228
təhlükəsindən müdafiə üçün istifadə edilməmişdir. Onlardan düşmən hücumları
zamanı mal-qaranı qorumaq üçün də istifadə edilmişdir. Ümumiyyətlə, qala tipli
yaşayış yerlərinin araşdırılması sosial ziddiyyətlərin və düşmən təhlükəsinin
xeyli artdığını göstərir.
Azərbaycanda olan qala tipli yaşayış yerlərinin tədqiqi, onlardan yalnız
birində-Qazançı qalasında Narınqalanın olduğunu göstərmişdir. Fikrimizcə,
Qazançıqalada Narınqalanın inşası bir qədər sonraya, daha doğrusu, inkişaf etmiş
Dəmir dövrünə aiddir.
Tayfalar arasında sosial bərabərsizliyin gücləndiyini qəbir abidələri də
təsdiq edir. Əgər qəbirlərin bir qrupu zəngin avadanlığı ilə seçilirsə, digər bir
qrupu yoxsul avadanlığa malikdir. Bu dövrdə tayfa başçılarına aid zəngin
qəbirlər ortaya çıxır. Xanlar rayonundakı 1 №-li kurqan, Qarabulaqdakı 5 №-li
kurqan, Borsunluda tədqiq olunan kurqan və digərləri qəbilə başçısına aid
edilmişdir. Bunlar arasında Borsunlu kurqanı diqqəti cəlb edir. Qəbrin təsviri
yuxarıda verildiyindən, onun üzərində geniş dayanmayacağıq, Lakin qəbrin 256
kv.m sahəni əhatə etməsi, tayfa başçısının mühafizəçiləri ilə birlikdə yüksək
dəbdəbə ilə basdırılması mövcud olan sosial bərabərsizlik haqqında təsəvvür
yaradır.
Qəbilə üzvləri arasında sosial bərabərsizliyin mövcud olduğunu qəbirlərdə
oturdulmuş vəziyyətdə olan skeletlərə rast gəlinməsi də sübut edir. Oturdulmuş
vəziyyətdə olan skeletlərə kurqanlarda və daş qutu tipli qəbirlərdə rast
gəlinmişdir. Bəzi qəbirlər avadanlığının azlığı ilə seçilir.
Tayfa başçısına aid edilən qəbirlərdən biri Kolanı nekropolundadır. Bu
qəbir böyüklüyünə görə digərlərindən fərqlənir. Qəbir dağıdıldığından, dəfn
adətini kifayyət qədər izləmək mümkün olmamışdır. İkikameralı qəbirin yan
daşları üzərində çəkilmiş mifik şəkillər, onun tayfanın xüsusi adamına aid
olduğunu göstərir. Qeyd edək ki, rəsmlərlə bəzənmiş qəbir kamerası olan
qəbirlərə indiyədək az rast gəlinəmişdir.
Gəncəçay vadisindəki 1 və 2 №-li yaşayış yerlərində aparılan tədqiqatlar,
cüt nigaha əsaslanan tək ailələrin yaşadığı bir, bəzən isə ikiotaqlı evlərin sayca
artdığını göstərir. Bu, artıq əvvəlki dövrlər üçün xarakterik olan patriarxal qəbilə
münasibətləri qalıqlarının tamamilə dağıdıldığını, xüsusi mülkiyyətin inkişaf
etdiyini göstərir.
Bu dövrdə Azərbaycanda yaşayan tayfalar arasında birləşmə prosesinin
getdiyini nəzərə alaraq, söyləmək olar ki, e.ə. II minilliyin sonunda, ola bilsin ki,
Azərbaycanın böyük bir hissəsini əhatə edən tayfa birliyi olmuşdur. Onun ərazisi
Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı əraziyə uyğun olmuşdur. Lakin yazılı
məlumatlar olmadığından, geniş nəticələr çıxarmaq mümkün deyildir.
Son Tunc və Erkən Dəmir dövrünə aid abidələrin tədqiqi qədim insanların
dünyagörüşü və inamları ilə bağlı qiymətli materiallar verilmişdir. Bu dövrə aid
qəbir abidələri tək və kollektiv dəfnlərlə xarakterizə olunur. İnsanların yanına
müxtəlif məişət əşyaları, silah qoyulması, ev heyvanlarının, o cümlədən at, dəvə,
229
qoyun s. heyvanların ölən adamla birlikdə dəfn edilməsi, insanların o biri
dünyaya inamı ilə bağlı olmuşdur. Ölən adamın atı, ev heyvanları və qulluqçuları
ilə basdırılması bu inamı ifadə edir.
Qəbirlərdə vəhşi heyvan sümüklərinə rast gəlinməsi, ehtimal ki, insanların
məşğuliyyəti ilə bağlı müəyyən inancları əks etdirir. Belə ki, Sarıdərə
nekropolunda aparılan qazıntılar zamanı, qəbirlərin içərisində dələ kəlləsinə rast
gəlinmişdir. Şübhəsiz ki, vəhşi heyvan sümüklərinin qəbirlərdən tapılması,
onların ritual xarakter daşıdığını göstərir.
Xocalı-Gədəbəy mədəniyyətinin qəbir abidələrini araşdıran tədqiqatçılar
bəzi qəbirlərdə skeletlərin parçalanmış vəziyyətdə dəfn edildiyini qeyd etmişlər.
Onların bu fikrə gəlməsinə səbəb alt çənənin kəllədən ayrılması, kəllənin ayrı
dəfn edilməsi, skeletlərin müəyyən sümüklərinin çatışmamasıdır. Qeyd edək ki,
qəbirlərə sümüklərin qarışması, kollektiv dəfn adətləri ilə bağlı ola bilər.
Arxeoloji abidələrin tədqiqi göstərir ki, kollektiv dəfnlər zamanı, əvvəlki dəfnlər
qəbirin bir tərəfinə sıxışdırıldığından sümüklər bir-birinə qarışmışdır. Ola bilsin
ki, skeletin kəlləsinə müəyyən hörmət edildiyindən, onlar qarışıq sümüklərin
üzərində, bir-birinin yanına yığılmışdır. Belə bir faktı gözdən qaçırmaq olmaz ki,
bu abidələrin böyük bir qismi qeyri-professional arxeoloqlar tərəfindən
qazılmışdır.
Abidələrin tədqiqi, bu dövrdə ölüyandırma adətinin də mövcud olduğunu
göstərir. Qəbirlərin bəzisində ölülərin külü açıq, bəzi hallarda isə urnalarda dəfn
edilmişdir.
Gəncəçay rayonunun bir qrup abidəsində ağac konstruksiyaların
mövcudluğu ehtimal ki, Orta Tunc dövrü ənənələrinin qalığıdır. Bu həm də
praktiki məqsədlərlə də bağlı ola bilər. Belə ki, Borsunlu kurqanındakı nəhəng
qəbrin üzəri yalnız ağac tirlərlə qapadıla bilərdi Onların bir neçə cərgə düzülmüsi
isə dayanıqlıq və çürümənin qarşısını almaq məqsədi daşımışdır. Ağac
konstruksiyalı qəbirlərin şimaldan gələn tayfalarla bağlı olması haqqında
М.N.Poqrebovanın fikri əsassızdır. Belə ki, ağac tirlərlə örtülmüş qəbirlərə
Cənubi Qafqazda Orta Tunc dövründə də rast gəlinmişdir.
Kolanı nekropolundan aşkar olunan, qəbilə rəhbərinə aid qəbirdəki
rəsmlər, bu dövrdə yaşayan insanların dini inancları ilə bağlı maraqlı məlumat
əldə etməyə imkan verir. Qeyd etdiyimiz kimi, rəsmlər mifoloji xarakterdədir.
Üzərində rəsm olan daşlar qəbirdə üz-üzə yerləşdirilmişdir. Rəsmlərin hər ikisi
qazıma texnikası ilə çəkilmişdir. Rəsmlərdən biri, hündürlüyü 103 sm, eni 82 sm
olan daş lövhə üzərindədir. Burada atın üzərində sxematik insan fiquru təsvir
edilmişdir. Kareliyadan Sibirədək geniş bir ərazidə yayılmış qayaüstü təsvirlərlə
aparılan qarşılaşdırmalar burada Günəş Tanrısının təsvir edildiyini deməyə
imkan verir. Fantastik və mifoloji rəsmlər içərisində özünə bənzərlər tapmayan
ikinci rəsm, qoruyucu ruh kimi izah edilmişdir. Fikrimizcə, bu rəsmlər dəfn
edilən şəxsin o biri dünyadakı yaşayışının təminatçısı və qoruyucusu olmuşdur.
Dostları ilə paylaş: |