələrin əksəriyyəti Naxçıvanda, Urmiya hövzəsində və Zəngəzurda
aşkar olunaraq, tədqiq edilmişdir. Naxçıvanın bu dövrə aid yaşayış yerlərini,
arxeoloji materialların xarakterinə və tipoloji xüsusiyyətlərinə görə üç qrupa
ayırmaq olar. Birinci qrupa Araz vadisindəki I Kültəpə, II Kültəpə, Şahtaxtı,
Qızılburun kimi yaşayış yerləri daxildir. Мəlum olduğu kimi, bu yaşayış
yerlərində Tunc dövrünün əvvəlki mərhələlərində də əhali məskunlaşmışdır. Son
Tunc dövründə bu abidələrdə Orta Tunc dövrü üçün xarakterik olan boyalı
qabların istehsalı davam etmişdir.
I Kültəpə yaşayış yerinin bu dövrə aid mədəni təbəqəsi abidənin üzərindən
1,5-2,5m dərinliyədək davam edir. Bu təbəqə, digər təbəqələrlə müqayisədə,
olduqca kiçik bir sahədə qalmışdır. I Kültəpənin bu dövrə aid təbəqəsində tikinti
qalıqları qeydə alınmamış, yalnız uçub tökülmüş kərpic və çay daşlarına rast
gəlinmişdir. Burada ocaqların ətrafına yığılmış kül təbəqələri, gil qab parçaları və
osteoloji qalıqlar qeydə alınmışdır. Bu təbəqədən Naxçıvan boyalı qablarının
dördüncü mərhələsi üçün xarakterik olan gil məmulatı, habelə, Xocalı-Gədəbəy
mədəniyyətinin xüsusiyyətlərini əks etdirən gil qablar tapılmışdır.
II Kültəpə yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid təbəqə
ən üstdə yerləşdiyindən, yaxşı qalmamışdır. Burada daş və çiy kərpicdən tikilmiş,
lakin uçub dağılmış divar qalıqları, ocaq yerləri, boyalı və boyasız gil qab
parçaları və osteoloji qalıqlar aşkar olunmuşdur. Boz rəngli gil qablar arsında
Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan ağ inkrustasiyalı,
göbələkşəkilli çıxıntısı olan qablara tez-tez rastlanır.
Şahtaxtı yaşayış yerində Son Tunc və Erkən Dəmir dövrünə aid mədəni
təbəqə daha yaxşı qalmışdır. Bu dövrə aid təbəqə, bilavasitə, Orta Tunc dövrü
təbəqəsinin üzərində yerləşir. Şahtaxtıda müdafiə divarı Son Tunc dövründə
bərpa olunaraq yenidən istifadə olunmuşdur. Divar qalıqları 1-2,5 m
hündürlüyündə salamat qalmışdır. Şahtaxtının bu dövrə aid mədəni təbəqəsi, boz
rəngli keramikanın üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Bəzi gil qabların
üzərində Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan göbəkşəkilli və
qulpabənzər çıxıntılar vardır. Digər yaşayış yerlərində olduğu kimi, burada da
tikinti qalıqları pis vəziyyətdə qalmışdır. Lakin tikintilərin ümumi
xüsusiyyətlərinə əsaslanaraq, binaların düzbucaqlı formada, daş təməl üzərindən
çiy kərpiclə tikildiyini demək olar.
Dostları ilə paylaş: |