297
T u r a c. Siz allah, fikir verməyin. Gülsabah xanım. O çox əsəbidir.
G ü l s a b a h. O əsəbi deyil. Onu zaman əsəbiləşdirir.
Z a m a n ( səhnəyə çıxır). Bu nədir, Gülsabah xanım! Bizi gətirdiniz, özünüz
qaçdınız... biz ki, orada heç kəsi tanımırıq.
G ü l s a b a h. Bu saat... Buyurun, yoldaş ədib, donub qalmayın.
T u r a c. Buyurun, Gülsabah xanım. O, çox güman ki, sevincindən donmuşdur.
İçəri keçir. Onların ardınca Z a m a n getmək istərkən G ü l ə r qapıdan çıxır və
onun əlindən bərk tutub saxlayır.
G ü l ə r. Hara gedirsiniz? Siz məni aldatmışsınız.
Z a m a n. Bağışlayın, Gülər, mən ananızın qorxusundan sizin üzünüzə baxa
bilmirəm.
G ü l ə r. Demək, biz bir daha görüşməyəcəyik?
Z a m a n. Bilmirəm, Gülər... bizim aramızda keçilməz bir uçurum vardır. Beş
ildir mən göz yummadan çalışıram.
G ü l ə r. Artıq çalışmağa dəyməz. İndi səni əyləndirən vardır.
Z a m a n. Mən nə edə bilərəm, Gülər? Sən bir Çin divarının ardında gizlənib
qalmışsan. Mən o divarı sökərəm, ancaq daşları sənin öz üstünə tökülər. At hər bir
şeyi, çıx gəl. Zaman səni həmişə bir can kimi qəbul edər.
G ü l ə r. Mümkün deyil, Zaman. Mən anamı incidə bilmərəm. Mən hər gün
canımı dişimə tutub, onunla açılışmaq, onun bu qara bantikini yırtmaq və dörd
yanımda guruldayan bu həyata qoşulmaq, çarpışmaq, vuruşmaq istəyirəm. Mən hər
gün küçədən keçən əli bayraqlı, çiyni tüfəngli qızları görürkən, anamın bütün
kitablarını cırıb tullamaq istəyirəm. Ancaq onun göz yaşlarına yazığım gəlir.
Z a m a n. İndi nə etmək, Gülər, sən özün de?
Q ə m ə r ( çıxır). Gülər, sən buradasan?.. Bu nə deməkdir? ( Zaman gedir).
Adamlar hamısı o biri otaqda oturub, amma sən burada bir xəlvətə çəkilib,
danışırsan... özü də kiminlə?
G ü l ə r. Mən onunla bir şey danışmırdım, ana.
Q ə m ə r. Gülər... sən anla ki, sən qızsan. Mən istəmirəm ki, sənin adına güldən
ağır bir söz deyilsin. Sən görürsən ki, o qız üçün nə qədər sözlər deyirlər?
T u r a c. Qəmər xanım, siz buradasınız? Mən qorxdum ki, yenə də qaçdınız.
298
Q ə m ə r. Mən onunla bir yerdə otura bilmirəm. O heç bir nəzakət qaydası ilə
hesablaşmır.
T u r a c. O çox ötkəmdir. Ancaq mənə elə gəlir ki, olduqca ürəyiaçıqdır, nə
varsa dilindədir. Ürəyində bir şey yoxdur.
Q ə m ə r. Mən, Turac, səndən yaşlıyam. Preduprejdaö
1
, özünü gözlə! Sən öz
başına bəla açarsan.
T u r a c. Bilmirəm, Qəmər xanım. Mən onu əvvəl gündən başlamış sevmişəm
və getdikcə də daha artıq sevirəm.
Bu aralıq G ü l s a b a h səhnəyə çıxır.
G ü l s a b a h (Qəmər xanıma). Siz deyəsən, uçub qaçmaq istəyirsiniz.
Q ə m ə r. Nə sən ovçusan, nə mən turac... ( Gülərə). İçəri gəl, qız (İçəri girir).
G ü l s a b a h. Bu arvad kimdir?
T u r a c. O bizim dostlarımızdan biridir. Özü də çox əsəbidir. Siz allah, fikir
verməyin.
Q ü d r ə t ( qucağında kiçik bir qız səhnəyə çıxır). Turac, bir bura bax, qızdan
xəbərin yoxdur ki! Gör özünü nə günə salmışdır.
T u r a c. Nə olub ki?
