273
Məlik bu çılğın qasırğanın (etirazın - Y.İ.)
xofundan bir
neçə addım geri çəkilir» (181, 219). N.Xəzri bu epizodu
işləməklə xalqı öz ətrafında toplaya bilən milli ideyaların
hər bir toplum, o cümlədən erməni-rus birliyinin
təcavüzünə məruz qalmış Azərbaycan xalqı üçün nə qədər
vacib olduğunu nümayiş etdirmişdir.
Burla Xatunu oğuz qızları arasında tapa bilməyən
Şöklü Məlik axırıncı üsula əl atır: Ulusun ətindən qara
qovurma hazırlatdırıb, qızlara yedirdilməsini əmr edir:
...Qoy gurlasın ocaq odu,
Kim yeməsə - Burla odur! (181, 219).
Şiranə Şöklü Məliyi
dilə tutub verdiyi əmrindən
döndərməyə çalışır. Şöklü Məliyin ona verdiyi cavabdan
təkcə «Burla Xatun» pyesinin yox, ümumiyyətlə, N.Xəzri-
nin «Dədə Qorqud» motivləri əsasındakı bütün yaradıcılı-
ğının ideya mahiyyəti, o cümlədən Burla Xatunun yolun-
da hər cür təhqirlərə və ölümə hazır olan oğuz qızlarının
hərəkətinin əsas motivi aydın olur:
Burla Xatun bu torpağın anasıdır,
Ana sındı, xalq özü də sınasıdır (181, 220).
Beləliklə, N.Xəzrinin təlqin etdiyi əsas ideyaya görə,
hər bir xalqın qurduğu millət, dövlət, xalq qalasının əsas
məhvəri anadır. Vətən öz anası ilə vətən olur.
Yurdun
havası və suyunun, bu su və hava ilə böyüyən insanının
bütün mahiyyəti öz ülvi mənasını anada tapır. Bu cəhətdən
ana vətənin müqəddəs simvoludur. Bütün dəyərlər anada
kəsişməklə onu toplumun həyatında ən ali varlığa çevirir.
Toplum ananın ucalması ilə ucalır, ananın ayaqlar altına
düşməsi ilə məhv olur. Öz anasını qoruyan, uca tutan
toplumun vətəni əmin-amanlıqda olur. N.Xəzrinin «Dədə
274
Qorqud» motivləri əsasında yaradıcılığında tərənnüm edi-
lən bu ideyalar göstərir ki, şair-dramaturqun bu mövzudakı
üç əsəri («Əfsanəli yuxular» poeması, «Torpağa sancılan
qılınc» və «Burla Xatun» dramları) biri-biri ilə təkcə eyni
eposa («Kitabi-Dədə Qorqud») və onun eyni boyuna («Sa-
lur Qazanın evinin yağmalanması») həsr olunması ilə bir-
ləşmir. Eyni epos və eyni boya aid olmaq bu əsərləri bir-
ləşdirən zahiri əlaqə planıdır. Bu əsərlər mahiyyət planın-
da «Ana - Vətən» motivi ilə birləşir. Məsələ yalnız oğuz
eposunun konkret bir boyundan
bəhs etməkdən ibarət olsa
idi, onda N.Xəzri, bəlkə də, «Əfsanəli yuxular» poeması
ilə kifayətlənərdi. Çünki bu poemada «Salur Qazanın evi-
nin yağmalanması» boyu bədii məzmun və forma baxı-
mından orijinal bədii təsvir və ifadə vasitələrindən istifadə
edilməklə yüksək səviyyədə və peşəkarcasına bədiiləşdi-
rilmişdir. Yaxud şair-dramaturq eyni mövzunu dram nö-
vündə də bədiiləşdirmək niyyətində olsa idi, bu cəhətdən
«Torpağa sancılan qılınc» dramı ədəbiyyatımızda oğuz bo-
yunun dramlaşdırılmasının ən kamil örnəklərindəndir. De-
mək, məsələnin mahiyyəti
oğuz eposunun heç də nəzmə
çəkilməsi, yaxud dramlaşdırılması ilə bağlı deyildir. Bura-
da qələmini «Dədə Qorqud» motivləri əsasında müəyyən
janrlarda sınamaq N.Xəzri kimi bir sənətkara münasibətdə
söhbət mövzusu ola bilməz. Yazıçını dönə-dönə eyni möv-
zuya qaytaran, əslində, Azərbaycan xalqının tarixinin
bütün dövrləri - dünəni, bugünü və sabahı üçün həmişə
aktual olmuş «Ana - Vətən» ideyasıdır. Sənətkarın bu ide-
yanın bədii təcəssümündə oğuz eposunu seçməsi bu epo-
sun xalqımızın milli yaddaşında mühüm yer tutması, əslin-
də isə, bu yaddaşın zirvə məqamını təşkil etməsi ilə bağlı-
dır. N.Xəzri xalqımızın
tarixinə üz tutmuş, öz ideyalarının
çıxış nöqtəsi kimi bu tarixin zirvə məqamını - «Kitabi-
Dədə Qorqud» eposunu götürmüşdür. Çünki milli tarixin
keçmişi, bugünü və sabahı bu eposa - milli tariximizin
275
simvolu olan Dədə Qorquda konsentrə olunur. Əslində,
milli tariximiz hansı yollardan keçirsə-keçsin, hansı xətlər
üzrə hərəkət edirsə-etsin, milli məkan və zamanın bütün
yolları bizi Dədə Qorquda doğru aparır. Bu yerdə prof.
