Microsoft Word Borchali-Folklor-ornekleri-dastanlar



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə83/99
tarix07.07.2018
ölçüsü4,22 Mb.
#53709
1   ...   79   80   81   82   83   84   85   86   ...   99

 
 
321
Endimola Mehralı bəy Yəmənə, 
Qurdumola çadırları çəmənə. 
 
Dövlətə bağlıdır onun bu başı, 
Cahanda arasan bulunmaz eşi, 
Zira altmışı ötübdü yaşı 
Yəmənə de, mənim ağam, Yəmənə, 
Endimola Mehralı bəy Yəmənə, 
Qurdumola çadırları çəmənə. 
 
Ərəb atlar gəldi bağlanmaq istər, 
Kömüşlərin gəldi yağlanmaq istər, 
Rüşdü bəy böyüdü, evlənmək istər 
Yəmənə de, mənim ağam, Yəmənə, 
Endimola Mehralı bəy Yəmənə, 
Qurdumola çadırları çəmənə. 
 
Qum təpəsi oldu görünməz otlar, 
Aclıqdan ölürlər küheylan atlar, 
Qardaş, şəhid düşdü neçə igidlər 
Yəmənə de, mənim ağam, Yəmənə, 
Endimola Mehralı bəy Yəmənə, 
Qurdumola çadırları çəmənə. 
Alay  Yəmənə  yola  düşdü.  Onların  keçdiyi  yerlərdə  hamı 
yolun qırağına tamaşaya düzülürdü ki,  Mehralı burdan keçəcək. 
Bir  müddət  sonra  quru  ilə,  dənizlə  gedib  çatdılar  Yəmən  elinə. 
Orada da igidlik göstərib düşməni qırıb-çapdılar. Ancaq qarapa-
paqlar isti yerin havasına alışıq deyildilər. Ona görə də Mehralı 
bəy Ərəbistanın  istisinə,  susuzluğa dözməyib  xəstələndi.  Gördü 
ki,  işi  çox  ağırdı.  Bir  gün  elə  oldu  ki,  su  yoluna  çıxdı.  Bir  də 
gördü  ki,  iki  murğu  quşu  gəlib  bunun  qarşısına  qondu  və 
başladılar  öz  dillərində  ötməyə.  Mehralı  bəy  öz-özünə  dedi,  ey 
dili-qafil! Deyirlər bəzi hallarda məleykələr göyərçin, bir də ahu 


 
 
322
olub  bu  donda  adamın  gözünə  görükürlər.  Olmaya  bunlar  da 
məleykədirlər, gəl Sivasa bir namə yaz at bunlara. Əgər məleykə 
olsalar  bu  naməni  aparıb  çatdırarlar.  Yox  əgər  adi  quşlardısa, 
onda  məktubum  qalar.  Alır  görək  Mehralı  bəy  nə  yazır, 
tərəfindən ərz eyləyək, eşidənlər şad olsun.  
Murğu quşu, bir Allahın eşqinə, 
Mənim halımı Sivasa yetirin, 
Qohuma, qardaşa, dosta, yarana, 
Yol gözləyən vəfadara yetirin. 
 
İşdi gedər olsan bizim ellərə, 
De ki, gözünü tikməsin yollara, 
Həsrətin çəkdiyim şirin dillərə, 
Vəfadarım o Bahara yetirin. 
 
Xalqımın yolunda çəkmişəm cəfa, 
Din-islamın zamınkarı qıl şəfa, 
Dada yetiş Məhəmməd əl Mustafa, 
Əli yollu ələmdara yetirin. 
 
Özün məleykəsən murğu donunda, 
Bəlkə sözün keçər haqqın yanında, 
Yardım istəyərəm mənşər günündə, 
Etmə məni günü qara, yetirin. 
 