Q ü d r ə t. Gedib Qəmər xanımın pudrasını oğurlayıb, hamısını da üz-gözünə
sürtüb. Sonra da gedib birbaş un kisəsinin üstünə.
T u r a c. Şeytan, bu nədir? Sən un çuvalına neçin girmişsən?
G ü l s a b a h. Sənin ki, atan dəyirmançı deyildir.
T u r a c. De xalaya: beş kərəm beş neçə eləyər?
G ü l s a b a h. Oho... O, riyaziyyat da bilir. De görüm, şeytan, beş kərəm beş
neçə eləyər?
T u t u. İçi...
G ü l s a b a h. Ay bərəkallah, qiyamət qızdır!
T u r a c. İndi gedək, mən də aparıb başını salacağam su çəlləyinə... ( Gedir).
G ü l s a b a h. Indi, yoldaş ədib, mən sizinlə hesablaşmaq istəyirəm. Mən indi
görürəm ki, siz neçin bir şey yazmaq istəmirsiniz. Qəmər xanımın pudrası sənin
gözlərinə elə səpilmişdir ki, sən öz meşşan cəmiyyətini buraxıb bir şey yaza
bilmirsən.
1
Səni xəbərdar edirəm
299
Q ü d r ə t. Mənə bax, Gülsabah... Açıq de: neçin gəlmişsən? Məndən nə
istəyirsən? Mən bu qədər ömrümü sənin yolunda itirdim. Artıq hər bir şey keçdi,
getdi. Indi mənim evim, arvadım, uşağım, ailəm vardır.
G ü l s a b a h. Mən səni bu hərəkətsiz bataqdan, bu dirilər məzarlığından
qoparmaq və yeni həyatın od nəfəsli ocağına atmaq istəyirəm.
Q ü d r ə t. Mən inqilabın odunu daima ürəyimdə və bağrımda gəzdirən bir
adamam. Ömrümün üçdəbirini mən çar dustaqxanalarında keçirmişəm. İndi isə...
G ü l s a b a h. İndi isə...
Q ü d r ə t. İndi isə mən başqa bir cəbhədə çalışmaq istəyirəm...mən
müəlliməm.
G ü l s a b a h. Sən indi öz batareyanı buraxıb, mətbəxdə soğan doğrayan bir
topçuya oxşayırsan.
Q ü d r ə t. Bəsdir, Gülsabah, mən danışmaq istəmirəm, danışa bilmirəm.
G ü l s a b a h. Sən indi vaxtın ağır vurğusundan yaralı düşmüş bir arslana
bənzəyirsən. Gözlərində əvvəlki qüvvət və qüdrət yoxdur. Hanı sənin o günlərin ki,
səhnədə qızmış bir arslan kimi dayanır və qarşıya çıxanı əzib parçalamağa hazır
görünürdün. Gözlərin bir od parçası kimi yanırdı. O zaman mən onlardakı qüvvət
və qüdrətə pərəstiş edirdim. İndi isə onlar sönük bir vulkan kimi donub qalmışdır.
Q ü d r ə t. O zaman mən sənin xəyalınla yaşayırdım. Gülsabah, batan günəşin
son görünüşündə sənin çöhrəni xatırlayır, doğan günəşin ilk şüasında sənin
gülüşünü axtarırdım. Sən isə məndən uzaq qaçırdın.
G ü l s a b a h. İndi artıq bir xəyal deyiləm. Mən bir həqiqətəm və qarşında
dayanmışam. İndi artıq xəyal sənsən... Cəmiyyət üçün xəyal, sərab, adı var, özü
yox.
Q ü d r ə t. Məndən nə istəyirsən?
G ü l s a b a h. Mən heç bir şey. Səndən bizim səhnəmiz istəyir. Bizi yarışa
çağırırlar. Bizə əsər lazımdır. Deyirlər ki, o sənin işindir. Ölkəmizin neft ordusu
hələ heç bir yarışda, heç bir vuruşda basılmamışdır. Onun sənət cəbhəsi bizim
əlimizdədir. Biz onunçun nə gətirməliyik? Ürək sevindirən zəfər bayrağı!
Q ü d r ə t. Mən artıq yazmaq istəmirəm.
G ü l s a b a h. Neçin?
Q ü d r ə t. Bir zamanlar mən sevirdim. Mən şöhrət qazanmaq, böyük yazıçı
olmaq istəyirdim. Mən azadlıq uğrunda mübarizə aparır-
Dostları ilə paylaş: |