Y.Qarayevin müdrik sözlərini yada salmamaq olmur: «Də-
dəmiz Qorqud bütünlükdə Zamanla - həm keçmiş, həm də
gələcəklə körpünü bizim yadımıza saldı» (215, 299). Əs-
lində, N.Xəzri də, obrazlı desək, öz əsərləri ilə Azərbaycan
xalqını onun şanlı, əzəmətli
keçmişindən qürur dolu saba-
ha daşımaq üçün bir bədii-poetik körpü qurmaq istəmişdir.
Bu körpü sənətkarın təqdimatında «Ana - Vətən» körpüsü-
dür. Şairin düşüncəsinə görə, anasını vətən, vətənini də
ana qədər sevib, onları qorumağı bacaran bir xalq qürurlu
sabaha addımlaya bilər. Fikrimizcə, N.Xəzrinin bu üç əsə-
rini birləşdirən əsas ideya bundan ibarətdir və həmin əsər-
lərdəki, o cümlədən «Burla Xatun»
pyesindəki bütün bədii
obrazlar, poetik elementlər bu ideyanın təcəssümünə
xidmət edir.
Burla Xatun «Ana - Vətən» namusu qarşısında oğlu-
nun ölümünə və onun ətindən yeməyə razı olur. N.Xəzrini
onu dünyada ən çıxılmaz vəziyyətə salınmış insan - ana
kimi təqdim etməyi bacarır:
Doğma oğul ətindən
Necə yeyim aman, hey...
İsmət mənə kömək ol,
Tut əlimdən, qeyrət, hey...
Torpağımın yolunda
Mən torpağa dönüm, hey... (181, 234-235).
Pyesin ikinci hissəsində məlum olur ki, Ulus sağdır.
Hiyləgər düşmən qızlara Ulusun əti adı altında heyvan əti
276
yedirdib. Şiranə gəlib Burlagilə xəbər verir ki, Şöklü Mə-
lik sizi aldadıb:
Qazan da, Ulus da sağ-salamatdır. Şiranə
Burlanı da, onun oğlu Ulusu da qaçırdıb xilas etmək istə-
yir. Şöklü Məlik buna görə onu öldürür və kafirlər qızlara
təcavüz etmək istəyirlər. Bu dəm Qaraca Çobanın Şöklü
Məliyin yolladığı qoşunları məhv etməsi xəbərinin gəl-
məsi onları dayandırır.
Burla Xatun xəyalında əri Qazanla dialoq edir. Ona
daha dözə bilmədiyini söyləyir:
Oğuldanmı keçim, qeyrətdənmi mən,
Oğul da, qeyrət də axı sənindir (181, 261).
Qazan da sevgili həyat yoldaşına xəyalən deyir:
Qisas qiyamətə bilin ki, qalmaz,
Susmaqla namusu qorumaq olmaz.
Bununçun ölüm də, qan da gərəkdir (181, 261).
Qazanın bu sözlərindən sonra Burla Xatun tarixi
qərar qəbul edir və özünü düşmənə tanıdır. Oğuz qızları
onun Qazana xəyanət etdiyini düşünüb, sarsılır və Burla
Xatuna qarğış eləyirlər. Lakin o, Şöklü
Məliyə dediyi
sözlərlə və qəfildən etdiyi hərəkətlə hamını heyrətdə
qoyur:
Dövlət istəyirdin, qoy sənin olsun,
Bu yerin qucağı məskənin olsun.
Torpaq istəyirdin, qoy bilsin aləm,
Sənə özün boyda torpaq verərəm.
Ötsün qanlı aylar, əzablı illər,
Qoruyaq mərdliyi, dəyanəti biz.
Bizə miras qalır bu gün ay ellər
Vətənə, torpağa sədaqətimiz.