Mehralı çəkdiyi dad ilə ahdı, 
Hər şeyi xəlq edən qadir Allahdı, 
Mənim qayıtmağım haqqa pənahdı, 
Acıyurddakı dostlara yetirin. 
Mehralı bəy sözünü tamamlayıb dil cavabında bir neçə söz 
yazıb  naməni  büküb  atdı  həmin  quşlara.  Özü  dönüb  geri  getdi. 
Quşların biri şığıyıb naməni aldı dimdiyinə, pərvaz edib uçmağa 
başladı. Gecəni gündüzə qatıb gəldi Sivas elinə. Məktubu aparıb 
düz  Bahar  xanımın  oturduğu  imarətin  qarşısında  yerə  atdı,  özü 


 
 
323
isə ağaca qonub tamaşa eylədi. Naməni aparıb çatdırdılar Bahar 
xanıma. Bahar naməni oxuyub bilir ki, onu quş gətirib.  Başına-
dizinə döyə-döyə alır görək Murğu quşuna nə deyir:  
Murğu quşu, bu naməni gətirdin, 
Söylə görüm Mehralımı neylədin? 
Gətiribən arzusuna yetirdin, 
Söylə görüm Mehralımı neylədin? 
 
Bir de görüm bu nə sual-sorğudur, 
Bu yazılar haqdan gələn qurğudur, 
Özün məlaikə, donun murğudur, 
Söylə görüm Mehralımı neylədin? 
  
Yetişdinmi sən ağzına, dilinə, 
Söylə, nə vəsiyyət etdi elinə, 
Mən yazığı niyə saldı zülümə, 
Söylə görüm Mehralımı neylədin? 
 
Eşitmədim vəsiyyətini, sözünü, 
Ağlar qoydu bu Baharın gözünü, 
Çoxmu solğun gördün onun üzünü, 
Söylə görüm Mehralımı neylədin? 
Bahar  sözünü  qurtarıb  başladı  ağlamağa.  Qulluqçuları  bö-
yür-başına yığışıb sakitləşdirməyə başladılar. Dedilər ki, hələlik 
bir səda-soraq yoxdu,  niyə ağlayırsan? Bahar da dedi ki,  mən o 
naməni oxuyan kimi bildim ki, Mehralının başında qaranlıq var.  
İndi  sizə  xəbər  verim  Mehralı  bəydən.  Mehralı  bəy  istiyə 
dözməyib ömrünü bağışladı oğluna. Onu Yəməndə dəfn etdilər. 
Mehralı bəyin alayındakı igidlərin çoxu da istiyə tab gətirməyib 
bu  dünyadan  köçdülər.  Təkcə  yüzbaşı  Əhməd,  çavuş  Mahmud, 
çavuş Göyçə, çavuş Məhəmməd, Yetim İsmayıl, Turan Ağca və 
Quşqayası kəndindən Hüseyn sağ-salamat geri qayıtdılar.  


 
 
324
Mehralı  bəyin  ölüm  xəbəri  hər  yana  ildırım  təki  yayıldı. 
Anadolu ellərində, Borçalı kəndlərində ehsanlar verildi. Acıyur-
da başsağlığına dövlət adamları gəldi. Aşıqlar, şairlər yas saxla-
dı,  ağılar  dedi.  Mehralı  bəyin  yaxın  dostu,  onun  sarayının  ən 
hörmətli qonağı, saraydakı məclislərdə daim başa çəkilən Dəlik-
daşlı  Aşıq  Ruhsəti  də  bu  xəbərdən  sarsıldı,  göz  yaşlarını  sel-su 
kimi axıtdı və aldı belə bir ağı dedi: 
Bəlloldu getdiyin, mənim əfəndim, 
İndelhan olanlar səni arayır. 
Yıxıldı bir yanı qoca Sivasın, 
Dərvişan olanlar səni arayır. 
 
Pozuldu əlvanı uca binanın, 
Qəmi artdı içindəki çobanın, 
Kəsildi qisməti xanə viranın, 
Cənnətdə qılmanlar səni arayır. 
 
Yüklədi köçünü can Məmmədalı, 
Bir zaman dillərdə söylənsin halı, 
Mehralı qızının qırıldı qolu, 
Axıtdı al qanlar, səni arayır. 
 
Qayri-şahin uçdu, dalda yar qaldı, 
Vəfasız dünyanın ömrü az qaldı, 
Bağlar çiçək açmış, güllü yaz gəldi, 
Baxçavan olanlar səni arayır. 
 
Nə müxalif dəydi fələyin daşı, 
Nasıl yaxdı ayrılığın atəş, 
Yenə eşkiyalar qaldırdı başı, 
Bəzirgan olanlar səni arayır. 
 
Hanı sənin kimi ellərdə rəhbər, 
Səndən ziya umar günlər, gecələr, 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə