BABURNAMƏ
15
(Hindistan)
redaktorluğu, tanınmış fransız türkoloqu Lui Bazenin ön sözü
ilə fransız dilində iki dəfə nəşr olunmuşdur. 1994-cü ildə yapon şərqşünası
İ.Mano əsərin elmi-tənqidi mətnini çap etdirmişdir.
Baburun macəralarla dolu əfsanəvi həyatı yazıçıları da yaxından ma-
raqlandırmışdır. Fransız yazıçıları F.Qrenard (Paris, 1930) və F.A.Stil (Paris,
1940), ABŞ yazıçısı V.Qaksoni (Nyu-York, 1980) Babur haqqında romanlar
yazmışlar. Təbii ki, bu əsərlərin əsasında «Baburnamə»dəki faktlar dayan-
mışdır. Məşhur ədib Munilalə isə Baburun həyatından bəhs edən 6 roman
qələmə almışdır. Bu əsərlər arasında ən populyarı amerikalı yazıçı Harold
Lambın 1961-ci ildə Nyu-Yorkda çapdan çıxan «Babur the Tiger.
First of
the Great Mogols» kitabıdır. Həmin kitab müxtəlif ölkələrdə dəfələrlə nəşr
edilmiş, 2000-ci ildə Moskvada rus dilində «Бабур-тигр. Великий завоева-
тель Востока» adı ilə çap olunmuşdur.
Özbək ədibləri də Babura bir sıra əsərlər həsr etmişlər. Aybək, B.Bay-
kabulov və Xurşid Dövran qələmə aldıqları poemalarında, Pirimqul Qədirov
«Ulduzlu səma» romanında, Xeyrəddin Sultanov isə «Baburinamə» poves-
tində Baburun ölməz surətini canlandırmışlar.
Baburun yadacılığı, xüsusilə «Baburnamə» əsəri ilə bir çox ölkələrin
alim və mütəxəssisləri məşğul olmuşlar Onlardan U.Erksin, L.M.Pull, S.M.
Edvards, A.S.Beveric, P.M.Kaldekot, Ç.Stori, E.Holden, L.U.Kinq, F.J.Tal-
bot, İ.Mano, D.Ross, M.F.Köprülü, R.R.Arat, H.Bayur, Z.Mansuri, P.Şarma,
A.K.Sinqh, N.Veselovski, M.Salye, İ.V.Stebleva və başqaları Baburun ədə-
bi irsinin tədqiqində mühüm işlər görmüşlər.
Özbəkistanda Beynəlxalq Babur Fondu və Babur yaradıcılığını öyrən-
mək üzrə beynəlxalq elmi ekspedisiya təşkil edilmişdir. Toplanan minə ya-
xın kitab və sənəd «Babur və dünya sivilizasiyasında onun yeri» adlı xatirə
muzeyində qorunur. Bu kitablar arasında Baburun müxtəlif dillərə çevrilmiş
əsərləri ilə yanaşı «Baburnamə»nin tərcümələri, Böyük moğol imperiyasının
tarixi haqqında qələmə alınmış tədqiqatlar xüsusi yer tutur. U.Erksinin öz-
bəkcəyə çevrilmiş «Hindistanda Baburi dövləti» (Daşkənd, 1997) və P.Şar-
manın «Baburilər səltənəti» (Daşkənd, 1999) kimi fundamental araşdırmalar
xüsusilə diqqətəlayiqdir. Əndicanda salınmış Babur parkında onun rəmzi
qəbri qoyulmuş, «Ərk içi» adlanan xatirə kompleksi ucaldılmışdır.
***
«Baburnamə» üç hissədən ibarətdir. «Fərqanə» adlanan birinci hissədə
Baburun taxta çıxdığı 10 iyun 1494-cü ildən 14 iyun 1504-cü ilə qədər baş
verən hadisələr öz əksini tapır. Bu on il ərzində Babur taleyin bir sıra ağır sı-
naqlarına məriz qalmış, ata mülkünü dəfələrlə itirmiş və qazanmış, axırda
yenə itirərək çarəsizlik içində Xorasana getmək üzrə vətənini tərk etmişdir.
«Baburnamə»nin ikinci hissəsi «Kabil» adlanır. 14 iyun 1504-cü ildən
12 dekabr 1520-ci ilə qədərki 15 il yarımlıq dövrü əhatə edən bu hissədə bö-
Zəhirəddin Məhəmməd BABUR
16
yük dövlət xadimi və sərkərdə saysız-hesabsız vuruşlarda iştirak etmiş, nə-
hayət, bəlli bir coğrafiya üzərində öz səltənətini qura bilmişdir. Maraqlıdır
ki, Babur 1494-cü ildən 1510-ci ilə qədər o dövrdə Mərkəzi Asiyada və ətraf
coğrafiyada ən müqtədir hökmdar olan Şeybani xanla mütəmadi olaraq çar-
pışmışdır. Şeybani xan onu addım-addım izləmiş, hətta Kabilə qədər qəlmiş-
dir. 1510-cu ildə Şeybani xanın Şah İsmayıl tərəfindən öldürülməsi ilə Ba-
bur Kabili əlində saxlamaqla əski torpaqları uğrunda mübarizə aparmışdır.
Bundan da bir şey çıxmayınca Hindistana yönəlmişdir.
«Baburnamə»nin «Hindistan» adlanan hissəsi 8 oktyabr 1526-cı il-
dən 1529-cu ilin 5 sentyabrınadək olan dövrün hadisələrini əhatə edir. Əs-
lində, Baburun Hindistan macərası hələ 1519-cu ildə başlamışdır. O, həmin
vaxtdan sonra Hindistana beş dəfə yürüş etmiş, Pəncabı (1519/20), Qənda-
harı (1522), Lahoru (1523), Dehlini və Aqranı (1526) ələ keçirmiş, Əfqanıs-
tanı, Bəlucistanı və şimali Hindistanı öz hökmranlığı altına alaraq Böyük
moğollar imperiyasının təməlini qoymuşdur. Əsərin «Hindistan» qismində
Baburun yerli hökmdarlardan İbrahim Ludi ilə Panipat savaşı, hind raçputla-
rın başçısı Rana Sanka ilə Kanva savaşı, əfqan tayfaları və benqallarla sa-
vaşı öz əksini tapmışdır.
Baburun xatirələri beş yerdə qırılır. Xorasana getmək üzrə vətənini
tərk etdiyi ilin, yəni 908-ci ilin (1503-04) hadisələri başa çatmadan kəsilir,
909-cu ilin (1504-05) hadisələri isə bütünlüklə yoxdur.
Xatirələr ikinci dəfə 914-cü ilin əvvəllərində kəsilir, on il 7 aylıq fasi-
lədən sonra 925-ci ildə təkrar başlayır. Yəni kitabda 1508-ci ilin mayından
1519-cu ilin 3 yanvarınadək olan dövrün hadisələri yoxdur.
Baburun xatirələrinin 926-cı ilin əvvəllərindən (12 dekabr 1520-ci il-
dən) 932-ci ilə (18 oktyabr 1525-ci ilə) qədər olan hissəsi də yoxdur.
Xatirələrdə 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş ay yarımı
əhatə edən və açıqlanmayan bir kəsinti də var.
Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529-cu
il) sonuncu dəfə kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya
bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyül-
əvvəl günü (25 dekabr 1530-cu il) vəfat etmişdir. Biz bu boşluqlarda baş ve-
rən hadisələrin qısa icmalını mətnaltı haşiyələrdə verərək mənzərəni qaba
şəkildə tamamlamağa, xatirələri bir növ bərpa etməyə çalışmışıq.
Baburun bu xatirələri necə və nə zaman yazdığı haqqında dəqiq məlu-
mat yoxdur. Dəqiq bilinən bir şey varsa, o da həmin dövrdə saray tarixçisi,
münşi və ya xronistin olmadığıdır. Elə isə Babur bütün hadisələri özü qeydə
almış, xüsusi gündəlik tutmuşdur. Lakin əsərdə bunu təsdiq edən ciddi bir
işarə yoxdur. Bütün hallarda ehtimal etmək olar ki, Babur müntəzəm və ya
ara-sıra gündəlik tutmuş, bu materiallar əsasında xatirələrini Hindistanda ya-
zıb bitirmişdir. Xatirələrin son dövrünü əhatə edən illərdə Babur hadisələri